Eldar Sabiroğlu “Qaynar Qazan”da (I hissə): “Prezidentə düşmən olan hakimiyyətdaxili qruplar var”

Eldar Sabiroğlu: “Ramiz Mehdiyev Ağsu “perevalı”nda Səfər Əbiyevə zəng vurub deyir ki…”

Eldar Sabiroğlu ilə “Qaynar Qazan”da müsahibə çoxdan planlarımızda vardı. Digər bir çox müsahiblərimiz kimi, o da bizi bu aydan o aya ata-ata görüşümüzü uzadırdı. Sağ olsun, oğlu Rüfət Səfərovun israrı və dirənişi nəticə verdi və mövzu bir qədər gündəmin arxa planına keçsə də, bizim görüşümüz alındı.

Eldar Sabiroğlu bu hakimiyyətin önəmli simalarından biri olub. YAP-ın qurulmasında, böyüməsində “karınca kadarınca” xidmətləri var. Vəzifələrdə olduğu dönəmlərdə sərt, amansız, barışmaz və kəskin çıxışları ilə seçilib. Vəzifədən gedəndə isə mülayim, səmimi, sadə insan obrazında tanımışıq onu. Təəssüf ki, indiki hakimiyyətin nümayəndələri adətən belədir və biz onları belə tanımışıq. Bu prizmadan çıxış edəndə çox asanlıqla təxmin etmək mümkündür ki, Eldar Sabiroğluna bir də vəzifə verilsə, o, bir daha vəzifə adlanan o nazlı mələyin qoynuna düşsə, yenə xüsusilə, mətbuata və bizə qarşı sərt, amansız, kəskin olaraq qalacaq. O zaman fürsətdən istifadə etmək və müsahibəmizi alındırmaq qaldı bizə. Eldar Sabiroğlu ilə “Qaynar Qazan”da görüşdük.

Təbii ki, klassik YAP-çıdır. YAP-a, onun uğursuz siyasətinə toz qondurmadı. Müsahibə boyu şəxsi düşmən bildiyi adamlardan – Siyavuş Novruzovdan, Ramiz Mehdiyevdən danışdı. Bir peşəkar olaraq qarşı tərəf olmadığı üçün onların da müdafiəsini qurmağa məcbur oldum. Mən bütün ömrüm boyu Ramiz Mehdiyev üçün bu qədər narahat olmamış, onu bu qədər müdafiə etməmişdim. Eldar Sabiroğlu ilə bunu etdim.

Çox istədik ki, Eldar Sabiroğlu ilə məşhur qiyamçı müstəntiqi – onun oğlunu bir yerdə danışdıraq. Ancaq Eldar Sabiroğlu o qədər də demokrat deyil və buna imkan vermədi. Beləliklə, Rüfət Eldaroğlu bizə kənardan baxmağa və qulaq asmağa məcbur oldu. Hamı kimi, onun da haqqında maraqlı açıqlamalar verdi Eldar müəllim. Hətta sualların bir yerində əsəbiləşdi də deyəsən. Oğlundan YAP-ın və onun pullarını qaytarmağı tələb etdi. Bir baxarsan, məsələ ciddiləşər…

Eldar Sabiroğlunu dinlədikcə, “keçmiş xəfiyyəçi olmur” misalı düşür adamın yadına – bu misalın işığında keçmiş YAP-çı da yoxdur. Sistem elə qurulub ki, YAP-ın dışladığı adamlar da onun haqqında qorxa-qorxa, ehtiyatla, eyni zamanda məhəbbətlə danışırlar. Lap Kommunist partiyasının dövründə olduğu kimi. Nədənsə partiya haqqında danışıqları məndə o cür təsir bağışladı Eldar müəllimin. Təbii ki, harada səmimiyyət ölçüsü nə qədərdir, Oxucu-tamaşaçı onu özü hesablayacaq. Bizə isə Eldar Sabiroğlu ilə “Qaynar Qazan”ı izləmək qalır. 3 hissədən ibarət olan bu müsahibə çox maraqlıdır…

İzləyən gözlərinizə sağlıq…

Əvəz Zeynallı

 I hissə

eldar

Uzun müddət seçdiyin siyasi düşərgədə axıra qədər dayana bilmirsən

 

– Eldar müəllim, sizi uzun müddətdən sonra “Qaynar Qazan”da salamlayıram.

– Əleykümə salam.

– Çoxdandır planlayırdıq ki, siz “Qaynar Qazan”da olasınız. Amma iş elə gətirdi ki, indiyə təsadüf elədi. Həm də bayramınızı təbrik edirik (Müsahibə Novruz bayramı ərəfəsində götürülüb – Red.).

– Sağ olun.

– Son aylar ölkə mətbuatının və cəmiyyətinin diqqətində olan siyasi xadimlərdən biri də sizsiniz. Ona görə də mən ictimaiyyəti məlumatlandıranda ki, Eldar Sabiroğlu “Qaynar Qazan”da olacaq, bu gün Azərbaycanın ictimai-siyasi sferasında öndə olan siyasətçilər qədər, bəlkə də daha çox maraqla qarşılandınız və sizə həddindən artıq sual ünvanlandı. Elə o sualların biri ilə də başlamaq istəyirəm. Nicat Ənsərov soruşur ki, “hansı səhvinizə görə hakimiyyət sizi cəzalandırdı? Ümumiyyətlə, 2003-2005-ci ildən bu yana hakimiyyət nəyə görə köhnə YAP-çıları müxtəlif vasitələrlə hakimiyyətdən uzaqlaşdırdı?”

– Öncə mən də sizə təşəkkürümü bildirirəm. Eyni zamanda “Qaynar Qazan”a sual göndərənlərə də… Sizin də, onların da Novruz bayramını təbrik edirəm.

– Sağ olun.

