“Qaynar Qazan”da Mehman Əliyev (III sonuncu hissə): “Ölümündən 15-20 gün qabaq Elmara dedim ki…”-VİDEO

Mehman Əliyev: “İslahatlar qaçılmazdır”

 

 

Xural.com Mehman Əliyevlə müsahibənin III sonuncu hissəsini təqdim edir.

 

III sonuncu hissə

Nəcəf Nəcəfov mənimlə dünışmadı, küsdü

– Elçibəy hakimiyyətindən söhbət gedir…

– Bəli. Mən dedim ki, yanvar ayında gedəcək. Elə yanvar ayında da hər şey qurtardı, bitdi. Səhvlər o qədər idi ki… Yanvar ayında həqiqətən də oldu Ağdərə, Surət Hüseynovun satqınlığı, sonra Kəlbəcər gəldi və s. Proses artıq gedirdi. Rusiya maşınını işə salmışdı. Bu proseslər artıq gedirdi. Amma ona baxmayaraq, Nəcəf gəldi. Hətta bir ara Nəcəf bəy mənimlə danışmadı, küsdü. Sonra Arif Əliyev gəldi. Nəcəf Nəcəfov müşavir oldu. Əvvəl mətbuat katibi olmuşdu, sonra Arif Əliyev oldu. Sonra məni kömək üçün dəvət etdilər. Mən ora gəldim haradasa martın 22-23-də – Novruz bayramında.

– 1993-cü ildə…

– Bəli, mən gəldim və biz orada güclü və yüksək səviyyədə iş sistemi qurduq. Ümumiyyətlə, Azərbaycan-Ermənistan savaşının tarixində birinci dəfə idi ki, Ter-Petrosyanın mətbuat katibi Arif Əliyevə “Kremlyovski rabitə” ilə zəng elədi və təklif elədi ki, informasiya müharibəsinə moratorium qoyaq. Biz onları artıq necə lazımdır, əzir və üstələyirdik. Tank kimi üstlərindən keçirdik, mələyirdilər. Arif girdi yanıma, dedi ki, telefondadır, nə deyim ona? Dedim, ona de ki, biz informasiya müharibəsi aparmırıq, biz informasiya təminatı aparırıq. Kim o müharibəni aparır mən bilmirəm, getsinlər onunla danışsınlar. Ancaq bir fakt vardı ki, onlar haradan bilirdilər ki, bu müharibəni aparan kimdir? Deməli, onlar bilirdilər…

– Belə çıxır ki, onlar araşdırıblarmış…

– Deməli, onlar agenturası işləyir də, bilirlər bu müharibəni kim aparır. Çünki birbaşa girib mənə deyirlər… Biz dayandırmadıq. Nə qədər ki, biz o otaqlarda oturduq, işlədik, biz hər zaman erməniləri nəzarətdə saxladıq. Onlar ancaq bizi təkzib etməklə məşğul idilər, başqa bir işlə yox. Təşəbbüs bizim əlimizdə idi. Biz gedəndən sonra bu, itirildi. Düzdür, mən gedəndən sonra da tez-tez gəlir, onlara məsləhət verirdim, ancaq indiyə qədər bunlar bu işi qura bilmədilər. Bizim heç bir vəsaitimiz, bir qəpik pulumuz yox idi. Primitiv bir vəziyyətdə olmağımıza baxmayaraq, biz o işi sistemli şəkildə apara bilirdik.

– Tural Qurbanlı soruşur: “Mehman Əliyevin nikbin mesajları, islahat söhbətləri özünə inandırıcı gəlirdi? Gəlmirdisə, bunlar nə üçün idi? Bir də, illərdir Azərbaycanda QHT sektoruna ayrılan pullar haqqında nə düşünür? Pullar təyinatı üzrə xərcləndi, yoxsa o da o fikirdədir ki, xərclənsəydi, bizdə də Gürcüstan modelinə uyğun bir model qurula bilərdi?”

