Həbsdəki dindarlar da “vicdan məhbusu” elan olundu

Norveç təşkilatı Azərbaycanda dindarların məruz qaldığı repressiyaları araşdırıb

Norveçin dini azadlıqlara dəstək təşkilatı olan “Forum 18″ Azərbaycanda dini azadlıqlar sahəsindəki vəziyyətlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsi olaraq, təşkilatın saytında ”Daha bir vicdan məhbusu haqqında məhkəmə hökmü” başlıqlı məqalə yayımlanıb. Qeyd edək ki, bu təşkilat özü də repressiyalara məruz qalan dindarlardan ibarət “vicdan məhbusları” siyahısını hazılayır.

“Bu insanlar heç bir zorakı əməl törətməyiblər”

Məqalədə bildirilir ki, təşkilatın siyahısında adları olan hər üç vicdan məhbusu – Nuhbala Rəhimov, Tale Bağırzadə və Elçin Qasımlı 2015-ci ilin sonunda zorakılıqda ittiham olunaraq, barələrində həbs qərarı verilib. Artıq 6 aydan çoxdur ki, onlar məhbus həyatı yaşayır.

“Bu insanlar heç bir zorakı əməl törətməyiblər. Onları öz nəzarətində saxlaya bilmədiyi və bu adamlar kütlə arasında populyar olduqları üçün hökumət onları öz hakimiyyətinə təhlükə sayır”, – deyə araşdırmaçı jurnalist, bu yaxınlarda həbsdən buraxılan keçmiş vicdan məhbusu Xədicə İsmayılova “Forum 18″-ə açıqlamasında bildirib.

Müəllif yazır ki, vicdan məhbusu Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən Nardarandakı evə basqın zamanı həbs edilənlər arasında olub. Həmin əməliyyat zamanı iki polis əməkdaşı, həmçinin azı, 5 nəfər Nardaran sakini öldürülüb. O zaman 14 inanclı həbs olunub. Ardınca çoxlu sayda kənd sakini istintaqa cəlb olunub.

“Biz indi Azərbaycanda yeganə təşkilatıq ki, bütün liderləri qondarma ittihamlarla həbs olunub”, – deyə Taleh Bağırzadə bu il fevralın 23-də həbsdən yaydığı bəyanatda bildirib.

Məqalədə qeyd olunur ki, Taleh Bağırzadə və digərlərinə qarşı ittihamlar hökumətin Müsəlman Birliyi Hərəkatını dağıtmaq istəyindən doğur: “Hakimiyyət insan hüquqlarının müdafiəsilə bağlı beynəlxalq öhdəliklər götürməsinə baxmayaraq, hüquq və azadlıqlarını tələb edənlərə qarşı repressiv siyasətini davam etdirir. Azərbaycan hökuməti xoşlamadığı vəkilləri, jurnalistləri, hüquq müdafiəçilərini, ictimai xadimləri həbs edir, ifadə və inanc azadlığından istifadə etmək istəyən müsəlmanları basqı altında saxlayır. Hökumət dini yönümlü siyasi partiya və QHT-ləri dövlət qeydiyyatına almır”.

BMT təmsilçiləri Azərbaycanda nələrin şahidi olub?

Müəllif xatırladır ki, BMT-nin Qanunsuz Həbslər üzrə İşçi Qrupu da Azərbaycanda qeydə aldığı hüquq pozuntularını pisləyib: “İşçi qrupu o fikirdədir ki, hüquq müdafiəçiləri, jurnalistlər, siyasi və dini liderləri susdurmaq, təməl insan haqları və fundamental azadlıqlardan istifadənin qarşısını almaq üçün hökumət qanunsuz həbsləri davam etdirir. Bu cür hallar hakimiyyətin repressiv metodlarla işlədiyini və beynəlxalq öhdəliklərə xilaf çıxaraq qanunları pozduğunu göstərir”.

İşçi Qrupu qeyd edib ki, mayda Azərbaycana səfər zamanı hazırkı və keçmiş siyasi məhbusların həbs olunarkən işgəncə və pis rəftara məruz qalmalarına dair çoxlu izahatlar alıblar: “İşçi Qrupun üzvlərilə söhbətləşən şəxslər bildiriblər ki, onların başlarına silah dirəyiblər, bəzən bir neçə saat döyülüblər, psixoloji təzyiq, fiziki və seksual təhdidlərə məruz qalıblar, ailələrinin həbs olunacağı ilə hədələniblər”.

Qanunsuz Həbslər üzrə İşçi Qrup onu da qeyd edib ki, “Yahova Şahidləri” dini cərəyanının üzvləri İrina Zaxarçenko və Validə Cəbrayılova din və inanc azadlıqlarından istifadə etdiklərinə görə cəzalandırılaraq, fevralın 15-dən bəri həbsdə saxlanılır. 2016-cı ilin yanvarında onlar rəsmi icazə almadan dini buklet payladıqları üçün onlara qarşı ittiham irəli sürülüb və böyük məbləğdə cərimələniblər. Sonradan cərimə ləğv edilib və qadınlar buraxılıb. Ancaq İşçi Qrupun tələblərinə rəğmən, qanunsuz həbsə görə kompensasiya ödənilməyib.

Məqalədə qeyd olunur ki, dindarlardan Nuhbala Rəhimov ən azı 7 nəfərin ölümü ilə nəticələnən Nardaran əməliyyatından təxminən 10 gün sonra – 2015-ci il dekabrın 7-də imamlıq etdiyi məsciddə həbs edilib. Ona əvvəl İnzibati Xətalar Məcəlləsi ilə 30 gün həbs cəzası verilsə də, prokurorluq barəsində cinayət işi başladıqdan sonra Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonra isə hökumət Nardarandakı digər üç məscidlə birlikdə “Rəhimə xanım Məscidi”ni də zorla bağlayıb.

