İnsan, sən kimsən?! – I hissə

Eldar İsmayıl

Eldar İsmayılın yeni poeması insanlığın əsas probleminin – «Sən kimsən, İnsan» sualının araşdırılması və sorğulanması üzərində yoğunlaşıb. Eldar İsmayıl insanın insanın qurdu olmasını, «dünyanın əşrəfi» olmalı ikən dünyanın cəlladı olmasını gözlər önünə sərir, insanın dünyanı düzəltməli ikən dünyanı dağıtmasını, bütün gözəllikləri bu dünyaya gətirməli ikən bütün vəhşiliklərdə dünyanın bütün məxluqlarını ötüb keçməsini anlaya bilmir. Bunun üçün tarixə, şahların, xanların ömrünə müraciət edir şair, ancaq dünyasını dəyişən və yaşadığı zamanlarda insanlara əzab verən bir xanın övladlarına etdiyi ibrətamiz vəsiyyəti diqqətə çatdıranda sarsıldığı hiss olunur. Eldar İsmayıl həm də ölkədə baş verənlərdən narahatdır. Bu narahatçılıq bir qırmızı xətt kimi, «İnsan, Sən kimsən?» harayı ilə müşayiət olunur…
«Xural» Oxucularının poemanı sevəcəklərinə və məmnuniyyətlə oxuyacaqlarına inanırıq. Çünki orada həm də Azərbaycan gerçəkliyi var. Biz hamımız o gerçəkliyin sərt nidaları altında ömür sürür, yaşamağa çalışırıq…

I hissə

Bəşərin nicatı insanlaşmaqdadır.
İnsanlaşın, insanlaşdırın…

Asif ATA, Böyük Azərbaycan filosofu

Şükür olsun ki, siz varsınız, insanlığı qoruyub saxlayan ey müdrik insanlar! Əks halda məxluq səviyyəsində olub, insanlaşa bilməyən adamlar qısa zamanda dünyanı didib, parçalayıb udardılar…

İnsanlar,
İnsanlar,
siz ey insanlar…

Öyünmək istərdim
qüdrətinizlə,
Dünya gül açsaydı
hikmətinizlə!

Mən insanam…
Yer üzünün əşrəfiyəm.
Mən insanam…
Varlıqların şərəfiyəm!
Yer üzünün naz-neməti,
Var-dövləti, hər sərvəti
İnsan üçün yaranmışdır!
Mən insanam…
Öz düşüncəm, öz duyğumla,
Fikrim, eşqim, xəyalımla,
Öz arzumla, niyyətimlə
Uca mənsəb sahibiyəm!
Öz dilimlə, biliyimlə,
Təfəkkürüm, hikmətimlə
Böyük mətləb sahibiyəm!
Hər nə qədər yaranmış var
Hamısının başıyam mən,
Hamısının qalibiyəm!
İnsan oğlu insanam mən,
Göydə uçan quşların da,
Dəryadakı balığın da
Sahibiyəm!
Talibiyəm!
Bu sözləri deyən sənsən,
Öz döşünə döyən sənsən…
Elə burda ayaq saxla,
Bir an dayan, insan oğlu!
Öz sözümü deyim mən də,
Məhv olmada ruh bədəndə…
Sən qəflətdə, mürgüdəsən,
Oyan hələ, oyan insan,
Dön yaxşı bax sən özünə,
Sən özünü yaxşı tanı.
Əməlini ayırd elə,
Nöqsanını,
Öz əyrini,
Öz düzünü yaxşı tanı!
«Yaranmışın əşrəfiyəm,
Şərəfiyəm» deyən insan,
Nəyə görə nöqsanından,
Cilddən-cildə girdiyindən,
Tamahından söz açmırsan?
Dəryaları çirkləndirən,
Saf suları bulandıran
Günahından söz açmırsan!

