İctimai Palata yarımçıq qurumdur!

İqbal Ağazadə: «30 martda, aksiyadan 2 gün əvvəl İctimai Palatanın rəhbərlərindən biri ilə telefonla danışdım ki, 2 aprel aksiyasını təxirə salın»

 İndi həbsdə olanlar tutulmaya bilərdilər…

 Ümid Partiyasının sədri İqbal Ağazadənin “Qafqazinfo”ya müsahibəsini ixtisarla dərc edirik.

 – Artıq ölkədə siyasi proseslərin yeni aktiv fazaya daxil olduğunu söyləmək olar. Hiss olunur ki, ölkədə yeni siyasi situasiya əmələ gəlməkdədir. Siz necə düşünürsünüz?

– Mən hesab etmirəm ki, ölkədə siyasi canlanma var. Ölkədə beynəlxalq təşkilatların Azərbaycana yönəlik istəklərində israrlılıq var. Mən bunu belə qiymətləndirirəm. Amma vətəndaş aktivliyi və siyasi partiyaların proseslərə məhz beynəlxalq təşkilatların israrlılığı fonundan yanaşması hiss olunur ki, dəyişməyib və bu formadan çıxmayıb. Bu da proseslərin dinamikasının sürətlənməsinə heç bir təsir göstərmir. Dinamika olduğu kimi qalır.

– Baxmayaraq ki, hələ iki il vaxt qalıb, amma hiss olunur ki, siyasi partiyalar, eyni zamanda hakimiyyət, hətta hakimiyyətdaxili qruplar 2013-cü il seçkilərinə hazırlaşır.

– 2013-cü il seçkilərinə hazırlaşmaq olar, amma seçkilərdə iştirak edəcəksənmi? Sual budur. Məncə, Azərbaycan müxalifətinin böyük əksəriyyəti hazırkı dinamikada və bu yanaşmada qalacaqsa, 2013-cü ildə keçiriləcək seçkilərdə iştirak etməyəcək.

– Yəni boykot edəcəklər?

– Bəli, proses bunu göstərir.

– Konkretləşdirək. Məsələn, ölkənin aparıcı siyasi partiyaları var – AXCP, Müsavat, ALP, ADP, KXCP və s.

– Hələlik, bu gün hesab edirəm ki, “Qarabağ” blokundan başqa israrlı şəkildə siyasi vəziyyətin necə olmasından asılı olmayaraq, seçkilərdə iştirak edəcəyi bəlli olan siyasi qüvvə yoxdur.

– Amma bir ay bundan əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbər iddiasını ortaya qoymuşdu.

– İsa Qəmbər 2005-ci ildə parlament seçkilərindən sonra da həmin iddianı qoymuşdu, ta 2008-ci il prezident seçkilərinə iki ay qalmışa qədər. Hətta Müsavatın Məclisi qərar da çıxarmışdı. Amma 2008-ci ilin prezident seçkilərində iştirak etmədi. Əsas arqument də bu oldu ki, siyasi vəziyyət və mövcud qanunvericilik demokratik seçki keçirməyə imkan vermir. 2008-ci ildə də həmin mövqeyini bildirmişdi ki, nə qədər bu hakimiyyət var, siyasi vəziyyət və siyasi şərait, o cümlədən qanunlar indikindən heç nə ilə fərqli olmayacaq. İndi də müxalifət siyasi proseslərə baxışlarını köklü şəkildə dəyişməsə, seçkilərdə iştirak edə bilməyəcək.

– Konkret nə edilməlidir?

– Müxalifətin iki yolu var. Ya toparlanıb birlik modeli ilə mükəmməl şəkildə ortaya qoyub, vəzifə bölgüsü həyata keçirərək bugünkü vaxtda, 2011-ci ilin sonlarında vahid komandanı müəyyən etmək, baş naziri, prezidenti, Milli Məclisin sədrini, Administrasiya rəhbərini, hətta icra hakimiyyətinin başçılarını belə müəyyən edərək seçkiyə hazırlaşmalıdır, xalqı da bu istiqamətdə toparlamalıdır. Bu ağır və çətin modeldir. İkinci model – Azərbaycan müxalifəti beynəlxalq təşkilatlarla elə işbirliyi ortaya qoymalıdır ki, hakimiyyət üzərinə çox getmədən və hakimiyyəti dəyişmək iddiası yox, məhz islahatlar paketini təqdim edərək 2013-cü il və 2015-ci il seçkilərini düşünmədən, bəlkə 2018-ci il seçkilərini də düşünmədən beynəlxalq təşkilatlara sadəcə “biz bu hakimiyyətin qalmasını istəyirik, amma islahatlara getsin” deyib hakimiyyətə bu mesajı verərək hakimiyyəti arxayınlaşdırıb, onu islahatlara məcbur etmək. İkinci variant bizim üçün, Ümid Partiyası üçün məqbul variant deyil, biz bunu qəbul etmirik. Birinci variant hesab edirəm ki, ən uğurlu variant ola bilər.

