Hakimiyyət kəndlidən nə istəyir?

Vahid Məhərrəmov, İqtisadçı-ekspert

 

Çox təəssüflər olsun ki, Azərbaycanda aqrar siyasəti öz merkantil maraqlarını daha üstün tutan korrupsionerlər müəyyən edir və sahəyə rəhbərliyi də onlar həyata keçirir.

Azərbaycan coğrafi baxımdan çox uğurlu bir məkanda yerləşir. Böyük Qafqaz sıra dağları şimaldan gələn kəskin soyuq hava kütləsinin, Kiçik Qafqaz sıra dağları isə ölkə ərazisinə cənubdan gələn şiddətli isti havanın qarşısını alır. Digər tərəfdən də Xəzər dənizinin mövcudluğu havanın nisbətən mülayim keçməsinə şərait yaradır. Yer kürəsində mövcud olan 11 əsas iqlim tipinin 9-na Azərbaycan Respublikasının ərazisində rast gəlinir. İqlim tiplərinin təsiri altında fərqli torpaq örtüyü formalaşmışdır ki, bu da Azərbaycanda çoxlu sayda bitkiçilik məhsullarının istehsalını, kənd təsərrüfatının inkişafını və şaxələndirilməsini şərtləndirir.

Ancaq kənd təsərrüfatının bir sıra problemləri var ki, sahənin inkişafına manelər yaradır. Bunlar: xırda təsərrüfatlara bölünmüş, sərhədsiz kiçik torpaq sahələri, köhnəlmiş, yararsız hala düşmüş və bir çox hallarda çatışmayan avadanlıq, primitiv texnologiya, üzvi və mineral gübrələrdən məhdud istifadə, gübrələrin əldə olunmasında yaranan süni problemlər, torpaqların deqradasiyaya məruz qalması, disfunksional irriqasiya sistemləri, kənd təsərrüfatı dəstəyi üçün maliyyələşmə və kredit proqramlarına çıxışın azlığıdır. Hökumət məmurları bu kimi problemləri həll etmək əvəzinə, pay torpağı almış kəndlilərə hədə-qorxu gələrək səmərəsiz fəaliyyətlə məşğul olmağa təhrik edirlər. Məqsəd də odur ki, kəndlilər pay torpaqlarından imtina etsin və nəticədə həmin sahələri məmurlar öz əllərinə keçirsinlər. Hökumət məmurları bu çirkin istəklərini reallaşdırmaq üçün bütün inzibati üsullardan istifadə edəcəklər. Kəndlilər isə mülkiyyətlərində olan torpaqlardan imtina etməməlidir, hakimiyyətdən kənd təsərrüfatında mövcud olan problemlərin həllini tələb etməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button