Elçibəyin komandası və sevənləri onu andı – REPORTAJ+FOTOLAR

Milli azadlıq hərəkatının mərhum lideri və eks-prezident haqqında kitabın təqdimatı oldu

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin doğum günüdür. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.

Bu günlə bağlı olaraq Beynəlxalq Mətbuat Mərkəzində müxalifət nümayəndələrinin, Elçibəyin yaxın silahdaşlarının, türkçülərin və digər ictimai şəxslərin iştirakı ilə tədbir keçirilib.

Xural.com Musavat.com-a istinadən xəbər verir ki, tədbirdə eyni zamanda Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəylinin onun fəaliyyəti barəsində yazdığı “Direnişten Bağımsızlığa Elçibey, İktidardan devrilme sebepleri ve deviren güçler” kitabının təqdimatı olub.
İlk olaraq tədbiri açıq elan edən Aqil Səmədbəyli bildirib ki, başda Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy olmaqla Azərbaycanın azadlığı və millətimizin xoşbəxtliyi uğrunda həyatını fəda edən bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək.

Şəhidlərin xatirəsi anıldıqdan sonra, A. Səmədbəyli kitab haqqında danışaraq, orada yazılan faktlar, AXC dönəmində keçirilən görüşlər, baş verən siyasi hadisələr barəsində geniş məlumat verib.

Daha sonra isə söz Elçibəyin mətbuat katibi vəzifəsində çalışmış və onunla bağlı çoxsaylı yazıların müəllifi Ədalət Tağızadəyə verilib. Çıxış edən Ə. Tağızadə xatırladıb ki, bu gün həm də Elçibəyin çox sevdiyi Nəcəf Nəcəfzadənin də ad günüdür :

“Onlar sonuncu dəfə ad günlərini birlikdə qeyd etmişdilər. Nəcəf bəyi, rəhmətlik Əbülfəz Elçibəy cəbhənin vicdanı adlandırırdı. Çünki o, çox vicdanlı adam idi. Ümumiyyətlə, o dövrdə hakimiyyətdə olanların əksəriyyəti Nəcəf bəy kimi təmiz insanlar idi. Doğrudan da o hakimiyyətdən heç kəs xalqın bir qəpik malına göz dikməmişdi. Bu, Elçibəyin, onun hakimiyyətinin təbiətindən irəli gəlirdi. Elçibəy hətta fəhlələri tətilə çağırırdı. Deyirdi ki, bəylər, rüşvət almayın, yoxsa gəncləri başıma yığıb, sizə istefa tələb edəcəm. Yəni gerçəkdən də bu hakimiyyət xalq üçün yaşayırdı və xalqın hakimiyyəti idi. Aqil bəyin kitabını oxumasam da, içərisindəkilərə diqqətlə baxdım və gördüm ki, mənə bəlli olmayan çox şeylər var. Məsələn, Elçibəyin Xuruşova əl uzatmamasını bilmirdim”.

Ə. Tağızadə bildirib ki, o da Elçibəylə bağlı kitab çap etməyi düşünür:

“Fəxr edirəm ki, Elçibəylə bağlı həqiqətlərin bir çoxunu yazmışam. Lakin ona son borclarımdan biri də bu olacaq ki, mətbuat katibi işlədiyim dövrdə iştirak etdiyim beynəlxalq görüşlərdə götürdüyüm qeydləri kitab halına salım. Bu gün salonda Elçibəyin silahdaşlarını görürəm. Elə bil ki, 1992-93-cü illəri yaşayıram. Gerçəkdən də Elçibəyə sədaqət göstərib gələn insanların hamısına şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Ə. Tağızadə onu da qeyd edib ki, Elçibəy hakimiyyəti dönəmində bir ilin içərisində 82 adda dərslik yaradıldı və bu, təhsil sahəsində çox böyük işlərdəndir:

“Yeni nəslin formalaşmasında bu dərsliklərin əvəzsiz rolu oldu”.

Sonra çıxış üçün söz AXC dövründə daxili işlər naziri vəzifəsini icra edən İsgəndər Həmidova verilib. İ. Həmidov Elçibəylə bağlı xatirələrini qısa danışaraq, onun dövlət, xalq üçün böyük zəhmətlərindən söz açıb. İ. Həmidov bildirib ki, Elçibəy dönəmində hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşlarını 250 dəfə artırıb. Daha sonra isə o, üzərində Elçibəyin əksi olan xalçanı Aqil Səmədbəyliyə təqdim edib. O xahiş edib ki, təqdimat prosesində İsa Qəmbər və Arzu Səmədbəyli da iştirak etsinlər.

Ardınca şıxış edən şair Ramiz Rövşən söyləyib ki, kitabda sanki bir az müdafiə etmə nüansı var:

“Ancaq Əbülfəz bəyin müdafiəyə ehtiyacı yoxdur. Ona görə ki, Əbülfəz bəyə qarşı olanların, onun haqqında nələrsə deyənlərin bir hissəsi çaşmış, çaşdırılmış adamlardır. Onların hamısını zaman ayıldacaq. Bir hissəsi isə vicdansız və allahsız adamlardır ki, onlara da nə kitab yazıb versən, yenə də xeyiri yoxdur. Əbülfəz bəyi sevməyən vicdanlı adamlar, görünür onun haqqında məlumata sahib deyillər. Məlumata sahib olarlarsa, sevməmələri mümkün olmaz. Çox az insan var ki, onun ömrü həm də nümunədir. Mənə elə gəlir ki, Əbülfəz bəyin ömrü çox bənzərsiz bir nümunədir. Əbülfəz bəy bütün prezidentliyi boyunca heç bir rol oynamadı və o, elə Əbülfəz bəy olaraq qaldı. Hakimiyyətləri saxlamaq olur. Tutalım ki, Elçibəy hakimiyyətini də saxlamaq olardı və deyək ki, Gəncə qiyamı da yatırılardı, girib orada bir qismi vurub dağıdıb, hakimiyyəti saxlayardılar. Ancaq o cür hakimiyyəti Əbülfəz bəy saxlasaydı, bu Əbülfəz bəy olardımı? Hakimiyyətləri o cür saxlayanlar yüzlərlə olub və tarixdə qalmayıblar. Əbülfəz bəyin adı isə hər zaman tarixdə qalacaq”.

Ardınca tarixçi alim Rafiq İsmayıl, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, AXP sədri Pənah Hüseyn, hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Aslam İsmayılov da çıxış edərək, Elçibəylə bağlı xatirələrini danışıb, onun tariximizdəki yeri barəsində fikirlərini bildiriblər.

Əli Rais,
Musavat.com

Fotolar müəllifindir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button