Orfoqrafiya Komissiyasının sədr müavini:”Layihə ilə bağlı bəzi tənqidlər qeyri-elmidir, professional deyil”

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu Azərbaycan dilinin 69 maddədən ibarət yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Akademiyanın ictimaiyyətə təqdim etdiyi və mediada müzakirəyə çıxarılan orfoqrafiya qaydalarının layihəsidir”.

Bunu APA-ya AMEA-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

Akademikin sözlərinə görə, geniş ictimaiyyətin, Orfoqrafiya Komissiyasının üzvü olmayan şəxslərin fikri onlar üçün çox böyük əhəmiyyətə malikdir: “Orfoqrafiya qaydalarının layihəsi ilə bağlı mətbuatda çox geniş müzakirələr aparılır. Ümumi müzakirələrdə maraqlı təkliflər, mütəxəssis rəyləri səslənir. Lakin irəli sürülən bir çox tənqidi fikir, təklif qeyri-elmidir, professional deyil. Bəziləri subyektiv mövqedən çıxış edirlər, bu da təbiidir. Hətta sadə bir adamın, dilçilik elmindən anlayışı olmayan şəxsin maraqlı bir fikri olsa, nəzərə alacağıq. Biz bunlara dözümlə, səbirlə yanaşırıq. Bütün təkliflər nəzərə alınaraq Orfoqrafiya Komissiyasında müzakirə ediləcək və  təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”.

İ. Həbibbəyli qeyd edib ki, yanvarın sonuna kimi müzakirələr davam etdiriləcək və fevralın əvvəllərində təkmilləşmiş variant hazırlandıqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək.

Qeyd edək ki, AMEA-nın Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb. Layihə AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub.(strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button