Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi

Şirin Cəfərini

Yəqin ki, Şirin Cəfərinin həbsi, müstəqil mətbuata təzyiq kimi də qiymətləndiriləcək və dövlət ittihamçısının ədalətsiz ittihamı irəli sürməsi isə, onun ictimai qınaqla üz-üzə qalmasına səbəb olacaq. “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri, həbsinə saylı günlər qaldığını bildirir. Baş redaktorun mətbuata verdiyi açıqlamalara görə, artıq proses özünün arzuolunmaz sonluğuna yaxınlaşmaqdadır. O bildirir ki, “03.02.2016-cı il tarixdə saat 09:40-a təyin olunmuş məhkəmə prosesində şahid qismində dindirilən Yasamal rayon Məhkəməsi icra şöbəsinin rəisi Zaur müəllim ifadə verdikdən sonra, prokuror son çıxışını etdi və barəmdə 5 il azadlıqdan məhrumetmə cəzasının seçilməsini bildirdi. Hər kəsə bəllidir ki, həbsimə heç bir əsas yoxdur. Çünki Vergilər Nazirliyinin barəmdə çıxardığı 71 428 manat 16 qəpik cərimə qərarı, olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır. Bunu onunla izah edirəm ki, hələ bir neçə il bundan əvvəl “Gündəm xəbər” qəzetinin təsisçisi olaraq mənə qarşı, heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınmağımla bağlı Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işi qaldırıldı və Gəncə şəhər Kəpəz rayon Məhkəməsində məhkəmə prosesinə də başlanıldı. 20 may 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində, barəmdə üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmü elan olundu. Çıxarılmış qərarla razılaşmayıb, Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti etsəm də, Apellyasiya Məhkəməsi Kəpəz rayon Məhkəməsinin çıxartdığı qərarı qüvvədə saxladı. Bununla da razılaşmayıb, çıxarılmış qərardan Ali Məhkəməyə müraciət etməli oldum. 02 sentyabr 2015-ci il tarixdə isə, birinci instansiya məkhəməsinin çıxardığı qərar, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlandı. Belə bir qərarların çıxarılması onu söyləməyə əsaslar verir ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin mənimlə bağlı ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələndi. 20 may 2015-ci il tarixdə barəmdə çıxarılmış iki il şərti cəza müddəti başa çatdıqdan sonra, 23 oktyabr 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində, təkrar Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməyimə dair 152950067 nömrəli cinayət işinə başlanıldı və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə təqribən iki ay bundan əvvəl Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatına göndərildi. Onu da bildirim ki, vəkilim Zaur Niftəliyev, müdafiəmlə bağlı son çıxış etmək üçün hakimdən vaxt istədi. Hakim növbəti prosesin 16 fevral 2016-cı il tarixdə saat 11:00-da keçiriləcəyi və son çıxışların da olacağı elan etdi”. Şirin Cəfərinin Vergilər Nazirliyi tərəfindən fantastik rəqəmlə, yəni 71.478 manat 16 qəpik məbləğində cərimə olunması, əslində müstəqil mətbuata qarşı təzyiq kimi qiymətləndirilməli və olduqca da pislənməlidir. Axı, əldə olan vergi hesabatları çıxarılmış qərarın sifarişli, həqiqəti əks etdirməyən qərar olduğunu tam isbat etməyə tam əsaslar verir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button