MTN-nin müxalifətdəki agentlərinə verdiyi aylıq pulların məbləği-AÇIQLANDI

Hazırda həbsdə olan və məhkəmə prosesi davam edən MTN generalı Elçin Quliyev və müavini, polkovnik Azər Mehdiyevin ittiham olunduqları epizodlardan biri də dövlət büdcəsindən 7,7 milyon manat pulun mənimsənilməsidir. Keçmiş MTN-çilər isə bu pulların agentlərə mükafat kimi verildiyini bildiriblər. 
Həmin zaman E.Quliyevin rəhbərlik etdiyi Anti-Terror Mərkəzində yüksək vəzifə tutan polkovnik M.A istintaqa ifadəsində agentlər və onlara ödənilən pulların məbləği haqda geniş danışıb.
Polkovnik bildirib ki, 2011-ci ildə “Şimal küləyi” adlı əks-kəşfiyyat əməliyyatları işi ATM-nin rəis müavini İlqar Əliyevin qərarı əsasında rəis Elçin Quliyevlə razılaşdırılmaqla və nazir Eldar Mahmudov tərəfindən təsdiq olunaraq açılıb: “Əməliyyat işinin məqsədi xarici xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökümət təşkilatları, beynəlxalq donor təşkilatlar və digər radikal qüvvələr vasitəsilə dövlətçiliyimizə yönələ biləcək mümkün pozuculuq fəaliyyətinin aşkarlanması, qabaqlayıcı məlumatların əldə edilərək onlara qarşı əməliyyat oyunlarının keçirilməsi, bununla dövlətin konstitusiya quruluşu əleyhinə yönələn fəaliyyətin qarşısının alınması idi. Əməliyyat işi İlqar Əliyevin icraatında olsa da, sənədlər məndə olurdu və yazışmaları mən həyata keçirirdim. Əməliyyat işi çərçivəsində əməliyyat tədbirlərinə sərf edilmək üçün Elçin Quliyevin hər aylıq raportu nazir tərəfindən təsdiq edilməklə bir mənbəyə ayda 50 min dollar, digərinə isə 59 min – 63 min manat məbləğində pul vəsaiti ayrılırdı.
Pulları müvafiq sənədləşmə işləri aparıldıqdan sonra qəbzlə kassadan götürüb İlqar Əliyevə verirdim. O da bu barədə Elçin Quliyevə məruzə edirdi. Bir gün sonra İlqar Əliyev məni otağına çağırıb 8 zərfə bölüşdürülmüş və hər zərfdə üstünə çatmalı olduğu əməliyyat mənbəyinin şərti adı yazılmış pulları mənə verirdi. Həmin mənbələrlə ayrı-ayrılıqda görüşüb zərfləri qəbz almadan özlərinə təqdim edirdim. Elçin Quliyevin raportunda 1 mənbə qeyd edilsə də, pulları 8 şəxsə verirdim. Mənbələrə verilən pullar mənim kassadan götürüb İlqar Əliyevə verdiyim pulların heç yarısı qədər olmurdu. Hər zərfdə təxminən 2 min dollar olurdu, heç bir zərfdə manat olduğunu görməmişəm. Qalan pulları İlqar Əliyev özündə salxayırdı”
MTN polkovniki deyib ki, 8 nəfərdən başqa Elçin Quliyevin özünün də 2 mənbəsi olub: “Bir neçə dəfə həmin mənbələrdən birinə idarə başqa əməkdaşı vasitəsilə zərfdə pul göndərdiyinin şahidi olmuşam. Amma pulun məbləğindən məlumatım olmayıb. İlqar Əliyevin dediklərindən mənə məlumdur ki, qalan 30 min dollar və 59 min-63 min manatı Elçin Quliyev nazir Eldar Mahmudova verirdi. Təkcə 2013-cü ilin dekabr ayı ərzində 1012 raportla 1 milyon manatdan çox pul götürüb İlqar Əliyevə vermişəm. Həmin pulun 200 min manatı xırda əskinaslar idi. Elçin Quliyev o pulların 100-lük və 50-lik əskinaslarla dəyişdirilməsi üçün “TuranBank”a tapşırıq verdi. Pullar dəyişdirildikdən sonra Elçin Quliyevin göstərişi ilə həmin vəsaiti idman çantasına qoyub nazirin köməkçisi Vüqar Mahmudova şəxsən verdim”.
M.A bildirib ki, “Şimal küləyi” işi 2013-2014-cü illərdə intensiv davam edirdi, lakin 2014-cü ilin dekabr ayında sabiq nazir Eldar Mahmudovun göstərişi ilə İlqar Əliyev və Elçin Quliyevlə razılaşdırılmaqla, E.Mahmudov tərəfindən təsdiq olunmuş qərara əsasən təxminən 23-24 cilddə olan bütün materiallar yandırılmaqla məhv edilib: “MTN üzrə qüvvədə olan müvafiq Təlimata əsasən eks-kəşfiyyat əməliyyatları işlərinin məhv edilməsinə yol verilmirdi”.
MTN polkovniki şəxsən görüşüb mükafat verdiyi, həmçinin özünün əlaqəsində olan bir neçə agentin kimliyini, onlara ödənilən qonorarın məbləğini açıqlasa da, təhlükəsizlik baxımından onları yayımlamırıq. (azxeber.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button