MÜSAVAT RUSİYA İLƏ TƏMAS YARATMAĞA ÇALIŞIR!

Etimad İsmayılovdan Putinin dostuna və Müsavata qarşı şok ittihamlar:

 Etimad İsmayılov: «Adam öz atası ilə öyünər, Putinlə yox!»

 Elton Məmmədov prezident İlham Əliyevin göstərişi ilə mənə kömək etdi!..

 Rusiyanın inzibati strukturlarının əli ilə zor gücünə kiminsə beş manatını, biznesini əlindən alır deyə, İlham Rəhimova hörmət eləməliyəm?

 Etimad İsmayılov illərdir Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşadı. Bu haqda həm dövri mətbuat zaman-zaman yazıb, həm də «Xural» ciddi araşdırma yazıları dərc etdi. Bu yazılar həm də qalmaqal yaratdı və özünü cəmiyyətə «Putinin dostu» kimi sırıyan iş adamı İlham Rəhimovun üzərimizə yeriməsinə səbəb oldu. «Haqq nazilər, amma üzülməz» deyiblər. Etimad İsmayılovun məsələsində də elə oldu. Azərbaycanın bu mərd, ləyaqətli və cəsarətli oğlu Rusiyanın dəmir qazamatlarında dəmir generalların qarşısında sınmadı və indi çox şükür, aramızdadır.

Etimad İsmayılovun savaşını həm də özümüzün savaşımız elan etmişdik. Onun azadlığa çıxacağı günə qədər bu savaşı aparacağımıza söz vermişdik. Biz də sözümüzü tutduq, şükür, Etimad İsmaylıov da sözünü tutdu. Bu savaşdan o qalib çıxdısa, deməli, biz də qalib çıxdıq. Amma nədirsə, burada məkr, hiylə, qara niyyət qazanmadı. Bizi utanıb-qızarmadan ermənilərlə müqayisə edənlər qazanmadı. Biz qazandıq… Azərbaycan gəncliyi qazandı

Etimad İsmayılovun müsahibəsi yeri-göyü bir-birinə qatacaq. Ona görə ki, Etimada böyük haqsızlıq olunub

Qonağımız Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun oğlu, illərdir Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşayan Etimad İsmayılovdur

Əvvəli ötən sayımıza

 

– Azərbaycanda bu məsələyə baxış bir qədər fərqli idi. Çünki sənin həbsinə güclü etiraz vardı. Hətta parlamentin bəzi deputatları yazılı şəkildə Rusiya dövlətinə müraciət də etdilər. Dövlətlərarası münasibətlər səviyyəsinə qədər bu məsələ müzakirə olundu. Siz bu müdafiəni yetərincə hesab etdinmi?

– Bu illər ərzində mənim taleyim haqqında düşünən, həbsimi gündəmdə saxlayan, mənə görə əlinə qələm alıb, müdafiəm üçün yazı yazan hər kəsə öz təşəkkürümü bildirirəm. Şübhəsiz, mən hər şeyin fərqindəyəm. Heç nə deməsəm də, nəyin necə olduğunu hər kəsdən yaxşı bilirəm. Məni müdafiə edənlərin də kimliyini bilirəm, müdafiə etmək imkanı olub, amma heç nə etməyənlərin də kimliyini. Həbsimə sevinənləri də tanıdım, həbsimdən narahatçılıq keçirən, ürəkdən yananları da gördüm. Mənə kömək edən, mənim üçün yanan o adamların boynumda haqları var. Təki, Allah onları heç kimə möhtac etməsin, ancaq bilsinlər ki, əgər onların həyatında mənim xidmətlərimə ehtiyac olarsa, hər zaman mənə güvənə bilərlər. O insanların sırasında, təbii ki, siz də birincilər sırasındasınız. Bilirəm ki, ilk gündən mənə media dəstəyini əsirgəməmisiniz…

