Hər şey bəlli olur: “Rusiya Azərbaycanın itkiləri hesabına…” – Müsahibə

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Ötən ilin son ayına qədər Azərbaycan-Ermənistan danışıqları Avropa Birliyi, sonradan isə ABŞ-ın vasitəçiliyi ilə fəal şəkildə davam edirdi, anlaşmaya olan ümidlər də artmışdı. Amma indi prosesdə aktivlik yoxdur. Bununla bağlı gözləntiniz necədir: proses yenidən donurmu, ya bir müddət sonra aktivlik görəcəyik?

– Mənə elə gəlir ki, ötən ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına dair proqnozlar bir qədər optimist idi, amma mən o zaman da demişdim ki, bu, elə də asan proses deyil. Bu, zaman, geniş müzakirələr və uzunmüddətli çəkişmələr tələb edən bir prosesdir. Burada təhlükəsizlik təminatı, sərhədlərin delimitasiya-demarkasiyası və digər məsələlər var. Bunlar asanlıqla həll ediləcək məsələlər deyil.

Məncə, ümumilikdə sülh prosesinin sönük mərhələyə keçməsi, faktiki olaraq dayanması başqa səbəblərdən irəli gəlir. İlk növbədə, Brüsselin təşəbbüsü ilə başlayan və ardıcıl olaraq həyata keçirilən üçtərəfli görüşlər və həmin təmasların da ABŞ tərəfindən dəstəklənməsi, şübhəsiz ki, Rusiyada qıcıq yaradırdı. Çünki Rusiya bölgədə zəifləmiş mövqelərini itirə bilərdi və buna görə də prosesə müdaxilə etməyə başladı.

Rusiyanın prosesə müdaxiləsi təkcə diplomatik deyildi. Rusiya Qarabağın dağlıq hissəsində yerləşdirilmiş “sülhməramlılar”ı vasitəsilə vəziyyəti gərginləşdirməyə, qarşıdurma yaratmağa çalışdı, bundan sonra ortaya Vardanyan məsələsini atdı, onu bura gətirib “lider”ə çevirməyə başladılar, digər amillər də var. Beləliklə, Rusiya bu prosesə mane oldu.

Bilirsiniz ki, Filip Riker ABŞ-ın Ermənistan-Azərbaycan danışıqları üzrə baş müşaviri təyin edilmişdi. O, artıq fəaliyyətdə deyil, bu ilin ilk günlərində istefa verdi. Bütün bu məsələlər, o cümlədən, Zəngəzur dəhlizi ətrafında yaranan mübahisələr, İranın müdaxilə səyləri bölgədəki geosiyasi durumu elə bir həddə çatdırdı ki, bölgədə sülhdən danışmaq şansları qalmadı. Ona görə də proses sönməyə doğru getdi. Amma düşünmürəm ki, bu, prosesin tam dayanması deməkdir.

Ermənistan-Azərbaycan münasibətlərindəki bugünkü reallıq kontekstində iki mümkün faza var: biri sülh, digəri hərbdir. Ona görə də, son zamanlarda görürük ki, gərginliyin artacağı, müharibənin yenidən alovlanacağı ilə bağlı müxtəlif səviyyələrdə proqnozlar verilir, fikirlər səsləndirilir. Bu da təsadafi deyil. Dediyim kimi, bir faza baş tutmursa, ağırlıq mərkəzi ikinci fazanın xeyrinə dəyişir.

Sadaladığım bu səbəblərdən belə bir durum yaranıb. Baxmayaraq ki, riski mərhələdəyik, amma bunun müvəqqəti olduğunu düşünürəm. İndiki halda isə sülh fazasından çıxmışıq, bundan sonra hərbi aktivliyin arta biləcəyi ehtimalı daha yüksəkdir.

– Beynəlxalq Böhran Qrupu da Ermənistan və Azərbaycan arasında gərginliyin bu il də davam edəcəyini proqnozlaşdırır. Açıq qarşıdurma riskinin olduğunu deyən amerikalı, qərbli ekspertlərin sayı da çoxdur. Sizin bu haqda proqnozunuz necədir: növbəti hərbi toqquşma riski nə qədərdir və mümkün qarşıdurmanın miqyası necə ola bilər?

– Beynəlxalq Böhran Qrupunun proqnozu təkcə Ermənistan-Azərbaycan münasibətlərinə dair deyil. Həmin məlum təhlili ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisi yayımlayıb.

Təhlildə dünya üzrə 10 münaqişə nöqtəsi göstərilir. Mümkün Ermənistan-Azərbaycan qarşıdurması da onlardan biridir. Əlbəttə, bu risk var. Bayaq dediyim kimi, sülh prosesi dalana dirənirsə, faktiki olaraq baş verən də budur, demək, proses hərbi fazaya keçə bilər. Bu ehtimal var, həmişə olub. Bunun üçün ən azı iki səbəb var.