– Bilirsinizmi, islahatlar məsələsi bizdə o zaman mümkün idi ki, Azərbaycanda neft amili sıradan çıxmış olardı. Biz vəziyyəti izləyirik, araşdırmalar aparırıq, 2014-cü ildə mən görürdüm ki, biz böhrana doğru gedirik. Çünki Rusiya da, bu tipli dövlətlər də böhrana gedirdilər. O zaman bilirsiniz ki, həbslər başlamışdı. O zaman mənim də həbs olunmağım məsələsi gündəmdə var idi. Mən o zaman ilk dəfə dedim ki, gözləyin ilin sonuna qədər, gələn ilin əvvəlindən ölkədə gündəm yaxşılığa doğru dəyişəcək. Hamı belə baxırdı ki, bu dəlidir, nə danışır, nə olacaq? Və 2015-ci ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin iclasında deyir ki, bizim üçün sınaq ili olacaq. Prezident bunu mülayim formada bəyan edir. Onlar fikirləşirdilər ki, böhran qısa müddətli olacaq – təxminən 2008-ci ilin başqa bir variantı kimi… Neft düşəcək və 6 aydan sonra qalxacaq. 7-8 aya da vəziyyət düzələcək – belə fikirləşirdilər. Niyə mən bunları deyirəm? Çünki prezident sonra Davosa getdi – yanvarın 21-23-ü olardı. Davosda adətən bir həftə qalardı, amma prezident təcili surətdə qayıtdı geri. Qayıdandan sonra, ayın 27-də yeni iclas keçirdi. Deyəsən, Heydər Əliyev sarayında keçirdiyi bu geniş iclasda hakimiyyət nümayəndələrini yığır və emosional şəkildə deyir ki, artıq vəziyyət çox ağırdır, çətindir. Mən belə başa düşürəm ki, o gedib orada kimlərləsə görüşüb – Dünya Bankıdır, ya kimlərləsə – dəqiq məlumat alıb və başa düşüb ki, vəziyyət nədir. O zaman Dünya Bankının hesabatı oldu ki, 8 dövlət bu böhrana girir – Nigeriya, Azərbaycan, Venesuella, Səudiyyə Ərəbistanı, İran, Rusiya – yəni birbaşa neft amilindən asılı olan dövlətlər. Yəni hakimiyyət bunu da gözləmirdi. Hətta o, sonra Münxendə dedi ki, biz elə bilirdik ki, 2040-cı ilə qədər elə belə də gedəcək. Azərbaycanın bütün dövlət institutları böhranın gəlməyini və bu formada olacağını gözləmirdi. Bu, bizim üçün böyük bir faciə və ciddi bir problemdir ki, dövlət institutları bu formada işləyir, bu cür təhlükələri hesablaya bimirlər. Mən də ona əsaslanaraq deyirdim ki, böhrana girəcəyik və böhran bizi məcbur edəcək ki, dəyişək, nəsə edək. Çünki başqa çıxış yolu qalmayacaq. Sən istəsən də, istəməsən də islahat aparmalısan. Əgər biz qeyri-neft sektorunun inkişafından danışırıqsa, qeyri-neft sektorunun inkişafı, azad bazarın formalaşması, liberal qanunvericiliyin olması kimi amillər avtomatik gətirib siyasi reformalara çıxarmalıdır. Bunlar zəncirvari bağlı məsələlərdir. Bizə təklif edirlər ki, iqtisadi və siyasi islahatları eyni zamanda aparaq, amma bizimkilər deyirlər ki, yox, biz əvvəlcə iqtisadi islahatları aparaq, sonra gəlib siyasi islahatlara çıxarıq. Qorxurlar ki, birdən-birə bunu da etsələr, qeyri-sabitlik olacaq, stabillik pozulacaq – mən vəziyyəti belə görürəm. Mən özüm şəxsən yazdım – iki təhlil vardı. Biri iqtisadi – ilin yekunları, biri siyasi təhlillər. Siyasi sahədə basqılar vətəndaş cəmiyyətinin və medianın üzərində davam edib. İqtisadi sahədə isə xeyli islahat tipli qərarlar verilib. Başlayıb. Gedir. Hələ ki, daha çox institusional qərarlar verilir – deyək ki, filan qurum yaradılsın, filan qurum birləşdirilsin və s. Fazil Məmmədovun getməsi və yeni nazirin təyin olunması, təkcə onunla bağlı deyil və biz hesab edirik ki, Vergilər Nazirliyi, Gömrük idarəsi və s. Maliyyə Nazirliyinin tərkibində birləşməlidir. Gürcüstanda və başqa dövlətlərdə olduğu kimi.

İslahatlar qaçılmazdır

– Vergilər, Gömrük, Maliyyə – hamısı bir yerdəmi olmalıdır?

