Ələsgər Məmmədlinin səhhətinin ağırlaşmaqda olduğu deyilir

“Toplum” İnternet Televiziyasının təsisçisi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Ələsgər Məmmədlinin səhhətinin pisləşməkdə davam etdiyi bildirilir.

Bu barədə aprelin 8-də onunla görüşən qardaşı Nəsimi Məmmədli məlumat verib.

Qardaşının sözlərinə görə, Ələsgər Məmmədli çox halsız olub, kəskin baş ağrısından əziyyət çəkdiyini söyləyib:

“Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmaq imkanı vermir. Qalxanvari vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Qan təzyiqi 90-170 arasında yüksəlib”.

Nəsimi Məmmədli deyib ki, bir həftə öncə qardaşından qan analizi götürülüb. Onun vurğulamasına görə, götürülmüş qan analizinin nəticəsində bəzi problemlər üzə çıxıb:

“Amilaza analizi çox yüksək, 333 olub (norma 220-dən az olmalıdır), xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır). Bundan əlavə, mədəaltı vəzidə problem aşkara çıxıb. Həkimlər yenidən müalicə təyin ediblər və ona yeni dərmanlar veriləcək”.

Onun sözlərinə görə, vəkil Ələsgər Məmmədlinin Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə müraciət etsə də, ona cavab gəlməyib.

Bu açıqlamaya,hələlik, Ədliyyə Nazirliyi və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.

Yaxınları bundan əvvəl də “Ələsgər Məmmədlinin səhhətinin həbsdə qalmasına münasib olmadığı” barədə açıqlamalar yayıblar.

Müdafiə tərəfi hətta Ələsgər Məmmədlinin səhhəti ilə bağlı ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət də edib. Amma martın 29-da Xətai rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Son aylar Azərbaycanda aralarında “Toplum” İnternet Televiziyasının əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar da ittiham ilə razılaşmır, onu peşə fəaliyyətləri ilə bağlı, siyasi hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button