Paşinyan, Ursula fon der Leyen və Blinken görüşəcək

Aprelin 5-də Ermənistan baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə görüşəcəklər. Onların Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə edəcəkləri gözlənir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, tədbir ölkəsinin müqavimətini gücləndirmək məqsədi daşıyır. O, digər təfərrüatları açıqlamayıb, yaxın vaxtlarda görüş ilə bağlı daha ətraflı danışmaq imkanının olacağını bildirib.

2023-cü il oktyabrın 5-də Paşinyan Qranadada Ursula Von der Leyen ilə görüşüb. Həmin görüşdə Qarabağ ermənilərinin regiondan köçü nəticəsində yaranmış vəziyyəti və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyi ilə bağlı məsələləri müzakirə edib. Avropa Komissiyasının sədri baş nazirə deyib ki, Avropa İttifaqı ABŞ ilə birlikdə Ermənistana dəstək üçün birgə toplantı təşkil edəcək.

“Bu, Ermənistanla ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi üçün ilk addımdır. Avropa və Ermənistanın uzun, zəngin ümumi tarixi var. Bu ümumi tarixdə yeni səhifənin açılmasının vaxtı çatıb”, – o bildirmişdi.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də də Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button