Mirvari Qəhrəmanlı: “SOCAR onkoloji xəstəlikdən əziyyət çəkən neftçiyə yardımı gecikdirir”

Yayımlandı: 26 Mart 2024 10:03

Yanvar ayından yardım üçün SOCAR-a müraciət edib, bütün sənədlər təqdim edilib”

Birinci Qarabağ müharibəsi iştirakçısı, uzun illərdir neft sahəsində çalışan Elnur Bayramov onkoloji xəstəlikdən əziyyət çəkir. Maddi imkanı olmadığından dərmanlarını, xüsusilə ağrıkəsiciləri ala bilməyən neftçi SOCAR rəhbərliyinə yardım üçün müraciət edib. Lakin yanvar ayından indiyədək şirkət neftçiyə maddi köməklik etməyib.

Bu barədə Meydan TV-yə E.Bayramovun yaxınları məlumat verib. Bildirilib ki, Elnur Bayramov Murov istiqamətində gedən döyüşlərdə əsir düşüb. Bir müddət erməni əsirliyində qalan Bayramov ağır işğəncələr görüb. 1995-ci ilin mayında əsirlikdən azad edilən bir qrup şəxslə birgə geri qaytarılıb.

SOCAR. Mənbə: “aze.media”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, xərçəng xəstəsi olan neftçi həkimin təyin etdiyi dərmanları almaqda çətinlik çəkir. Onun maddi vəziyyəti olduqca aşağıdır.

“Elnur Bayramov ağrıkəsici olmadan yaşaya bilmir. Yanvar ayından yardım üçün SOCAR-a müraciət edib, bütün sənədlər təqdim edilib. Lakin bürokratik əngəllər səbəbindən yardım gecikdirilir”,- hüquq müdafiəçisi söyləyib. Bildirib ki, hər keçən gün Elnurun əleyhinə işləyir, şirkətin bu sahəyə cavabdeh olan əməkdaşı isə hər ay növbəti ayı gözləməyi tövsiyə edir:

Mirvari Qəhrəmanlı. Foto: Gülzar Məmmədli

“Elnur Bayramov əsirlikdə gördüyü işgəncələrdən sonra müxtəlif xəstəliklərdən əziyyət çəkib. Hazırda isə boğazında xərçəng var. Saysız sənəd istəyiblər, hamısını hazır eləmişik. Elnur danışmaqda da çətinlik çəkir. Evdə tək özü çalışır, Qarabağ müharibəsi veteranı kimi aldığı təqaüd və maaş həm ailəsini dolandırmağa, həm də müalicəsinə yetmir. Onkoloji xəstəliklər tibbi sığortaya daxil deyil, bu sahədəki vəziyyəti hamı bilir”.

SOCAR-dan sualları yazılı göndərilməsini istəsələr də, cavab verilməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button