Mən dəliyəm!

Elxan Xanəlizadə

Mən dəliyəm! Yorğun və tənha, həm də yuxusuz. Üstümdə gecənin bəd nəzərləri ağır bir daş kimi sallanır. Dənizin ortasında üzməyin nə olduğunu bilməyən bapbalaca bir adayam. Ürəyimi qoyduğum yerə qədər üzmək, yaddan çıxardığım əmanətimi götürmək istəyirəm. Amma harada qoyduğumu xatırlamıram.

Mən dəliyəm! Amma çox şey bilirəm. Rənglər və zövqlər mənimçün heç nə ifadə etmir. Göyün yerlə birləşdiyi yerə – üfüqə, başlanğıcların son nöqtəsinə doğru baş alıb gedirəm. Köhnə qatar kimi bir stansiyadan digərinə, eyni relslərin üstündə, ağır ləngərlərimlə hərəkət edirəm.

Mən dəliyəm! Yağışın yağmağı mənimçün romantika deyil. Mənim aləmimdə günəş doğmur, ay çıxmır.

Mən dəliyəm! Özüm də buralı deyiləm. Sıralanmış dağlar ölkəsindən, qaranlıq bir şəhərdənəm.

Mən dəliyəm! Deyə bilmədiyim düşüncələrim var. Hər gün min dəfə sui-qəsd olunub mənə, amma ölməmişəm.

Mən təbii fəlakətəm! Sosial bəlayam!

Mən dəliyəm! Cəmi bircə fəslim var mənim. O da çovğunlu qışdı. İnsanları incidən, onlara əzab verən şaxtalı-boranlı hava düşkünüyəm. Təkcə uşaqları çox istəyirəm. Onları da böyüyənə qədər. Böyüdükcə onlar da adamlaşır. Adamlaşdıqca cılızlaşırlar.

Mən dəliyəm! Qışqıra-qışqıra mahnı oxuyan, səsiz-küysüz yazılar yazan, bir də tanımadığım adamların şəklini çəkən bir dəliyəm. Öz-özümə söhbət edər, öz-özümə gülərəm. Dalanlarda azmağı, təngənəfəs oluncayadək çıxış yolu axtarmağı, axırda da üzüqoylu sərilib yagışda islanmağı xoşlayıram.

Mən dəliyəm! Puldan zəhləm gedir, amma pul üçün işləyirəm. Yaxşı yaşamağın mənimçün heç bir əhəmiyyəti yoxdur. Heç kimlə düşmən deyiləm, heç kimi də dost bilmirəm. Mən özüm-özümə hələ də yadam.

Mən dəliyəm! Ağlamayacağıma and içmişəm. Mən faciəvi dramam, ya da üç pərdəli komediya tamaşası. Yediyim şorbaya öz kinimi doğrayıb, öz hirsimi qaşıqlaram. Ürəklərdə nida, beyinlərdə sual işarəsiyəm!

Mən dəliyəm! Qupquru qurumuş, cadar-cadar olmuş torpağam. Üstümdə özünə yuva quran qarışqa sürüləri, bir də insanların ayaq izləri var. Soyuqda üşüyər, istidə qovrularam.

Mən dəliyəm! Xoşbəxtliyi ətrafdan güdən, cibində isə onun reseptini gəzdirən bir dəli.

Başa düşən düşdü, düşməyən də məni dəli bildi!..

Qadınlar!

Qadınları qovublar! – Buğda yedikləri üçün…

Qadınları lənətləyiblər! – Şeytana uyduqları üçün…

Qadınları söyüblər! – Günaha batırdıqları üçün…

Qadınları cəzalandırıblar! – İtaət etmədikləri üçün…

Qadınları seviblər! – Ehtiyacları olduğu üçün…

Qadınları əzizləyiblər! – Sevgili olduqları üçün…

Qadınların ayaqları altına CƏNNƏTi səriblər! – ANA olduqları üçün…

Yaxşı ki gəldin!..