– Beynəlxalq təşkilatlar da Azərbaycan müxalifətinə dəstək vermək istəyir və onların bircə tövsiyəsi var ki, burada aparıcı müxalifət birləşməlidir. Niyə birləşə bilmirsiniz?

– Birləşə bilməməyin şərtləri çoxdur.

– İddialar qoymur?

– Xeyr, iddialar deyil. İddialar yaxşı şeydir, iddiasızın siyasətdə nə işi var? Düşüncə məsələsi, fikir və ağıl məsələsi.

– Yəni modern düşüncə?

– Xeyr, gəlin onu da qoyaq bir kənara, nəticə eynidir – hakimiyyətə gəlmək. Burada daha çox ağlın gücü, ağıl üstünlük təşkil edir; qurucu ağılmı, dağıdıcı ağılmı? Azərbaycan müxalifətinin böyük əksəriyyətində çox təəssüf ki, qurucu ağıl yoxdur. Olmaq barədə də düşünmürlər, çoxu qurmaq barədə düşünmür. İstənilən birlik modelində ilk növbədə ağıllarına gələn “ekstrimal vəziyyətdə dağılarıqsa nə edəcəyik? Partiyamız bundan nə götürəcək?” sualıdır. Birləşib nə edəcəyindən əvvəl dağılanda nəyi qazanacağını düşünür. Bu da tarixdən gələn bir şeydir. Yaxşı onsuz da yaxşıdır, gəlin pisi fikirləşək.

– Beynəlxalq təşkilatlar belə bir arzudadır, yəni siz birləşin, biz də dəstək verək. Siz də deyirsiz ki, buna ağıl imkan vermir. Bəlkə məsələyə başqa tərəfdən yanaşasınız. Bəlkə burada qısqanclıq, qəbul etməmək elementi var? Tutaq ki, İsa Qəmbər öz nüfuzunu İqbal Ağazadə ilə bərabər bölmək istəmir və ya əksinə…

– Heç mənlə bölməsin. Bölməyib əldə edə biləcəyi bir şey varmı? Bölməyib 18 ildə qazanacağı nə isə varmı? Bayaq da qeyd etdim, ilk növbədə ağlın dağıdıcılıq elementinə söykənirlər, mənlə gəlmir, mənlə bölmür. Digər partiyalarla da kimsə bölmür, mən də kimləsə bölmürəm. Qazandığım nədir? Ondan başqa əldə etdiyim bir şey varmı ki, mən əldə etmədiyim bir şeyin bölünməsinə çalışım? Ola bilər ki, bir mərhələdə düşündüyündən az əldə edəsən, amma əldə edib də cəmiyyətə xeyir verərsən. Siyasi təşkilatların qarşısında iki missiya var; birincisi, cəmiyyətin maraqlarını; ikincisi, rəhbərlik etdiyin qrupun və özünün maraqlarını təmin etmək. Nə cəmiyyət bir şey götürə bilmir, nə də rəhbərlik etdiyin qrup, özün bir şey götürə bilmirsən. İndi papağını qoy qabağına fikirləş, nə etməliyik ki, heç olmasa zərrə qədər də olsa qazanc verə. Ola bilsin ki, düşündüyün qədər verməsin, amma bir qədər verməyə nə sözün? Bunun üçün bölmək bu qədərmi çətindir?! Heç kim heç nəyi bölməsin. Qazancınızı qoyun ortalığa, cəmiyyətin qazancını qoyun ortalığa. 2 aprel aksiyasının iştirakçılarına hökm oxundu. Təəssüf edirəm. Mən 2 aprel aksiyasnda həbs olunanların hüquqlarının müdafiəsi üçün həm parlament kürsüsündə, həm də mətbuatda mütəmadi olaraq mövqeyimi bildirmişəm. Bu insanların həbsinə çox təəssüf edirəm. Sona qədər də onların həbsdən azad olunması üçün çalışacam. Amma “bu, hakimiyyətin qara ləkəsidir”, “hakimiyyət özünü ifşa etdi”, “bu, onun sonunu sürətləndirdi” kimi bəyanatlar hesab edirəm ki…