– Həyat elədir ki, təzadlarla, ziddiyyətlərlə doludur. Bir də baxırsan ki, uzun müddət seçdiyin siyasi düşərgədə axıra qədər dayana bilmirsən. Müxtəlif səbəblərdən o partiyada, siyasi təşkilatda olan əlaqələrində bir soyuma baş verir. Ancaq məndə daxili inam var ki, Heydər Əliyev siyasətini seçdiyimə görə mənim təfəkkürümdə, düşüncəmdə bu dəyişilməzdir. Ola bilsin, həyatda səhvsiz insan yoxdur. Səhvim ola bilər.

– Siz etiraf edirsinizmi ki, sizi cəzalandırıblar?

– Hesab edirəm ki, mənə qarşı ədalətli mövqe tutulmayıb.

 

Mənim elə bir xəyanətim olmayıb

eldar10

– Amma cəzalandırma var?..

– Amma cəzalandırma var. Cəzalandırma olmasaydı, mən də indiyə qədər işsiz olmazdım. Cəzalandırma olmasaydı, mənə sağdan-soldan tənələr baş verməzdi. Ancaq hərdən mən öz həyatımı, siyasi fəaliyyətimi xəlbirdən keçirdəndə bu qənaətə gəlirəm ki, mənim elə bir xəyanətim olmayıb – nə ulu öndər Heydər Əliyevin qarşısında, nə də indiki liderim İlham Əliyevin qarşısında xəyanətim olmayıb…

– Amma həm də deyirsiniz ki, səhvim ola bilər.

– O səhv bu gün də mənə aydın deyil ki, nədə olub və mənə qarşı nə üçün bu cür münasibət göstərildi? Ola bilsin ki, mən bəzi şeyləri bilmirəm. Elə məsələləri partiya liderimin, prezidentimin diqqətinə çatdırıblar ki, nəyəsə inandırma baş verib.

– Amma özünüz bilmirsiniz, xəbəriniz yoxdur?

– Özümün tam xəbərim yoxdur və elə bir xəyanət yolu da tutmamışam ki, bu cəzalandırmaya layiq görüləydim.

Müdafiə naziri Səfər Əbiyev vəzifədən gedəndən sonra siz də işsiz qaldınız, yanılmıramsa?

– Bəli.

– Sonra da Siyavuş Novruzov dedi ki, “ermənilərə məlumat ötürürmüş…”

– (Gülür…)

 

Siyavuş Novruzova çox acıyıram

 eldar9

– Bəlkə bu məsələlərin də təsiri var?

– Yox. Bu məsələnin o qədər də əhəmiyyəti yoxdur.  Lakin mən ona çox acıyıram. Necə ola bilər ki, mən 7 il o mühüm strukturda çalışım, ermənilərə informasiya ötürüm, dövlətin də xüsusi xidmət orqanları bundan xəbərsiz olalar? Belə çıxır ki, bu dövlətin içindən çox rahatlıqla onun əleyhinə işləmək mümkündür – Siz adını çəkdiyiniz adamın düşüncəsiylə bu məsələyə yanaşsaq.

– Siz Siyavuş Novruzovun adını çəkmək istəmirsiniz?

– Xeyr. “Çəkmək istəmirəm”, deyəndə bir az bəlkə də yuxarı səslənir, amma onun adını tutanda və onun barəsində söhbət edəndə sözün həqiqi mənasında kefim pozulur. O mənada yox ki, hansısa qüdrətinə görə, o mənada ki, bu adam danışmağı bacarmır. Mən mədəni, siyasi polemikanın tərəfdarıyam. Tərbiyəli tənqidin tərəfdarıyam. Lakin adını çəkdiyiniz adam mənim haqqımda olmazın çıxışlarını, olmazın tənqidlərini elədi. Sonra düşündüm ki, yəni bunun qabında olan budur da, başqa bu adamdan nə tələb eləmək olar?

 

Yoldaşım ona xidmət edib, qarşısına çay, çörək gətirib, süfrə açıb

eldar3

– Əslində, Siyavuş Novruzov haqqında sualı sizə sonra verəcəkdim, elə alındı ki, indi verəsi oldum. Siyavuş Novruzovun Azərbaycan siyasətində inkişafı da deyəsən, böyük ölçüdə sizinlə bağlıdır. Səhv etmirəmsə, sizin onun yüksəlməsində rolunuz olub. Hətta mən yanılmıramsa, o, sizin evinizdə qalıb, ona himayədarlıq etmisiniz. Olubmu belə şeylər? Düzdürmü, bunlar?

– Gəlibdir, qalıbdır. Yoldaşım ona xidmət edib, qarşısına çay, çörək gətirib, süfrə açıb. Yəni bu mənim üçün o qədər də əhəmiyyətli bir şey deyil. Onun siyasi fəaliyyətinin inkişafında da, bu mərtəbəyə çıxmasında da mənim hansısa rolumun olması ilə bağlı iddiam yoxdur. Səhv etmirəmsə, 1999-cu il idi və bizdə təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çalışırdı.  Çox hazırlıqlı və sədaqətli bir insan idi. İşinin də öhdəsindən bacarıqla gəlirdi. Onu Prezident Aparatının Ərazi İdarəetmə şöbəsinə inspektor təyin etdilər. Müəyyən vaxt yeri boş qaldı. Günlərin bir günündə Əli Nağıyev mənə dedi ki, “Siyasi Şuranın iclası olacaq, Siyavuş Novruzovun namizədliyini Təşkilat şöbəsinin müdirliyinə irəli sürməyini xahiş edirəm.” Əlbəttə, bunu rədd edə bilməzdim. Rədd etsəydim belə, o, başqa bir adamdan bu xahişi edəcəkdi. Mən deyildiyi kimi, iclasda durub onun namizədliyini irəli sürdüm. Məndən YAP İdarə Heyətinin, Siyasi Şuranın bəzi üzvləri narazı qaldılar. O cümlədən, rəhmətlik Zahid Qaralov, rəhmətlik Ziya Bünyadov, rəhmətlik Sirus Təbrizli…

 

Siruz Təbrizli ilə Ziya Bünyadov buna etiraz edib, iclası tərk elədilər

eldar8

– Onun namizədliyini irəli sürdüyünüz üçün sizdən narazı qaldılar?

