İctimai Palatanın BƏYANATI

2011 Dekabr 03

“CONTACT”

Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi durumu müzakirə edərək, İctimai Palata aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

– fəaliyyətə başladığı gündən konstruktiv siyasi mübarizə yolu seçən İctimai Palata bu müddətdə bütün səylərini Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunun aliliyinin, konstitusion hüquq və azadlıqların, vətəndaşların şəxsi və mülkiyyət təhlükəsizliyinin bərpasına yönəltmiş və bu məqsədlərə nail olmağın əsas istiqaməti olaraq, ölkədə geniş dialoq aparılmasının zəruriliyini önə çəkmişdir;

– mart-aprel aylarında keçirilmiş dinc etiraz aksiyalarında vətəndaşların siyasi hakimiyyət tərəfindən saxta ittihamlarla həbs edilməsinə baxmayaraq, İctimai Palata yenə də dialoq təklifindən geri çəkilməmiş və hətta əsassız həbs olunanlar haqqında saxta istintaq və məhkəmə prosesləri həyata keçirildikdə belə, İctimai Palata ölkədə siyasi sabitliyin əsasını təşkil edə biləcək “Yol xəritəsi”ni hazırlamış, geniş müzakirələrdən sonra, 2011-ci ilin avqust ayının 27-də bu mühüm sənədi qəbul edərək onu ölkə vətəndaşlarının, iqtidarının və beynəlxalq aləmin müzakirəsinə təklif etmişdir. Ölkədə həyata keçirilməsinə kəskin ehtiyac duyulan hüquqi, iqtisadi və siyasi islahatların reallaşması üçün hər iki tərəfdən atılması zəruri olan addımlar bu sənəddə öz əksini tapmışdır;

– lakin bu sənədin qəbulundan və müzakirəyə təqdim olunmasından 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, təəssüf ki, İlham Əliyev hakimiyyəti nəinki dialoq təklifinə münasibət bildirməmiş, hətta öz destruktiv davranışını bir qədər də genişləndirərək, saxta ittihamlarla həbs olunmuş İctimai Palata üzvləri haqqında saxta, qərəzli və ədalətsiz məhkəmə qərarları çıxarmışdır. Eyni zamanda, həmin müddət ərzində korrupsiyanın, rüşvətxorluğun və dövlət büdcəsindən mənimsəmələrin həcmi bir qədər də artmış, hakimiyyət rəsmilərinin özbaşınalığı bütün səviyyələrdə daha da genişlənmiş, ölkə vətəndaşlarının sosial-iqtisadi durumu daha da pisləşmiş, ölkənin xarici siyasətindəki ziddiyyətlər dərinləşmiş, ölkədə idarəçilik sistemi demək olar ki, iflasa uğramışdır;

– bu günlərdə tanınmış yazıçı və publisist Rafiq Tağı qətlə yetirilmişdir. O, bir neçə bıçaq zərbəsi alandan sonra 4 gün xəstəxanada qalmış, həkimlərin rəyinə görə vəziyyətinin yaxşılığa doğru dəyişdiyi bir vaxtda qəflətən vəfat etmişdir. İndiyə kimi Rafiq Tağının qatilinin tapılması istiqamətində demək olar ki, heç bir nəticə əldə edilməmiş, xəstəxanada onun vəziyyətinin qəflətən pisləşməsinin səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat verilməmişdir. Təkcə bu fakt ölkədə guya sabitlik yaradılması, kriminogen durumun tam nəzarətə götürülməsi ilə bağlı yüksək səviyyələrdə verilən çoxsaylı bəyanatları təkzib edir, üstəlik ölkənin səhiyyənin necə acınacaqlı vəziyyətdə olmasını sübut edir;

– başda İlham Əliyev olmaqla bütün dövlət rəsmiləri ölkənin iqtisadi inkişafından ağızdolusu danışırlar. Əslində isə aparılan yarıtmaz iqtisadi siyasət nəticəsində əhalinin sosial-iqtisadi durumu durmadan pisləşir, bütün sahələrdə gündən-günə tüğyan edən bahalaşma insanların həyat səviyyəsini daha da aşağı salır. Bu günlərdə Tarif Şurasının metroda gediş haqqının qaldırılması ilə bağlı qərarı da əhali, xüsuslə onun aztəminatlı hissəsi arasında ciddi təşviş doğurmuşdur. Bundan əlavə hökumət əhalinin sovet hakimiyyəti dövründən qalan əmanətlərinin qaytarılması istiqamətində də heç bir konkret iş görmür. Bu məsələ yalnız seçki ərəfələrində gündəmə gətirilir və seçkilərdən dərhal sonra da yaddan çıxarılır. Bu gün postsovet məkanında “analoqu olmayan inkişaf yolunda olan Azərbaycan”dan fərqli olaraq əksər keçmiş respublikalarda vətəndaşların bu əmanətləri çoxdan qaytarılıb;

