“Mətbu qəssab” Vüqar Səfərlinin məhkəmə prosesi başlayır

Adı mətbuata ayrılan dövlət vəsaitinin mənimsənilməsində hallandırılan KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin məhkəmə prosesi başlayır.

İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində artıq ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digər təqsirləndirilən şəxslərin işi üzrə hazırlıq iclası təyin edilib.

Proses hakim Azər Paşayevin sədrliyilə keçiriləcək.

Fondun əməkdaşlarının qanunsuz hərəkətlərilə bağlı iş üzrə ilkin istintaq baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb.

İstintaqın məlumatına görə, Səfərli Binyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Təhminə Yaqubova, Valeh Orucov, Şahin İbrahimov və Namiq Hacıyevlə əlbir olub, dövlət vəsaitlərini mənimsəyib, işlərin həcmini şişirdib və beləliklə, 18 milyon 500 min manatı oğurlayıblar.

Onlar vəzifə saxtakarlığı, sənədlərin saxtalaşdırılması, eləcə də cinayət yolu ilə əldə edilmiş 5,7 milyon manat vəsaitin leqallaşdırılmasında təqsirli bilinirlər.

Fiqurantlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələrlə ittihamlar irəli sürülüb.

Səfərli həbsdə, digər fiqurantlar isə polis nəzarəti altındadır.

İş üzrə zərərçəkənlərdən biri kimi Fondun bazasında yaradılmış Medianın İnkişafı Agentliyi tanınıb.

Səfərli prezidentin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə Fondun icraçı direktoru vəzifəsindən azad edilib. Yanvarın 14-də həbs edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button