– Elə oradaca Siruz Təbrizli ilə Ziya Bünyadov buna etiraz edib, iclası tərk elədilər… Mən düşüncənin, təfəkkürün tərəfdarıyam. Buna baxmayaraq, YAP-da siyasəti bilən, düşüncə ilə davranan, insanlarla münasibəti ölçülü-biçili şəkildə aparan siyasi xadimlər az deyil.

– Bir ara deyəsən, hansısa zirzəmi haqqında danışmışdınız və demişdiniz ki, Siyavuşun o zirzəmi yadındadırmı? Maraqlıdır, sonralar siz bunun açıqlamasını vermədiniz. O zirzəmidə nə olmuşdu?

– Onun uzun tarixçəsi var, vaxtınızı almaq istəmirəm.

– Qısaca deyin…

– 1994-cü ildə, köhnə Dzerjinski adına klubda – sonralar Müsavat Partiyasının qərargahı oldu – YAP-ın konfransı keçirilirdi. O konfransın məruzəçisi Əli Nağıyev idi. Məruzəsini də mən hazırlamışdım.

– Əli Nağıyevin bütün məruzələrini siz hazırlayırdınız?

– Təxminən, demək olar ki, hə… O məruzəni də mən hazırlamışdım. Heydər Əliyev də orada iştirak edirdi və məruzədən də çox razı qaldı. 4-5 dəfə Əli Nağıyevin məruzəsinə istinad etdi ki, “Əli Nağıyev məruzəsində bu və digər məsələləri bu cür qeyd etdi, mən onunla tamamilə razıyam”. Konfrans başa çatandan sonra Əli Nağıyev öz hörmət və ehtiramını mənə bildirdi və dedi ki, “Eldar, çox sağ ol”. Mən indi bütün bunları özümdən müştəbehlik etmək üçün danışmıram. Siz sual verdiniz deyə qeyd edirəm…

– Təbii ki… Bu, bizim üçün də çox maraqlıdır.

– Sonra bizim bir partiya dostumuz var idi. Onun evinin zirzəmisində əməlli-başlı bir məclis qurdular. O məclisdə o məsələni qeyd elədik. Konfransın nəticələri tərəfimizdən müzakirə olundu.

– Həm də qonaqlıq kimi bir məclis oldu?

– Qonaqlıq da olmadı. Sadəcə, balaca bir süfrə ətrafında bunu qeyd elədik. Onda, xatırlayırsa, həmin o Siyavuş Novruzov hansı işlə məşğul idi, özü bilir…

 

Siyavuş Novruzov bizə saqilik edir, qulluq göstərirdi

– Nə işlə məşğul idi? Çox maraqlıdır.

– Qoy indi sirr, “sekret” qalsın, sonra üstü açılar.

– Saqi idimi? Araq aparıb gətirirdi? Araq süzürdü? Nə edirdi?

(Gülür) O idi.

O idi? Yəni o sizə saqilik eləyib?

– Bəli… Bəli… Qulluq göstərirdi. O, təsərrüfat işlərini gözəl bacarır. Partiyada bəzi işlər təsərrüfat işlərilə bağlı oldu və belə bir bölmə yaradıb, onu da rəhbər qoydular. Mən təəssüf edirəm ki, bizim sualımız oradan başladı. Amma o mənə çox təhqirlər ünvanlayıb, mənə qarşı çox lazımsız ifadələr işlədib. Mən onu öz vicdanı qarşısında azad buraxıram və özü də öz vicdanı qarşısında hesabat versin.

– Eldar müəllim, danışdıqlarınızdan belə çıxır ki, YAP-çılar etibarsızdırlar? Necə olur ki, siz birlikdə yol getmisiniz, dost olmusunuz, bir yerdə dövlət qurmusunuz, hökumət qurmusunuz, amma bir balaca birinin ayağı büdrəyən kimi bütün YAP təşkilatı həmin adamın üzərinə gəlir, ölkənin nazirlikləri hərəkətə gətirilir. Həmin adamı tam məhv etməyincə, əl çəkmirlər. Belə demək olar ki, bu etibarsız bir zümrədir? Düzdürmü?

– Əvəz müəllim, sizə hörmətim var, amma bu məqamla razılaşmıram.

– Razılaşmaya bilərsiniz. Mən sadəcə sual verirəm: Bunu necə başa düşək?

– 1-2 nəfərin dönük olmasını bütünlüklə YAP-la əlaqələndirmək olmaz.

– Sirus Təbrizlini belə elədilər. Ziya Bünyadov elə getdi. Eldar Sabiroğlu belə oldu. Maksim Musayev dillənib, bir söz deyir, dərhal tapança kimi üstünə açılıb, cavabını verirlər. Ona görə mən belə dedim. İctimai rəydə də belə bir şey var ki, bir az ayağın büdrəsə, hamı üzərinə gələcək. Siz bu hakimiyyətin qurucularından, ideoloqu olmuş adamlarından birisiniz. O vaxtlar beləmi demişdiniz, beləmi qərarlaşdırmışdınız?

– Əvəz bəy, ola bilsin ki, sizin dediklərinizdə müəyyən həqiqətlər var. Lakin tam mənası ilə razılaşa bilmərəm. Həqiqətən YAP-da dövlətə, Vətənə, millətə və siyasi düşüncəyə sadiq olan insanlar az deyil. Bəzən baxırsan ki, içərisindən beləsi olan 2-3 nəfər də çıxır. Bu da mümkünsüzdür ki, hər şey ideal səviyyədə olsun. Dünyanın elə bir siyasi sistemi yoxdur ki, orada hər şey qaydasında olsun.

