Moskvadan atasının dəfninə gələn fəalın yas mərasimindən maskalıların apardığı bildirilir

Yayımlandı: 18 Aprel 2024 13:30

Son dəyişiklik: 18 Aprel 2024 15:11

Yaxınları Elşən Kərimovun işgəncə altında olmasından narahatdırlar

Moskvada yaşayan azərbaycanlı ictimai fəal, bu günlərdə atasının dəfnində iştirak etmək üçün ölkəyə gələn Elşən Kərimovun saxlandığı bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, Elşən Kərimovu Yevlaxın Rüstəmli kəndində atasının yas mərasimindən mülki geyimli, maskalı şəxslər aparıblar.

Onların sözlərinə görə, hadisə aprelin 17-də baş verib:

“Heç hara aparıldığı barədə də bizə heç bir məlumat vermirlər. Bakıya gətiriblər, amma bilmirik ki, konkret hara. Ya “Bandotdel” olacaq, ya da DTX. Hər yeri axtarmışıq, heç bir məlumat yoxdur. Onun işgəncə altında olmasından çox narahatıq”.

Yaxınları vurğulayıb ki, Elşən Kərimovun saxlanması üçün heç bir səbəb yoxdur.

Bu üzdən onun ictimai fəaliyyətinə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı və siyasi məhbus ailələrinə dəstək olduğuna görə cəzalandırıldığını ehtimal edirlər.

1975-ci il təvəllüdlü Elşən Kərimov uzun müddətdir ki, Moskvada yaşayır. Orada kiçik ticarətlə məşğul olan ictimai fəalın Rusiya vətəndaşı olduğu bildirilir.

“Yas məclisini yola verib, Moskvaya qayıdacaqdı. Birincisi, bu adam heç bir cinayət törətməyib. İkincisi, adamı atasının yasından götürüb aparmaq heç bir çərçivəyə sığmır. Başqa vaxt milli-mənəvi dəyərlərdən danışırlar”, – yaxınları əlavə edib.

Elşən Kərimovun atasının yas mərasimindən aparılması, onun harada saxlanması barədə hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button