Gəncədə böyük mətbuat günü, Bakıda isə qəzetə hücum…

Şahvələd Çobanoğlu

Adam saxtakarlığa, özbaşınalığa söz tapa bilmir. Dünən bizim şanlı hakimiyyətimiz Gəncədə böyük Media Günü keçirir, Bakıda isə ölkənin az sayda müstəqil qəzetlərindən birinin redaksiyasına basqın edib, onun əmlakını müsadirə edir, işini dayandırmaq istəyirdi. O tədbirin fonunda bu qədər açıq və ağır cinayətə necə yol vermək olar?! Gəncədə böyük mətbuat tədbiri keçirənlər deyəsən unudublar ki, Bakıda nəşr olunan qəzetlər artıq gedib həmin Gəncəyə çıxmır, orada adamlar köşk tapıb qəzet ala bilmirlər…
Bu da bunların KİV-ə dəstəyi, KİV-ə Dəstək Fondu, Mətbuat Şurası, mətbuata atalıq qayğıları. İlham Əliyevi də “Jurnalistlərin dostu” seçiblər. Bir yandan jurnalistlərə ev tikib paylamaq istəyir, digər yandan da onların iş yerindəki əmlakı müsadirə edir, işsiz qoymaq istəyirlər. Deyəsən bu, həddən artıq çox səxavətli və çox dostyana oldu…
Dünən “Xural” qəzetinin redaksiyasında gördüyüm mənzərə məni xeyli keçmişə apardı. 4 il öncə “Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin redaksiyalarında bənzər müsadirə əməliyyatı həyata keçirilmişdi. İcraçıların kim olmasının fərqi yoxdur, belə əməliyyatlar yalnız siyasi qərarla həyata keçirilir. Şəxsən İlham Əliyevin özünün razılığı ilə, yaxud özünün təşəbbüsü ilə. Əks halda, belə əməliyyat özfəaliyyət sayılar, onu həyata keçirənlərin qəddi əyilər…
Yenə həmin mənzərədir. Günün günorta çağı Avropa Şurasının üzvü olduğu bir ölkədə siyasi hakimiyyət gündəlik nəşr olunan qəzetə hücum edir, onun işinə əngəl törədir. Məhkəmə qərarı belə qüvvəyə minməyib. Qəzetin vəkili redaksiyanın əmlakını aparanlardan soruşur ki, əlinizdəki sənəd – məhkəmə qərarı qüvvəyə minməyibsə, siz nə üçün onun icrasını təmin edirsiniz? O da nə desə yaxşıdır: “İstəyirsiniz, bizim əməlimizdən məhkəməyə şikayət edin!”
Bu, o deməkdir ki, sənəd-zad havayı söhbətdir, formal bir şeydir, verin məhkəməyə, görəcəksiniz ki, xeyri yoxdur. Bu, o deməkdir ki, hakimiyyət gündəlik nəşr olunmağa başlayan, tənqidçi mövqeyi ilə gündəmə gələn qəzetin fəaliyyətinə sakit-sakit baxmaq istəmir…

“Xural”a dəstək olaq!

Mən ümid edirəm ki, “Xural”a qarşı bu basqı, bu niyyət onun fəaliyyətinə əngəl yarada bilməyəcək. Əgər vətəndaş cəmiyyəti nə etmək lazım olduğunu bilərək səsini qaldırsa, dəstəyini versə, əməli addımlar atsa, buna nail ola bilərik.
Qəzetsiz cəmiyyət cəhənnəmdir. Lal, kar, kor olmaqdır. Qəzetin səsini ona görə boğurlar ki, qulaqlar eşitməsin, gözlər görməsin, dillər danışmasın.
Mən hər kəsi bu məsələdə məsuliyyətli olmağa çağırıram. Bizimki, sizinki salmayın, köhnə, yeni münasibətlərə qapılmayın. Bu ölkədə çətinliyə düşən bir qəzeti tək qoymaq, öz səsinin boğulmasına göz yummaqdır.

Dönməzlik rəmzi

Bütün hallarda yazımı nikbin sətirlərlə bitirmək istəyirəm. Ümid edirəm ki, bizim cəmiyyət, demokratik cinah, müstəqil mətbuat “Xural”ın işinin axsamasına yol verməyəcək, onu tək qoymayacaq və biz bu bəd olayı nikbinliklə aşacağıq. Yeri gəlmişkən, son vaxtlar “Xural” qəzetində yazan cəsur yazar Mirzə Sakiti 52 yaşının tamam olması münasibəti ilə təbrik etmək istəyirəm. Mirzə Sakit bu ölkənin sınmazlıq rəmzi sayılacaq adamlarından biridir. Mirzə əzablardan keçib yolunu davam edənlərdəndir. Mirzəni təbrik edir, ona can sağlığı arzu edirəm.

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button