İlk növbədə, qarşıdurma Azərbaycan və Ermənistan arasında mümkündür, bu sərhəd, Zəngəzur dəhlizi və digər məsələlərə görə ola bilər. Həmçinin, Laçın dəhlizi məsələsi ətrafında.

Biz faktiki olaraq görürük ki, Rusiya Qarabağın dağlıq hissəsində yeni separatçı rejim formalaşdırır. İndi Vardanyan orada yerləşdirilib və ona qarşı olan Balasanyan “komanda”dan uzaqlaşdırıldı, yəqin ki, bir müddət sonra Araik Arutyunyan da yola salınacaq. Beləliklə, separatçı rejim Vardanyana ötürüləcək.

Şübhəsiz ki, bu, yeni gərginlik ocağının yaranması deməkdir. Xoşbəxtlikdən Azərbaycan həmin təxribatlar uymadı, antiterror və ya hansısa formada aktiv əməliyyatlara getmədi, yalnız “yumşaq güc”dən istifadə etməklə çalışır ki, öz suverenliyini təmin etsin. İlk növbədə də Laçın dəhlizinə nəzarət. Çünki həmin yol vasitəsilə separatçılara silah-sursat, müxtəlif hərbi təyinatlı vasitələr, əsasən də terrorçular və yaraqlılar daşınır.

Azərbaycanın Laçın dəhlizinə nəzarətin təmin edilməsi yönündə atdığı addım zamanına gəldi. Hətta bir qədər də gecikmiş addım idi. Amma təəssüf ki, bu, hərbi qarşıdurmadan qaçmağa imkan vermir. Çünki bu halda Rusiya tərəfi daha da aqressivləşə, separatçıları müxtəlif formalarda təxribatlar törətməyə sövq edə bilər. Təəssüf ki, belə bir ehtimal da istisna olunmur.

Müharibə ehtimalı 30-40 faizdir, 50 faiz də deyil. İlk növbədə, ona görə ki, Azərbaycan tək deyil. Azərbaycan müqayisə edilməyəcək qədər Ermənistandan güclüdür. İkincisi, Azərbaycanın konkret olaraq Türkiyə kimi müttəfiqi var. Türkiyə bölgədədir. Üçüncüsü, Ukraynadakı müharibəsi Rusiyanı son dərəcə zəiflədib. Düzdür, onun gərginlik yaratmaq üçün potensialı yetərincədir, amma bu vəziyyətdən qalib çıxmaq üçün kifayət qədər potensialı yoxdur. Dördüncüsü, Ermənistan hökumətinin özü qarşıdurmada maraqlı deyil, onu buna daha çox Rusiya KTMT-nin dəstəyini vəd etməklə, birgə təlimlərlə sövq etməyə çalışır.

Amma görünən budur ki, Ermənistan hələlik bu məsələyə ehtiyatlı yanaşır. Çünki Ermənistanın müharibə aparmaq üçün resursları, eləcə də Rusiyadan ciddi dəstək alacağına əminliyi yoxdur.

İrandan ola bilər. Ermənistan İrandan da dəstək umur. Amma İranın özünün daxilində və ətrafında vəziyyət yetərincə gərgindir. Bu kimi səbəblərdən bu riski 30-40 faiz dəyərləndirirəm. Amma biz bilirik ki, 10 faizlik ehtimalın da reallığa çevrilə biləcəyi istisna deyil. Yəni hər bir halda hərbi qarşıdurma ehtimalı var.

– Vardanyanın fəallığına, Balasanyan, Arutyunyan və ona qarşı olan digər separatçıları uzaqlaşdırmaq səylərinə diqqət çəkdiniz. Sizcə, Vardanyan vasitəsilə hansı projeni həyata keçirməyə çalışırlar?

– Düşünmürəm ki, bütün bunlar Vardanyanın öz istəyi ilə baş verir, bu, Rusiyanın layihəsidir. Qondarma hökuməti ələ keçirmək səylərində Vardanyana dəstək verən Rusiyadır. Düşünürəm ki, Rusiyanın Vardanyanla bağlı uzağa gedən planları var. Bu tip planlar əvvəllər də olub. Biz bilirik ki, Robert Köçəryan və Serj Sərkisyan məhz Qarabağdakı separatçı rejim üzərindən Ermənistan rəhbərliyinə gətirilmişdi.

Rusiya yaxşı başa düşür ki, Ermənistana nəzarət etmək üçün xeyli dərəcədə bu ölkənin əhalisindən uzaq qüvvələri hakimiyyətə gətirmək lazımdır. Konkret halda söhbət Qarabağdakı erməni icmasından gedir. Yəni azlıq vasitəsilə çoxluğu idarə etmək – Rusiya bunu müxtəlif ölkələrdə tətbiq edib, kifayət qədər də uğurlu alınıb.