– Bu, bizim borcumuz idi…

– Bütün jurnalistlərə, millət vəkillərinə minnətdarlığımı bildirirəm. Qəzetinizin yaratdığı imkandan istifadə edib, məxsusən, o zaman Azərbaycanın Rusiyadakı səfirliyində çalışan Hüseyn Hüseynova minnətdarlığımı bildirmək istəyirəm. Açığı, bəzilərinin münasibətindən nə qədər iyrəndimsə də, belə bir diplomatımızın olmasıyla da fəxr etdim. Ondan əvvəl yanıma səfirliyin başqa bir işçisi gəlmişdi. Bir dəfə məni «kars»dan bununla görüşmək üçün çıxarmışdılar, o, məni müdafiə etmək əvəzinə, başladı ki, bəs sənin haqqında burada belə danışırlar, elə danışırlar və s. Mən də ona dedim ki, dərhal rədd ol buradan, bir də bu tərəflərə gəlmə. Ancaq sonra Hüseyn ora gələndə gördüm ki, o, özünü necə qürurlu aparır. Halbuki fiziki göstəricilərinə görə, ondan əvvəl gələn səfirlik əməkdaşının yarısı qədər idi. Ancaq Rusiyanın məhkəmə icraçılarını, FTX əməkdaşlarını, hüquq-mühafizə orqanı işçilərini, bir sözlə, hamısını məcbur etdi ki, Azərbaycan bayrağı olan və ona aidiyyatı olan hər şeyə və hər kəsə böyük ehtiram göstərilsin. Onların hər birini məcbur etdi ki, Azərbaycan dövlətinin timsalında Azərbaycan bayrağına və vətəndaşına hörmətlə yanaşılsın.

– Yeri gəlmişkən, qaldığınız həbsxanada işgəncə faktları oldumu?

– Təbii…

– Bu, orada yatanların hamısına aid idi, yoxsa tək azərbaycanlılara?

– Hamısına…

– Dirəniş necə, göstərmək olurdu?

– Öz şəxsiyyətinə hörmətlə yanaşan hər bir insan, – imkan oldu, ya olmadı, – dirəniş göstərməlidir. Bu, bir qaydadır: millətindən və törətdiyi cinayətdən asılı olmayaraq, öz şəxsiyyətinə hörmətlə yanaşan adam ona göstərilən təzyiqin müqabilində dirəniş göstərib, oradan sağ-salamat çıxırsa, ona hörmətlə yanaşırlar. Sınırsa, artıq nə içəridə, nə çöldə ona hörmət olunmur, həyatında isə heç vaxt doldura bilməyəcəyi boşluq yaranır…

– Mən belə başa düşdüm ki, diaspora sənin həbsinlə bağlı heç bir addım atmayıb?

– Diasporanın varlığı onun təsir imkanları ilə ölçülür. Ayrı-ayrılıqda azərbaycanlılar müxtəlif imkanlara sahib olsalar da, ümumi şəkildə heç bir təsiri yoxdur. Mən bunu öz işimə görə demirəm. Hər şey göz önündədir. Burada necəyiksə – yəni bir-birimizi didməyə hazırıq, zəifi əzib, güclüyə yarınırıq, hansı mənəviyyatın, dəyərlərin sahibiyik, – eləcə də orada o cürük.

– Nə qədər bu mövzuda danışmaq istəməsən də, yenidən ona qayıdırıq. Bir neçə dəfə İlham Rəhimov mətbuatda açıqlama verdi ki, mən əlimdən gələni köməyi edirəm və edəcəyəm də. Üstəlik, bütün çıxışlarında Azərbaycan diasporasının güclənməsindəki imkanlarından, xidmətlərindən danışır. Hətta biz onun bu imkanlarını nəzərə alaraq, sənə kömək etməməsinin səbəblərini araşdırmaq istəmişdik. Ancaq o, bizi günahkar çıxardı, hətta ermənilərlə müqayisə etdi. Buna baxmayaraq, bizim üçün indi də bir sualın cavabı qaranlıqdır: nə üçün Putinin ən yaxın dostu olan bir adam şəxsi əlaqələrindən istifadə edib, öz qohumunu çətin vəziyyətdən qurtarmağa çalışmadı?