– Bəli, bəli. Dünya praktikasında belədir və onun birinci səfəri Gürcüstana oldu. Məncə təcrübə ilə bağlı, onu öyrənməyə getmişdi. Yəni islahatlar qaçılmazdır. Qaçılmazdır ona görə ki, bunlar bunu etməlidir. İkinci tərəfdən, beynəlxalq qurumlar buna kömək edir, yardımçı olurlar. Həmin 2012-ci il yol xəritəsinin hazırlanmasında da amerikan şirkəti iştirak etmişdi. Yəni amerikanların burada birbaşa rolu var. Mən hesab edirəm ki, 2018-ci ildə bu proseslər davam edəcək. Əlbəttə ki, siyasi islahatlar problem olaraq yenə qalır, amma mən hesab edirəm ki, bu proses gedirsə, siyasi prosesin də onun ardınca getməsi qaçılmaz olur. Bunlar bir-birinə bağlıdır. Ona görə də mən yenə nikbinəm. Başqa çıxış yolumuz yoxdur bizim.

– QHT sektoruna ayrılan pullar haqqında danışmaq istəyirsinizmi? Cəmiyyət çox belə söhbətlər gəzir.

– QHT sektoruna ayrılan pullar əsasən QHT-lərə dövlət dəstəyi şurası tərəfindən ayrılır. Bu, bir. Bilirəm və QHT sektorunda çalışanlar da deyirlər ki, bu vəsait çox balaca vəsaitdir. Bununla çox balaca layihələri həyata keçirmək olur. Yəni bu, o qədər də effektivliyi təmin edə bilmir. İkinci tip layihələr var, hansı ki beynəlxalq donorlar tərəfindən ayrılır. Onların bir hissəsi rəsmi olaraq burada verilir. Açığı, izləmirəm, bilmirəm kimlərə verilir, amma bu, əsasən dövlətlə yaxın olan QHT-lərə verilir. Dövlət özü müəyyənləşdirir ki, siz bu təşkilatlara verə bilərsiniz, çünki dövlətin özü bu layihələrdə iştirak edir. İndi onlar nə işləyirlər, effektivdir, yoxsa yox, mən deyə bilmərəm. Əslində, izləmirəm də o prosesləri. Bir də var, hansısa xarici donorlar müəyyən təşkilatlara verir – o da qeyri-rəsmi şəkildə. O haqda da dəqiq bilmirəm ki, harada, necə verirlər. Xaricdə verilənlər bəlkə də bilinir, görünür kimlərdir, amma burada çətin. Yəni belə bir proses var. Amma deməzdim ki, bazarda bir ciddi donor vəsaitləri var. O vaxt ki, bu, 2012-ci ilə qədər idi, Azərbaycanda rəsmən beynəlxalq donorlar işləyirdilər, bəli, o zaman böyük vəsaitlər QHT sektoruna axıdılırdı.

– İndi yoxdur deyirsiniz…

– Mən bilmirəm indi nə qədərdir. Ancaq o qədər də olmaz.

Boş şeydir, heç kəs burada inqilab eləmək istəmirdi

– Hamısı hakimiyyətin nəzarətindədir, eləmi deyirsiniz?

– Deməzdim hamısı hakimiyyətin nəzarətindədir, ola bilsin, kimlərsə, hansısa formada, nəsə alır, hansısa tədqiqatlar aparır, hansısa işlər görür, amma o vəsaitlər o vəsait deyil. O vaxt ki burada beynəlxalq qurumlar işləyirdi, o vəsaitlər ki ayrılırdı, o vəsaitlər QHT sektoru tərəfindən səmərəli istifadə olunmurdu. Mən hamısına şamil eləmək istəmirəm, amma əksəriyyəti çox formal layihələr həyata keçirirdi. Mən dövlət nümayəndələri ilə danışanda deyirəm ki, sizin yanaşmanız çox səhvdir, ona görə ki, siz deyirsiniz ki, “Soros” Fondu olsun, başqa fondlar olsun, onlar Azərbaycanda “məxməri inqilab” eləmək üçün pul ayırırdılar. Boş şeydir. Heç kəs burada inqilab eləmək istəmirdi. Hətta adı ən çox çəkilən “Soros” Fondunun layihələrinə baxanda görürük ki, bütün bu hakimiyyətyönlü QHT-lərin əksəriyyəti o fonddan pul alıblar. Qoy, onların özləri desinlər, “Soros” Fondu hansına, haçan deyib ki, mən sənə pul verirəm, get, inqilab elə. Mən özüm “Soros” Fondunun İdarə Heyətinin üzvü olmuşam və hər zaman demişəm ki, bu vəsaitləri ayırırıq, bunlar bir iş görmürlər. Yəni biz görürdük ki, vəsaitləri alırlar, pulu xərcləyirlər, ancaq arada bir iş yox. Bu, artıq QHT sektoru üçün daha çox bir biznesə çevrilmişdi. Elə adamlar var idi ki, qəşəng layihələr hazırlayırdılar, amma layihələrin özündə heç bir məsuliyyət yox idi. Heç bir konkret nəticə ortalığa qoyulmurdu. Yalnız fərziyyələr vardı. Ona görə də 2009-cu ildə “Soros” Fondu mənimlə danışıqlar apardı ki, İdarə Heyətinin sədri ol. Mən dedim ki, niyə mənimlə danışıqlar aparırsınız, bizdə müxtəlif QHT-lər var ki, siz maliyyələşdirirsiniz, onlardan birini seçin, qoyun. Dedilər ki, vəziyyət o qədər ağırdır, o qədər çətindir, yəni o qədər mənimsəmə var ki…

