Media-icmal

Transmilli qaz layihələrinin reallaşdırılması, neft qyimətinin büdcə tərtibinə təsiri, istehlak bazarında qiymət bahalanması, Azərbaycanın turizm problemləri bugünkü mediadan (11 iyul, 2017-ci il) seçmələrdir.

Avropaya axacaq yeganə qaz mənbəyi

“Azərbaycan” qəzetində “Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək” sərlövhəli məqalədə bu transmilli layihənin reallaşdırılmağa nə qədər yaxın olduğu dəyərləndirilir. (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=125865) .

Müəllif adı çəkilən layihə çərçivəsində görülmüş işləri dövlət başçısı İlham Əliyevin İstanbulda 22-ci Dünya Neft Konqresindəki çıxışına istinadən təqdim edir: “Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu layihə 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır, orada “Şahdəniz-2″ layihəsinin icrası artıq 93 faizə çatıb, yaxın aylarda tam başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəməridir. Orada da işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü və ən əsas hissə TANAP qaz kəməridir. Burada da tamamlanma səviyyəsi 77 faizdir və biz gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP – Trans-Adriatik kəməridir. Burada da icra 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, onun böyük hissəsi artıq qoyulubdur”.

Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetrdir olduğunu, qarşıdakı 10 illiklər ərzində həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyə biləcəyini söyləyib.

Müəllif vurğulayır ki, dövlət başçısı hazırda bu layihənin icrasında yeddi ölkənin iştirakçı olduğunu, gələcəkdə daha üç Balkan ölkəsinin layihəyə qoşula biləcəyini bəyan edib: “Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər”.

Yazı müəllifi deyir ki, prezident İ.Əliyev layihə çərçivəsində gözəl əməkdaşlıq formatının qurulduğunu, bütün istehlakçıların ortaq maraqlar əsasında çalışdıqlarını və bu maraqların layihənin uğurlu icrasına gətirib çıxardığını nəzərə çatdırır: “Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir”.

Dövlət başçısı bu gün qaz amilini dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərt kimi dəyərləndirib və Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verdiyini və Azərbaycan qazının Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyi olduğunu söyləyib və bu qaz ehtiyatlarının yeni xətlə Avropa bazarlarına çıxarılacağını bildirib.

Aşağı neft qiyməti və büdcə təsnifatı

“Exo” qəzeti “Azərbaycan yüksək neft qiymətini büdcəyə daxil edəcəkmi?” sərlövhəli (http://ru.echo.az/?p=60770) məqalədə hazırkı neft qiymətləri və bunun büdcə tərtibatına təsiri məsələsini ekspert Fuad Əlizadə ilə araşdırır.

“Azərbaycan hökuməti özünü sığortalayaraq hətta neftin qiyməti 60 dollar olsa belə bunu büdcəyə daxil etməyəcək və neft qiymətlərinin kəskin dövrü dəyişkənlik düzəlişlərinə məruz qalmamaq üçün bu addımı atacaq. 40 dollar neftin o qiymətidir ki, hətta bu dəyərdə dəyişkənliklər olsa belə, ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək mümkündür”. Durumu qəzetə ekspert belə şərh edir.

F.Əlizadə deyir ki, neftin dəyərinin yaxın zamanda 40 dollardan aşağı düşə bilməsi az inandırıcıdır, çünki dünya enerji bazarında sabitləşmə gedir, neftin qiyməti 45-55 dollar arasında dövr edəcək.

F.Əlizadə hesab edir ki, hətta neftin qiyməti 40 dollardan aşağı ensə də Azərbaycan 2017-ci il üçün dövlət büdcəsinə yenidən baxmayacaq.

Ekspert deyir ki, 2018-ci il Azərbaycan dövlət büdcəsində neftin qiyməti 40 dollar həddində müəyyən ediləcək: “Hətta neftin qiyməti 40 dollardan aşağı düşsə də bu il büdcəyə yenidən baxılmayacaq, hökumət qeyri-neft sektorunun inkişafına əsas hədəf götürəcək, odur ki, indiki aşağı neft qiymətində belə, ölkə müəyyən zaman davam gətirə biləcək. Amma yaxın zamanlarda neftin 40 dollardan aşağı düşə biləcəyi real görünmür”.

