Ehtiram İlhamdan duyğu yüklü bir şeir: “ƏLVİDA!”

Ehtiram İlham

 

Səni gündüz işığında
Çıraqnan gəzdim, əlvida.
Dolanıb, axtarıb, tapdım – 
Əlimi üzdüm, əlvida.

Ömrümdə bir vaxt var idi,
Bir qurulu taxt var idi…
Az var idi, çox var idi,
Hər şeydən bezdim, əlvida.

Tapdığıma şükür dedim,
Nuş-cannan ruzumu yedim.
Bir kimsədən incimədim –
Bəxtimdən küsdüm, əlvida.

Yalanlar sonsuz, doğru min,
Başından keçdim ağrımın.
Sənin adını bağrımın
Başına yazdım, əlvida.

Sevincin olarsa yasım –
Məni günahımdan asın.
Allah məni bağışlasın,
Yolumdan azdım, əlvida.

Məni nəynən aldın satın?
Dilindənmi qopdu adım?
…Günaydın, dostum, günaydın!
Əlvida, dostum, əlvida!

12.05.2019

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button