Jurnalistlərə və hüquq müdafiəçilərinə Əvəz Zeynallı ilə görüşməyə imkan verilmədi

SAM_033426.07.2013

“Xural” qəzetinin baş redaktrou Əvəz Zeynallı ilə görüş üçün həmkarları və hüquq müdafiəçiləri tərəfindən Penitensiar Xidmətə göndərilən müraciətə cavab verilməyib. 15 nəfərin imzaladığı müraciət Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitu (RATİ) tərəfindən 17 iyul tarixində Pemitensiar Xidmətin rəisi Mədət Quliyevin adına göpdərilib və 19 iyul tarixində alması ilə bağlı bildiriş daxil olub. 

RATİ sədri Emin Hüseynov “Bizim Yol”a bildirib ki, müraciətə bu günə kimi cavab verilməyib. “Hüquq müdafiəçiləri və jurnalistlərin imzalasığı müraciətdə Əvəz Zeynallı ilə 22 İyul Mətbuat Günündə görüşmək istədiyimizi bildirmişdik. Ancaq çatması ilə bağlı bildiriş alsaq da, təəssüf ki, hələ də cavab verilməyib” – deyə Hüseynov bildirdi.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Bizim Yol”a bildirib ki, məktubun hansı idarəyə daxil olduğunu bilmir. “Bizim idarəyə belə bir müraciət daxil olmayıb. Ancaq Penitensiar Xidmətim hansı idarəsinə daxil olmasından asılı olmayaraq, mütləq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə cavab verilib. Əgər  cavab çatmayıbsa, ola bilsin ki, yoldadır” – deyə Mehman Sadıqov bildirdi.

Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcunun dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.

Əvəz Zeynallının özü, həmçinin bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları ittihamların saxta olduğunu və hökmün tənqidi yazılarına görə siyasi sifariş əsasında çıxarıldığını hesab edirlər.

Rəşad VAQİFOĞLU

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button