Ermənistan qərar verdi: Rusiya sərhədçiləri “Zvartnots” hava limanından çıxarılacaq

Yayımlandı: 27 Mart 2024 18:19

Simonyan onlara ehtiyacın olmadığını bildirib

Rusiya sərhəd xidmətinin Ermənistanın “Zvartnots” hava limanından çıxarılmasına, nəhayət ki, qərar verilib.

Bu barədə martın 27-də Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

Spikerin sözlərinə görə, bəziləri bu prosesi “dövlətlərarası razılaşmanın” pozulması kimi təqdim etməyə çalışırlar:

Saziş idarələrarası səviyyədə olub, məqsədi bu sahədə erməni sərhədçilərinə kömək etmək olub”.

O əlavə edib ki, hazırda Ermənistan sərhəd qüvvələrinin buna ehtiyacı yoxdur.

Onun sözlərinə görə, avqustun 1-də Rusiya Sərhəd Xidmətinin əməkdaşları “Zvartnots” hava limanını tərk edəcəklər.

Eyni zamanda, Simonyan Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması planları ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfinə göstərilən xidmətlərə görə təşəkkür edərək Ermənistan sərhəd qüvvələrinin müstəqil fəaliyyətini davam etdirməyə hazır olduğunu bəyan edib.

Kremlin sözçüsü Dmitri Peskov hələ martın 12-də demişdi ki, Yerevan Moskvanı öz qərarı ilə bağlı yazılı məlumatlandırıb.

Rusiya sərhədçiləri 1992-ci ildən Ermənistanın “Zvartnots” hava limanındakı keçid məntəqəsində xidmət göstərir.

2000-ci illərin birinci yarısında yerli nəzarətçilərin hazırlanması üçün kurslar təşkil edilib.

Ardınca Rusiya və Ermənistan sərhədçiləri “Zvartnots”da birgə xidmət ediblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button