Tamah, bir də tamah…

Ay döşünə döyən insan,
Sənin insan şərəfinin
Başı üstə tamah adlı
Polad qılınc dayanıbdı.
İnsanlığın ucalığı
Bu qılıncla parçalanıb
Qızıl qana boyanıbdı!
O tamahın girdabında
Çabalayır,
tamsınırsan.
Qarnın doyur,
gözün doymur,
Acgözlüyün qucağında
Əlləşirsən,
yalmanırsan!
Tamah adlı bu bəlanın
Törətdiyi fəsadlardan
Yamanlıqlar doğur hər an!
Xainliyin, qəddarlığın
Cəsarəti ova çıxır,
Vəhşiliyə yol açılır.
İnsanlıq azır yolunu,
Mərhəmət didərgin düşür,
İnsandan uzaq qaçılır.
«Mən insanam» deyər ikən
Aynaya bax, özünü duy.
Söhbətinə bir ara ver,
Əməlini, izini duy…
Sənin baban Adəm ata
Nəfsinə qul olmadımı?
O, cənnətdən atılaraq
Cəzasını almadımı?
Nəfs yenə də öz yerində,
Tamah hələ çox dərində.
İnsan o vaxt öyünər ki,
İnsanlığa çatmış olsun.
Tək özünü düşünməsin,
İnsan kimi bütövləşsin,
Zalımlığı atmış olsun!
İnsanlaşa bilmirsənsə
Nə gözləmək olar səndən…
Sənin qazanc marağın var,
Səndən ötrü yoxdu Vətən.
İnsanlaşa bilmirsənsə
«Mən insanam» demək yanlış!
«Yaranmışın əşrəfiyəm»-
Deyib özün öymək yanlış!
İnsan oğlu,
gəl səninlə
əyri oturaq,
Qardaş kimi düz danışaq.
Mən də insan,
sən də insan,
Həqiqətə yön çevirək,
Ədalət üstə barışaq.
Ulu Tanrı insanları
Yaradanda ağıl verdi.
Kamal,
düzlük,
sevgi, sayqı,
Xeyirxahlıq, duyğu verdi.
İnsansevərlik bəxş etdi,
Faili-muxtarsan dedi.
Halallığa, mərhəmətə,
Talib olsan səxavətə
Savaba batarsan dedi.
Ədalətə dəstək versən
Haqqına çatarsan dedi.
Tanrı verən bu buyruğu,
Biz bu haqqı, bəndəliyi
Çatdırdıqmı məqamına?
Haramdan, şərdən vaz keçib
Layiqli bir hərəkətlə
Olduqmu biz tanrı qulu?
Düz getdikmi biz bu yolu?!
Tamah bizi yedəklərkən
Biz öz tanrı borcumuzu
Çatdırdıqmı öz kamına?
Çatdırmadıq!
Şər qüvvəni içimizdən
Dost hökmüylə atdırdıqmı?
Atdırmadıq!
Halallığı götürdükmü?
Götürmədik!
Ləyaqəti, mərhəməti
Qəlbimizə gətirdikmi?
Gətirmədik!

Vəhşilik nə deməkdir…

Qurd ağacı yeyən kimi
Tamah içdən yedi səni.
İnsanlıqdan kənar edib,
Uzaq salıb suçlu etdi.
Haqdan gələn o ucalıq-
Varlığın əşrəfi olmaq
Gözdən düşdü, əldən getdi…
İnsan çıxdı insanlıqdan,
Bunun üçün böyük Xaliq
Cəhənnəm,
cənnət yaratdı.
İnsan yenə bəd əmələ
Son qoymadı, söz duymadı.
Qəddarlaşıb, zalımlaşıb
İnsan çıxdı insanlıqdan.
Mayasına haram qatdı…
Döndü başqa bir məxluqa,
Od püskürdü, alov saçdı.
Təbiət insan deyilən
Yırtıcı məxluq əliylə
Çirkaba, toza bulaşdı.
Meşədən qaçıb getdilər
Dağ keçisi, xallı maral,
Ceyranlar insan görəndə…
Qaçıb girdi yuvasına
Əqrəblər,
qırxayaqlar,
İlanlar insan görəndə…
Dırmanıb ağaca çıxdı
Qaplanlar insan görəndə…
Gözünün yaşını sıxdı
Aslanlar insan görəndə…
Balıq dənizdə gizləndi,
Quşlar buludlara qalxdı,
Baş götürüb dağlar aşdı
Heyvanlar insan görəndə.
Meşələr lərzəyə gəldi,
Ağaclar fəryad elədi
İnsan balta götürəndə.
Tapdandı otlar, ormanlar,
Pozuldu ilk-əzəlliklər.
Əldən getdi gözəlliklər
İnsan xata gətirəndə.
«Mən dünyanın zinyətiyəm»-
Deyən insan, düşün bir an,
Nələr,
nələr etmədin sən?
Hansı,
hansı bəd əməlin,
Yamanlığın,
iyrəncliyin
Arxasınca getmədin sən?!
Vəhşi dedin aslanlara,
Pələnglərə, bəbirlərə,
Canavara vəhşi dedin.
Ayılara,
çaqqallara,
tülkülərə,
çöl itinə,
Pişiyinə vəhşi dedin.
Çöl atına,
qatırına,
Eşşəyinə vəhşi dedin.
Bir qürrəylə
Sən özünə insan dedin.
İnsanlıqdan uzaq ikən
Öz adına böhtan dedin.
Sən etdiyin naşılığı,
Avamlığı,
vəhşiliyi
Hansı pələng,
aslan edib?!
Sən tökdüyün nahaq qanı
Söylə hansı boz canavar,
Hansı quduz heyvan edib?!
Öz cinsinə, öz qövmünə
Aslan hücum eləyibmi?
Ac canavar canavarı,
Cəsur pələng pələngləri
Öz qanına bələyibmi?
Fil sürüsü fillər üstə
Yeriməyib, yürüməyib.
Kərgədanlar öz nəslini
Qırıb-töküb,
Yer üzündən kürüməyib.
Adəm oğlu vəhşilərdən
Xətər, ziyan görübdümü
İnsanlardan gördüyütək…
Adəm oğlu hər əzabı,
İşgəncəni, əziyyəti
İnsanlardan görüb ancaq.
Hər dəhşəti, haqsızlığı,
Hər vəhşəti, iztirabı
İnsanlardan görüb ancaq.
İnsan kimdir?-
Soruşuram…
Sualıma cavab verin:
Nəsiminin dərisini
Diri-diri soyan kimlər?
Nəcəf kimi adlı-sanlı
Bir aşığın – sənətkarın
Kürəyinə odlu, qaynar
Samovar bağlayan kimlər?
Bunu insan etmədimi?
Ürəklərə hakim olan
İnsan donlu, qiyafəli
Dəli şeytan etmədimi?
Əyri-dimdik qara quzğun
Leş axtardı ömrü boyu,
İnsan qanı aramadı,
Bir günlüyə doyum deyə…
İnsan tökdü insan qanın,
Bir yolçunu, bir fəqiri
Vurum yıxım,
soyum deyə.
İnsan əgər insanları
Oda atıb yandırırsa,
«Yer üzünün şərəfini»…
Səfalətə, yoxsulluğa
Məhkum edib qürurunu,
Mənliyini sındırırsa
Varlıqların incisimi?
Vəhşilərin vəhşisimi?!

