İlham Əliyev: Ermənistan satellit ölkədir

“Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir”.

Martın 19-da Bakıda keçirilən Novruz Bayramı şənliklərində çıxış edən prezident İlham Əliyev belə deyib.

Prezident Azərbaycanda xalq-iqtidar vəhdətinin mövcud olduğunu, bu vəhdətin sabitliyin əsas təminatçısı olduğunu bildirib.

“Bu gün Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan bir ölkədir və bizim təşəbbüslərimiz regional əməkdaşlığa təkan verir”, deyən ölkə başçısı Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən, Azərbaycanın iştirakçısı olduğu iri layihələrdən bəhs edib. Prezident bu tədbirlərin, layihələrin Azərbaycanın repotasiyasının göstəricisi olduğunu ifadə edib.

Beynəlxalq təşkilatlarla, Avropa İttifaqı ilə fəal əməkdaşlıqdan danışan prezident qonşu Ermənistanın durumu ilə paralellər aparıb.

“Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, – halbuki, hesab edirəm, bu, əsas amildir, – eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur. Siyasi baxımdan bu ölkə müstəqil deyil, bu, satellit ölkədir. Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər”.

İ.Əliyev vurğulayıb ki, Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur.

“Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcəkdir. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir”, deyən İ.Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir.

“İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Tarixi kitablarda göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyəti, daha doğrusu 80 faizi azərbaycanlılar olub. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq”.

İ.Əliyev iqtisadi göstəricilərdən də bəhs edib. O, Azərbaycanin bayramı gözəl iqtisadi nəticələrlə qarşıladığını ifadə edib. Prezidentin deməsinə görə, son iki ayda ümumi daxili məhsul 1,3, qeyri-neft sektoru 2,3, sənaye istehsalı 1,4, kənd təsərrüfatı məhsullarının istehsalı 4, əhalinin gəlirləri isə 10,2 faiz artıb.

“İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artmışdır və hazırda 44 milyard dollara bərabərdir. Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir”, deyən prezident indiki dövrdə nadir ölkələrdə maaşların artdığını bildirib. O, bu günlərdə maaşların, müavinətlərin, pensiyaların artırılmasını yada salıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button