Müəllif bu yaxınlarda 2017-ci il büdcəsinə yenidən baxışla bağlı deyir ki, bu baxışdan sonra büdcə gəlirləri 16,766 milyard manat, xərclər isə 17,941 milyard manat səviyyəsində müəyyən edilib. Dövlət büdcəsinin kəsiri 1,175 milyard manat səviyyəsində müəyyənləşdirilib: “Azərbaycanın gələn ilki büdcəsinə gəlincə, yenə də neftin qiyməti 40 dollar proqnozu əsasında 2017-ci il büdcəsi kimi tərtib olunacaq”.

F.Əlizadə vurğulayır ki, hətta bu ilin sonuna neftin qiyməti maksimal həddə, indiki zamanda bu 60 dollar deməkdir, yüksəlsə belə, Azərbaycan hökuməti həm sığortalanmaq, həm də büdcəni neft qiymətlərindəki dəyişkənliklərdən qoruya bilmək üçün bu yüksək qiyməti büdcə əsasına daxil etməyəcək.

Ekspertə görə, ölkənin gəlirləri hökumət proqnozlarını üstələdiyi halda onların tətbiqi üçün dövlət daim yer tapa biləcək.

Bahalanan qiymətlər və inhisarçılar sövdələşməsi

“Novoye Vermya” qəzeti “İstehlak bazarı çalxalanmaqda davam edir?” (http://www.novoye-vremya.com/w98048/…/#.WWO7HYiLTIU) sərlövhəli məqalədə müəllif qiymət artımını müzakirə edir.

Müəllif xatırladır ki, bu günlərdə dəmir yollarında gediş qiymətləri artıb və həm də hesab edir ki, bu artım süni baş verir, bununla bağlı ortaya hər hansı əsaslandırma qoyulmur.

Daha sonra müəllif artıq ətin də qiymətində bahalanmanın olduğunu bildirir: “Azərbaycanda ətin qiyməti bahalanıb, buna səbəb kimi yemin bahalanması və iribuynizlu mal-qaranın sayının azalması göstərilir. Hazırda mal əti bazarda 12 manata (bir ay öncə bu 10,5 manat idi), qoyun əti 12,5 manat (bir ay öncə11 manat idi) olub”.

Müəllif vurğulayır ki, indiyə qədər də ucuz olmayan zəruri olan qida məhsullarının qiyməti artır və bu bahalanma 2,5 manat təşkil edir, həm də bahalanma ilə bağlı yemin bahalanmasını, mal-qaranın sayının azalmasını bəhanə adlandırır.

Yazı müəllifi deyir ki, nəticədə bu bahalanmadan istehlakçılar əziyyət çəkirlər, görünür, bu məsələ heç kəsi maraqlandırmır və sıravi vətəndaş mal və ya qoyun əti almağı özünə rəva bilirdisə, artıq bunu da edə bilməyəcək.

Məqalədə məmurların qiymətlərlə bağlı satış nöqtələrinə reydləri də mənasız sayılır və qiymətlərin bahalandığı yada salınır.

Müəllif bildirir ki, ətin bahalanması, həm də ət məhsullarının bahalanması deməkdir, amma bunun üçün əsas yoxdur və bu bahalanmanın səbəbini öz düşüncəsinə görə belə təqdim edir: “Amma nəzarətçi orqanların məsuliyyətsizliyi, istehsalçı firmaların, ticarətçilərin, əlbəttə, inhisarçıların özbaşınalığı üzdədir. Başqa sözlə, söhbət kiminsə nəzarətində olan süni qiymət artımından gedir, bu, daha çox istehlak bazarındakı inhisarçıların sövdələşməsinə bənzəyir, çünki qiymət bahalanması eyni vaxtda bir neçə ərzaq və qida məhsulları üzrə baş verir”.

Müəllifə görə, bahalanma çaxnaşmasının yay mövsümündə baş verməsi də düşündürücüdür, bu, daha çox inhisarçıların və işbazların ölkədə inflyasiyanı qaldırması deməkdir.