Gecə gətirdi səni mənə… Sən gecəyə yaxın idin, mən də sənə… Axsaya-axsaya sürünən zamanın qurduğu tələdən xilas olub gəldin… Xoş gəldin!

Qorxularınla, sirlərinlə və uzaqgörənlərin görəbiləcəyi dərdlərinlə gəldin… Nə yaxşı ki, gəldin!

Ürəyimdə gizli qalan hisslərim vardı. İllərdir heç kimlə bölüşmədiyim dərdlərim, soruşmadığım suallar… Xatırladıqca ürəyimdə yaradacağı sızıltıya dözə bilməyəcəyimdən beynimin bir küncünə tolazladığım və heç vaxt toxunmadığım xatirələrim vardı… Artıq onların hamısını azadlığa buraxmışam… İndi kədər də, sevinc də doyunca yaşayır ürəyimdə. Suallar cavabını tapır, xatirələr canlanır; Çünki sən gəldin!..

Susmaq nə çox ağıllandırıbmış məni… Nə çox bir-birinə calamışam sözləri… Bir-bir dilimdən çıxan sevgi sözləri, hətta sənin o narahat duruşun belə dayandırmaqda acizdi bu vücudumu. Ürəyim bir yelkəndir indi, səninlə doldururam. Səninlə vaxt keçirməyin, səninlə yaşamağın və vaxtı səninlə bölüşməyin bənzərsiz həzzini duyuram… Nə yaxşı elədin, gəldin!..

Tilsimsənsə qırılma!.. Xəyal yaşayırıqsa yox olma!.. Ruhuna elçi gəlmişəm mən. Yarımçıq ruhum bir tək səninlə bütünləşdi, özünü tapdı sanki… Dedim axı, sən gəldin!..

Bir də qızılı rəng var; gizlədiyim, başqalarının görməsini istəmədiyim qızılı rəng!.. Günəş kimi parlaq qızılı… qovdu artıq ürəyimdəki bozumtulluğu… Qızıla bürünüb indi yer üzü mənimçün… ən çox sevdiyim rəng olub qızılı. Çünki sən qızılı rəngə bürünüb gəldin!..

Son vaxtlar uşaq olmaq istəyirəm… Sənin içindəki uşaqla oynayacaq mənim uşağım… Yalansız və məsum uşaq! Qumdan qala düzəldəcək,.. səni də içində gizlədəcək!.. Sonra qalanı dağıdacaq, səni xilas edəcək, qəhrəman olacaq mənim uşağım!.. Qorxma, sənin içindəki uşağa heç kim heç nə edə bilməyəcək!.. Çünki sən o uşaqla varsan, o uşaqla gəldin! Yox idim elə bil, sən gəldin!.. Bir toxunuşunla, bir öpüşünlə, gətirdiyin o uşaqla varlığımı bildim!.. Sən gəldin; mən oldum, eşqə düşdüm… Sən gəldin… Yaxşı ki, geciksən də gəldin!..

