“Gülər Əhmədova Yalan Tanrısıdır”

evez z

“Əminəm ki, Elşad Abdullayev nə vaxtsa Gülər Əhmədovaya verdiyi pulun videosunu da açıqlayacaq”

Əvəz Zeynallı: “Bu insan son müsahibəsi ilə “yuxarı”ları tərifləyib, istintaqı və baş prokuroru şantaj edir”

Hazırda həbs həyatı yaşayan sabiq YAP-çı deputat Gülər Əhmədovanın mediaforum.az-a bir gün əvvəlki müsahibəsi maraqla qarşılandı. Keçmiş deputatın söylədiklərini oxuduqca, istər-istəməz vaxtilə həbsində xidməti keçmiş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya yönəlik suallar yaranır. Bu məqsədlə suallarımızı həbsdə olan həmkarımıza göndərməli olduq. Beləliklə, müsahibəni təqdim edirik:

– Əvəz bəy, yəqin ki, həbsinizdə önəmli rolu olmuş sabiq YAP-çı deputat Gülər Əhmədovanın son müsahibəsini oxumsunuz. Ona görə ilk sualım bu barədədir, keçmiş deputatın söylədiklərini necə qarşıladınız?

– Gülər Əhmədovanın söylədiklərinə xüsusi münasibət bildirmək istəmirəm. Çünki həbsxanada insan bir az başqa cür düşünür və o, müsahibəsində səmimi deyildi. – Onun söylədikləri Sizin üçün bu qədərmi adi idi ki, qısa cavabla kifayənirsiniz? – Bəli, ona görə ki, Gülər Əhmədova yalan Tanrısıdır. Yəni o həbsxanada da namaz qıldığını, dini rituallara əməl etdiyini söyləyir, amma Tanrının qarşısında yalan danışmaq olmaz.

– Nədən ibarətdir onun yalanları?

– Məsələn, Heydər Əliyevlə yuxuda danışması, İlham Əliyevi yaxşı prezident adlandırması, “Elşad Abdullayeva Allah insaf versin” söyləməsi, yaxud əlavə edib ki, “o da pulu mənim vermədiyimi bilir, mənim də ondan pul almadığım məlumdur” söyləməsi… Mafiyanın ən böyük, ən əzəmətli qadınlarından biri kimi Gülər Əhmədova yalan danışır və səmimi deyil. Mən bunlara üzülürəm. Çünki hər ikimiz eyni həbsxanadayıq, bütün hallarda mən Azərbaycan qadınlarının həbsxanada olmasını istəmirəm və Allahdan onun qapısını açmasını çox arzulayıram. Ancaq Gülər Əhmədova bu həbsdən sonra da səmimi deyil. Görünür, onun Ramiz Mehdiyevdən və İlham Əliyevdən başqa ümidi yoxdur. Ona görə ki, o, Azərbaycan qanunlarını köməyə çağırmır, hətta xüsusi vurğuyla Heydər Əliyevlə yuxuda görüşməsindən danışır. Bu mənada onun müsahibəsi bütövlükdə qeyri-səmimilikdir. Axı Heydər Əliyevi yuxuda görməyin nə əlaqəsi var? Mən yuxuda BMT-nin sabiq baş katibi Kofi Annanla dünya məsələlərini Təhlükəsizlik Şurasında müzakirə etmişik, nə olsun? Yuxuda gördüm ki, rəhmətlik Yasir Ərəfat, mən, Şimon Peres və Buş Yaxın Şərqdəki məsələləri müzakirə edirik. Bunun həbsimə əlaqəsi varmı? Onsuz da yuxuda çox şey görürəm. Ortalıqda fakt var, Gülər Əhmədova, Siz uydurulmuş səs yazısıyla (ki, yalnız “kabluklarınızın” səsi eşidilir) Əvəz Zeynallını həbs etdirib 9 il azadlıqdan məhrum etdirmisiniz. Bunları kənara qoyub, Elşad Abdullayevin video seriallarını saxta adlandırırsınız, belə şey olarmı? Bax, qeyri-səmimilik budur! Yaxud rus saytlarından yayılan “Oliqarxın tərcüməçisi” filminin adını çəkib özünə bəraət qazandırır, həmin filmdə səsin dəyişdirilməsinin üzə çıxdığını bildirir. Gülər Əhmədova, filmi kənara qoyun, Siz özünüz Əvəz Zeynallının səsini dəyişdirib, yaxud montaj elətdirib 9 il azadlıqdan məhrum qoymusan. Yaxşı olardı, buna cavab versin!