 

Milli Məclisə təzə seçilən gözəl-göyçək bir oğlan var – mən onun adını “yelbeyin deputat” qoymuşam

 

– Yəni deyirsiniz ki, belə adamlar çox azdırlar?

– Çox azdırlar, çox azdır…  Məsələn, mən onu öz üzərimdə hiss etdim ki, mənə qarşı basqı olmadı – nə partiyadan, nə iqtidardan, nə deputat korpusundan. Basqını törədənlər 2-3 nəfər oldu. O da sizin adını çəkdiyiniz adamlardan. Hələ Milli Məclisə təzə seçilən gözəl-göyçək bir oğlan var.

– Hansıdır?

– Adını bilmirəm, mən onun adını “yelbeyin deputat” qoymuşam. O da Ramiz Mehdiyevin tapşırığı ilə mənim ünvanıma çox ağır sözlər səsləndirdi.

– Təzə seçilən…. Yoxsa, Elşən Musayevi deyirsiniz?

– Bilmirəm.

– O mövzuya bir də Ramiz Mehdiyev haqqında danışarkən, toxunarıq. Mehman Əlibəyli soruşur ki, “nəyə görə YAP-da olanlar iqtidara müxalif olana qədər ölkədə baş verən bütün haqsızlıqlara, talançılığa göz yumurlar. Əgər o haqsızlıqda və talançılıqda payları yoxdursa, niyə susurdular? Yox, əgər payları varsa, o zaman niyə işləri tərs düşən kimi iqtidara müxalif olub, haqsızlıqdan, ədalətsizlizlikdən danışırlar?” Bu mövzuda bir sual daha var. İlkin Əli Məmmədli yazır: “Eldar bəy, siz bu “həqiqətlərinizi” niyə işdən çıxandan sonra deməyi məsləhət bildiniz? Olmazdımı ki, Müdafiə Nazirliyində çalışa-çalışa bu rezonans doğuran açıqlamaları verəsiniz?”

– Mən sual verənlərə irad tutmuram. Amma axırıncıdan başlamaq istəyirəm. Mən Müdafiə Nazirliyində elə bir sistemdə çalışırdım ki,  orada siyasətlə məşğul olmaq qeyri-mümkün idi. Bunu anlamaq lazımdır. Ona görə də hər hansı bir şəxs barəsində mən siyasi açıqlama və ya siyasi bəyanat vermək düşüncəsində deyildim. Əgər belə etmiş olsaydım, o zaman məni ciddi cəzalar gözləyərdi və məni işdən azad edərdilər. Ona görə də bunu başa düşmək lazımdır.

– Yeri gəlmişkən, burada Rəşad Vaqifoğlu soruşur ki, “Eldar Sabiroğlu Müdafiə Nazirliyində məsul vəzifədə olanda, oğlu üsyankarlıq etsəydi, hansı reaksiyanı verərdi?” Təxminən bu suala cavab verdiniz ki, əgər o zaman belə olsaydı, sizə qarşı münasibət daha sərt olardı…

– “Daha sərt olardı”, – demək bir qədər maraqlı səslənir. Mən bu gün oğluma qarşı hansı münasibəti göstərdimsə, o zaman orada işlədiyim müddətdə bu hadisə baş versəydi, eyni münasibəti göstərəcəkdim. Bu məsələ ilə əlaqədar sizə maraqlı bir faktı demək istəyirəm. Stolda iki gün idi oturmuşdum, YAP-ın mətbuat xidmətindən belə bir bəyanat verilmişdi ki, “Eldar Sabiroğlu ümumiyyətlə, YAP-ın üzvü olmayıb. Onun heç partiya bileti də yoxdur” və bütün qəzetlər də bu bəyanatı çap etmişdilər.

 

Vəzifədə işlədiyim dövrdə qadağa qoymuşdular mənə

senge-15

– Təzə vəzifəyə gedəndə?

– Bəli. İki gün idi oturmuşdum, bax belə bir bəyanat verdilər. Mən ona cavab vermədim. Hiss etdim ki, bunlar məni oyuna çəkmək istəyirlər. Nəticə etibarilə də gedib, sonda partiya sədrinə çatdırmaq istəyirdilər ki, vəzifədən gedəndən sonra oturub, siyasətlə məşğuldur. Yenə başlayıb, köhnə işləri eşələməyə və məni oradan kənarlaşdırmağa nail olsunlar. Mən o zaman qətiyyətlə dayandım və o zaman Nazirliyin rəhbərliyi də mənim mövqeyimi bəyəndi. Beləliklə də susdular. Bir müddətdən sonra televiziya məkanlarına və hökmlərində olan mətbuat orqanlarına tapşırdılar ki, Eldar Sabiroğlunun hər hansı bir açıqlamasını verərkən, nə adını çəkin, də də özünü göstərin.

– Yəni rəsmən belə bir tapşırıqmı verilmişdi?

– Bəli, əyani olaraq belə bir tapşırıq olmuşdu və praktiki olaraq da biz bunun doğruluğunu gördük. Mən mətbuat konfransları keçirir, açıqlamalar verirdim. Xatırlayırsınızsa, cəbhə bölgələrində də tez-tez olurduq. Dövlət xadimlərini, ictimai-siyasi işlə məşğul olan adamları, tanınmış yazıçı və şairləri, QHT-lərin nümayəndələrini cəbhə bölgələrinə aparırdıq. Onlar da əsgərlərin durumu və cəbhənin real vəziyyətilə yaxından tanış olurdular. Elə oradaca mətbuat konfransı təşkil edirdim, televiziyalar vermirdi. Bu, məni çox təəccübləndirdi və günlərin bir günündə mən Müdafiə naziri Səfər Əbiyevə fikrimi açıqladım. O, hansı tədbiri gördüsə, bizim bu qarşılaşdığımız çətinliyi yəqin ki, lazımi yerlərə çatdırandan sonra televiziyalar, bütün mətbuat orqanları üzümüzə taybatay açıldı. Belə sıxıntılarımız olub. Amma nə üçün bunu edirdilər, mən bunu anlaya bilmirəm. Bu günə qədər də dərk eləyə bilmirəm ki, onlar məndən nə istəyir? Nə veriblər ki, onu ala bilmirlər? Çox çalışırlar ki, haradasa mənim ifadəm və sözlərimdən hansısa lazım olmayan məqamı tutub, prezidentin diqqətinə çatdırsınlar və mənə növbəti zərbəni vursunlar. Onlar buna çalışırlar, amma bunu məndən ala bilməzlər.