– Söhbət İsa Qəmbərin bəyanatlarından gedir…

– Tək İsa Qəmbərin yox, İctimai Palatanın özünün rəhbərliyində olanların. Axı bu, 2003-cü ildə, 2000-ci ilin 18 noyabr mitinqlərində, 1998-ci ildə, 1995-ci ildə, 1993-cü ildə olub. Hər dəfə eyni bəyanatlar və nəticə fərqlidir. Deməli, bir az da biz fərqli baxmalıyıq. Yeri gəlmişkən, niyə baxmadığımızı ilk dəfə mətbuat üçün deyirəm. 30 martda, aksiyadan 2 gün əvvəl, İctimai Palatanın Koordinasiya Şurasının rəhbərlərindən biri ilə telefonla danışdım ki, 2 aprel aksiyasını təxirə salın, vaxtından əvvəl olmuş hadisədir, siyasi təşkilatlar bütövlükdə dəstək vermir və bir İctimai Palata çərçivəsində bunun etkisi çox az olacaq, siyasi partiyaların hamısı bir yerə yığışsın və bu prosesi həyata keçirsin. Yəni tələsmək lazım deyil, mitinq, heç də hər şeyi həll etmir. Etmədilər, niyə etmədilər, bu artıq onların problemidir. Məsuliyyəti öz üzərinə götürən qurum var, İctimai Plata 2 aprel aksiyasının məsuliyyətini öz üzərinə götürmüşdü. Addım atdı və nəticə budur. İndi biz nə üçün çalışacağıq? Haqları pozulmuş insanların hüquqlarının bərpası uğrunda.

– Bir neçə il də buna sərf olunacaq.

– Ən azı beynəlxalq təşkilatlarda və əsas yerlərdə verəcəyimiz mesajların başı bu olacaq. Bir gün də onları buraxacaqlar, bir gün də beynəlxalq təşkilatlara təşəkkür edəcəklər Azərbaycan hakimiyyətinə.

– Maraqlı bir nəticəyə gəldik. Deməli, proseslərin sonu hakimiyyətə təşəkkürlə bitəcək.

– Hakimiyyət növbəti təşəkkürünü istəyir. İllər uzunu belə olub. Halbuki həmin adamlar tutulmaya da bilərdi.

– Amma maraqlı fikirlər də səslənir. Bəlkə də xırdalığa gedirik, bəlkə də bizim söhbətimizə aid olmayan məsələdir. Amma mediada Arif Hacılının həbsinin müxtəlif cür yozumlarını verdilər ki, məsələn, həbsdən çıxıb Müsavat Başqanı olacaq…

– Bu ölkənin problemi Müsavat Başqanının kim olacağı deyil. Heç Yeni Azərbaycan Partiyasının da başqaının kim olacağı deyil. Bu ölkənin siyasi problemləri var və vətəndaş bu problemlər üçün çalışır. Ona görə də hansı partiyanın içində hansı problem gedirsə getsin.

– Siz özünüz 2013-cü ildə seçkidə hansı şəkildə təmsil olunacaqsınız?

– 2013-cü ilin çabaları gedir. Biz iki şeyi müəyyənləşdirməliyik. Partiya daxilində də, “Qarabağ” blokunda da bunun müzakirələri aparılır. Biz 2013-cü il seçkilərində hakimiyyəti dəyişmək üçünmü hazırlaşırıq, yoxsa seçkinin nəticələrindən doğan beynəlxalq təşkilatların reaksiya və bəyanatları ilə əhatə olunacaq bir seçkiyə gedirik? Biz çox düşünürük ki, prosesi hakimiyyəti dəyişmək üçün aparaq, buna görə də biz bunun üçün müxalifətin birliyi modelinə daha çox üstünlük veririk. İctimai Palata yarananda bizə şərtlər qoyulmağına baxmayaraq, hətta bu şərtlər daxilində İP-də təmsil oluna bilərik. Mətbuat üçün bunu da deyim bilsinlər ki, niyə biz İctimai Palataya qoşulmuruq. İP konkret olaraq hesab edir ki, İP deputatlığa namizəd olmuş və hüquqları pozulmuş şəxslərin birliyidir. Bəs onda mitinqlərdə nə işləri var? Özləri də bilir ki, bunun nəticəsini heç Avropa Məhkəməsi də dəyişə bilmir. Absurd bir şey qoyurlar ortaya. Deyirlər ki, İqbal Ağazadə İP-ə ona görə gələ bilməz ki, onun hüquqları deputat olaraq tapdalanmayıb. İqbal Ağazadə fərd deyil, İqbal Ağazadə partiya rəhbəridir. Partiyanın hüquqlarının tapdalanması ilə bağlı kifayət qədər mövqelər var. Bu, birlik istəməməkdən irəli gəlir. Biz müxalifətin birliyinin tərəfdarıyıq, istər İctimai Palatanın tərkibində olsun, istər İctimai Reanimasiya tərkibində, fərq etməz. Adını nə qoymağından asılı olmayaraq, birlik modeli ən azından cəmiyyətə yeni stimul verir. Yoxsa istəyimiz məhz İctimai Palatanın üzvü olmaq, onun tərkibində fəaliyyət göstərmək deyil. İctimai Palata yarımçıq qurumdur. Orada əslində iki partiya mübarizə aparır. Koordinasiya Şurasında kimin daha çox nümayəndəsi təmsil olunacaq və s.