– Axı Gülər Əhmədova Sizin işinizdə şahid olduğunu bildirib…

– Onun söyləməsiylə deyil ki. Ortalıqda cinayət işi və Ağır Cinayətlər Məhkəməsinin hökmü var. Təsəvvür edin ki, azadlıqdan məhrum olduğum 9 ilin 8 ili Gülər Əhmədovanın şikayəti əsasındadır. Bundan sonra həbsxanadan “Allah Əvəz Zeynallının qapısını açsın” söyləməklə deyil ki. Axı Əvəz Zeynallı bu şərin müqabilində azadlığa necə çıxa bilər?

– Və o, əlavə edir ki, Əvəz Zeynallı da daxil olmaqla, Tanrı bütün məhbusların günahlarını bağışlasın…

– Təbii ki, hərə öz kefinə görə belə deyir. Kaş ki, Allah bütün insanların günahlarını bağışlasın. Tanrı hər kəsi öz ayağından asır. Mən ona normal baxıram, günahımız varsa, Allah bağışlasın. Amma günahların miqdarı nə qədərdir, bu suala cavab vermək lazımdır. Sən Gülər Əhmədova, Elşad Abdullayevdən üzləşmə tələb edirsən, bəs özün Əvəz Zeynallıyla üzləşməyə gəldinmi? Sən Elşad Abdullayevin videolarını saxta hesab edirsən, məgər, Əvəz Zeynallını saxta audio səslə həbs etdirmədinmi? Təəssüf ki, Azərbaycan mətbuatı bunları yazmır, mənim portallara verdiyim müsahibələrimi qəzetlər yayımlamır. Amma Gülər Əhmədovanın yaltaqlıqla dolu müsahibələrini tirajlayırlar. Xahiş edirəm, sonuncu sözlərimi də verəsiniz! Mən bir daha həmkarlarıma üz tuturam, biz niyə mübarizə aparırdıq, əgər mətbuat yenə də İlham Əliyevə, Ramiz Mehdiyevə yaltaqlanmağı tirajlayıb mənim etirazlarıma susqun yanaşırsa, deməli, Gülər Əhmədova haqlıdır?!

– Bu fikirlərlə həmkarlarınızdan narazılığınızı ifadə edirsiniz?

– Bəli, azad mətbuat belə olmur. Mən azad mətbuatın sözə görə həbs olunmuş nümayəndəsiyəm. Həmkarlarım mənim həbsxanadan yazdıqlarımı səhifələrinə qoymurlar. Ancaq Gülər Əhmədovanın İlham Əliyevə, Zakir Qaralova saxta, qeyri-səmimi mesajlarını tirajlayır. Nə üçün? Bu, əslində Ramiz Mehdiyevin nəzarətində olan qəzetlərin işidir, bu qəzetləri başa düşürəm. Bəs azad mətbuat bu prosesdə niyə rol alır? Məni bunlar üzür, yoxsa, elə bir narahatçılığım yoxdur, mübarizəmi davam etdirirəm.

– Bu hadisələr Sizi ruhdan salırmı?

 – Qəti ruhdan salmır, niyə salsın ki?! Ancaq təbii ki, həmkarlarımın dəstəyi adama ruh verir. Təəssüf ki, mənə ruh verən bir şey yoxdur, həbs edildim, dostlar yenə susqun, 9 il azadlıqdan məhrum olundum, dostlar yenə susqun, daha nə istəyirsiniz?!

– Əvəz bəy, yenidən Gülər Əhmədovanın çıxışına qayıdaq, o, həbsini istintaqın səhvi adlandırıb, bu barədə nə deyə bilərsiniz?

