İnam Evində Asif Ataya həsr olunmuş əsərin təqdimatı olub

Tanınmış rəssam Fəxrəddin Əli İnam Evinin qonağı olub. O, İnam Ataya həsr etdiyi əsərini Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruha təqdim edib. Bu barədə Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.

Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı qonağı salamlayaraq deyib: «Bu gün tanınmış rəssam Fəxrəddin Əli İnam Evinin qonağıdır. O, İnam Evinə gözəl bir hədiyyə ilə – İnam Atanın portretiylə gəlib. Ata haqqında əsər yaratmaq ləyaqətli işdir. Bu yöndə iş görənlər Ata Yolunun gərəkliyini anlayanlardır. Atanın obrazı rəssamlıqda indiyə kimi bir neçə dəfə işlənib. Bu yöndə Vaqif Ucatay, keçmiş Ocaqçımız Uluruh da əsər yaratmışdı».

Ocaq Yükümlüsü qeyd edib ki, artıq Atanı, onun Yolunu sənətin müxtəlif sahələrində ifadə etmək ənənəsi yaranır. Gələcəkdə Mütləqə İnam Ruhaniyyatının sənətdə ifadəsi məsələsinə daha böyük, qarşısıalınmaz bir maraq yaranacaq.

Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh Fəxrəddin Əlinin əməyini böyük ləyaqət kimi qəbul edib: “Bu əsərdə Atanın qətiyyəti, döyüşkənliyi, özünə inamı yaxşı ifadə olunub. Atanın görünüşü onun rəqib tanımadığını, ruhani qalib olduğunu gözəl ifadə edir. Gələcəkdə də rəssamlar Atanın müxtəlif obrazlarını yaradacaqlar. Bu əsəri Ataya həsr olunmuş ciddi əsər kimi qəbul edirik. Belə işlərin hamısı insanilik işinə xidmət edəndə hər mənada bəraətlənir. İndi insanlıqda ciddiyyətsizlik yaranıb. Ciddiyyətsizlik bu gün sənətlə sənətkarın arasına da girib. Sənətkar xidmət etdiyi auditoriyanı yaxşı tanımaq, ona enerji sərf etmək istəmir.

O şey ki Atanın adıyla, nəfəsiylə yaranmaqdadır, orada həmin halla bağlı Atanın ölməz gedişi var. Ata deyir, insan insanlığa qayıtsın. Bu, geriyə qayıtma deyil. İnsan həmişə irəliyə doğru – özünün mahiyyətinə, ali mənasına, bütövlüyünə doğru gedir. İnsan bir-birindən ayrılmamalı, birinin dərdi başqasınınkı olmalıdır. Ata deyir «İnsanlaşın, İnsanlaşdırın!» Ali insanlıq insanlar tərəfindən sevilməli və yaşadılmalıdır. Ona görə də Atanın gəlişi, təsdiqi tələb edir ki, insanlar sürətə bac verməsinlər. Biz deyirik ki, Türkün özünün İnamı olmalıdır. Bu xalq özünü Mütləqə İnamın dərinliyi, ucalığı səviyyəsində dərk etməlidir. Onda Türk xalqının gücü hədsiz artacaq. Hələ ki, Türk xalqının gücü yatıb».

Fəxrəddin Əli İnam Evində olmaqdan qürur duyduğunu bildirib: «Ata haqqında əsər yaratmaq çoxdankı arzum idi. Qoy bu ənənə başqa rəssamlarımız, müxtəlif sənət adamlarımız arasında ciddi, qaçılmaz bir mövzuyva çevrilsin. Ata qədimlərdən, ucalardan gəlir. Atanı Ocaq geyimində təsvir etmişəm. Atanın özü ilə, Ocağıyla, İnam Evi ilə fəxr edirəm. Ata ilə çox ünsiyyətim olmayıb, ancaq həmişə söhbətlərinə böyük bir sevgi ilə qulaq asmışam, millətimizin böyüklüyünü onun əsərlərindən duymuşam, dərk etmişəm. Bu gün Safruhun, İşıqlı Atalının, Yolruh Atalının gördüyü işlər Azərbaycan ictimai fikrində, mühitində ciddi obraz, təəssürat kimi yaranmaqdadır. İnam Evindən aldığım fərəhi ömrümün sonuna kimi yaşadacacağam. Qoy Ocağın təmənnasızlığı, fədakarlığı millətimiz üçün ölçü olsun. İnam Evi əbədi İnam sorağı ünvanımız olsun. Atanın xoşbəxtliyi ondadır ki, sizin kimi ardıcıllarını yetirə bilib».

Yolruh Atalı Fəxrəddin Əlinin əsərini yüksək dəyərləndirib: «Bu, Fəxrəddin müəllimin Ataya, onun Yoluna böyük sevgisinin sübutudur».

Sonra Fəxrəddin Əli Ataya həsr etdiyi əsəri Ocağın Ruhani Başçısı Safruha təqdim edib.

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button