Niyaməddin Əhmədovun aclıq aksiyasi keçirdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü Niyaməddin Əhmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Partiyadan deyilib ki, N.Əhmədov martın 15-də aksiyaya başlayıb və artıq 7 gündür ki, aclıq edir: “Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin göndərilən həmin qida əlavələri ona verilmirdi, onların qadağan olduğu deyilib. Bundan əlavə, qohumlarla görüşə problem yaradılmışdı. Hətta daxili nizam-intizam qaydalarını əks etdirən istədiyi kitabça da ona verilməyib. Niyaməddin bütün bunlara etiraz etdiyi üçün karsa (cərimə kamerasına) salınmışdı”.

AXCP-dən qeyd olunub ki, cərimə kamerasından çıxdığı gün onun başını zorla qırxıblar.

Partiyadan vurğulandığına görə, N.Əhmədov da məhz bütün bunlara etiraz olaraq aclıq aksiyasına əl atmalı olub.

Bu deyilənlərlə bağlı “Turan” Penitensiar Xidmətlə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən N.Əhmədov 2020-ci ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib. İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) – ittiham verilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əhmədovu 13 il azadlıqdan məhrum edib.

N.Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib. Bir çox hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button