İlham Əliyevdən “iqtisadi inqilab” sayıla bilən qərarlar

İlham Əliyevdən “iqtisadi inqilab” sayıla bilən qərarlar

Sahibkarların yoxlanmasını 2 illiyə dayandırılır; prezident həmçinin lisenziyaların sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsi haqda fərman imzaladı

 
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.
Prezidentin rəsmi saytının məlumatına görə,verilən tapşırıqlara uyğun olaraq, 2015-ci oktyabrın 19-da prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib.  Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Sənəd artıq parlamentə daxil olub. Milli Məclisdən APA-ya verilən məlumata görə, “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək IV çağırışdakı son iclasında müzakirəyə çıxarılacaq. “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” adlı qanun layihəsi 4 maddədən ibarətdir.
Layihədə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.
Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Eyni zamanda prezident İlham Əliyev lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsini nəzərdə tutan fərman imzalayıb.
Fərmanla sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Xüsusi razılıq (lisenziya) verilməsinin aşağıdakı qaydalara uyğun həyata keçirilməsi təmin ediləcək:
Sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması;
Müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab edilməsi;
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi.
İqtisadiyyat və Sənaye Nazirliyi aşağıdakı məsələlərə dair təkliflərini 1 ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir:
Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi;
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi;
Bu fərmanın müddəaları nəzərə alınmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi.
Nazirlik həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirməlidir.
Fərmana əsasən, prezidentin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli fərmanında aşağıdakı dəyişikliklər edilib:
5.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 5.18-ci bənd əlavə edilib:
“5.18. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi.”;
6-cı hissədə isə “Nəqliyyat Nazirliyinə,” sözlərindən sonra “İqtisadiyyat və Sənaye Nazirliyinə,” sözləri əlavə edilib.
Milli Məclisə təqdim edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilib.
**
Ekspertlər prezidentin parlamentə təqdim etdiyi qanun layihəsini və lisenziyaların “ASAN Xidmət” mərkəzlərində verilməsini nəzərdə tutan fərman imzalamasını “iqtisadi inqilab” kimi dəyərləndirirlər. Məsələ ondadır ki, uzun illər ərzində sahibkarlıq subyektlərində lüzumsuz yoxlamalar və bu bəhanə ilə sahibkarlara “haqq” qoyulması iş adamlarının “belini qırmışdı”. Monopoliya, lazımsız yoxlamalar və lisenziyaların çoxluğu, onların alınması zamanı yaradılan bürokratik əngəllər üzündən Azərbaycanda orta və kiçik sahibkarlıq inkişaf edə bilmirdi. Ölkə başçısının məlum fərman və qanun layihəsinin iş adamlarının dirçəlməsinə, Azərbaycan iqtisadiyyatının inkişafına mühüm təsir göstərəcəyi şəksizdir.
Sahibkarlar bildirir ki, yoxlamaların dayandırılması və lisenziyaların “ASAN xidmət”də verilməsi inhisarçıların orta və kiçik sahibkarlara təzyiq göstərmək, sahibkarlıq fəaliyyəti ilə dolayısı ilə məşğul olmalarına əngəllər törətmələrinin qarşısını ala biləcək.
 
“Dünyada neftin qiymətinin azı 5 il ərzində bahalaşmayacağı, qlobal böhranın uzun sürəcəyi bəlli olduğu bir vaxtda prezidentin atdığı addımlar Azərbaycan iqtisadiyyatının, belə demək mümkünsə, xilasıdır. Çünki qarşıdakı illərdə ölkə iqtisadiyyatı əsasən sahibkarların, aqrar sahənin, turizmin inkişafının, vergilərin, ixracatın artması hesabına güclənə biləcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button