“Qaralovun müavini deyir ki, prezidentin təyin etdiyi məmurlardan yazmaq olmaz”

Yanvarın 26-sında Baş prokurorluğa çağrılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Amerikanın Səsinə müsahibə verib.

Baş redaktorun sözlərinə görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yanvarın 26-da günorta saatlarında Əvəz Zeynallıya zəng edərək, prokurorluğa gəlməli olduğunu bildirib. Səbəb kimi bir neçə gün öncə efirə gedən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibə göstərilib.

Əvəz Zeynallı bildirib ki, onu Baş Prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. Təxminən bir saata yaxın davam edən söhbət zamanı baş redaktora xəbərdarlıq olunub.

“Məni əsasən müsahibəyə görə çağırmışdılar. Amma mən orada hiss elədim ki, müsahibə söhbəti həddindən artıq böyüdüyünə görə mənim bəzi “Facebook” statuslarımı göstərərək, irad tutdular. Məsələn, Əfqan Muxtarlı həbs olunanda, Əfqan Sadıxov, Kanal 13-ün rəhbəri Əziz Orucovla bağlı məhkəmə qərarlarından bəhs edən və “Azərbaycanda represiya havası var” adlı bir status yazmışdım. Onlar da bu statusları göstərərək bildirdilər ki, mən ölkədəki məhkəmə, təhsil sistemini tənqid edə bilmərəm.”

Əvəz Zeynallı və Mehman Əliyev (Foto Xural nəşrinindir)

Əvəz Zeynallı və Mehman Əliyev (Foto Xural nəşrinindir)

Baş redaktor bildirib ki, prokorurluq onun yazılarının ictimai rəyi formalaşdırdığını və bu rəyin hakimiyyətin, məmurların siyasiti ilə tərs mütənasib olduğuna dair irad tutublar.

“Mən düşünürəm ki, Mikayıl Cabbarov (keçmiş təhsil naziri-red) təhsili xaraba günə qoyub. Yox, əgər cənab nazir bununla razı deyilsə, onda etiraz edə bilər. Mən də onun etirazını yayımlayaram”.

Cənab Zeynallının dediyinə görə, bir saata qədər davam edən danışığın əsas mövzusu Mehman Əliyevin müsahibəsində dedikləri sözlər olub.

“Orada bir təklif də irəli sürdüm ki, Baş Prokurorluqla qaynar xətt yaradın. Biz də sizinlə əlaqə saxlayıb kimdən müsahibə götürmək istəyiriksə, hansı suallar vermək istəyiriksə hamısını sizinlə razılaşdıraq. İstəsəniz Mehman Əliyevi də dəvət edin və bütün bu sualları birlikdə müzakirə edək”.

Jurnalist onu da əlavə edib ki, görüşdə prokurorluq üstüörtülü şəkildə hədə-qorxu gələrək bildirib ki, onu yenidən həbs edə bilərlər.

“Mən etdiyim işdə, götürdüyüm müsahibədə heç bir qəbahət görmürəm. Mən müsahibə götürmüşəm, suallar vermişəm. Suallar da mənim suallarım deyil. “Qaynar qazan” verilişimizin formatı elədir ki, mövzu və şəxs elan edilir və suallar “Facebook” iştirakçıları tərəfindən göndərilir.”

​Əvəz Zeynallının sözlərinə görə, danışıqların sonunda prokurorluq jurnalistdən xəbərdarlıq sənədini imzalamasını tələb etsə də o bununla razılaşmayıb.

“Xəbərdarlığı imzalamadığımı protokallaşdırdılar. Xəbərdarlıqda deyilirdi ki, bu tip yazılar davam edildiyi halda cinayət məsuliyyəti də daxil olmaqla sərt tədbirlər görüləcək. Mən də xəbərdarlığı imzalamadan çıxdım. Biz çalışdığımız, bacardığımız qədər Azərbaycanda fəaliyyətimizi, mübarizəmizi davam etdirməliyik. Hesab edirəm ki, bu mübarizəmizin bir nəticəsi olacaq”.(azadlıq)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button