Onlarda və bizdə

Zərdüşt Əlizadə

Gürcü hakimlərinin gənc etirazçılarla həmrəyliyi mənim bu zümrəyə ehtiramımı qaytardı

Tbilisidə indi həngamə gedir. Rustaveli küçəsində parlament binasının önündə əhalinin bir hissəsi artıq birinci oxunuşdan keçmiş “xaricə işləyən – inoagent” barədə qanunun qəbuluna etirazını bildirir.

Bu qanun nəmənədir? Müxtəsər, bu qanun icra hakimiyyətinə icazə verir, onun siyasətini tənqid edən istənilən şəxsin cibini axtarıb, həmin bu cibdə mənbəyi xariclə bağlı olan istənilən məbləği tapıb elan etsin ki, həmin bu şəxs bizim gözəl-göyçək icra hakimiyyətini ona görə tənqid edir ki, bizə yad olan xarici qüvvələrdən pul alıb və xaricin agentidir.

Foto: Meydan TV

Bu zaman heç kim dinib deyə bilməz ki, ay hökumət, bəs sən özün xaricdən qucaq-qucaq pul alanda yaxşıdır, agent olmursan, ayrı-ayrı vətəndaşlara məqsədi aşkar elan edilmiş fəaliyyətə görə xarici təşkilat işinin müqabilində qəpik-quruş verəndə olurlar agent, yəni pis?

Belə bir qanunu keçən əsrin 1938-ci ilində ABŞ qəbul etmişdi və məqsədi kommunizmin və nasizmin təsirini məhdudlaşdırmaq idi. 2012-ci ildə Rusiya belə bir qanunu qəbul edib onun gücü ilə Putinin siyasətini tənqid edənlərin ağzını yummağa, bir hissəsini ölkədən qaçırmağa nail olmuşdur. Keçən il hakim “Gürcüstan Arzusu” Partiyası oxşar bir qanunu parlamentə təqdim etmişdi, həmin vaxt gürcü müxalifəti deyil, əsasən gənclər küçələrə tökülüşüb qanunu parlamentin müzakirəsindən çıxarmağa müvəffəq olmuşdular. Hökumət müvəqqəti geri çəkilmişdi, özünü demokratik sayan kəsim xeyli sevinib yerli demokratiyanın yenilməz gücü ilə qürrələnmişdi, lakin bir neçə vaxt keçəndən sonra Gürcüstanın həqiqi ağası Bidzina İvanişvili naib-nökərinə əmr vermişdi ki, bu qanunu qəbul etsinlər.

“Ağa dedi sür dərəyə, sür dərəyə”. Hərçənd ki, “Gürcüstan Arzusu” Partiyasının hökmranlığına indiki şəraitdə heç bir siyasi təhlükə yoxdur, Avropa İttifaqı gürcü hökumətinin şıltaqlığına dözür, Mixail Saakaşvili ifrat siyasi ötkəmliyi ucbatından qazamatda çürüyür, müxalifət liderləri, lap bizdəki kimi, mümkün qədər çox hissəyə parçalanıb bir-birilə amansız boğuşur, Tbilisi və digər iri şəhərlərin bələdiyyələri hakim partiyanın əlində, parlament çoxluğu İvanişviliyə tam itaət edən hökumət təşkil edib, gürcü xalqı “Abxaziya və Sxinvali bizimdir” sözlərini əsla dilinə gətirmir, Gürcüstanın erməni və azərbaycanlı azlığı quzu balası kimi hakimiyyətin ağzına baxır, lakin yenə nədənsə ağa deyib ki, “sür dərəyə”.

Bax, bu “sür dərəyə” əmrində hansısa bir təhlükə ehtimalı gizlənib və bunu aydın olmasa da, əksəriyyət hiss edir. Etirazın səbəbi, ola bilsin ki, həmin bu məchul təhlükə hissidir. Çox güman təxmin edirlər ki, bu “xaricə işləyən” qanunu nəyinsə iti ucudur ki, onu harasa dirəyirlər, zamanı gələndə, sancacaqlar və ağrısını hamı duyacaq.

Gürcüstanda və Ermənistanda kütləvi etiraz mitinq və nümayişləri əsla nadir hadisə deyil, Cənubi Qafqazda yalnız Azərbaycanda Konstitusiyanın “Sərbəst toplaşmaq azadlığı” adlanan 49-cu maddəsini qurban kəsiblər bizim korrupsiya və zülm aşiqi olan iqtidarımıza, dünyanın analoqu olmayan müdrik xalqımız isə artıq bu dünyada xeyli dövlətdə, illah ki, Afrikada analoqu olan bu əndrəbadi siyasi oyunbazlığa dözür.

