Məşhur basketbolçu Ərdoğanın müşaviri oldu
Türkiyənin milli basketbolçusu, 15 il Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur NBA komandasının oyunçusu olmuş Hidayət Türkoğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri təyin olunub.
Xural.com ANS-ə istinadən xəbər verir ki, federasiya prezidenti olduğu üçün əmək haqqı almayan, sadəcə bu quruma aid xidməti avtomobildən və kabinetdən istifadə edən Hidayət Türkoğlu prezidentin müşaviri vəzifəsinə görə 60 min lirə (33 810 AZN) maaş alacaq. Həmçinin keçmiş idmançı bu vəzifəyə aid xidməti avtomobil və cangüdənlə də təmin olunacaq.
Xatırladaq ki, Türkiyənin “Efes pilsen” komandasındakı 5 illik karyerasından sonra 2000-ci ildə Amerikanın NBA komandasına transfer olan Hidayət Türkoğlu “Sacramento Kings”, “San Antonio Spurs”, “Orlando Magic”, “Toronto Raptors”, “Phoenix Suns” ve “Los Angeles Clippers” komandalarının da formalarını geyinib. Hidayətoğlu “A” Milli Türkiyə yığması ilə 2001-ci ildə Avropa, 2010-cu ildə isə dünya ikincisi olub.