Vəzifələr necə gəldi…

Vəzifələr ayaq açdı,
Qapı-qapı sıralandı.
Vəzifədə insanlığın
Həqiqəti koralandı.
Məhəbbət də,
sədaqət də,
insanlıq da
Vicdanından,
Namusundan yaralandı.
Yarış getdi,
bundan sonra
Hey çarpışdı insan oğlu
Vəzifələr sevdasında,
Həqarətə yuvarlandı
O çin, rütbə havasında…
Çabaladı, qalxdı insan,
Pillələri çıxan kimi
Aşağıdan qalxanları
Badalaqla yıxdı insan.
Bu vəzifə,
bu da ki, sən.
Əsirgəmək istəmədin
Hər nə gəlirsə əlindən.
Mənəviyyat it-bat oldu,
Yalan böyük meyar kimi
Qulaqlara,
beyinlərə,
Damarlara yeridildi.
Ağlıçaşlar ağıllıya,
Namərd mərdə ağıl verdi.
Qanmaz dindi, alim susdu,
Alqışı naşı qazandı.
Fikirlər dəyərləndi,
Təşəkkürü, xoş alqışı
Qafanın boşu qazandı.
Nadan, gəda ağsaqqala,
İtaətkar yenilməzə,
İdraklıya ağıl verdi.
Dünyanı dolaşıb gələn
Qarnı açıq bar qadını
Namusdan, ardan danışdı.
El malını oğurlayan
Talançının zəvzək ağzı
Köpüklənə-köpüklənə
Dövlətdən–vardan danışdı.
Həyasızlar həya dedi,
Abırsızlar abır dedi.
Xalqın səbrin tükədənlər
Dözüm dedi, səbir dedi.
Altmış il əyyaşlıq edən
Təsbeh alıb, şəriətdən,
Təriqətdən,
Mərifətdən söhbət açdı.
Hər bir kəsin tanıdığı
Dələduzlar, milyonçular,
İnsanları aciz edib,
Ac qoyanlar
Oruc tutub, namaz qıldı…
Dindən, imandan danışdı.
Evinə haram daşıyan
Halallıqdan söhbət saldı,
Oğru doğruya qarışdı…
Oğruya doğru deyildi,
Doğruya oğru deyildi.
Rüşvət yıxdı halallığı,
Haram sıxdı halalığı.
Harama halal deyildi,
Elə oldu bala zəhər,
Zəhərə saf bal deyildi.
Düzlük odda əridildi.
İnsan dönüb adamlaşdı.
Adam dönüb məxluq oldu,
Məxluq aldatdı adamı.
Halal çörək kəsilmədi,
Adamlar satdı adamı.