– səriştəsiz idarəçilik hətta gündəlik adi situasiyalarda da qlobal problemə çevrilir. Bu yaxınlarda hava şəraitinin pisləşməsi nəticəsində ölkənin müxtəlif regionlarına və paytaxt Bakı şəhərinə yağan qardan sonra həyatın demək olar ki, bütün sahələrinin bir anın içində iflic olması dediyimizə sübutdur. Nəinki bölgələrlə, dağ rayonları ilə, ucqar kəndlərlə əlaqələr qırılmış, işıq, qaz, su təchizatında ciddi problemlər yaranmışdır, eləcə də Bakı şəhərinin mərkəzində də (baxmayaraq ki, Bakıya vur-tut beş-on sm qar yağmışdı) həyat qəflətən donmuşdur. Şəhərin ayrı-ayrı yerlərində yaranmış və on saata qədər davam edən avtomobil tıxacları, digər sahələrdə üzə çıxan çoxsaylı problemlər bir daha sübut etdi ki, bu iqtidarın inkişaf, tərəqqi, müasir idarəçilik barədə söylədikləri boş nağıldan başqa bir şey deyil;

– belə vəziyyət bir daha açıq şəkildə nümayiş etdirir ki, hakimiyyətin islahatlar aparmaq üçün siyasi iradəsi çatışmır, bu iqtidar siyasi opponentlərinə münasibətdə yalnız zorakılığa üstünlük verir, vətəndaşların və ölkənin sərvətlərini talamaqda davam edir.

İctimai Palata bütün yuxarıda deyilənləri nəzərə alaraq bir daha bəyan edir ki, Azərbaycan hakimiyyəti ölkədə ciddi siyasi və iqtisadi islahatlar aparılması üçün konkret əməli fəaliyyətə keçməlidir. Ona görə də biz hakimiyyətin

– İctimai Palatanın “Yol xəritəsi”ndə irəli sürdüyü islahatlar və dialoq təkliflərinə münasibət bildirməsini;

– İctimai Palatanın siyasi motivlərlə və saxta ittihamlarla mühakimə edilərək həbs edilmiş və “Amnesty İnternational” tərəfindən vicdan məhbusu elan edilmiş üzvləri və digər fəallarının qeyd-şərtsiz azad olunmasını;

– hakimiyyət tərəfindən həyata keçirilən təqib və təzyiqlərə, vətəndaşların mülkiyyətinin talanmasına son qoyulmasını;

– azad fikirli ziyalılara qarşı son zamanlar hakimiyyətin yüksək dairələrində planlaşdırılaraq həyata keçirilən, ölkədə milli birliyə böyük zərbə olan təzyiqlərə və anti-təbliğata son qoyulmasını;

– vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsini zəruri hesab edirik.

Biz habelə bəyan edirik ki, ölkədə real siyasi-iqtisadi islahatlar başlamasa, gün-gündən ağırlaşan ictimai-siyasi və sosial-iqtisadi durum səbəbindən istənilən anda cəmiyyətdə baş verə biləcək sosial kataklizmlər və vətəndaş qarşıdurmalarına görə bütün məsuliyyət İlham Əliyevin və onun siyasi komandasının üzərinə düşəcək.

İctimai Palata belə hesab edir ki, ölkədə yaranmış bu acınacaqlı vəziyyət Azərbaycanı dibi görünməyən uçuruma yuvarlayır. Odur ki, indiki mərhələdə İctimai Palata, ölkənin bütün ictimai-siyasi kəsimləri, ziyalılar, bütövlükdə cəmiyyət bu məsələlər barəsində ciddi düşünməli və köklü siyasi-iqtisadi dəyişikliklər həyata keçirilməsi istiqamətində fəaliyyət göstərməlidirlər.

Sessiya habelə İctimai Palatanın Koordinasiya Şurasına həvalə edir ki, qurumun 2012-ci il üçün hazırlanacaq fəaliyyət planında bu bəyanatda səslənən təklifləri hərtərəfli nəzərə alsın.

03 dekabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button