– Bu ayrı, hətta mətbuat üçün olmayan mövzunun söhbətləridir… Mən təəssüf edirəm ki, özləri ermənilərlə iş görməyi, biznes əlaqləri qurmağa can atdıqları və bunu etiraf etdikləri halda, həqiqəti deyən sizin kimi insanlara çirkab yaxıblar. Hər halda, mən düşünürəm ki, ermənilərdə belə fürsəti olsaydı – yəni onların millətindən kimsə Putinlə yaxın münasibətlərdə olsaydı, onlar Putinin adını istismar edib «nəzir» yığmaz, Bakını tutardılar. «Bizimki»nin «nailiyyəti»nin nədən ibarət olması isə ortadadır.

– Bizim üçün çox maraqlıdır, konkret olaraq İlham Rəhimovun sənə hər hansı bir köməyi dəydimi? Çünki redaksiyamıza gəlib İlham Rəhimovun xahişini edənlər, hətta bizi ona qarşı qərəzlilikdə suçlayanlar vardı və az qala, onun əvəzinə and içirdilər ki, İlham Rəhimov Etimada kömək göstərir…

– Heç ona ehtiyacım da yox idi, çünki onun sözünün çəkisi mənə bəllidir. Mən ömrü boyu ona yaxşılıq edənlərə onun münasibətini görmüşəm. Onlara necə olub, mənə də elə olub. Allahın bir qutu çayını belə, mənə çox görəndən nə kömək gözləyəcəkdim ki?

– Maraqlıdır, deməli, bizim yazdıqlarımız təsdiqlənir…

– Etsə, deyərəm edib də. Mən haqqı danan, başqasına ləkə yaxan adam deyiləm. Başqasından gizlədə bilərsən, özündən və Allahından ki yox? Mənə praktik baxımdan kömək dövlət başçımızın adından oldu. Onun tapşırığı olmadan, Azərbaycanda heç kim, heç nə edən deyildi. Bunu məndən də yaxşı bilirsiniz. Sadəcə, bunu həyata keçirmək üçün bir icra mexanizmi var. Tutaq ki, sən Əvəz Zeynallı bir baş redaktor kimi, jurnalistinə tapşırıq verirsən ki, get, İlyas İsmayılovdan bir müsahibə götür. O gəlib müsahibəni başdansovdu da götürüb gedə bilər, peşəsinə ürəklə də yanaşa bilər. O baxımdan, səfirlikdə işləyən həmin Hüseyn adlı oğlanın praktiki olaraq mənə çox köməkliyi dəydi. Onun davranışı göstərdi ki, mən ilk növbədə, Azərbaycan vətəndaşıyam. Deputatlarımız da müraciət etmişdi, ancaq biri daha çox fəallıq göstərirdi.

– Maraqlıdır, kim idi həmin deputat?

– Elton Məmmədov.

– Ziya Məmmədovun qardaşı?

– Bəli.

– Azərbaycan mətbuatında elə yazılar da var idi ki, orada sizin həbsinizi daha işgüzar və perspektivli olmağınıza bağlayırdılar. Çünki Siz Rusiyada biznes işlərinə çox uğurlu şəraitdə başlamışdınız və orada uzun müddət çalışan İlham Rəhimov da daxil olmaqla, digər iş adamları Azərbaycandan daha bir gənc, perspektivli, bacarıqlı, qabiliyyətli, özü də siyasətin içində olan bir adamın Rusiyada maliyyə baxımından uğur qazanmasına qısqanclıqla yanaşdılar və vaxtında bunun qarşısını almağa çalışdılar

