Milli Şura üzvünün övladı məhkum edildi

oqtayg

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyevlə bağlı cari ilin yanvar ayında Bakı Apellyasiya Məhkəməsində başlanan cinayət işinə dair məhkəmə prosesi sona çatıb. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmündən müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilməyib. Apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya olduğu üçün məhkəmənin qəbul etdiyi qərarla Əlgüşad Gülalıyevin məhkum edilməsi ilə bağlı Xətai rayon məhkəməsinin çıxardığı qərar hüquqi qüvvəyə minib.
Bakı Apellyasiya Məhkəməsinin son qərarına münasibət bildirən hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Apellyasiya məhkəməsi məhkəməyə təqdim edilən sübutları düzgün və obyektiv qiymətləndirməyib, ədalətli məhkəmə araşdırması aparmayıb; “Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi tərəfindən verilən çoxsaylı vəsatətləri qəbul etməyib. Məhkəmədə şahidlərin, zərərçəkənin iştirak edib onların dindirilməsi, iş materiallarına əlavə olunmuş video diskə baxış keçirilməsinə, Xətai rayon məhkəməsinin protokollarının saxta tərtib olunması ilə bağlı faktların araşdırılmasına lüzüm görməyib. Məhkəmə prosesinin qismən də olsa məhkəmə istintaqı ilə aparılmasına dair vəsatəti qəbul etməyib və istintaq olmadan məhkəmə iclasını keçirib, bununla yol verilən kobud qanun pozuntularına göz yumub.
Eyni zamanda Apellyasiya məhkəməsi şahidlərin birinci instansiya məhkəməsində verdikləri ifadənin ibtidai istintaq zamanı verdikləri ifadəyə münasibətdə ziddiyyətli olması ilə bağlı bildirib ki, qeyd edilən şəxslərin məhkum Əlgüşad Gülalıyevin sinif yoldaşları olması faktı əsas verir ki, məhkəmə kollegiyası o fikrə gəlsin ki, sinif yoldaşları Əlgüşad Gülalıyevin cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiklərindən bu cür ifadələr vermişlər və bu baxımdan da onların ibtidai istintaq zamanı verdikləri ifadələr daha inandırıcı və əsaslı sübut kimi qəbul olunmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaq, müdafiə tərəfinin apellyasiya şikayətini rədd etmək üçün gəldiyi bu qənaətdə də ciddi yanlışlığa yol verib. Çünki iş materiallarına əlavə olunmuş video diskdə əks olunmuş görüntülər sübut edir ki, məhkəmədə ifadə verən “şahidlər” həqiqətən baş verdiyi iddia olunan hadisə zamanı orda olmayıblar. Onlardan polis bölmələrində qanuna zidd şəkildə, az yaşlı olmalarına baxmayaraq valideynlərinin iştirakı olmadan qorxu və təhdid altında ifadə alınması faktını birinci instansiya məhkəməsində iştirak edən onların valideynləri də təsdiq ediblər. Digər tərəfdən cinayət işində şahid kimi tanınan və adları keçən Hüseynov Məzahir Qüdrət oğlu, Babayev Elnur Sabir oğlu və Məmmədov Orxan Əhməd oğlu təqsirləndirilən şəxs Gülalıyev Əlgüşadla bir sinifdə oxumurlar və şahidlərin onu məhz sinif yoldaşları olduqları üçün müdafiə etməsi barədə Apellyasiya instansiyasının gəldiyi qənaət yanlış və əsassızdır.
Apellyasiya məhkəməsinin qəbul etdiyi yeganə düzgün qərar ondan ibarət olub ki, Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmündə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Gülalıyev Əlgüşada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə təyin edilən müddəlar xaric edilib. Təəssüf ki, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb və apellyasiya şikayəti təmin edilməyib.

Apellyasiya instansiyası işə mahiyyəti üzrə baxan sonuncu instansiya olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Qanunvericiliyə görə şəxs ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirirsə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın.
Əgər şəxs əməldə təqsirli olmadığını bildirirsə və buna dair arqumentlər irəli sürürsə apellyasiya məhkəməsinin vəzifəsidir ki, həmin halları araşdırsın və şəxsin əsassız məhkum olunmasının qarşısını alsın. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunanların heç birini etmədi. Əlgüşadla bağlı qurama cinayət işinə xitam verilməsi və onun bəraət alması ilə bağlı hüquqi müstəvidə mübarizəmizi Ali Məhkəmədə davam etdirəcəyik”.

Bakı Apellyasiya Məhkəməsinin qərarından müdafiə tərəfi Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti verib.
Xatırladaq ki, Əlgüşad Gülalıyev özü 2013- cü ilin sentybarında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə Ə. Gülalıyevin özünə cinayət işi qaldırıb və onun haqqında təqsirləndirilən şəxs qismində qəti- imkan tədbiri seçilib. Cinayət İşinin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər üzrə İstintaq şöbəsi aparıb. Əlgüşad Gülalıyev Mill Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladıdır. Atası, keçmiş siyasi məhbus O. Gülalıyev Sabirabad rayon məhkəməsinin 13 iyun 2012- ci il tarixli hökmü ilə polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib. Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışı yasaqdır

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button