Eşq havası…

Dəli bir eşq havası var başımda… Elə hey dolanır öz-özünə. Dərdimi danışmağa adam tapmıram. Dolub durmuşam. Sonsuz səssizlik, ardınca çaxan şimşək və birdən, ümidlərim yağdı üstümə yağış əvəzi… Tənhalıqdan üşənən bədənimi islatdı. Süzüldü damcı-damcı başımdan ayağımadək. Acıqca susdum bu gecə… Buludlar qızışdılar, coşdular, hirslərini çıxdılar mənim səssizliyimdən. Şimşək yenə çaxdı tükürpədici səslə. Qorxutdu… Göy qübbəsi əvvəl qızardı, sonra bənövşəyi oldu, daha sonra qapqara qaraldı. Gözlərinin qarası düşdü yadıma. Baxışlarındakı hikkəni gördüm o gecə qaralan göyüzündə. Birdən yenə yağış yağdı üstümə. İslatdı məni təpədən dırnağadək… Sığınmağa daldanacaq axtardım. Yox idin! Tək-tənha yaşamağa məhkum edildiyimi anladım bu gecə. Göydən əllərimə düşən yağış damcılarınını azadlığa çıxarmaq ümidi ilə dənizə səpdim. Damcılar böyüdü, böyüdü və ovuclayıb dənizə səpdiyim su özü dəniz oldu. Sonra dəniz böyüdü, böyüdü okean oldu… Okeanlar kimi keçilməz, dağlar kimi aşılmaz və qırılıb parçalanan qəlbimin yarası sağalmaz… Çünki sən yoxsan! Boşalan buludların arxasınca aydınlaşan səma və bomboş sonsuzluq… Tələsik son ümidlərimi səpdim çılpaq göy üzünə… Qoy, onlar da azadlığa çıxsın düşüncəsiylə… Səndən mənə qalan sonuncu xatirəmi də ürəyimdən çıxardıb, atdım… Azadam indi mən də… Bəs deyirdilər, ölüm tək yaşanır, eşq iki nəfərlikdi? Mən niyə görmürəm o iki nəfərlik eşqi? Başımda dolanır elə hey eşq havası… Amma sən hələ də yoxsan!

Sevgi nədir?!

Məndən soruşursan, sevgi nədir?! Deyim ki, ən böyük dərddir, sevgi… Sevgi, gecələri səhərədək gözləməkdir! Sevgi, ən zəif nöqtəmiz, ən güclü yerimizdir! Deyim ki, sevgi, qəbul edə bilmə gücünü hiss etməkdir! Sevgi, səbrdir! Hər toxunuşda ayaqdan başa qədər barmaqların xoşbəxt səyahətidir! Sevgi, səni sevirəm demədən sevməkdir! Gəl, sevişək demədən sevişməkdir! Sevgi, qarşındakını hiss etmək və baxışlarından nə dediyini duymaqdır! Sevgi, qorumaqdır, məsuliyyətdir, incəlikdir! Sevgi, şəhvətdir! Sevgilinin necə biri olduğunu bütün çılpaqlığıyla görməkdir! Acı həqiqətdir! Sevgi, saatın neçə olduğunu bilə-bilə heç kimi və heç nəyi vecə almamaqdır! Sevgi, tanıdığımızı hesab etdiyimiz insanda hər görüşdə yeni xasiyyətlər kəşf etməkdir! Hər səhər yataqda gözümüzü açdığımızda, yuxuda gördüyümüzün yanımızda olması sevgi deməkdir! Xəyalların gerçəkliyə çevrilməsi və böyük bir yataqda bir-birimizə qısılaraq yuxuya getməkdir! Sevgi, yaxınlıqdır, etibardır! Sağollaşdıqdan sonra yenidən salamlaşarkən bəxtəvər olmaqdır! Sevgi taledir, tələdir! Hər dəfə pəncərədən bayıra baxdığımızda, insanların üzündə kiminlə olduğunu xatırlamaqdır! Sevgi, düşüncədir! Cənnətlə cəhənnəmin arasında fasiləsiz hərəkət edən bir ömürlük qatardır! Sevgi, iki tənha insanın bir-birinə toxunmağı, bir-birini qoruması və səni sevirəm deməsidir! Sevgi, dərsdir!

Redaksiyadan:
Elxan Xanəlizadənin Sizə təqdim etdiyimiz bu esseləri “disput” forumunda ən çox oxunan (100 minə yaxın) yazılardan seçilib. Bəziləri “abzas” və “inradio” saytlarında dərc olunduqdan sonra gənclərin əyləncə saytları tərəfindən müəllifin icazəsi olmadan imzasız yayınlanıb. Bu fakt da sübut edir ki, Azərbaycanda müəllif hüquqlarına hörmət olunmur.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button