Haqsızlıq Abdullanı ayağa qaldırdı!

Abdulla Abdullayev: “…Bu qədər haqsızlıq olduğunu bilmirdim”

AMAY Şirkətlər qrupunun prezidenti Abdulla Abdullayevin “Demokratik İslahatlara Vətəndaş Dəstəyi” ictimai təşkilatına sədr seçilməsi müxtəlif rəylərə səbəb olub. Bununla bağlı Abdulla Abdullayevin müsahibəsini diqqətə çatdırırıq.

– Abdulla müəllim, ictimai təşkilata rəhbər olmağınızın səbəbi nədir?

– İctimai fəaliyyətə qoşulmağıma səbəb prokuroluq və məhkəmə orqanlarındakı qanunsuzluqlardır. Rəhbəri olduğum AMAY Şirkətlər qrupuna qarşı son zamanlar başlanan basqılar, şirkətə bağlı bir sıra qurum rəhbərlərinə qarşı əsassız cinayət işləri, ölkə prokurorluğunun mülki işi cinayət işinə çevirməsi, üstəlik məhkəmənin bu əsassız istintaq nəticəsində insanları kurorta göndərirmiş kimi uzunmüddətli cəzaya məhkum etməsi bu fəaliyyətə səbəb oldu. Bu qədər haqsızlıq olduğunu bilmirdim. Təvazökarlıqdan uzaq olsa da mənə, dünyada tanınmış is adamına qarşı bu qədər təzyiqlər varsa, görün sıravi vətəndaşlara hansı miqyasda təzyiqlər olur. Bu məsələ ilə bağlı müxtəlif instansiyalara, o cümlədən ölkə prokurorluğuna müraciətlər olundu, amma bu müraciətlər nəticəsiz qaldı. Əgər prokuroluq bizi dinləməyibsə, deməli, sıravi vətəndaşların haqlarına tamamilə etinasızdır. Bütün bunları nəzər alaraq  ictimai təşkilata rəhbərlik təklifini qəbul etdim. Buna görə də ölkə prokurorluğuna “təşəkkür” edirəm ki, məni yenidən sadə vətəndaşlara, onların dərdlərinə qovuşdurdu.

Bunu da qeyd edək ki, fəaliyyətimiz hər hansı siyasi çalardan uzaqdır. Yeganə və başlıca məqsədimiz qanunların aliliyinə, onların toxunulmazlığına nail olmaqdır. Həm də cəmiyyətdəki neqativləri aradan qaldırmaq üçün ölkə rəhbərliyinə dəstək verməkdir. Hansısa məmurun qanuna qanunun tələbindən yox, öz marağından yanaşması ilk növbədə Azərbaycan adına qurulan dövlətin imicinə zərbədir. Mənsə dövlətçiliyi hər şeydən uca tuturam. Mən iş adamıyam, elə də qalıram. Amma fikir verin, hansısa məmurların basqıları üzündən nə qədər iş adamları özünə qəsd edib, malından-mülkündən olub. Odur ki, biz cəmiyyətin özünə zərbə olan neqativlərə qarşı mübarizə xətti tutmuşuq. Çünki mübarizə aparılmadığı halda bu neqativlər xərçəng kimi bütün cəmiyyətin özünü xilas olunmaz dərdə sala bilər.

– Bu, sizin biznes faəliyyətinizə zərbə vurmayacaqmı?

– Sovet rejimindən xilas olaraq müstqəil və demokratik dövlət qurmaq üçün bu xalqın 60%-i mübarizə aparıb. Amma bu 60% bilmirdi ki, bəzi məmurlar insan haqlarını, vətəndaş ləyaqətini tapdayacaq, bir dəfə verilən insan ömrünə bu qədər laqeyd olacaqlar. Belə məmurlar dövlətin idarə edilməsinin sütunu olan demokratik dəyərlərə qarşı çıxırlar. Onlara qarşı mübarizə olmalıdır və əminəm ki, dövlət rəhbərliyi də bu mövqeyi təqdir edər.

