Hakimiyyət kəndlidən nə istəyir?
Vahid Məhərrəmov, İqtisadçı-ekspert
Çox təəssüflər olsun ki, Azərbaycanda aqrar siyasəti öz merkantil maraqlarını daha üstün tutan korrupsionerlər müəyyən edir və sahəyə rəhbərliyi də onlar həyata keçirir.
Ancaq kənd təsərrüfatının bir sıra problemləri var ki, sahənin inkişafına manelər yaradır. Bunlar: xırda təsərrüfatlara bölünmüş, sərhədsiz kiçik torpaq sahələri, köhnəlmiş, yararsız hala düşmüş və bir çox hallarda çatışmayan avadanlıq, primitiv texnologiya, üzvi və mineral gübrələrdən məhdud istifadə, gübrələrin əldə olunmasında yaranan süni problemlər, torpaqların deqradasiyaya məruz qalması, disfunksional irriqasiya sistemləri, kənd təsərrüfatı dəstəyi üçün maliyyələşmə və kredit proqramlarına çıxışın azlığıdır. Hökumət məmurları bu kimi problemləri həll etmək əvəzinə, pay torpağı almış kəndlilərə hədə-qorxu gələrək səmərəsiz fəaliyyətlə məşğul olmağa təhrik edirlər. Məqsəd də odur ki, kəndlilər pay torpaqlarından imtina etsin və nəticədə həmin sahələri məmurlar öz əllərinə keçirsinlər. Hökumət məmurları bu çirkin istəklərini reallaşdırmaq üçün bütün inzibati üsullardan istifadə edəcəklər. Kəndlilər isə mülkiyyətlərində olan torpaqlardan imtina etməməlidir, hakimiyyətdən kənd təsərrüfatında mövcud olan problemlərin həllini tələb etməlidir.