 

Həyatda bir liderim, bir sitayiş etdiyim şəxs olub, o da Heydər Əliyevdir

eldar7

– Elə bu məsələ ilə bağlı da maraqlı suallar var. Yəqin ki, tanıyarsınız – Cəsur Sumerli Məmmədovu.

– Bəli, tanıyıram.

– O belə bir sual verir: “Vaxtilə Səfər Əbiyevin dəstəkçisi Ramiz Mehdiyev idi. Eldar Sabiroğlunu da məhz həmin xətlə Müdafiə Nazirliyinə gətirmişdilər ki, guya nazirlikdəki olaylar haqqında Prezident Administrasiyasına alternativ məlumat ötürənlərdən olsun. Necə oldu ki, indi Eldar Sabiroğlu Ramiz Mehdiyevə qarşı çıxır?” Yəni siz deyəndə ki, bizə qarşı bir şəbəkə qurulmuşdu, mənim də ilk ağlıma gələn o oldu ki, belə bir fikir də var.

– Buna gülməkdən başqa çarəm qalmır. O Cəsur Sumerlini mən çox gözəl tanıyıram. O, uydurmaları ilə özünü gündəmdə saxlayan bir adamdır. Mən heç bir zaman kiminsə qoltuğuna sığınan adam olmamışam. Mənim həyatda bir liderim, bir sitayiş etdiyim şəxs olub, o da Heydər Əliyevdir. Allah ona qəni-qəni rəhmət eləsin, torpağı yüngül olsun. Bu gün də onun siyasi varisi olan İlham Əliyevə dərin hörmət və ehtiramım var. Müxtəlif səbəblər var. Bu gün prezidentin özünə hakimiyyətin daxilində bir sıra qruplar var ki, düşmən münasibəti göstərirlər. Onu açıqcasına etmirlər, pərdə arxasında edirlər. Portretləri başlarının üstündən asırlar, lakin əməli fəaliyyətə gəldikdə isə, yüzlərlə mundar, çirkin işlərlə məşğul olurlar. Cəsur Sumerliyə bir şeyi xatırlatmaq istəyirəm. Bu tapıntını haradan əldə edib ki, Səfər Əbiyev Ramiz Mehdiyev tərəfindən dəstəklənirmiş? Mən 7 il müddətində belə bir şey müşahidə etmədim. Açıq söyləyirəm ki, onların arasında həmişə ziddiyyət olub. Məni həmin vəzifəyə təyin edən günün səhəri Səfər Əbiyev cəbhə bölgəsinə gedir, Ağsu “perevalı”na çatanda telefonuna zəng gəlir. Telefonu açır ki, Ramiz Mehdiyevdir. Səfər Əbiyevə deyir ki, sən o düşmənə niyə o vəzifəni vermisən?

 

Ramiz Mehdiyev Ağsu “perevalı”nda Səfər Əbiyevə zəng vurub deyir ki…

sefer ebdfgh

– Yəni Administrasiyanın rəhbəri Ramiz Mehdiyev Səfər Əbiyevə zəng vurur?

– Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev Müdafiə Nazirliyinə əmrimi aldığımın səhəri günü nazir Səfər Əbiyevə Ağsu “perevalı”nda olanda zəng vurur. Onda Səfər Əbiyev maşınla cəbhə bölgələrində keçirilən hərbi təlimlərdə iştirak etmək üçün gedirdi. Ramiz Mehdiyevin salam-sabahdan sonra ilk sualı bu olur ki, sən o düşməni niyə o vəzifəyə təyin etmisən? Nazir də soruşur ki, düşmən kimdir? R.Mehdiyev də cavab verir ki, mən Eldar Sabiroğlunu deyirəm. S.Əbiyev də deyir ki, sizdən fərqli olaraq mən onu düşmən yox, hakimiyyətə dost hesab edirəm. Ona görə də vəzifəyə təyin eləmişəm. Telefonu qapadır. Ona görə də Cəsur Sumerlinin bu tapıntını haradansa əldə etdiyinə mən şəkk edirəm.

– Maraqlıdır… Emil Əfəndi soruşur: “YAP sizə və millətə nə verdi?” Zakir Əlisoy isə yazır: “YAP hakimiyyətinin hazırkı siyasəti Eldar Sabiroğlunu qane edirmi?”

– Məni tam qane edir. Taktiki olaraq, ola bilsin ki, mənim bölüşmədiyim məqamlar olsun. Lakin bütünlükdə strateji baxımdan partiyanın siyasəti məni tam qane edir. Mən partiyanın proqram və nizamnaməsini ürəkdən qəbul edərək YAP-ın üzvlüyünə qəbul olunmuşam.

– Siz indi də YAP-ın üzvü olaraq qalırsınızmı?

– İndi də partiyanın üzvü olaraq qalıram. Binəqədi rayon təşkilatında qeydiyyatdayam.

– Bəs bu partiya sizə və millətə nə verdi?

