Nemət Pənahlıdan yeni şeir: “Gözüm düşdü bir gözələ”

Nemət Pənahlı

 

Bu gün bir eşq məclisində gözüm düşdü bir gözələ,
Bəzənib çıxdı qarşıma gözəllərin şahı kimi!
Təsviri sığmaz romana, dastana, yüz min qəzələ,
Görənləri mat eylədi, gözəllik Allahı kimi!

 

Salıb sehirli tilsimə məclisi aldı qız ələ,
Telli saz tüğyan eylədi, qara zurna qalxdı zilə,
Huridi, mələkdi nədi, qurbanam belə gözələ,
Od kimi yandırıb, yaxıb, can verir hava, su kimi!

 

Gəldik bir anlıq üz-üzə, qaş-gözün oynatdı, getdi,
Çalıb əfi ilan kimi, min işvə-naz satdı, getdi,
Ürəyimə dağlar çəkib, anamı ağlatdı, getdi,
Süzərək öz aləmində eşqinə sadiq qu kimi!

 

Cilvələnib rəqs edərək aləmə meydan oxudu,
O Leylinin zülflərindən Məcnuna zəncir toxudu,
Nə məclisdə, nə dünyada vallah ona tay yox idi,
Sehirləmişdi hamıni, sehirbaz bir ahu kimi!

 

Xəyalımdan getmir bir an, o Tanrının şah əsəri,
Bu qənirsiz gözəllərin lap çox olur dərdi-səri,
Dəli-divanə olmuşam, heç halımdan yox xəbəri,
Zikr edilir adı pünhan, İsmi-Əzəm Ya-Hu kimi!

Ömrümün son baharında, qəlbimi al-qan eylədi,
Qanım damarda qaynadı, dərd-qəmim tüğyan eylədi,
Ağlımı başımdan alıb, hüsnünə heyran eylədi,
Sığınmışam dərgahına eşqin şahənşahi kimi,

 

Sonsuz sevgi-məhəbbətlə vəcdə gəldi könül quşu,
Möhtəşəmdi naz-qəmzəsi, canlar alır gözü, qaşı,
Od içində kösöv ağlar, quruyar qanlı göz yaşı,
Aləmi heç nə yandırmaz məcnunların ahı kimi!

 

Bu eşq bir gün eyləyəcək, bizi də rüsvayi cahan,
Eşqə düşüb, rüsvay olub, gör neçə solltan, neçə xan?!
Yandıq hicran atəşində, rəhm etmədi cana canan,
Viran qalıb dəli könül, dərvişlər dərgahı kimi!

 

Yarı tam əğyara dönüb, eşq oxu dəysə də daşa,
Hal əhlidi sərməst edib, ruhu döndərib sərxoşa,
Hüsnü camalı çox gözəl, görənlər eylər tamaşa,
Cənnət yox iki dünyada, yarın seyrangahı kimi!

 

Dəli konül pir vaxtında olub bir gözəlin qulu,
Yarına yoldaş eyləyib, seçərək ən doğru yolu,
Eşq Aşiqin qanadıdır, gərək olsun sağı, solu,
Alpərənlər bəyan eylər, saf eşqi, Pənahı kimi!

 

Yuxum ərşə çəkilibdir, bədənim çarmıxa, dara,
Tikə-tikə doğransam da onu vermərəm əğyara,
Aşiqlik suçum, günahım, qalmışam aciz, avara,
Bu qara sevdanı yazın, Nemətin günahı kimi!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button