Məqalə müəllifi bu məqamda da maraqlı bir nöqtəyə toxunaraq deyir ki, deməli, dollara nisbətdə manatın məzənnəsini sabit saxlamaq çətindir, yüksək inflyasiya manatı dəyərsiz edir, əhalinin gəlirləri azalır, yüksək inflyasiya olan yerdə iqtisadi durumu yaxşılaşdırmaq mümkün deyil, bundan sonra da qiymət artımı olsa bu, artıq hiperinflyasiya deməkdir.

Eyni pula: Bakıda bir həftə, Türkiyədə bir ay

“Bizim yol” qəzeti “Azərbaycanda 1 həftə dincəlmək üçün xərclənən pula Türkiyədə 1 ay istirahət etmək olar” sərlövhəli məqalədə Azərbaycandakı turizm

(http://www.bizimyol.info/az/news/8034.html) qiymətlərini Türkiyədəki qiymətlərlə müqayisəyə gətirir.

Yazıda son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafında turizmin prioritet sahə kimi önə çəkildiyi, müxtəlif layihələr həyata keçirildiyi, amma bununla belə bu sahədə problemlərin qalmaqda olduğu vurğulanır.

Müəllif Azərbaycanda turizm sektorundakı mövcud çətinliklərin yaranma səbəbləri və bu boşluqların aradan qaldırılması yollarını öyrənmək üçün Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlunun düşüncələrinə yer verir.

İ.Nəbioğlu deyir ki, xarici turistlərin çoxu Azərbaycanın xəritədə yerini belə bilmir, Azərbaycanın özünü tanıtmasını önə çəkir: “Azərbaycana gələn türk turist xidmət qarşılığında qiymətlərin astronomik olduğunu görür və 2-ci dəfə gəlməyəcəyini anlayır, türklər və ya digər ölkələrdən gələn turistlər qiymətlərə baxdıqda görürlər ki, Azərbaycanda 1 həftə dincəlmək və gəzmək üçün xərclənən pula Türkiyədə 1 ay istirahət etmək olar”.

İ.Nəbioğlu deyir ki, daha bir problem Azərbaycanda xidmət servisinin aşağı olmasıdır, bu sahə Türkiyə ilə müqayisədə çox aşağıdır və hətta Avropa ölkələri içərisində də Türkiyə xidmət sahəsinə görə barmaqla göstərilən ölkələrdən biridir.

Daha bir problem yemək çeşidlərinin azlığıdır: “Turist səhər, günorta və axşam kabab yeyəcəksə, bu, artıq turizm deyil, odur ki, biz Avropaya, Türkiyəyə uyğunlaşmalı, onların mütərəqqi tərəflərini mənimsəmək üçün öz kadrlarımızı yetişdirməliyik”.

İ.Nəbioğlu xaricdə ixtisaslaşan çox sayda azərbaycanlı tələbələrin olduğunu, amma Azərbaycan turizmində 500-700 manat maaşla işləmək istəmədiklərini, təhsil aldıqları ölkələrdə daha yüksək maaşa qalıb çalışmağa cəhd etdiklərini deyir.

Keçmiş diplomat Azərbaycana turist kimi gələnlərin əksəriyyətinin iranlılar və ərəblər olduğunu, avropalıların gözə dəymədiklərini deyir və buna səbəb kimi turistlərə qeyri-adi təkliflərin olmadığını, ölkənin hər tərəfində turizm cəlbediciliyinin olmadığını göstərir: “Bir gün Bakıda dolaşmaqla paytaxtın tamamını gəzib, bitirmək olar, ona görə, bölgə turizminin üzərində də çox işləməliyik”.

İ.Nəbioğluna görə, təbliğata gəlincə, turizmin təbliği tək reklamla həll ediləcək məsələ deyil: “Turizmdə davamlılıq çox önəmlidir. 30 ildir Türkiyədə yaşayıram, açığını deyim, əlimə imkan düşəndə Antalyaya gedirəm. Lakin görəsən, Bakıya 30 dəfə gələn turist varmı? Turistləri nə iləsə bağlamaq lazımdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button