Jurnalistin uşaqlarını öldürüblər?!

Vasif Turan yas mərasimlərindən sonra mətbuat konfransı keçirərək, şübhələndiyi şəxslərin adlarını açıqlayacaq!..

 Bölgexeber.com saytının rəhbəri Vasif Turanın evinin yanması nəticəsində iki körpə uşağının  dəhşətli yanğında tələf olması barədə dünən dərc etdiyimiz manşet yazısının izi ilə Qobu kındində olduq. Qeyd edək ki, hadisə 7 oktyabr tarixində axşam saatlarında baş verib. Vasif Turan və həyat yoldaşı öz evlərindən cəmi 200 metr aralıda yaşayan qayınanasının evində olublar. Gec olduğundan 12 və 13 yaşında olan uşaqları – Əhməd və Rüfəti özləri ilə aparmayıblar. Qayınanasıgilə çatdıqdan 15 dəqiqə sonra evin yandığı barədə xəbər veriblər və mənzillərinə çatana kimi, alovun bütün evi bürüdüyünü görüblər. Uçaqları xilas etmək istəsələr də, mümkün olmayıb və uşaqlar yanaraq kül olublar. Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə briqadası hadisə yerinə gələnə kimi isə ev tamamilə yanıb və ancaq divarlar qalıb. Biz də faciənin baş verdiyi evə gedib, təfərrüatları araşdırmaq istədik.

Qobuya daxil olub kənd sakinlərinə “burada yanan ev hansıdır” deyə soruşan kimi,

 “Uşaqlar yanan ev?”

 – deyib istiqamət verdilər. Vasifin evini tapdıq. Kəndin ucqar yerində darvazası olmayan, cəmi 5-6 daş hündürlüyündə hasarla əhatələnmiş kiçik bir həyət, həyətin içərisində isə 35 kvadrat metr ərazidə tikilmiş kiçik, artıq yanmış ev. Evin həndəvərində kimsə yoxdur. Ən yaxın qonşu ilə məsafə təxminən 30 metrdir. “Bəlkə səhv gəlmişik” deyə ehtimal edib Vasifə zəng etdik. Səsindən hələ də şokda olduğu hiss olunan və çətinliklə danışan Vasif bildirdi ki, Lerik rayonundadır və uşaqları dəfn ediblər. Bu səbəbdən də evdə heç kim yoxdur. Danışmağa taqətinin olmadığından, telefonu yanındakı qohumlarından birinə verdi. Qohumu Niyaməddin Muradov bildirdi ki, uşaqları dəfn etsələr də, hələ də valideynlər özlərinə gələ bilməyiblər. Uşaqların anasının psixoloji vəziyyəti isə tamamilə pisdir. Faciə barəsində də məlumat verən Niyaməddin qeyd etdi ki,

 Yanğının bədbəxt hadisə deyil, qəsd olması ilə bağlı böyük şübhələri var

 “Özünüz də müşahidə etsəniz, görəcəksiniz ki, kiçik, təmirsiz bir evdir. Vasifgilin evdə olmaması isə cəmi 18 dəqiqə çəkib. Qaz xətti və heç bir yanğınameylli maddənin olmadığı evdə birdən-birə belə güclü alov olmasını başa düşmək olmur. Həmçinin evin qapısıbağlı olmadığı halda, uşaqların içəridə yanaraq ölməsi də şübhəli məqamdır. Şahidlər bildirblər ki, yanğın zamanı partlayış səsi eşidilib, ancaq içəridə partlaya biləcək yalnız qaz balonu olub, ancaq həmin məişət əşyası hələ də salamatdır və evdə durur. Həmçinin Vasif gəlib uşaqları xilas etmək üçün evə daxil olan zaman da partlayış baş verib və o, ayağından xəsarət alıb. Ancaq nəyin partlaması hələ də məlum deyil” – deyən Niyaməddin Muradov bildirdi ki, hadisə baş verən zaman ora gələn Baş prokurorluğun əməkdaşı da yanğının qəsd nəticəsində baş verməsi ehtimalının böyük olduğunu deyib.