– Deyəsən, elə sizinlə də dayandı o məsələ…

– Dedim, yaxşı, əgər belədirsə, mən razıyam, biz dəyişikliklər aparaq. Soruşdum ki, dəstək verəcəksinizmi, dedilər, verəcəyik. Biz başladıq komissiyalar yaratmağa və şikayətləri araşdırmağa. Təsdiqləndi ki, xeyli yeyintilər və qeyri-sağlam qərarlar var. Mən orada bir neçə nəfərə dedim ki, uşaqlar, bundan sonra qurtardı, amma çox vacibi odur ki, biz hər şeyin şəffaf və ədalətli olması üçün mexanizmlər yaratdıq. İkinci tərəfdən, QHT-lərin gördüyü işlər kifayət qədər nəticəyə hesablanmalı idi. Bunu da etdik. Nəzarət mexanizmləri hazırladıq ki, QHT-lərin layihələrinə bütün mərhələlərdə nəzarət edə bilək. Məsələ onda deyildi ki, sən pulu hara, necə xərclədin, əsas məsələ o idi ki, onlara götürdüyü vəzifələri yerinə yetirmək üçün yardım edilməli idi. Bizim əsas işimiz cəmiyyətə fayda vermək idi. Əsas məqsəd orada o idi ki, hökumətlə daha çox işləmək, hökumətə daha çox tövsiyələr vermək ki, vəziyyəti dəyişsin. Təəssüflər olsun ki, “Soros” Fondu bir ildən sonra bağlanmaq haqqında qərar verdi. Onların artıq xəbəri var idi ki, Azərbaycan hakimiyyəti hansı siyasəti aparır. Məncə onlar başa düşdülər ki, sonra böyük başağrısı olacaq və onlar vaxtında çıxdılar buradan.

– Soruşmasam olmur, cəmiyyətin ən müxtəlif təbəqələrində söhbətlər gəzir ki, siyasi məhbusların adları ətrafında qrantlar alınır, böyük pullar dövr edir və s. Mən də, Siz də o məsələnin içindəyik. Belə iddialara nə deyirsiniz, əsli-astarı varmı?

– Yox, mən yenə də deyirəm ki, müəyyən QHT-lərə, hansısa şəxslərə hansısa formada, nəsə yardımlar gələ bilər. Amma o barədə mən nə deyə bilərəm? Məsələn? Yəni bu yaxşıdı, ya pisdi?

– …təyinatı üzrə xərclənsəydi, bizdə də Gürcüstan modelinə uyğun bir model olardı…

– Mən yenə də qayıdıram həmin məsələyə. Mən indiki dövrü bilmirəm. Yenə də deyirəm, o da çox cüzi ola bilər. QHT-lərə yardım fonduna qalanda, onun marağı yox idi ki, bizdə Gürcüstan modeli qurulsun.

– QHT-lərə yardım fondu onsuz da bu işi əngəlləməklə məşğuldur…

– O aydındır. Mən yenə qayıdıram həmin o dövrə ki, donorlar QHT-lərə maliyyə buraxırdılar. Onların məqsədi o deyildi ki, Azərbaycanda hansısa bir inqilab eləsinlər. Onların məqsədi o idi ki, Azərbaycan cəmiyyəti formalaşsın, güclənsin və hakimiyyətin partnyoru olsun. Hökumətin partnyoru olsun o mənada ki, ona tövsiyələr hazırlasın, o tövsiyələrin həyata keçirilməsində iştirak eləsin, onlara nəzarət eləsin. Əsas məsələ bu idi. Vətəndaş cəmiyyətinin funksiyalarını həyata keçirmək. Və əgər bizdə güclü vətəndaş cəmiyyəti olsaydı, əlbəttə ki, bizdə bu gün böhran olmazdı və bizdə bu gün tamam başqa inkişaf olardı. Bu səviyyədə və bu formada korrupsiya olmazdı.