– Mən buradan Gülər Əhmədovanın özünün, vəkillərinin və onu müdafiə edən medianın nə oyun oynadıqlarını çox ciddi müşahidə edirəm. İstintaqın səhvi olmaz, Baş Prokurorluğun isə səhvi mümkündür, həm də siyasi sifariş olar. Gülər Əhmədova “yuxarı”ları tərifləyib aşağıdakıları şantaj edir, konkret olaraq istintaqı və baş prokuror Zakir Qaralovu. İstintaq necə səhv edə bilər, bu quruma Baş Prokurorluq göstəriş verir və vətəndaş həbs olunur. Əgər bu səhvdirsə, o zaman hakimiyyətin səhvidir. Gülər Əhmədova çox gözəl bilir ki, onu həbs edəndə, ölkənin ali rəhbərliyinin icazəsini alıblar. Ancaq bunları demir, Zakir Qaralovun üstünə gedir və mesaj göndərir. Çox təəssüf ki, azad və müstəqil mətbuat Gülər Əhmədova ilə mafiya arasında vasitəçiyə çevrilib.

– Əgər Siz öz həbsinizdə istintaqın səhv etdiyini deyirsinizsə, eyni iddianı Gülər Əhmədova ortalığa qoya bilməzmi?

– Mən heç vaxt istintaqın səhv etdiyini söyləmədim, adam ya böhtanla həbs edirlər, ya da siyasi sifarişlə. İstintaq kimdir ki? Bu quruma sifariş gəlir ki, gedin, Əvəz Zeynallını oğurlayın, vəssalam! İstintaqın heç bir xüsusi rolu yoxdur! Məgər, Gülər Əhmədova bunları bilmir? Söhbət böhtandan, şərdən və siyasi sifarişdən gedə bilər. Məsələn, Gülər Əhmədova məni şərlədi və bunun əsasında oğurlanıb 9 il azadlıqdan məhrum olundum. Bəli, istintaq qeyri-qanuni işlər apara bilər, prosesual pozuntulara yol verər, amma bütün günahı istintaqın üstünə qoymaq gülüncdür.

– Ancaq Gülər Əhmədova Elşad Abdullayevin videolarının saxtalığını sübut etmək üçün onun mərhum Sevinc Babayeva ilə telefon danışığını əsas gətirir və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə pul verilmədiyini söyləyir. Bu barədə nə deyə bilərsiniz?

 – Əvvəl söylədiyim fikri bir daha təkrar edirəm, Gülər Əhmədova Yalan Tanrısıdır! Azərbaycan Milli Məclisində bu cür yalan tanrılarının sayı çoxdur. Onlar yalanı həqiqət kimi danışa bilən adamlardır. Ona görə də Sevinc Babayeva artıq həyatda yoxdur. Gülər Əhmədova da Sevinc Babayeva haqqında hər şey danışa bilər. Baxın, Əhmədovanın vəkili deyirdi ki, Elşad Abdullayeva videoları tam açıqlasın, videolar tam açılandan sonra isə “bu, nəyə yarar ki…” deyə bildirir. Təsəvvür edin ki, bu adamlar haqqında teleseriallar yayımlanır, amma “bu, nəyə yarar ki…” söyləyirlər. O zaman, cənab vəkil, Əvəz Zeynallını nə üçün həbs etdirmisiniz? Hanı yazdırdığınız audiolar, qoyun da internetə. Mən əminəm ki, Elşad Abdullayev nə vaxtsa Gülər Əhmədovaya verdiyi pulun videosunu da açıqlayacaq. O zaman da sabiq YAP-çı deputat “bu, mən deyiləm” söyləyəcək. Necə ki, müğənni Faiq Ağayev özü haqqında yayılmış video barədə eyni fikirləri söyləmişdi. O boyda həngaməyə verilən cavaba baxın. Bunların qarşısına fakt qoyursan, yenə bildiklərini deyirlər.

