“Nə oldu, Əhmədinejad?! Bəs deyirdin, get, Çavesin qızını al!”

Əziz Rzazadə

 

Ayətullah Xamnəinin xəstəliyi barədə möhtəkir məlumatlar, dövriyyəyə buraxılandan bəri, Müctəba Xamnəinin siyasi varisliyi barədə iddialarla yanaşı irəliləyir.

İranın Ali Rəhbəri 81 yaşı adlayıb və bu sinnə qədər varisi ola biləcək bir çox şəxs artıq dünyasını dəyişib.

Xamnəinin özü bu mövzuda heç heç vaxt danışmayıb, sələfi kimi varisi barədə vəsiyyətnamə də qələmə almayıb.

Söz düşmüşkən, İslam dövlətinin qurucusu Ayətullah Xomeyni sonradan vəsiyyətnaməsini dəyişib, varis – Ayətullah Müntəziri gözdən düşüb, ev dustaqlığına məhkum olunub.

Bəlkə də, Xamnəi də oxşar aqibətin təkrarlanmasını istəmir, mövzunu zamanın öhdəsinə buraxır.

 

Ali Rəhbəri kim seçir?

İslam Respublikasının Konstitusiyası aydın müddəalara malikdir. Əsas Qanunun 107-ci maddəsində deyilir: “…Rəhbərin təyin edilməsi Xobreqan (Ekspertlər) Şurasının öhdəsinə düşür. Şura üzvlərini isə xalq seçir”.

Xobreqan Şurası 5-ci və 109-cu maddələrdə göstərilən şərtlərə uyğun gələn bütün səlahiyyətli fəqihlər haqqında araşdırma aparır və məşvərət iclası keçirir. Əgər onlardan birinin ya fiqh sahəsində digər fəqihlərdən daha bilikli, ya siyasi-ictimai məsələlərdə digərlərindən daha məlumatlı olduğunu, ya xalqın böyük əksəriyyəti tərəfindən istənildiyini, ya da 109-cu maddədə göstərilən keyfiyyətlər baxımından digərlərindən seçildiyini müəyyənləşdirsələr, onu Rəhbər təyin edirlər.

Qeyd olunan üstünlüklər olmadıqda, səlahiyyətli fəqihlərdən birini Rəhbər seçib təqdim edirlər. Xobreqan Şurasının seçdiyi Rəhbər idarəçilik və ondan irəli gələn məsuliyyətləri daşıyır.

Qanun qarşısında Rəhbər ölkənin digər fərdləri ilə bərabər hüquqludur.

 

Rəhbərin şərtləri və xüsusiyyətləri

Maddə 109:

1) Fiqhin müxtəlif bölmələrinə aid məsələlərdə fətva vermək üçün lazımi elmi səviyyəyə malik olmaq;

2) İslam ümmətinə rəhbərlik üçün lazımınca ədalətli və təqvalı olmaq;

3) Düzgün siyasi-ictimai baxışa sahib olmaq, tədbirli və şücaətli olmaq, idarəçilik bacarığına malik olmaq.

Sadalanan şərtlərə uyğun gələn fəqihlər sayca çox olduğu halda, fiqhdə və siyasətdə hamıdan daha güclü olan fəqihə üstünlük verilir.

 

Fövqəladə halın şərtləri

Maddə 111:

Rəhbər üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyi təqdirdə və ya 5-ci və 109-cu maddələrdə göstərilən keyfiyyətlərdən birini itirdikdə və yaxud əvvəlcədən bəzi keyfiyyətlərə malik olmadığı aşkar edildikdə, öz vəzifəsindən kənarlaşdırılır.

Bu məsələnin müəyyənləşdirilməsi 108-ci maddədə sözügedən Xobreqan Şurasının öhdəsinə düşür.

Rəhbər vəfat etdikdə, vəzifədən çıxdıqda və ya kənarlaşdırıldıqda, Xobreqan Şurası qısa zamanda yeni Rəhbəri təyin və təqdim etməlidir. Rəhbər təyin olunana qədər Prezident, Məhkəmə Hakimiyyəti başçısı və Məsləhət Şurası tərəfindən seçilən Nəzarət Şurasının fəqihlərindən biri daxil olmaqla, Şura yaradılır və Rəhbərin bir sıra vəzifələrini öhdəsinə götürür. Bu müddətdə Şura üzvlərindən hər hansı biri müəyyən bir səbəbə görə öz vəzifəsini yerinə yetirə bilməsə, Məsləhət Şurası tərəfindən başqa bir şəxs fəqihlərin sayca çoxluğunu qorumaq şərtilə onun yerinə təyin edilir.

Şura 110-cu maddənin 1, 3, 5 və 10-cu bəndləri və 6-cı bəndin (d), (e) və (f) hissələrində qeyd edilən vəzifələri yalnız Məsləhət Şurası üzvlərinin ¾-nün təsdiqi ilə həyata keçirə bilər.

Rəhbər xəstəlik və ya başqa bir hadisəyə görə müvəqqəti olaraq vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə Şura onun vəzifələrini öz öhdəsinə götürür.

 

Yeni dalğa

İranın gələcək lideri haqqında yeni məlumat dalğasını Küveytdə nəşr olunan “əl-Cəridə” qəzeti doğurub. Yanvarın 29-da bu KİV İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın təxminən 2 həftə əvvəl Müctəba Xamnəi ilə gizli, qeyri-rəsmi görüşü barədə məlumat dərc edib.