Əlbəttə, bu mübarizə ilə bizə qarşı başlana biləcək təzyiq və basqıları da gözardı etmirik. Amma gözün önündə qanunları pozaraq vətəndaş heysiyyatı ilə oynayan məmurlara səssiz qalmaqdansa, mübarizə apararaq məhrumiyyətlərə düçar olmaq daha ədalətlidir. Bu xalq mübarizə apararaq azad, demokratik yaşamaq istəyirdi. Əgər bu insanlar bəzi məmurların özbaşınalığına məruz qalacaqdısa illər boyu apardığı mübarizənin, bu qədər şəhidliyin, bu qədər itkinin anlamı nə olur?

– Təşkilatın gələcək fəaliyyəti necə qurulacaq və qurumun prioritetləri nə olacaq?

– Öncə bizlərə qarşı prokurorluğun qanunsuzluqları ilə bağlı parlamentə, Ədliyyə Nazirliynə, Ali Məhkəməyə müraciətlər ünvanlayacağıq. Sonrakı mərhələdə müraciət edəcəyimiz ünvanlar səfirliklər, Avropa insan haqları qururmları, BMT və beynəlxalq hüquq-müdafiə təşkilatları olacaq. Biz ölkə prokurorluğunun qanunsuzluqlarına qarşı mübarizədə bu qurumlardan bizə dəstək vermələrini xahiş edəcəyik.

Ölkə daxilində prokurorluq, məhkəmə və digər hüquq-mühafizə qurumlarından təqaüdə çıxmış hüquqşünaslara müraciət edəcəyik ki, qazandıqları təcrübəni hüquqları pozulan vətəndaşların haqlarının müdafiəsinə sərf etsinlər. Haqları tapdanan sadə vətəndaşlara isə bizlərə mənəvi dəstək olmaları və bizimlə həmrəy olmalarını xahiş edəcəyik. Ölkə prezidenti korrupsiyaya, rüşvətə, məmur özbaşınalığına qarşı mübarizəyə xalqın dəstək verməsini istəyib və biz də ictimai təşkilat olaraq həmin dəstəyi verəcəyik. Bəzi məmurları ifşa edərək onların özbaşınalığı barəsində tədbir görülməsi üçün dövlət orqanlarına təkliflər verəcəyik. Lazım gəlsə, belə məmurların istefasına çalışacaq, onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün mübarizə aparacağıq. Çünki belə məmurlar cəzalandırılmasa, cinayət məsuliyyətinə cəlb edilməsə, bütünlükdə millətin gələcək taleyi acınacaqlı olacaq. Bu məsələlərdə əlbəttə dövlət rəhbərliyindən də dəstək istəyəcəyik. Parlamentə isə cəmiyyətin rifahı naminə qəbul etdiyi qanunları hakimiyyət səlahiyyətinə söykənərək öz marağna uyğun tətbiq edən məmurların cəzalandırılması ilə bağlı qanunların işlək hala gətirilməsi üçün müraciət edəcəyik.

Daha bir müraciətimiz vəkillərə olacaq. Belə ki, vəkillər cəmiyyətlə hüququn qorunması arasında vasitədir. Əgər vəkil şərəf və vicdanlıdırsa, cəmiyyətin hüququ qorunar. Bu mənada məmur özbaşınalığına qarşı mübarizə aparan, haqq və hüquqların qorunması üçün çalışan vəkilləri işbirliyinə dəvət edəcyik. Həm də vəkillərin özlərini təzyiqlərdən qorumağa çalışacağıq.

İş adamlarına müraciətimiz də olacaq. Ki, həm iş adamları bizlərlə həmrəylik bildirsinlər, həm də bəzi məmurların özbaşınalığı nəticəsində tapdanmış haqq və hüquqlarının müdafiəsi üçün birgə mübarizə aparsınlar.

Biz ölkə QHT-lərinə müraciət edəcəyik ki, əldə etdikləri təcrübə ilə bağlı bizimlə mübadilələr apasınlar, təşkilatın formalaşmasına dəstəklərini əsirgəməsinlər.

Bu sırada gənclər də yaddan çıxmayıb. Əgər gənclər gələcəkdə haqq və hüquqlarının bəzi məmurların özbaşınalığından qorunmasını istəyirlərsə, belə məmurlara qarşı mübarizədə bizlərlə həmrəy olmalıdırlar.

Media qurumlarına da müraciətlərimiz olacaq və biz mediadan apardığımız mübarizəni ictimailəşdirərək onun mahiyyətini xalqa çatdırmasını istəyəcəyik.

Bir sözlə, qarşıda görüləsi işlər çoxdur.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button