– Bizə və millətə nə verdi? Bizə və millətə onu verdi ki, partiya Heydər Əliyevin rəhbərliyi ilə yaradıldı və hakimiyyətə gəldi, Azərbaycanı bəlalardan qurtardı. Heydər Əliyevin partiyadakı silahdaşları birlikdə əl-ələ verərək Azərbaycanın problemlərinin azalmasında və yavaş-yavaş müstəqilliyimizin dünya miqyasında tanınmasında və bərkiməsində müstəsna xidmətləri oldu. Mən bu gün YAP-ın əleyhinə hansısa əsassız fikirlərə düşən adamlardan deyiləm. Əgər həqiqətən nələrsə ola bilər ki, mən onları da açıq etiraf edə bilərəm. Lakin cəmiyyətdə, ictimai fikirlərdə müəyyən münasibətlər də var ki, YAP-ı başqa cür qələmə verirlər. O da YAP-ın içərisində olan bəzi şəxslərin cəmiyyətdə qazandığı “hörmət”ə bağlı olan şeydir. Mən buradan həm ictimaiyyətə və həm də cəmiyyətə səslənirəm: Onlar YAP-ı təmsil edən şəxslər deyil. YAP-ı təmsil edən partiyanın sədridir. YAP-ı təmsil edən onlarla ləyaqətli bizim yaşlı nəsilə mənsub olan insanlar var.

 

Övladım yanlışlığa yol verir…

rufet-s

– Eldar müəllim, YAP-ın sözçüsü kimi danışdınız. Sanki heç bir problemi olmayan, oğlunun haqqında ağır ittihamlar irəli sürülüb, ağır maddələrlə cinayət işi açılmayan, bütün işləri də rəvan gedən bir adam kimi…

– Mən hər zaman Allahıma şükür edən adam olmuşam. Bu gün də YAP-ın sözçüsü kimi yox, YAP-ı necə qəbul etməyimlə bağlı fikrə söykənərək, deyirəm. Oğluma gəldikdə isə, o, yaxşı təhsil almış bir gəncdir. Savadlı oğlandır. Lakin atdığı addımla mən necə razılaşa bilərəm? Mən uzun illər bu iqtidara xidmət edən, apardığı siyasətin arxasınca gedən adam olmuşam və birdən mənim övladım belə bir yanlışlığa yol verir. Bu, onun artıq öz işidir. Mən onun bu fikrini heç bir zaman bölüşə bilmərəm və tutduğu yolda da hansı qənaətlərlə çalışacaq, hansı işlərə söykənərək, əlində əsas tutaraq fəaliyyət göstərəcək, onun özü bilər. Mən ona ilk dəfə söylədim ki, oğul, “gəl bu yoldan qayıt”.  O da bildirdi ki, “ata, mən bu düşüncənin sahibiyəm, məni çox sıxma”. Axırda da gəldi, belə bir vəziyyət yarandı. İndi də oturub, burada bizi dinləyir, yenə eşidə-eşidə bu sözləri deyirəm, “səhvə yol verdin, oğul”. Mənim bir açıq məktubum oldu.

– Onunla bağlı da suallara gələcəm.

– Həmin məktub bir az da təsirli məktub idi. Həmin məktubda yazdığım bir cümləni xatırlatmaq istəyirəm: “Oğul, sən bilirsən mənim əleyhimə olan nə qədər adam var. Sən onların əlinə silah vermə. Gəl mənə güzəştə get”. Lakin o, düşüncələrindən, siyasi qənaətlərindən geri çəkilmədi. Bu gün də ev dustaqlığındadır. Məqamı gəlmişkən, mən ölkə başçısına, prezident İlham Əliyevə oğlum Rüfəti dəmir barmaqlıqlar arasından xilas edib, ailəsinin içərisinə göndərdiyinə görə, bu gün də minnətdaram.

 

Oğlumu o ağır ittihamlarla həbs etdirən Ramiz Mehdiyev olmuşdu

 ramiz

– Eldar müəllim, yeri gəlmişkən, Rüfətlə, oğlunuzla bağlı çoxlu suallar var ki, onları soruşmaq istərdim. Bu “ev dustaqlığı” məsələsi çox güman ki, sizin şəxsiyyətinizə görə oldu. Çünki praktikada bu maddə ilə, bu ittihamlarla həbs olunan insanların bu cür qısa müddətdə ev dustaqlığına buraxılması məsələsi yoxdur. Bu, necə oldu? İlham Əliyevlə birbaşa görüşdünüzmü, yoxsa özü reaksiya verdi?

– Oğlumu o ağır ittihamlarla həbs etdirən Ramiz Mehdiyev olmuşdu. Baş prokurorluq da onun mövqeyini dünən də, bu gün də əsas tutur. Ola bilsin, hansısa məxsusi şəkildə Ramiz Mehdiyev ümumiyyətlə öz mövqeyini açıqlamayıb. Lakin Ramiz Mehdiyevin mənə olan münasibətini dərk etdiklərindən oğluma da o şəkildə qəddar münasibət göstərilib.

– Yəni bunu çox əminliklə deyirsiniz ki, oğlunuzu Ramiz Mehdiyev tutdurub?

– Mən bunu çox əminliklə deyirəm.

– Nəyə əsasən belə deyirsiniz?

– O, mənim oğlum Rüfətin həbsxanada çürüməsinin tərəfdarı idi, başına yığdığı dəstələrlə birlikdə… Kifayət dərəcədə mənim əlimdə arqument və fakt var. Lakin arzusuna çata bilmədi. Cənab prezidentə müraciət etdim. Çox sağ olsun, o da bziim müraciətimizə çox qayğıkeşliklə yanaşıb, oğlumu 5 gün həbsdə o ağır maddələr altında yatmasına baxmayaraq, həbsdən azad elətdirdi və bizi sevindirdi. İstəyirəm məni düzgün anlayasınız. Mənim üzərimə prezident İlham Əliyev çox böyük mənəvi yük, mənəvi borc qoydu. Ömrümün sonuna qədər bunu unuda bilmərəm. Ömrümün sonuna qədər də onun siyasətini, onun Azərbaycanın müstəqilliyini möhkəmləndirməsi istiqamətində aparmış olduğu ideoloji, iqtisadi, siyasi planlarının hamısının müdafiə edilməsində varam.