Qlobal medianın farsdilli komtenti dərhal təkrar dərc və şərhlərlə iddiaya qırmızı don geydirib.

Ayətullah Xamnəinin qudası və Müctəba Xamnəinin qayınatası Qulaməli Həddad Adilin evində baş tutması iddia olunan görüş “Independent Persian”-ın səhifələrinə də köç edib: “Mahmud Əhmədinejadın bir qohumu bunu təsdiqləyib”.

İddiaya başqa bir mənbə – eks-prezidentin keçmiş müşaviri Əbdülrza Davəri nə təsdiq, nə də təkzib cavabı verib.

Üstəlik: “Əhmədinejadın Məsləhət Şurasındakı rəsmi mövqeyi nəzərə alınaraq, bu cür görüşləri qəribə hesab etmirəm”.

Digər bir mənbə “Independent”-ə təxminən 3 saat davam edən görüşün “səmimi şəraitdə” olduğunu bildirib: “Əhmədinejad ölkədəki problemlər barədə fikirlərini təqdim və sanksiyalar, nüvə problemi və iqtisadi müşküllərin həll yollarını təklif edib”.

Amma əsas məsələ: “əl-Cəridə” yazıb ki, Müctəba Xamnəi atasının Əhmədinejadın, keçmişdə olduğu kimi, namizəd olmasına qarşı çıxmayacağını söyləyib. Qəzet eks-prezidentin Nəzarətçilər Şurasının üzvü Əhməd Hatəmi ilə görüşü barədə məlumat verib və bunu da eyni niyyətə bağlayıb.

Əhmədinejada yaxın olan bir mənbə “Independent”-ə Küveyt qəzetinin səhv yazdığını və Əhmədinejadın Əhməd Hatəmi ilə deyil, Nəzarətçilər Şurasının digər üzvü Məhəmməd Rza Müdərrisi Yəzdi ilə görüşdüyünü bildirib.

 

İddianın ardınca təkzib dalğası

İran mediası da mövzuya laqeyd qalmayıb. “Əl-Cəridə” və “Independent”-dən dərhal sonra bir sıra agentliklər təkzib yağışı yağıdırıb.

Eks-prezidentə yaxın şəxslərdən biri olan axund Şərifzadə “Bu görüşdən bixəbərəm, amma yalan olduğuna əminəm”, – deyib. Ali Rəhbərin Əsərlərini Qoruma və Nəşr Bürosunun üzvü Mehdi Fəzaili də atdığı tvitlə Müctəba Xamnəi ilə Mahmud Əhmədinejad arasındakı gizli görüşlə bağlı xəbərləri təkzib edib.

Xatırlatmağa dəyər ki, “Əhmədinejad yenidən hakimiyyətə gələcək, ya gəlməyəcək?” sualı eks-prezidenti daim gündəmdə saxlayır. Bu yaxınlarda o, daha 2 əməli ilə manşetlərə çıxıb: Co Baydenə yazdığı məktubda “Sizi ABŞ hökumətinin ənənəvi siyasətlərinə yenidən baxmağa çağırıram” tövsiyyəsi; İslam İnqilabının növbəti ildönümü ərəfəsində “Əgər İmam Xomeyni indi sağ olsaydı, ölkənin durumundan narazı olardı” açıqlaması…

“Comhuriye Eslami” qəzeti bugünkü sayında yazıb: “Mahmud Əhmədinejad 1400-cü (2021-ci) ildə prezidentlik üçün yeni bir təşviqat dalğasına başlayıb: ayrı-ayrı bölgələrə səyahət etmək əvəzinə, hər əyalətdən bir neçə nəfəri Tehrandakı evinin ətrafına toplaşdırır, həmin adamlar onun seçkilərə iştirakını tələb edən şüarlar səsləndirir və bu mənzərə videoya çəkilir…”

Videodan söz düşmüşkən, eks-prezidentin xeyrinə olmayan bir çarx hazırda sosial şəbəkələrdə çoxsaylı izləyici toplayıb. Bu, Madriddə insan alveri və çirkli pul yumada ittiham olunan Saşa Sübhaninin Əhmədinejada cavabıdır.

“Mən onu tanımıram” – deyən Mahmud Əhmədinejada Venesuelada səfir olmuş şəxsin oğlundan ittiham: “Necə yəni, məni xatırlamırsan?! Bəs deyirdin, get, Çavesin qızını al!”

Sübhaninin iddiasına görə, Əhmədinejad bu nikahla Venesuela prezidenti ilə əlaqəsini daha da möhkəmləndirmək istəyib.

 

Şübhəli təbliğatçılar

Müctəba Xamnəi hələ ki dinib-danışmır. Amma…

Bu yaxınlarda Müctəba Xamnəinin varisliyini müdafiə edən naməlum şəxslərin küçə dirəklərinə təbliğat afişaları yapışdırması və yoldan keçənlərə paylaması görüntüləri sosial mediada geniş müzakirə doğurub.

Naməlum təbliğatçıların Mahmud Əhmədinejad tərəfdarları olması iddiası var.

Bəlkə də atalar düz deyib, od olmazsa, tüstü çıxmaz…

 

Tərcümə “Strateq.az”-ındır

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button