 Yanaraq dünyasını dəyişmiş Rüfətin sahibsiz qalan küçüyü

 Vasifin həyətində isə canlı adına yalnız balaca, 1 aylıq ancaq olan kiçik bir küçük vardı. Bizi görən kimi üstümüzə yüyürdü. Sonradan öyrəndik ki, bu, Vasifin yanaraq dünyasını dəyişmiş oğullarından biri, Rüfətin sevimli küçüyüdür. İki gündür tək qalan və sahibini gözləyən küçük bizi görən kimi sevincək üstümüzə yüyürdü. Baş vermiş hadisənin şahidi olmuş küçük sanki ağı deyirmiş kimi durmadan zingildəyərək arxamızca dolaşdı. Bir gözü isə darvazasız hasardan görünən yolda idi. Sanki Rüfəti gözləyirdi…

Yanmış divarları qalan ev

35 kvadrat metr ərazidə tikilmiş evin yalnız divarları qalıb. Yanmış qapıdan içəri daxil olduq. Döşəmə, tavan, dam, pəncərələr, qapı, içəridəki əşyalar yanıb. Bir neçə yarımyanmış əşya qalıb ki, onlar da tamamilə istifadəyə yararsızdır. Evdə dəhliz, iki otaq və bir mətbəx olub. Divarlar yalnız suvanıb, başqa təmir işləri aparılmayıb, boya və ya divar kağızı çəkilməyib. Otağın birinin divarı isə yanğından tamamilə qaralıb. Öyrəndik ki, bu otaqdan ümumiyyətlə, istifadə olunmayıb. Burada heç əşyalar da olmayıb. Vasifgil yalnız digər otaqda yaşayırmışlar. Əşyasız, divarlarına boya və kağız çəkilməmiş bu otaqda yanğına səbəb ola biləcək heç nə yoxdur. Yalnız suvağı olan divarın hansı səbəbdən bu qədər qaralması başa düşülən deyil. Belə qaralmanın olması üçün hansısa yandırıcı maddə olmalıdır ki, divarda yanğın yaransın. Ancaq hiss olunur ki, ən çox yanğına məruz qalan da bu otaqdır. Bütün bu hallar yanğının qəsd olması ehtimalını gücləndirir.

Mətbəxə keçdik. Burada da ev əşyaları, qab-qacaq və s. yanıb. Kiçik qaz balonu isə bir küncdədir. Partlamadığı üçün, yanğına bu əşyanın səbəb olması ehtimalını sıfıra endirir. Bu ərazidə ümumiyyətlə, qaz xətti yoxdur. Elə isə yanğının hansı səbəbdən baş verməsi qaranlıq qalır.

Digər otaqda da yanmış əşyalardan qalan hissələrdən başqa heç nə yoxdur. Yanğın zamanı iki partlayışı baş verməsi barədə şahidlərin dediklərini nəzərə alıb, evin hər tərəfini axtardıq. Ancaq partlayışa səbəb ola biləcək heç bir şey tapılmadı.

12 və 13 yaşlarında olan Əhməd və Rüfətin evdə yanmasının və xilas ola bilməməsinin səbəblərini başa düşmək çətindir. Belə ki, valideynlər bildirirlər ki, onlar qapını arxadan bağlamayıblar. Ancaq bağlı olsaydı belə, qapı divara elə də bərk bərkidilmədiyindən, yüngül bir zərbə ilə onu açmaq mümkün idi. Buna isə yaşları o qədər də kiçik olmayan 2 oğlan uşağının da gücü yetərdi. Bunu yanmış qapıdan qalan çərçivəyə baxanda da asanlıqla görmək olur. Bundan başqa, döşəmə ilə pəncərə arasında məsafə cəmi 80 santimetrdir ki, uşaqlar pəncərədən də çox rahat çıxaraq həyatlarını qurtara bilərdilər. Bu addımları atmaq üçün kifayət qədər yetkin yaşda olan Əhməd və Rüfətin xilas ola bilməməsi də qəsd şübhələrini artıran məqamlardandır…