– Bizim kifayət qədər bacarıqlı, qabiliyyətli iş adamlarımız var. Hansı ki, dövlətimizin rifahı naminə çox iş görə bilərlər. Ancaq çox təəssüf ki, onlar mühitin tələblərinə uyğun gəlmirlər. Üstəlik, etiraf edək ki, bizim bir millət olaraq da ciddi bir problemimiz var: içimizdən çıxan dəyərli insanlara ya qısqanclıqla yanaşırıq, ya da əvvəlcədən onu özümüzə rəqib bilirik. Halbuki ona öz dayaq nöqtəmiz kimi baxmaqla daha çox şey uda bilərik. Bu hal siyasətdə də belədir, iqtisadiyyatda da, digər sahələrdə də… Məsələn, tutaq ki, bacarığı varsa, nədən Əvəz Zeynallı çox ciddi bir mətbu holdinqin rəhbəri olmasın? Qorxurlar ki, birdən, əleyhlərinə nəsə yazar? Qoy yazsın da. Əsas odur ki, düz yazsın, başqası kimi yalan yazmasın. Əvəz Zeynallı bütün yaradıcılığı boyu, bəyəm, Etimad haqqında yaxşı şeylər yazıb? Etimada aidiyyatı olan insanların əleyhinə də yazıb. Amma Etimad darda olanda, Əvəz Zeynallı göstərdi ki, o zaman bir-birimizi qırsaq da, bu ağır günündə mən sənin yanındayam. Yəni demək istədiyim odur ki, bizdə bütün sahələr üzrə belə acınacaqlı problemlər, qüsurlar var… Ancaq ona nail olsaq ki, bacarıqlı adamlarımıza dəyər verilsin, məhz belələri tələb olunsun, onda millət kimi də inkişaf edərik. Baxın, elə bu günlərdə İran generalı bir bəyanat verəndə, Azərbaycan «siyasətçiləri» 5 günlük sükut etdilər. Halbuki onun cavabı dərhal və tutarlı şəkildə verilməliydi. Qıraq da görməliydi ki, Prezident, müxtəlif fikir ayrılıqlarımız, baxışlarımız olsa da, bizim dövlətimizin rəmzidir. Yaxşıdır, pisdir – bunun özümüzdən savayı, heç kimə dəxli olmamalıdır. Mənim dövlətim, mənim Prezidentimdir, mənim də xalqım bilər nəyi nə cür etmək lazımdır. Ancaq tutarlı cavab verən olmadı. Çünki bəzilərini sındırıblar, bəzilərini susdurublar, bəzilərini də satın alıblar. Sinəsini irəli verməyə çox az adam qalıb. O ki qaldı İlham Rəhimovla Rusiyada və ya Azərbaycanda hansısa kəsişən maraqlarımızın olmasına, biz tamamilə ayrı-ayrı amallarla yaşayırıq. Ondan fərqli olaraq, mən özümü dünən tanımamışam.

– Yəqin belə tikanlı danışıbsan deyə, səninlə münasibətləri bu cür qurub də? Deyibsən ki, atanın yubileyinə gəlməsin, o da yəqin fikirləşib ki, mən Putinin dostuyam, Ali Məhkəmənin sədri mənim sözümlə oturub-durur, Etimad mənə niyə hörmət qoymur?

– Çox üzr istəyirəm, adam öz atası ilə öyünər, Putinlə yox. Bəlkə səhv deyirəm?

– Düz deyirsən, mən öz atamla öyünürəm!..

– Mənə çox xoş gələrdi, əgər desəydilər ki, filankəs filan kişinin oğludur, Putin də onun dostudur. Bəyəm Putinin dostu olmaq brenddir ki, bu hər yerdə satılır? Ona Putinin dostu olduğu üçün hörmət eləməliyəm? Yoxsa, Rusiyanın inzibati strukturlarının əli ilə zor gücünə kiminsə beş manatını, biznesini əlindən alır deyə, ona görə hörmət eləməliyəm? Putinin dostu olub, Azərbaycan dövləti, milləti üçün indiyədək nə edib ki? Uzağı, haram yollarla pul qazanıb, Rauf Arifoğlunu maliyyələşdirib və Rusiyaya göstərib ki, Müsavat Partiyası onun təsirindədir. Başqa nə edib ki? Rəhbərlik etdiyi Federasiya acından ölür… Etimadla da onun qırğınının kökündə şəxsi amillər dayanır. Etimad başqaları kimi onun əlini öpməyib, cılız hərəkətlərinə etiraz edib, kübar davranmasını istəyib.

– Bu işlərdə özünün hardasa səhv buraxdığını sonradan bilibsənmi?

– Yox. Mənim ona qarşı heç bir səhvim olmayıb. Mənim tək Allahın qarşısında günahım olub ki, vaxtıl-vaxtında və lazımi qədər Allaha ibadət etməmişəm. Bəlkə bilməyərəkdən kiminsə haqqını tapdamışam, amma günah işlədib, haqqını əlindən almamışam.

– Artıq Azərbaycandasan. Nə kimi planların var? Partiya ilə, şəxsi həyatla bağlı hər hansı planların varmı?

