“Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyası prezidentə müraciət edib

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri

Məqsəd MSŞT-nin 25 oktyabr 2016-cı ildə Astanada keçiriləcək İdarə Heyətinin toplantısı öncəsi yaranmış narahatlığı bölüşməkdir.

QHT Koalisiyası Şurasının 06.10.2016-cı il tarixli 161-ci iclasında qəbul olunmuş müraciətdə deyilir ki, İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyası 2004-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) Azərbaycanda tətbiqində iştirak edən hökümətin qurumlarının və şirkətlərin etibarlı tərəfdaşı kimi fəaliyyət göstərir. Hazırda MSŞA QHT Koalisiyasının sıralarında 150-ə qədər təşkilat və tanınmış şəxslər fəaliyyət göstərir. MSŞA QHT Koalisiyası üzvləri MSŞT təşəbbüsünün Azərbaycanda müvəffəqiyyətlə reallaşmasıında yaxından iştirak etmiş və daimi olaraq bu sahədə əldə edilən nailiyyətlərə mühüm töhfələr vermişdir. Lakin, ötən illər ərzində Azərbaycan vətəndaş cəmiyyətinin bu təşəbbüsdə azad və səmərəli iştirakı zamanı qarşılaşdığı çətinliklərə görə, 2015-ci ilin aprel ayının 15-də ölkəmiz tam hüquqlu üzv statusunu itirmiş, ona növbəti 1 il müddətində icra üçün islahedici plan təklif olunmuşdur. Bununla əlaqədar MSŞT-nin keçmiş sədri xanım Şortun Bakıya səfərindən və prezident Əliyevlə görüşündən sonra MSŞA QHT Koalisiyasına üzv olan QHT-lərin problemlərinin həllinə start verilmişdir. Nəticədə, MSŞA Koalisiyasına üzv olan QHT rəhbərlərinin və üzvlərinin ölkədən çıxışı və ölkəyə dönüşü zamanı qarşılaşdıqları sərhəd yoxlamaları dayandırılmış, üzv təşkilatların bank hesablarından həbslər götürülmüş və əvvəllər qeydiyyatından imtina edilmiş bir sıra qrant müqavilələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Amma atılan addımlar davamlı və sistemli olmadığına görə MSŞT-də iştirak edən vətəndaş cəmiyyətinin problemləri tam və vaxtında həll olunmamışdır. MSŞA Koalisiyasına üzv olan bəzi təşkilatların qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyata alınmadığına görə onların bank hesablarından istifadəyə tətbiq olunan qadağalar hələ də qüvvəsindədir. Hətta, əksinə bank hesablarından həbs götürüldükdən sonra 2 üzv təşkilatın hesabında olan donorlara məxsus vəsait vergi borcu əvəzinə silinmişdir.
MSŞA Koalisiyasına üzv olan onlarla QHT dəfələrlə müraciət etməsinə baxmayaraq yenə də dövlət qeydiyyatına alınmıayıb. Bundan əlavə MSŞA Koalisiyasına üzv olan təşkilatlardan 6-a tətbiq olunan vergi cərimələri nəticəsində onlar fəaliyyətlərini bərpa edə bilmirlər. MSŞA QHT Koalisiyasının iki üzvü müxtəlif səbəbdən hələ həbsdədir. Koalisya Şurasının bir üzvünə qarşı bir neçə il əvvəl başlamış cinayət təqibi davam edir, bu səbəbdən həmin üzvün ölkədən çıxışına qadağa qoyulub. Ən pisi də odur ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanun və normativ sənədlərdə son illər ərzində edilən məhdudlaşdırıcı xarakterli əlavə və dəyişikliklərdən sonra hüquqi mühit daha da pisləşmişdir.
Prezindentə müraciətdə bildiirilir ki, Azərbaycan hakimiyyətinə təqdim olunan islahedici planın icraya başlamasından 1 il 6 ay ötməsinə baxmayaraq, orda nəzərdə tutulan bəzi fəaliyyətlər indiyədək yerinə yetirilməyib. Bu isə Azərbaycanın MSŞT-də tam hüquqlu üzv statusunun geri alınmasında ciddi çətinliklər yaradır. MSŞA Koalisiya Şurası islahedici tədbirlər planının icra vəziyyətini müntəzəm və diqqətlə müzakirə edərək, bu qənaətə gəlmişdir ki, 25 oktyabr 2016-ci ildə Astanada keçiriləcək MSŞT beynəlxal idarə heyətinin növbəti toplantısına qədər yuxarıda sadalanan problemlərin həlli ölkəmizin bu mötəbər qurumda itirilmiş statusunun bərpası üçün əsaslar yarada bilər. Odur ki, İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının Şurası qərara almışdır ki, Astana toplantısı başlanmamış mövcud durumla bağlı çoxsaylı Koalisiya üzvlərində yaranmış narahatçılıqları prezidentlə bölüşub, ondan sadalanan problemlərin həllinə təşəbbüs göstərməyi xahiş etsin.
Müraciətdə deyilir ki, biz ümid edirik ki, Azərbaycanda MSŞT prosesində vətəndaş cəmiyyətinin iştirakına yaradılan bütün praktiki əngəllər tezliklə aradan qaldırılacaq, qanunvericilikdə olan məhdudiyyətlər ləğv ediləcək və ölkəmiz əvvəlki kimi bu təşəbbüsdə yenidən irəli çıxaraq, bu vacib platformada dövlət və vətəndaş cəmiyyətinin səmərəli əməkdaşlığına nail olunacaq.
MSŞA Koalisiyası üzvlərinin yekun qənaəti budur ki, bu istiqamətdə pozitiv dəyişikliklərə nail olmaq mümkündür. Odur ki, onlar prezidentdən MSŞT prosesində vətəndaş cəmiyyətinin azad və səmərəli iştirakına dair Azərbaycanın öhdəliklərinin icra vəziyyətini nəzarətə götürməyi xahiş edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button