Taleh Bağırzadəyə verilən işgəncələr…

Müsəlman Birliyi Hərəkatının sədri, vicdan məhbusu Taleh Bağırzadə 23 iyunda 32-ci yaş gününü həbsdə keçirdi. Ona qarşı ittihamlara Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 29-cu (cinayət törətməyə cəhd) maddələrini də əlavə ediblər. Bu maddələr hökumətin Nardaranda əməliyyatı zamanı baş verən qətllərlə bağlıdır. Ümumilikdə, Taleh Bağırzadəyə qarşı ondan artıq maddə ilə ittiham irəli sürülüb. Onların arasında terrorçuluq, hakimiyyəti zorla ələ keçirməyə cəhd, qanunsuz silahlı qruplaşmalar yaratma, hökumətə qarşı zorakılığa çağırış, milli, irqi və dini nifrəti alovlandırma və digər maddələr var.

Nardaran əməliyyatından əvvəl noyabrın 3-də polis Taleh Bağırzadəni həbs edərək ona işgəncə verib. Bu, 11 və 12 noyabrda BMT-nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycanın durumu müzakirəyə çıxarılandan bir həftə əvvəl baş verib.

Həmin komitənin İşgəncələr, qeyri-insani davranış, alçaldıcı rəftarın qadağan olunmasına dair Konvensiyanın pozulması ilə bağlı noyabrın 26-da açıqlanan yekun müşahidələri də xeyli tənqididir.

“Çoxlu sayda və israrlı iddialar var ki, hüquq-mühafizə və istintaq orqanları vətəndaşlara qarşı işgəncə və pis rəftara yol verirlər. 2010 və 2015-ci illər arasında dövlət orqanlarında işgəncə verilməsi barədə 1996 şikayət daxil olduğu halda, bir nəfər də olsun, cəzalandırılmayıb. BMT-nin işgəncələri qadağan edən Konvensiyası onu ratifikasiya etmiş ölkələrin, o cümlədən Azərbaycanın üzərinə öhdəlik qoyur ki, işgəncələrdə şübhəli bilinən şəxslər cəzalandırılsın, mühakimə olunsun. Avropa Şurasının müvafiq komitəsi də bununla əlaqədar Azərbaycandakı vəziyyəti sərt tənqid edib.

Noyabrın 3-də sonradan polis Taleh Bağırzadəni buraxdı. 26 noyabrda Nardarana hücum zamanı yenidən həbs edilən Taleh Bağırzadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb, onun burnu sındırılıb. Kürdəxanı təcridxanasına köçürüldükdən sonra ona işgəncə verənlərin cəzalandırılması tələbilə məhkəməyə müraciət etdi. Lakin Bağırova rəsmi səviyyədə əngəllər törədildi – işgəncə izləri aşkar ikən onu məhkəməyə gətirməkdən imtina etdilər. Beləliklə, o, məhkəmə işindən geri çəkildi”, – deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, dövlətin nəzarətində olan Qafqaz Müsəlmanları İdarəsində işləmiş vicdan məhbusu Elşən Mustafayev 16 dekabr 2015-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Məqalədə Məşədi Natiq Kərimovdan da bəhs olunur və qeyd edilir ki, o, Nardaran kəndinin ağsaqqalıdır: “O, 6 yanvar 2016-cı ildə kənddə həbs edilib. Məhkəmə onun barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ancaq 19 yanvarda həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Mayın 2-də ev dustaqlığının müddəti daha 3 ay uzadılıb. Kərimov naməlum xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. O, 2015-ci ilin dekabrında şiə müsəlmanların anım mərasiminin keçirilməsinə qoyulan qadağaya etiraz etmişdi.

23 may 2016-cı ildə Bakı Apellyasiya Məhkəməsi Elçin Qasımovun ev dustaqlığına buraxılma tələbini rədd etdi.  Qasımov Bakının Maştağa kəndində yerləşən Həzrət Abbas məscidinin imamı, Müsəlman Birliyi Hərəkatının sədr müavini idi. Nardaran əməliyyatından əvvəl Taleh Bağırzadəyə polis idarəsində verilən işgəncələrə etiraz etdiyi üçün noyabrın 5-də Maştağada həbs olunmuşdu. Qasımovu əvvəl 30 günlük inzibati həbs cəzasına məhkum etdilər. Amma sonradan Qasımov barəsində cinayət işi başlandı və ona qarşı Cinayət Məcəlləsinin xuliqanlıq və hökumət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələrilə ittiham irəli sürüldü. Nəsimi rayon Məhkəməsi onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçdi. Daha sonra ona qarşı terrorçuluq da daxil olmaqla, 11 maddə ilə ittiham irəli sürüldü. Onun vəkili deyir ki, Elçin Qasımov bütün ittihamları rədd edir.

Nardarana sözügedən hücumdan sonra qəsəbədə dini tədbirlər əngəlləndi, müsəlmanların ibadət məkanlarına giriş yasaqlandı, məscidlər bağlandı və elan olundu ki, məcburi dövlət qeydiyyatı olmadan onların fəaliyyəti mümkün deyil. Dövlət işçiləri həmçinin dini bayraq və bannerləri yığışdırdı, divarlardakı dini şüarları sildilər.

Nardaran əməliyyatından on gün sonra isə prezident İlham Əliyev qanuna tələsik bir neçə dəyişiklik edərək, dini etiqad azadlıqlarını məhdudlaşdırdı”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button