Mənim üçün hakim ən müti, ən iradəsiz, ən miskin məxluqdur. Yuxarı nə əmr etsə, hansı ədalətsiz qərarı imla etsə, onu da dinməz-söyləməz icra edir. Gürcü hakimlərinin gənc etirazçılarla həmrəyliyi mənim bu zümrəyə ehtiramımı qaytardı.

Gürcüstanda isə bizim hakimiyyətin dili ilə desək, “dərəbəylikdir”, “it yiyəsini tanımır”, dövlətin təməlləri sarsıdılır”. Yəni Gürcüstan Respublikasının Konstitusiyası, ayıb olmasın, işləyir, gürcü xalqının bu Konstitusiyada yazılıb təsbit edilmiş hüquqlarına hörmət edilir.

Bunun günahı kimdədir? Gürcüstan hakimiyyəti zəiflik göstərib gürcü xalqını əzmir, qudurdur? Yoxsa gürcü xalqı siyasi yetkinlik nümayiş etdirib öz hüququnu kütləvi nümayişlə müdafiə etməyə cəsarəti çatır?

Bu suallara cavab verə bilmərəm, lakin Gürcüstanda iş o yerə çatıb ki, etiraz mitinqinə dövlət qulluqçuları qoşulub. Belə biabırçılığı Azərbaycanda kimsə təsəvvürünə gətirə bilərmi? Gündüz günorta çıraqla axtarsanız, bir nəfər dövlət qulluqçusu tapa bilməzsiniz ki, cəsarətlənib gənclərin etiraz mitinqinə qoşulsun. Cəmi bir dəfə, insaf xatirinə demək lazımdır ki, bir nəfər prokurorluq işçisi camaat qarşısına çıxıb cəsarətlə elan etmişdi ki, bizim dövlətdə ədalət yoxdur, adını “hüquq-mühafizə” qurumu qoymuş polis, prokurorluq və məhkəmə xalqa zülm alətidir. Bu vicdanlı insanın adı Rüfət, familiyası Səfərovdur. Nə oldu? Hakimiyyət onu şərlədi, qurama iş qurub onu saxta məhkəmə qərarı ilə məhbəsə saldı.

Ailəsi əl-ayağa düşüb minnət etdi, atasının ailə qarşısında xidmətlərini, Qərbi Azərbaycan mənşəyini nəzərə alıb axırda xeyli incidəndən sonra onu boşladılar. O da azadlığa çıxıb özü kimi binəva dövlət zülmünün qurbanlarını müdafiə etməyə başladı.

Lakin Rüfət Səfərov tək nümunə qaldı, onun ardıcılı olmadı, digər çoxminlik dövlət qulluqçuları zülmə canla-başla xidmət etməkdədirlər. Gürcüstanda isə dövlət qulluqçuları gənclərə qoşulub vətənlərinin demokratik gələcəyi naminə etiraz səsini ucaldırlar.

Eşidəndə ki, Gürcüstan Respublikasının hakimləri, həzərat, hakimləri (!) imza toplayıb etiraz məktubu yazıblar, matım qurudu. Kimdən kimdən, hakimlərdən belə cəsarəti gözləməzdim. Sovet, rus, Azərbaycan hakimlərini gözəl tanıyırdım və tanıyıram. Mənim üçün hakim ən müti, ən iradəsiz, ən miskin məxluqdur. Yuxarı nə əmr etsə, hansı ədalətsiz qərarı imla etsə, onu da dinməz-söyləməz icra edir. Gürcü hakimlərinin gənc etirazçılarla həmrəyliyi mənim bu zümrəyə ehtiramımı qaytardı.

Deyə bilmərəm, bu “inoagent” məzhəkəsi nə ilə sona yetəcək. Putinin buyruq qulu Bidzina İvanişvilinin göstərişi qalib gələcək, yaxud gürcü xalqının gənc nəslinin iradəsi. Məlum deyil, tərəzinin bir gözündə bir adamın və onun “Gürcü Arzusu” məmur partiyasının hikkəsi və hiyləsi, o biri gözündə on minlərlə insanın azad cəmiyyətdə yaşamaq arzusu – tərəzinin hansı gözü ağır gələcək? Yaxın günlərdə bilinəcək, vətəndaş hüququ, insan azadlığı və ləyaqəti söhbəti gələndə gürcülər azərbaycanlılara yuxarıdan aşağı baxmaqda haqlıdırlarmı?

Azərbaycanda da bəzi siyasilər mitinq həvəsinə düşüblər. Hətta tələblərini “Telegram” və “Tik-Tok”da camaata bildiriblər. Hakimiyyət də hesab edib ki, madam müxalifət tələblərini camaata çatdırıb, mitinqə dəxi nə ehtiyac? Müxalifət dedi, camaat eşitdi, vəssalam, şüttəmam.
Necə deyərlər, yerinə düşür, Allah rəhmət eləsin.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button