Həbsdə olan jurnalistin apellyasiya şikayətinə baxılacaq

Avqustun 3- də Gəncə Apellyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə həbsdə olan www.7gun.az xəbər  saytının baş redaktoru Cavid Şirəliyevin apellyasiya şikayətinə baxılacaq. C.Şirəliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri  ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar  araşdırılmayıb, gəlinən nəticələr işin faktiki hallarına uyğun olmayıb, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməyib. Bu baxımdan, müdafiə tərəfi hesab edir ki, 1-ci instansiya məhkəməsinin hökmü cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından qanunsuz və əsassızdır, ləğv edilməlidir.

Məhkum jurnalist Cavid Şirəliyev saxlandığı həbsxanadan bu yaxınlarda “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına göndərdiyi müraciətdə özünü təqsirli bilmədiyini qeyd edərək, ona qarşı irəli sürülən ittihamları əsassız və sifarişli adlandırıb. O, müraciətində qeyd edib ki, “02 avqust 2014-cü il tarixdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Şəfiqə Xankişiyevadan Asif Orucov və Məhərrəm Əsgərovla bağlı ərizə alınaraq DİN-in Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində AR CM-in 178.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılan Asifdən, sonra isə Şəfiqədən mənə qarşı Asifin ifadəsinə oxşar ifadə alınmış, daha doğrusu təqsirləndirilən şəxs qismində cinayət təqibini həyata keçirən orqandan aslı vəziyyətdə  olan Asif və Şəfiqənin ifadəsi DİN-in BMCMİ-in İstintaq şöbəsinin müstəntiqinin sözlərilə, onun uydurmalarına uyğun yazılmış, qanunla müəyyən edimiş qaydada istintaq çağırılmadığım halda barəmdə axtarış qərarı çıxarılmış və qanunsuz olaraq həbs olunmuşam.”

Polis orqanlarından istefa verərək jurnalist və hüquq müdafiə fəaliyyəti ilə məşğul olan Cavid Şirəliyev həbsinin səbəbini sifarişli hesab edir. O, ona qarşı irəli sürülən ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button