Pisliklər üzərində qurulan bank cənnəti!

Bu cənnətin torpağı qan qoxusu, meyvəsi isə zəqqum tamı verir…

 

 Durğunluq dövründən keçib inkişaf yoluna üz tutan ölkəmizdə böyüyən sahələrdən biri də bank sektorudur. Artan bank şöbələri ilə bərabər, yeni bankların açılması həyatımızda adi hal alıb.

Ölkədə bankların çox olması, onların dövriyyələrinin günbəgün böyüməsi, əsas kapital fondunun tədricən Milli Bank tərəfindən yuxarı qaldırılması bu sahənin sürətli inkişafı haqqında xəbər verir. Əlbəttə ki, belə olan halda ancaq sevinmək lazımdır. Ancaq?!

Ancaq bu inkişafın pərdəarxasındakı bəd əməlləri, bank sahiblərinin ilkin kapitalının hansı mənbələrdən necə qaynaqlandığı haqda məlumatların əsas səbəblərini araşdırdıqca, ortaya tükürpədən faktlarla yanaşı, acı gülüş doğuran hallar da çıxır. Bəzi bankların ilk start kapitalına və inkişafına, onların ailənin əlində olması, bəzilərinə ailəyə xidmət edən nazir kürsülərində oturması və başqa amillər kömək edir. Bank var ilk start kapitalını ögey qardaşlarının qanı bahasına qazanıb, inkişafını isə büdcə pullarının, ya da kiminsə mənafeyinin tapdalanması sayəsində həyata keçirir.

İşə baxın ki, «Debüt»bankın satışı zamanı aydın olub ki, bu bankın binası yoxdur və bu bank kirayə götürdüyü binada yerləşirmiş. Burada ortaya bir sual çıxır ki, necə olur oturmağa yeri olmayan bir bank qurumuna Milli Bank lisenziya verir? Bankın bugünkü sahibləri isə Türkiyə vətəndaşlarıdır və söyləntilərə görə, Türkiyədən yapılan xəyali ixracatla məşğuldular. Mənbənin verdiyi məlumatlara görə, bankın mövcud sahibləri qalan pulları nəğdləşdirib, aradan çıxmağa hazırlaşırlar.

Bəzi bankların yaranması və kimə məxsus olması bəlli olmasa da, onların vətəndaşları aldatması göz qabağındadır. Son zamanlar banklar kiçik biznesin inkişafına yönəlmiş qısa müddətli kreditlər verir. Bu bankların arasında «Acsesbank» və «Bank of Baku» daha irəli gedərək, gündə cəmi iki manat qarşılığında 1000 manat məbləğində kredit təklif edir. Özü də şəxsiyyət vəsiqəsi ilə. Bəli, şəxsiyyət vəsiqəsini təqdim et və 1000 manat kreditini al. Həm də gündə cəmi 2 manat ödə. İlk baxışda nəyi pisdir ki? Ancaq diqqətlə baxanda aysberqin arxası görünür və o zaman hər kəs bir ağızdan «pay… atoynan» deyir.

Əvvəla, tək şəxsiyyət vəsiqəsi ilə sizə heç kəs bir manat da verməz. Əgər sənin bankda çalışan tanışın varsa, bu işi birtəhər aşırmaq mümkün ola bilər. O da bu işçinin sizin iş və digər gəlir qaynaqları haqqında məlumatı var isə mümkün ola bilər. Yalanı qoyaq bir kənara, keçək tamaha…

Banklar qısa müddətli krediti gündə cəmi 2 manatdan verir və boynumuza bir minnət də qoyurlar. Ancaq «gündə cəmi 2 manat» adi barmaq hesabı ilə bir aya 60-62, ildə isə nə az, nə çox, tam 730 manat edir. Bəli, nə az, nə çox illik 73 faizə kredit! Dünya praktikasında belə hallara inflyasiyanın ən yüksək səviyyədə olan ölkələrində rast gəlinib. Ancaq belə olan halda, banklar vətəndaşdarın onlara həvalə etdiyi əmanətlərin də faizini yüksək ödəyir. Mən «Accecbank» və «Bank of Baku»nun vətəndaşdardan əmanətlərin neçə faizə qəbul etdiyini deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, kəmfürsət olmaq, şəraitdən istifadə edərək insanlarımızı iflasa doğru sürümək yaxşı iş deyil. Əgər bankların sahibləri bu yüksək faizləri real vəziyyətə uyğun olaraq alırlarsa, o zaman ölkədə inflyasiya tüğyan edir və ölkə rəhbərliyi bu xalqın başının altına yastıq qoyaraq, onu aldadır. Yox, əgər inflyasiya yoxdursa, o zaman belə çıxır ki, banklar öz tamahlarını qane etmək xətrinə bütün dövlət məmuriyyətinə böhtan atmaqla yanaşı, süni şəkildə cəmiyyəti qıcıqlandırmaq halı yaradır. Bu isə gərgin vəziyyətdə olan cəmiyyətdə acı nəticələr verə bilər.

 

Milli Bankın çox hörmətli rəhbərliyi isə sanki heç nə baş vermirmiş kimi susur. Bütün iqtidardakılar susurlar. Ona görə susurlar ki, büdcənin nəğdiləşdirilib mənimsənilən 65-70 faizi onların ciblərinə axır.

Susurlar. Ona görə susurlar ki, bu millətin sonuncu həsirində, uçuq daxmasında, bir tikə yavan çörəyində gözləri var. Susurlar. Ona görə susurlar ki, onların cibləri dolu, qarınları tox olsa da, gözləri acdır.

Susurlar. Və susa-susa bu millətin əlindən alınmış HƏR ŞEYİNİN üzərində özlərinə bir cənnət yaradıblar. Ancaq bu cənnətin torpağından qan qoxusu gəlir. Bu cənnətin meyvələri zıqqım tamı verir. Çünki ah-nalə üzərində qurulub bu cənnət. Halallığı yoxdur bu cənnət bağının

Əlövsət Qasımlı

 

“Xural” qəzeti,

 

il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button