– Mən vətənpərvər insanam və konyukturalarla hərəkət edən adam deyiləm. Mənim heç nəyə iddiam yoxdur, nədəsə gözüm də yoxdur. Nə vəzifə istəyirəm, nə də kiminsə beş manatında gözüm var. Aza qane olan adamam. Şükür, hər şeyim də var, Allah nəyi qismət edirsə, ona şükür edib yaşayıram. İki-üç dost-qardaşıma da dəstək olmağa qabiliyyətim çatır. Ancaq bir vətəndaş kimi, mənim həm də bir vətəndaşlıq borcum var. Mən millətimin layiqli yaşaması uğunda mübarizə aparmağı özümün vətəndaşlıq borcum sayıram. İstəyirəm ki, millətimə şərəf və ləyaqətlə yaşamaq imkanı və şərait yaradılsın. Bu mübarizə kiminlə aparılacaq, fərqi yoxdur.

– Partiya ilə bağlı planlarınız varmı?

– Əlbəttə…

– Mən sizinlə bağlı araşdırmalar apararkən, bizə məlumatlar daxil olurdu. O zaman mənə bildirdilər ki, İlham Rəhimov İlyas İsmayılovun ən yaxın adamlarını belə, min bir yolla yanından aparmağa müvəffəq olub. Yəni İlyas İsmayılovun qapısının ağzında oturan, onun köməkçisi olan, etibar etdiyi bir adamı belə nəyinsə qarşılığında – maliyyə vəsaitinin və ya başqa vədlərin qarşılığında İlyas İsmayılovun yanından aparıb…

– Birincisi, o, partiyadan heç kimi aparmayıb, apara da bilməz. Çünki partiyada olan, özünü tanıyan, o partiyanın sütununu təşkil edən adamlar o partiyaya nə İlham Rəhimova görə gəliblər, nə də ona görə partiyanı tərk etmək niyyətindədirlər. Partiyanın məramnaməsinə görə gəliblər. Həm də İlyas İsmayılov partiyanın təmsilçisi kimi, tam olaraq onları qane edir. Qane etməyəndə, qanuni yolla bir başqasını seçəcəklər. O baxımdan, məsələyə bu cür yanaşmağın tərəfində deyiləm. Ola bilsin, İlham Rəhimovun arxasınca tək-tük adamlar getsinlər, mən heç onları qınamıram da… İkinci bir tərəfdən, əgər siz o adamın siyasi fəaliyyətilə maraqlanırsınızsa, o, siyasətdə heç bir potensialı olmayan adamdır. Heç bir… Ondan sadəcə olaraq, Müsavat Partiyasında təmsil olunan bəzi isimlər öz maraqları naminə istifadə edirlər: pullarını istismar edir və ən əsası, onun vasitəsilə Ruiyanın müxtəlif orqanları ilə təmas yaratmağa və yaxud keçmiş ünsiyyətilərini bərpa etməyə çalışırlar…

– Maraqlıdır, deməli, Müsavat Partiyasından İlham Rəhimov vasitəsilə Rusiyanın müəyyən dairələrinə çıxmağa çalışırlar?

– Yaxud, özlərini xatırlatmaq istəyirlər ki, biz də varıq, bizi unutmayın…

– Bəlkə bu münasibətlər hər iki tərəfə sərfəlidir, xüsusən də İlham Rəhimova…

– Ola bilər. Yəqin, o da Rusiyada müəyyən dairələrə göstərmək istəyir ki, onun hansısa müxalifət partiyası ilə yaxın münasibətləri var. Arabir müsahibə verir, «təkliflər» irəli sürür. Özünü «siyasi xadim» kimi qələmə vermək istəyir, amma boş şeydir. Millətin yiyələri ölməyib ki, hansısa dövlətin, millətin barmağı burada olsun. Şükür Allahın varlığına, Azərbaycan bu imkanı heç kimə verməz… Partiyanı da ciddi şəkildə gücləndirmək və inkişaf etdirmək niyyətimiz var. Biz elə bir siyasi təşkilat yaratmaq istəyirik ki, həm daxildəki, həm də xaricdəki qüvvələrə göstərsin ki, bu qurum, bu təşkilat ən başlıcası, Azərbaycan dövlətinin varlığını fikirləşir və bundan yüksəkdə duran başqa heç bir iddiası və amalı yoxdur. Bizə nə kreslo lazımdır, nə deputat mandatı, nə də maddi imtiyazlar…

– Belə çıxır ki, İlham Əliyevə qarşı o qədər də aqressiv deyilsiniz?