Amma burada iki problem var. Birincisi, Vardanyan Qarabağ ermənisi deyil. Vardanyanın ora gələrək qondarma rejimdəki əleyhdarlarını komandadan uzaqlaşdırması, özünün isə başa keçməsi Rusiyanın dəstəyi olmadan mümkün deyil.

Əslində, Rusiya “Vardanyan ssenarisi”ni Ermənistan üçün hazırlayır. Onu “lider” kimi Qarabağda yetişdirmək istəyir. Amma buna hazırlıq üçün Vardanyana hansısa “uğurlar” da təmin etməlidir, separatçı rejimə nəzarət etmək kifayət deyil. Əlbəttə, Rusiya bu “uğurlar”ı Azərbaycanın itkiləri hesabına əldə etməyə çalışır.

Vaxtilə Köçəryan və Sərkisyanla bağlı da belə olmuşdu. İndi Azərbaycan buna imkan verəcəkmi? Əlbəttə, yox! Bizim elə bir komfortumuz yoxdur ki, nəyisə itirək, Rusiya hansısa qüvvəni Ermənistanda hakimiyyətə gətirmək istəyir, o da öz növbəsində bizə qarşı aqressiv siyasət yürüdəcək, nəinki bugünkü Paşinyan hökuməti.

Rusiyanın planı çox məkrlidir və çoxpilləlidir. Azərbaycan bunu nəzərə almalıdır. Azərbaycan Qarabağdakı erməni icmasına yönəlik siyasətini elə qurmalıdır ki, Vardanyan nəinki uğur qazana bilsin, hətta məğlub olsun. Baxmayaraq ki, onu Rusiya dəstəkləyir, hərbi qarşıdurma yaranacağı halda rus hərbi kontingenti – “sülhməramlılar” separatçıların tərəfində olacaq. Biz o ssenariyə hazırlaşmalıyıq ki, heç bir halda Qarabağdakı Rusiya-erməni tandeminə kiçicik də olsa, uğur qazanmaq şansı verməyək. Çünki bu, bizə ikiqat zərbə olardı.

Birincisi, Rusiyanın planı üzrə Qarabağda itki ola bilər. İkincisi, Vardanyan və onun Moskvaya söykənən radikal siyasəti bizə qarşı yönələcək. Bu mənada, Azərbaycanın kifayət qədər aydın, konkret siyasi və geosiyasi hədəflərə yönəlik siyasəti olmalıdır. Düşünürəm ki, belə siyasətin konturları var. Yəni hər bir halda nəzərə almalıyıq ki, belə bir ssenari istisna deyil.

– Bəs Ermənistanda güclənən anti-Rusiya atmosferi ilə bağlı fikriniz necədir? Həmişə bu kimi hallara qarşı “cəzalandırma metodu”na əl atan Rusiya Ermənistan üçün hansı qərarı verə bilər? Amma bir məsələ də maraqlıdır ki, digər ölkələrlə müqayisədə Rusiya belə hallarda Ermənistana qarşı daha loyal görünür. Bu nə ilə bağlı ola bilər?

– Birincisi, bu, erməni xalqının özündən irəli gəlir. Çünki ermənilər ümid edirdilər ki, Rusiya 44 günlük müharibədə Ermənistanı dəstəkləyəcək. Rusiya isə bunu etsə də, yetərincə dəstəkləyə bilmədi və Ermənistan biabırçı şəkildə məğlub oldu. Özləri üçün uydurduqları “güclü erməni ordusu” və digər miflər darmadağın edildi. Yəni bu, ilk növbədə toplumdan gələn mənfi münasibətdir.

İkinci səbəb, şübhəsiz ki, Paşinyan hökuməti ilə əlaqəlidir. Paşinyan bir sıra hallarda aşkar anti-Rusiya siyasəti yürüdür. Eyni zamanda, Paşinyan hökuməti başa düşür ki, Rusiya Vardanyanı Ermənistan rəhbərliyinə gətirməyə çalışır. Ermənistan rəhbərliyi bunu bildiyindən anti-Rusiya əhvalını gücləndirir.

Rusiyanın digər ölkələrlə müqayisədə Ermənistana daha loyal yanaşmasına gəldikdə, bu, tarixi əsası olan və geosiyasi zərurətdən irəli gələn bir səbəbdir. Rusiya ermənilərə daim özünün forpostu kimi baxıb və bunun ən azı iki əsrlik tarixi var. Başqa bir tərəfdən, Rusiya başa düşür ki, bir xalq olaraq ermənilərlə konfliktə girmək bölgəni itirmək demək olacaq. Rusiya özünü elə göstərir ki, sanki erməni xalqının tərəfindədir. Sadəcə olaraq, Ermənistandakı hökumət onu qane etmir və ona qarşı da açıq getmir.