– Bu qədər cılızdırlar yəni?

– Çox, çox həddindən artıq. Bəlkə də cəmiyyət bunu bu şəkildə fərqində deyil, amma bunu biz də bilirik ki, Koordinasiya Şurasının çərçivəsində kimin daha çox nümayəndəsi təmsil olunacaq, kimə yaxın adamlar olacaq, hansı qərarlar veriləcək və s. Prinsiplər başqa şeydir, amma bir blok çərçivəsində bir-biri ilə mübarizə aparmaq, heç də normal bir şey deyil. Çox təəssüf ki, İP hakimiyyətlə mübarizə aparmaqla yanaşı, həm də içəridə AXCP-Müsavat rəqabəti var. Bu gün iddia edirlər ki, bu, ictimai hərəkatdır. Lakin beynəlxalq təşkilatlarla görüşdə Əli Kərimli də, İsa Qəmbər də çox açıq deyir ki, bu, iki partiyanın yaratdığı AXCP və Müsavatın birliyidir.

– Məsələ bu şəkildədirsə, onda onlar nə istəyir?

– İstəkləri hakimiyyətin addımlarının durdurulmasıdırsa, o birlik modeli ilə və o cür yanaşma ilə bu, mümkün deyil.

– Daha çox zərbə vurmaqla…

– Deməzdim zərbə vurmaqla, amma sadəcə hərə öz yolu ilə gedir, paralel olaraq iqtidar öz xətti ilə, İctimai Palata öz xətti ilə, biz – “Qarabağ” bloku öz xəttimiz ilə… Biz belə şəraitdə iqtidarın yolunu kəsə biləcək gücdə deyilik. Amma bunlar hamısı bir yerdə olsa, iqtidarın bu addımlarını durdurmaq olar.

– Belə başa düşülür ki, bir yerdə də olmaq mümkün deyil.

– Yox, elə deyil. Bir yerdə olmaq üçün hər cür şərait və münasibət var.

– Situasiya elədir ki…

– Suda batan adamın üzə çıxmasının bir şərti var, dənizdə də ona görə batırlar ki, ayaq yerə çatmır. Ayaqları yerə çatanda biləcəklər ki, boğulurdular. Hələ hesab edirlər ki, öz gücləri ilə bu prosesi durdura bilərlər. Bu mümkün deyil, bunu bu gün də anlamalıdırlar, sabah da. Bu proses cəmiyyətin daha geniş spektrini, fərqi yoxdur xoşun gəlir, ya gəlmir, fərqi yoxdur sən onu qəbul edirsən, ya etmirsən, onların heç bir mənası olmadan bu model yaranmalıdır. Camaat siyasi proseslərə o qədər etinasızlaşıb, o qədər laqeyddir ki, bunu yalnız üst elitanın bir sırada dayanması hərəkətə gətirə bilər. Buna da görünür ki, Azərbaycan müxalifəti hazır deyil.

– Siz 2013-cü ildə namizəd olacaqsız?

– Mütləq. Ölməsəm, qalsam, olacam.

– Hansı birlkdə?

– “Qarabağ” blokunda. Bu gün “Qarabağ” blokunda.Sabahsituasiya necə olacaq, onu deyə bilmərəm.

– Belə çıxır ki, 2013-cü ildə Azərbaycan müxalifətinin vahid namizədlə çıxış etməsi mümkün deyil.

– Mümkündür, niyə mümkün deyil? Onun üçün də çalışırıq.

– Belə çıxdı ki, baş tutmaycaq.

– Baş tutmayacaq, ayrı şeydir. Mən dedim ki, bugünkü yanaşma çərçivəsində baş tutmayacaq. Amma hamımız bir yerdə çaba ortaya qoysaq, baş tutar. Burada böyük bir şey yoxdur. 5-6 adam bir yerdə razılığa gəlməlidir.

– Tutalım ki, 5-6 adam yığıldı və Lalə Şövkəti vahid namizəd seçdi. Dəstəkləyəcəksiniz?

– Əgər, ümumi müxalifət bir strategiya müəyyənləşdirsə ki, bu seçkilərdə müxalifət vahid namizədlə çıxış etməldir, orada biz iştirak edəcəyik, istənilən ümumi razılığın nəticəsində qəbul olunan qərarı yerinə yetirəcəyik.

– Vahid namizəd siz olmasanız belə?

– Əlbəttə, əgər ümumi razılıqda quş bizim başımıza qonmadısa, o demək deyil ki, cığallıq etməliyik.

– Quş kimin başına qonsa, odur?

– Gərək əvvəlcə baxasan ki, kimlərdir ortada olan, onlar bir arada olsun və onu müəyyənləşdirsinlər.

– Və quşu bundan sonra buraxmaq olar?

– Bəli.

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button