– Keçmiş deputatın müsahibəsində “kamera sanki insanı qəbir həyatına hazırlayır, başqa heç nə ilə müqayisə etmək mümkün deyil” kimi həyəcan doğuran fikirlər də yer alıb. Eyni binada olan şəxs kimi bu barədə nə deyə bilərsiniz?

– Mən öz gündəliklərimdə dəfələrlə oxşar fikirlər yazmışam. Doğrudan da həbsxana qəbir həyatını xatırladır. Son müsahibəmdə də bildirmişəm: həbsxana balaca ölümdür. Həqiqətən də insan sanki o dünyadan bu dünyaya baxır. İndi mən qəzetlər vasitəsilə həmkarlarımı oxuyuram, sanki sizlər bu dünyada, mən isə o dünyadayam. Bu mənada Gülər Əhmədovanın hissləri tanışdır. Ancaq çox təəssüf ki, bu hissləri Gülər Əhmədovadan eşidirəm. Çünki o, bu hisslərində də səmimi deyil. Bilirsiniz, onun dedikləri mənə bir hekayəni xatırlatdı, iş adamı yüksək mərtəbəli binadan yıxılarkən havada “Allah, məni öldürmə, aşağı düşəndə, əgər ölməsəm, bütün sərvətimi kasıblara xərcləyəcəm” deyir. Allah onun səsini eşidir və adam ölmür. Deməli, Allaha verdiyi vədə əməl etməlidir, ancaq yeriyəndə yadına vədi düşür və deyir ki, göydə olanda adamın ağlına necə axmaq fikirlər gəlirmiş. Bu mənada hörmətli Gülər Əhmədovanın həmin fikirləri o qədər yalandır ki, bəzən səmimi sözləri belə mərhəmət hissləri doğurmur. Yəni, Gülər Əhmədova, Siz mütləq həbs olunmalıydınız ki, insanın günahsız həbs edilməsinin cəzasını biləsiniz. Beləliklə, hakimiyyətin yalançı, saxta deputatları, məmurları həbs olunmalıdır ki, günahsız insanların nələr çəkdiklərini bilsinlər. O məntiqlə 124 deputatın yarısını həbsxanaya gətirməliyik. Ki, insanları şərləmək nə deməkdir?! Çünki Milli Məclisin yarısı işverəndir!

– Bu müddətdə həbsxanada Gülər Əhmədova ilə üz-üzə gəldiyiniz an oldumu?

– Xeyr, amma bir dəfə uzaqdan görmüşəm. Çünki problemi olan dustaqlar olduğumuzdan qanun bizim görüşməyimizə imkan vermir. O çıxanda bütün yolları bağlayırlar ki, Əvəz Zeynallı gəlməsin, o cümlədən, mən çıxanda həmin vəziyyəti yaradırlar. Ancaq mənim onunla nə problemim var və üz-üzə gələndə, nə olacaq? Ötən ilin iyulun 2-də Ağır cinayətlərə məhkəməsində mən Gülər Əhmədovanın özünə dedim ki, sən də “barmaqlıqlar arasına” gələcəksən. Bu sözü eşidən kimi özü, qardaşı İlqar Mikayıloğlu, köməkçisi Əhməd Şahidov mənim yaxınlarımın üzərinə yeridilər. O zaman Gülər Əhmədova Tanrıydı, dünya gözünə görünmürdü, mənə gülürdü. Mən də əlimi dəmirlərə döyəcləyərək “sən bura gələcəksən” deyirdim. – Gülər xanım həbsxanada kommunal durumun o qədər də yaxşı olmadığını bildirib, vəziyyət deyilən kimidirmi? – Məncə, qadınlar olan korpusa həftədə 2 yox, 3 dəfə su verilir. Amma bütün hallarda su fasilələrlə verilir. Mənim şikayətim yoxdur, ona görə ki, bu cür həyata öyrəşmişəm. Kameram yaxşıdır. Gülər xanım isə uzun müddət deputat olduğu üçün onun problemini anlayıram, güman ki, bunlardan sıxıntı çəkir. Onu düz deyir ki, qadın üçün həbsxana çox ağırdır. Allah qapısını açsın!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button