Elə Paşinyan hökumətinin özünə də münasibətdə kifayət qədər loyallıq nümayiş etdirir. Çünki Rusiyanın planı var. Plan da Vardanyanı hakimiyyətə gətirməkdir. Əminəm ki, bu plan belədir. İndi bu planı həyata keçirmək üçün Vardanyana Ermənistanda sosial dayaq yaratmaq, əhalinin müəyyən hissəsinin dəstəyini təmin etmək lazımdır. Ona görə də Rusiya Ermənistanda öz əleyhinə güclənən etirazlara maksimum göz yummağa çalışır.

– Sizcə, Rusiyanın Ukraynadakı mümkün məğlubiyyəti Cənubi Qafqaza necə təsir edəcək, bölgəmizdə hansı dəyişikliyə səbəb olacaq?

– Bəli, Rusiya Ukraynada məğlub olur, getdikcə, bunun əlamətləri özünü daha qabarıq formada göstərir. NATO və Qərb ölkələrindən Ukraynaya hərbi dəstəyin gücləndirilməsi fonunda Rusiyanın hərbi uğursuzluqlarının artması artıq tendensiya xarakteri alıb. Bu, dönməz prosesə bənzəyir.

Müharibə Rusiyanın məğlubiyyəti və ya atəşkəslə başa çatacaqsa, şübhəsiz ki, Moskvanın Cənubi Qafqaz istiqamətində fəallığı artacaq. Nə qədər ki Rusiyanın başı Ukraynada qarışıb və de-fakto geri çəkilməklə məşğuldur, ona ikinci cəbhəni açmaq əsla sərf etmir. Amma oradakı məğlubiyyətdən sonra Rusiyanın başqa seçimi qalmır, geosiyasi maraqları Cənub istiqamətində irəliləməyi tələb edir. Bu da ya Cənubi Qafqaz, ya Mərkəzi Asiya, ya da Ukrayna üzərindən ola bilər.

Ötən il Mərkəzi Asiyada Qazaxıstan üzərindən bu cəhd baş tutmadı. Hərçənd bunu tam əminliklə demək olmaz. Rusiya-Qazaxıstan qarşıdurması hələ tam istisna olunmur, yeni faza başlaya bilər.

Cənubi Qafqazda da növbəti aktivliyin olması mümkündür. Amma bütün bunlar Ukrayna məsələsinə aydınlıq gəldikdən sonra bəlli olacaq. Bu, azı yarım il zaman aparacaq. Rusiya nəzarət etdiyi əraziləri itirə-itirə gedir. Amma nəzərə alaq ki, bütün bunlar bir-iki həftə və ya aya başa çatası proses deyil. Krım məsələsi var. Ukrayna Krımın qaytarılmasında israrlıdır. Donbasın xeyli hissəsi hələ də Rusiyanın nəzarətindədir. Zaporoje və Xerson məsələləri də var. Ona görə də bu prosesin tezliklə yekunlaşacağı inandırıcı görnmür.

Düşünürəm ki, həlledici döyüşlər mart-aprel aylarında başlayacaq və bir neçə ay davam edəcək. Bu baxımdan, azı altı ay ərzində Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada aktivliyi mümkün olmayacaq. Çünki iki cəbhədə hərbi kampaniya aparmaq Rusiyanın imkanları çərçivəsində deyil. Bu halda Rusiya hər iki cəbhədə məğlub ola bilər. Ona görə də, Rusiya çalışacaq ki, Ukrayna prosesini hansısa formada başa çatdırsın, sonra diqqətini ya Mərkəzi Asiya, ya da Cənubi Qafqaza yönəltsin. Amma hər iki bölgədə Rusiyaya mane olan ciddi amillər var.

Rusiya Cənubi Qafqazda Azərbaycan üzərindən hərəkət edə bilər. Çünki Cənuba – Yaxın Şərqə yeganə quru yolu Azərbaycandan keçir. Amma Rusiya Azərbaycanın müttəfiqi olan Türkiyə amilini nəzərə alır. Mərkəzi Asiyada isə Çin amili güclüdür, Türkiyə orada da var. Amma Çin amili daha gücüldür. Çinin Qazaxıstan və Türkmənistana təsiri yetərincədir.

Ona görə də, Rusiya çalışacaq ki, Cənubi Qafqaz üzərindən hərəkət etsin. Amma bunun üçün ən azı altı aya qədər vaxtımız var.

Mənsur Rəğbətoğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button