Rüşvət çiçək açdı…

Zəhmət çəkib yer əkənlər,
Daş çıxarıb tər tökənlər
İtirdilər dolanmanı.
Haramxorluq,
dələduzluq
Zəhməti tapdaq elədi,
Zaman onların zamanı.
Rüşvət ilə peysər yığan,
Qarnına qarın bağlayan
Oğru məmur harınlayıb
Çalışana rişxənd etdi.
Uçuq evə bir daş qoyan
Arxasızı, bir məzlumu
Soymaq üçün,
Yolmaq üçün min fənd etdi.
Biri ağa,
biri nökər,
Ağa verən məşəqqəti
Çəkə bilsə nökər çəkər.
Ağa nökərə zülm etdi,
Zalımlıq insaf bilmədi,
Zülmün səsi ərşə yetdi.
Biri yedi,
biri baxdı,
Baxan endi,
yeyən qalxdı.
Ədalət divan bilmədi,
Vuran vurdu,
yıxan yıxdı.
Niyə vurdun,- deyən hakim,
Niyə yıxdın, deyən hakim
Həm vurandan, vurulandan,
Həm yıxandan, yıxılandan,
Həm şahiddən rüşvət aldı.
Daha məmur utanmadı,
Daha heç kəs sıxılmadı…
Həkim saxta dərmanını
Şəfa deyib işə qatdı,
Xəstələrə rəva gördü,
Resept yazıb rüşvət aldı.
Müəllimlər tələbəyə
Qiymət yazıb rüşvət aldı.
İnsanlığa elədiyi
Xəyanəti düşünmədi.
Düşündü ki, pul qazandı,
Dövlətlənib ucaldı o…
Bəşəriyyət qarşısında
Törətdiyi fəlakəti,
Cinayəti düşünmədi.
Haram tikə uddu onu,
Varlandıqca alçaldı o…
Adi hal tək hər kəs bilir
Polis yolda niyə durur,
Döngəyə,
kölgəyə girib
Polis yolda nəyi pusur?
Pul çəkməyə şər axtarır,
Rüşvət üçün tələ qurur…
Qanunu pozubsan deyə
Sürücünü şərləyir də…
İncidir də,
Arxasınca hərləyir də.
Pul alanda «pozuntular,
Qayda-qanun» tez düzəlir.
Polislər insafa gəlir.
Hələ bir diş də ağardıb,
«Dost»tək irişərək gülür.
Hakim haqqı pozub keçir,
Nahaqqı haqq yazıb keçir.
Ədalət bürküyə düşüb,
Ədalətin adı qalıb.
Haqlı kimdi, haqsız kimdi?
Qanun deyən neçə-neçə
Qanunsuzun damağında
Rüşvətin dadı qalıb.
Zaman-zaman
Rüşvət elə həddə çatdı,
Molla imanını satdı…
Pul verərək cavan qızı
Aldadıb yoldan çıxartdı.
Aşkarda «Ya rəbbim» dedi,
Gizlində tiryək düzəltdi,
Dua üstə coşub əsdi.
Keşiş Aleks Braun
Əlaltından rüşvət aldı,
Saxta yolla kəbin kəsdi.
İnsanlıq laxladı belə,
Bu vərdiş yaşayır hələ.
İdarənin müdirləri,
Müdirlərin qolbəyləri
Rüşvət üstə köklənibdi.
Bu meydana girməyənlər
Bu dəstədən geri qalıb,
Cəmiyyətdə təklənibdi.
Rüşvət alan aldığından
Müdirə pay ayırmırsa,
Nazirini doyurmursa
Tökülər burnundan onun.
Təqsirləyib,
suçlamaqçün
İşə düşər dərhal «qanun».
Beş manat rüşvət alanı
On minlərlə,
Yüz minlərlə rüşvət alan
Baxıb mühakimə edir.
Qoyunu qurda tapşırıb
Bir sürünü itirdilər.
Ziyanlıqdan qaçmaq üçün
İndi başqa yalquzağı
Nəzarətçi gətirdilər.
Qanunsuzluq
Bir yüyənsiz
Qatır kimi baş götürüb
Dərə-təpə aşıb gedir.
Ədalətə inamı da,
İnsanlığa,
Həqiqətə inamı da
Haqsızlığın tərəfində
Ola-ola məhv etdilər.

2-27 iyul 2010-cu il

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button