– Eldar müəllim, siz prezidentin özü ilə görüşdünüz? Yoxsa, necə oldu? Çünki belə hadisələr də çox nadir hallarda yaşanır.

– Özü ilə görüşmədim. Lakin görüşmüş kimi bir şey oldu.

– YAP-la bağlı sizə ünvanlanan daha iki sual var.

– Əvəz bəy, nə çox YAP-la bağlı sual verirlər? (Gülür…)

– Mənə də maraqlıdır ki, YAP-la bağlı sizə çox sual ünvanlanıb. Namiq Salam soruşur: “Nədən YAP hakimiyyətə gələn kimi birpartiyalı sistemin təməli qoyuldu?”

– Maşallah, Azərbaycanda birpartiyalı yox, çoxpartiyalı sistem bu dəqiqə fəaliyyət göstərir.

– Yəqin ki, o, siyasi müxalifətin vurulub sıradan çıxarılmasını nəzərdə tutur.

– Bütün iqtidarlarda, bütün hakimiyyətlərdə padşahlıq, hökmdarlıq dövrlərindən bu günə qədər dövlətin başında duran şəxs həmişə çalışıb ki, ona doğru, ona qarşı yönələn mənfi proseslərin qarşısını alsın. O mənfi proseslərin də qarşısının alınmasının ilkin şərtlərindən biri müxalif qüvvələrin bu və ya digər şəkildə öz tərəfinə çəkilməsidir. Bizim Azərbaycanda da bu proses baş verdi. Buna da normal yanaşıram. Baxın, Türkiyənin özündə Milliyyətçi Hərəkat Partiyası liderinin ülkücü oğlu iqtidarın tərəfinə keçdi.

– Ona qarşı da eyni ittihamlar irəli sürülür, ona da “Ərdoğana satılıb”,- dedilər.

– Müsəlman aləmində bunun tez-tez şahidi oluram. Kimsə biri haqqında müsbət fikir söyləyirsə, dərhal ona “satıldı” yarlığı vururlar. Mümkündür, bu cür şeylər baş versin. Elə bizim Azərbaycanda da bu baş verdi.

 

Müxalifəti ələ almanı normal hesab edirəm

eldar5

– Yəni siz siyasi hakimiyyətin müxalifəti müəyyən vasitələrlə ələ almasına siyasi mübarizə deyirsiniz? Belə bir prosesə haqq qazandırırsınız?

– Siyasi mübarizənin ən çevik üsullarından biri hesab edirəm və bunun da düzgün olduğunu qəbul edirəm.

– Yəni pul-para qarşılığında adamları, partiyaları satın almaq düzgün addım hesab olunur?

– Yox, mən pul-para qarşılığının olmasını gözümlə görməmişəm…

– Yəni bunu dəstəklədiyinizi dediniz?

– Yox, mən müxalifətə pul-para qarşılığında hansısa tədbirin görülməsinin şahidi olmamışam. Ona görə də onun üzərində israrla dayana bilmərəm.

– Məsələn, jurnalistlərə ev verirlər.

– Jurnalistlərə ev verirlər, Allah ondan birini də sizə qismət eləsin. Burada pis bir şey yoxdur.

– Amma sonra da o jurnalistlərin qarşısına şərt qoyurlar ki, iqtidarı tənqid eləmək olmaz.

– O təklifi qəbul edən adamın özü gərək düşünsün. Əgər eə bir şeylər varsa, ictimai fikirdən bir az ehtiyat eləsin. Bütövlükdə götürəndə bu iqtidarlar da gəlib gedəcək. Yüz il, min il keçəcək, biz görməyəcəyik, o zaman qəbirlərimizdə sümüklərimiz də çürüyəcək, amma bu proses yenə də davam edəcək. Ötən əsrin əvvəllərində hansı proseslər baş verdi? Müsavat Partiyasının daxilində hansı qalmaqallar baş verdi? M.Ə.Rəsulzadənin özünə qarşı təpkilər var idi. O dövrün özündə baş verənləri məndən yaxşı bilirsiniz. Lakin lider olaraq, onun demokratik Azərbaycanın qurulmasında şəksiz xidmətləri var idi.

– M.Ə.Rəsulzadəni qəsd edirsiniz?

– Bəli.

 

M.Ə.Rəsulzadəyə bəslənilən ögey münasibət

mehemmed

– Amma onun da xidmətlərinin müqabilində nə adına küçə yoxdur, nə heykəllərinin qoyulmasına imkan verilmir. Hətta adını universitetdən götürdülər. Bunu da sizin hakimiyyət elədi. Gəncədə büstünün başına çuval saldılar.

– O çuvalı çıxarıblar axı…

– Amma salmışdılar axı… Niyə saldılar ki, niyə də çıxarırdılar? Neçə müddət onu çuvalın altında saxladılar.

– Amma mən də eşitmişdim ki, nəsə təmir işləri aparılırmış, heykələ zərər toxunmaması üçün o torbanı üzərinə salmışdılar.

– Yasər Ağayevin verdiyi sualın cavabı təxminən mənə aydındır. “Yenə də YAP-a ürəkdən inanırmı? Görəsən vicdanı ilə təkbətək qalanda nə düşünür?”

– Əvəz bəy, tam səmimiyyətimlə sizə deyirəm. Məni YAP-la bağlı tənqid edənlər, əgər mən başqa bir vasitə, başqa bir yol seçmiş olsaydım, YAP-da istefa vermiş olsaydım, həmin şəxslər məni başqa səmtdən tənqid edib, başqa səmtdən haqqımda yazacaqdılar.

 

YAP-da elələri var ki, heç üzlərinə baxmaq istəmirəm…

 eldar

– Deyəcəkdilər ki, “dönükdür, yolundan döndü?”