– Mən nəyə görə Prezidentə qarşı aqressiv olmalıyam ki?

– Hələ bir az da ona qarşı isti münasibətinizi hiss etdim…

– İndiki dövrdə Azərbaycana qarş olan xarici basqıları görməmək kor olmaq deməkdir. O basqılar zamanı xarici qüvvələrin hamısı yalnız öz maraq və mənfəətlərini düşünürlər. Amma onlar unutmamalıdırlar ki, bu basqılara millət rəvac verməz. Nə olursa olsun, biz bir dövlət qurmuşuq və onun təhlükəsizliyi bizim üçün hər şeydən öndə olmalıdır… Qarabağımız separatçıların əli ilə bir dövlətin tərkibindən qoparılmağa çalışılır, əgər bu dövlətlər xoş niyyətlidirlərsə, buyursunlar, erməni separatçılarının hərəkətlərinə həqiqi qiymət versinlər. Verirlərmi? Yox. O zaman biz niyə onların maraq və mənfəətlərinə qulluq göstərərək, onlara yol açmalıyıq? Bəli, mən yenə o fikirdəyəm ki, biz dövlət başçısının yürütdüyü xarici siyasətə hər zaman dəstək durmalıyıq, xüsusilə də Qarabağ məsələsində onun yanında olmalıyıq. Daxili siyasətdə də biz dövlət başçısının nəzərdə tutduğu, hələ gerçəkləşməmiş mütərəqqi islahatlara dəstək ola bilərik. Amma əsas amalımız, Azərbaycan vətəndaşının ləyaqətli həyat yaşaması uğrunda mübarizə aparmaqdır. Kim bunun əksinə siyasət aparsa, biz ona qarşıyıq. Biz hər zaman millətimizmin və dövlətimizin yanında olacağıq.

– İlyas İsmayılov siyasətdən yorulub, yoxsa?

– İlyas İsmayılovun potensialından «Ədalət» partiyası tam olaraq öz xeyri üçün hələ istifadə etməyib.

– İlyas İsmayılov isə dostlara gileylənir ki, artıq Etimadın yaşı keçir, tələsməlidir. O da nəvə görmək arzusundadır…

– Gəlin, bunu müzakirə etməyək. Mən şəxsi həyatım haqqında danışmağı sevmirəm.

– Deyəcək sözün varmı?

– Sonda mən insanları haqqa, ədalətə dəvət edirəm. Elə bir cəmiyyət qurmalıyıq ki, hər bir vətəndaşımız Azərbaycanda doğulduğu, yaşadığı üçün fəxr etsin, qürur duysun. Mən hesab etmirəm ki, hansısa məzlum, əzilmiş, düşüncəsi və ləyaqəti olmayan bir xalqı idarə etmək asandır və şərəflidir, yox. Əksinə, bu, daha çətindir. Millətimizin bütün millətlərdən daha üstün və ləyaqətli yaşamını təmin etmək üçün çalışmalıyıq. Dövlət başçısına da qürurlu xalqın rəhbəri olmaq yazıq millətin rəhbəri olmaqdan daha çox şərəf gətirər. Çox istəyərdim ki, Qarabağ məsələsində dövlət başçısı harınlamış məmurların «məsləhətlərinə» və xarici təhdidlərə önəm verməsin. Sadəcə, onu bilsin ki, Azərbaycanın elə oğulları var, tək Qarabağı yox, İrəvanın özünü də tutarlar, heç kim də onların qarşısını ala bilməz. İnanın, bu, təbliğat deyil, həqiqətdir.

 

Hələlik son

 

Hazırladı:

XuralTAC

 

Redaksiyadan:

Müsahibədə adı keçən hörmətli tərəflərin də mövqelərini dərc etməyə hazırıq.

Əlaqəli məqalələr

Back to top button