Hakim müstəqil vəkillərdən şikayət etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov bir neçə vəkillər barəsində Vəkillər Kollegiyasına şikayət göndərib. Cavad Cavadov, Fariz Namazlı, Elçin Sadıqov və digərləri barəsində müraciətə səbəb müdaifə etdikləri şəxsin vəsatətini müdafiə etmələri ilə bağlıdır. Bu barədə bizimyol.info saytına vəkil E.Sadıqov məlumat verib. “Müdafiəçisi olduğumuz təqsirləndirilən şəxslər – Taleh Bağırov və digərlərinin Abbas Hüseynovun məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatətlərini müdafiə etdiyimiz üçün bütün vəkillərin barəsində şikayət göndərilib. Qanunvericiliyin tələbinə görə, müdafiəçi müdafiə etdiyi şəxsin mənafeyinə uyğun hərəkət etməlidir. Bizdən qanuni əməlimizə görə şikayət edilib. Bu üsulla bizi müdafiə etdiyimiz şəxslərin maraqlarına uyğun deyil, ittihamın və məhkəmənin maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər. Bu, vəkillərin fəaliyyətinə, müstəqilliyinə, dönməzliyinə edilən qəsddir” – deyən vəkil aidiyyəti qurumlardan onların fəaliyyətinə görə edilən təqiblərə son qoyulması barədə göstəriş vermələrini xahiş edir.
Qeyd edək ki, sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə keçirilən məhkəmə iclasında fasilədən sonra hakim Əlövsət Abbasov təqsirləndirilən şəxslərdən Abbas Hüseynovun zaldan çıxarılması və prosesin onun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib. O, qərarını belə əsaslandırıb ki, Abbas Hüseynov dəfələrlə xəbərdarlığa məhəl qoymayaraq, şahidi təhqir edib. Taleh Bağırzadə və digər təqsirləndirilən şəxslər isə A.Hüseynovun prosesdə iştirakının təmin edilməsi ilə bağlı vəsatət veriblər. Vəkillər də müdafiə etdikləri şəxslərin vəsatətini müdafiə ediblər.
vekiller kollegiyasi
Cinayət Prossesusal Məcəlləsiin 92.10.1. maddəsinə əsasən, vəkilə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq qadağandır.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Fərhad Nəcəfov Bizimyol.info saytının sorğusuna əsasən məsələyə münasibət bildirib. O bildirib ki, vəkilin müdafiə etdiyi şəxsin mənafeyinə uyğun hərəkət etməsinə görə cəzalanması heç bir halda mümkün deyil. “Biz hakimin məktubuna əsasən həmin vəkilləri çağırıb söhbət etdik və bu gün də prosesdə iştiraklarını davam etdilər. Müraciət 8 vəkil barəsində olmuşdu. Heç bir cəzadan söhbət gedə bilməz və narahatçılıq üçün əsas yoxdur. Biz imkan vermərik ki, hakimlər tərəfindən vəkillərə qarşı hər hansı təzyiq olsun” – deyə F.Nəcəfov bildirib.
Qanunvericilikdə nəzərdə tutulmuş vəzifəsini yerinə yetirdiyinə görə, hakimin vəkil barəsində kollegiyaya müraciət etməsinin doğru olub-olmamasına gəlincə, F.Nəcəfov bildirdi ki, Kollegiyaya müraciət etmək hakimin hüququdur. “Biz hakimə deyə bilmərik ki, mürciət etmə. Həmin müraciətə isə münasibət bildirildi və hakimə də cavab göndərildi”. Məsələ ilə bağlı Vəkillər Kollegiyasının mövqeyinin nə olmasına gəlincə, Fərhad Nəcəfov bildirib ki, hər zaman olduğu kimi bu dəfə də vəkilləri müdafiə ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button