– Üzr istəyirəm, deyəcəkdilər ki, işdən çıxan kimi başladı iqtidarı pisləməyə… İctimai rəydə o qədər dolaşıqlıq var ki, insanlar doğru ilə yalanı ayırd edə bilmirlər. Yalana daha çox inanırlar. İnsanı iki sifətli, üç sifətli olmağa vadar edirlər.

– Yəni siz özünüzlə təkbətək qalanda əlinizi ürəyinizn üstünə qoyub, YAP-a ürəkdən inanırsınız?

– Mən YAP-ın liderinə və partiyadakı saf düşüncəli insanlara inanıram. Ancaq YAP-da elələri də var ki, heç üzlərinə baxmaq istəmirəm… 2-3 nəfərin simasında bütövlükdə YAP-a qiymət vermək olmaz. YAP-ın fədakarlıq göstərdiyi anlar da olub. O zaman Heydər Əliyev Naxçıvanda otururdu. Lakin Xalq Cəbhəsini də müdafiə edirdi. Mən o proseslərin müəyyən dərəcədə içərisindəydim. O zaman da hiss edirdim ki, bəzi müxalifətçilər, Xalq Cəbhəsinin üzvləri belə bir fikirlər yayırdılar ki, “Heydər Əliyevdir, qoy müvəqqəti olaraq eşidək. Onun tapşırıqlarını, göstərişlərini yerinə yetirək, sonra hər şey yenidən bizim olacaq”. Amma bilmədilər ki, Heydər Əliyevin gücü nədən ibarətdir.

– Əlisoy Əliyevin – Cəbhə hakimiyyəti dövründə vəzifədə işləyib – H.Əliyevlə bağlı maraqlı bir sualı var: “1994-1995-ci illərdə dövlət çevrilişinə cəhd olanda H.Əliyev televiziya vasitəsilə xalqa müraciət edib, xalqı hakimiyyəti müdafiə etməyə çağırdı və düz də etdi. Elə isə, nə səbəbdən 93-cü il iyun qiyamnda Surət Hüseynovun qiyamçı olduğunu bildirmədi və Elçibəy hakimiyyətini müdafiə etmək üçün xalqı meydana səsləmədi. Doğrudanmı, H.Əliyevin Gəncədə baş verənlərdən xəbəri yox idi? Bu mümkün olan şey deyildi. Çünki sonrakı hadisələr sübut etdi ki, onun hər şeydən xəbəri olub. Həmin vaxt 6 rayon da yerində idi. Deməli, AXC iqtidarının getməsini istəyirdi”. Sizdən cavab istəyir. Bu suala cavab vermək mümkündürmü?

– Mənim Əlisoya böyük hörmətim var. Adını eşitmişəm. Xalq Cəbhəsindəki fəaliyyətilə də tanışam.

 

Heydər Əliyev maraqlı deyildi ki, Cəbhə hakimiyyətdən getsin

heyder elchibey

– Bu suala cavab verməzdən əvvəl istərdim ki, bir məsələni də diqqətinizə çatdırım: “Nədən təkidlə Ali Sovetin sədri postunu tələb edirdi? Nədən Baş nazir vəzifəsini qəbul etmədi? Axı, onu vəziyyətdən çıxmaq üçün kömək məqsədilə dəvət etmişdilər”. Sonra da Qalib Rəhimovla belə bir müzakirə yaşanır. Onlar bir-birilərinə deyirlər ki, “bu sualları cavablandırmaq cəsarət istəyir. Bu suallara cavab verən cəsarətli adam olmalıdır” və s. Ona görə sualın quruluşundan və qoyuluşundan, sizin də reaksiyanızdan hiss elədim ki, bu maraqlı bir sualdır.

– Mən müxalifətin içərisində kamil siyasi düşüncəyə malik adamları da görürəm. O cümlədən bu sualları verənləri də həmin qismə aid edirəm. Lakin bir balaca tənqidlərim olacaq, xahiş edirəm, məni düzgün başa düşsünlər.

– Buyurun.

– Mənə elə gəlir ki, həmin adamlar siyasətin dərinliyini mövcud olduğu kimi qavraya bilmirlər. Əgər onlar H.Əliyevin nəhəngliyini, siyasi manevrlərini dərk etmiş olsaydılar, belə çətin vəziyyətə düşməzdilər. Eyni zamanda həmin şəxslər də indi mənə bu sualları verməzdilər. Mən o zamanlar siyasi proseslərdə var idim. Həm də Xalq Cəbhəsinin üzvü idim.

– Siz o zaman Xalq Cəbhəsinin üzvü olmusunuz?

– Bəli, mən o zaman Xalq Cəbhəsinin üzvü olmuşam. İnanın ki, hakimiyyətə gəlmək odunda-alovunda az qala yanırdılar. Elə adamlar var idi ki, onlar həqiqətən buna layiq idilər və bu düşüncə ilə yaşamağa haqları var idi – savadları, qabiliyyətləri, siyasi bacarıqları, camaatın, xalqın içərisində hörmətləri, nüfuzları ona əsas verirdi ki, bu adamlar hakimiyyətdə işləyə bilərlər. Söhbət birinci və yaxud da ikinci, üçüncü şəxslərdən getmir. H.Əliyev çox uzaqgörən siyasətçi idi və ona müxalif olan qüvvələr onun siyasi bacarığını lazımınca qiymətləndirə bilmədilər.

– Burada konkret sual qoyulub: Heydər Əliyev niyə Cəbhənin hakimiyyətdən getməsində maraqlı olub? Niyə səmimi idisə, xalqa müraciəti bir il əvvəl də etməmişdi?

– Heydər Əliyev maraqlı deyildi ki, Cəbhə getsin. Heydər Əiyev onda maraqlı idi ki, Cəbhə işləyə bilsin. Hakimiyyət işləyə bilmədi.

 

I hissənin sonu

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button