Evdən çıxanda hasara söykənib ağlayan yaşlı qadını gördük. Təxmin etdik ki, o, yaxınlıqda yaşayan və yanğın zamanı Vasifgilin qonaq olduğu nənədir. Zənnimizdə yanılmamışdıq. Dərddən üz-gözünü çırıq-cırıq etmiş, iki gündür ağladığından artıq səsi də çıxmadığı üçün  

 İçin-için ağlayan nənə

 ilə danışmaq çox çətin idi. Sullarımızı cavablandırmaq istəməsə də, özündən asılı olmadan dodaqaltı rabitəsiz cümlələr səsləndirirdi: “Mən indi neyləyəcəm, sənə qurban olum, ay Allah, bu nə iş idi? Nə günahı var idi o gözəl balaların? Elə ağıllı, tərbiyəli… Yazıq balam (qızını – uşaqların anasını nəzərdə tutur) dəli olacaq axı. Kaş heç olmasa biri sağ qalaydı”…

Təsəlli verməyə söz də tapmaq olmur. Nə deyəsən axı? Hadisə barəsində soruşduq. Qırıq-qırıq danışmağa başladı.

– Axşam idi, qızımla Vasif gəldi, uşaqlar da qalıb evdə… kaş gələydilər uşaqlar da…

Göz yaşları imkan vermir danışmağa. Ağlaya-ağlaya davam edir:

– Elə yenicə oturmuşdular, heç 10 dəqiqə keçmədi ki, bir uşaq qapını döydü ki, yanan ev sizindir?! Qaçaraq gəldik. Vasif özünü atdı evə ki, uşaqları qurtarsın… Partlayış səsi gəldi. Daşlar Vasifin üstünə töküldü, ayağı yaralandı…

– Bəs yanğınsöndürənlər yox idi?

– Qobuda yanğınsöndürən yer yoxdur, Xırdalandan gəldi, onlar da gələnə kimi yandı kül oldu… Həkimlər də vardı, çox adam vardı, bilımirəm sonra nə oldusa…

Yenə qəhər boğur, danışa bilmir… Quru divarları qalan evə dərin bir nəzər salıb öz-özünə suallar verir:

–        İndi necə yaşayacaqlar bu evdə? Daha bu həyətə girə bilərmi onlar? Yox, Əhməd, Rüfət olmayan evə necə girmək olar? Yenicə sevinmişdik ki, kirayələrdən canları qurtarıb, bu daxmaya yığışıblar, kaş ev yanaydı, evləri olmayaydı, amma uşaqlara heç nə olmayaydı…

Birdən bayaqdan ayağımızın altında dolaşan küçüyə baxdı və bircə kəlmə deyə bildi:

–        Rüfətin itidir…

–        …

Hönkürmək istəsə də, səsi çıxmadı arvadın… İçin-için ağlamağına davam elədi…

 İstintaq davam edir

 Biz araşdırmalarımızı apardıq. Müşahidə etdiklərimiz hadisənin təbii fəlakətdən daha çox, qəsd olduğu ehtimalının böyük olduğu barədə rəy yaradır. Əsil səbəbləri tapmaq isə hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumların işidir. Qeyd edək ki, yanğın baş verən zaman hadisə yerinə Baş prokurorun müavini Rüstəm Usubov, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Fövqəladə Hallar nazirinin müavini, Daxili İşlər Nazirliyinin rəsmiləri və digər səlahiyyətli şəxslər olublar. Müvafiq ekspertizalar keçirilib və hadisə ilə bağlı cinayət işi açılıb. Vasif Turan isə yas mərasimlərindən sonra mətbuat konfransı keçirərək, şübhələndiyi şəxslərin adlarını açıqlayacağını bildirir.

Əhməd və Rüfətə Tanrıdan rəhmət, valideynlərinə və yaxınlarına isə səbr diləyirik.

 Oğuz Rəşad

Aqil Orucoğlu

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button