– Natiq Adilov soruşur: “Turan yenə işdə əməkdaşlarına yemək verir? Bu ənənə necə yaranıb?”

– Biz o zaman “Azərbaycan Tərcümə Mərkəzi”ndə otururduq. O zaman oranın direktoru Aydın Məmmədov idi. “Xəzər” jurnalı vardı və mən onun məsul katibi idim. Paralel olaraq “Turan”ı işlədirdim. İstilik sistemi işləmirdi və biz otaqda kərpicdən istilik sistemi düzəltmişdik. Zavoddan xüsusi spirallar gətirmişdim. Onlardan qızdırıcı düzəltmişdim – otağı yaxşı qızdırırdı. Kərpic qızırdı, spiral da üstündə – ortada boş yer qalırdı. Çörəkləri düzürdük o boş yerə, duz atırdıq, suxarı alınırdı. Bizdə həmişə masanın üzərində dadlı suxarılar olurdu. O zaman kim bizimlə işləyib yadında olar. O suxarılarla biz həmişə qidalanırdıq. Bu ənənə sonra müəyyən dərəcədə genişləndi. Bizdə həmişə isti yemək olub.

– Yəni çoxdanın ənənəsidir.

– 1991-ci ildən bəri…

– Natiq Ədilovun 1-2 sualı da var. Deyir, “idmanla məşğul olurmu? Elmar Hüseynovla şəxsi tanışlığı var idimi?”

– İdmanla məşğul oluram. Düzdür, son vaxtlar bir az vaxt olmur, həftədə heç olmasa bir gün gedirəm. Ancaq çalışıram ki, həbsdən əvvəl olduğu kimi, heç olmasa həftədə 3-4 dəfə gedim. Səhərdən günorta saat 2-yə kimi işləyirəm. 5 saat kompüterin arxasında oturmaq, yazmaq çox çətin olur. Ona görə də istər-istəməz beyin artıq yorulur. Bəziləri gedir yemək yeməyə, mən isə o vaxtı gedirəm idmana. 15 dəqiqə yol gedirəm piyada, 30-40 dəqiqə intensiv idmanla məşğul oluram. Sonra yenə 15 dəqiqə geriyə – işə qayıdıram. Bu da mənim günorta yeməyim.

 

Ölümündən 15-20 gün qabaq Elmara dedim ki…

– Elmarla tanışlığınız var idi?

– Var idi. Elmarla 1995-1996-cı illərdə tanış olmuşam. O vaxtı o, “Letent” jurnalı buraxmağa başlamışdı. Moskvadan qayıdıb gəlmişdi. Deməzdim ki, çox yaxından tanış idik. Ancaq gəlib-gedirdi, fikir mübadiləsi aparırdıq, danışırdıq və s. Hətta ölümündən 15-20 gün qabaq ona dedim ki, sənin yazıların çox sərtdir və təhlükəlidir, bir az ehtiyatlı ol. Dedi ki, mənim başqa yolum qalmayıb.

– Nəsimi Məmmədlinin çox maraqlı bir fikri var: “Mehman bəy çox dəyərli jurnalist və ictimai xadimdir, onu salamlayıram. İndi əksəriyyət – rəsmi və ya qeyri-rəsmi kollektivlərdə, xüsusilə də yaradıcılıq, media və ictimai sektorla bağlı qurumlarda qarşılıqlı münasibətlər sistemi çox bərbaddır və bu durum getdikcə pisləşir. Uzun illər “Turan” informasiya agentliyində mövcud olan səmimi və işgüzar mühiti digər kollektivlərə nümunə kimi yaymaq üçün geniş və təbliğat xarakterli bir veriliş hazırlanmasına necə baxırsınız? Bunu siz birgə edə bilərsinizmi? Məsələn, kollektivin uğurlarında daxili idarəetmənin rolunu göstərmək baxımından bir veriliş çəkmək”. Çox maraqlı bir təklif və təsbitdir. Biz hazır… Mehman bəy desə çəkərik…

– Lazımdır. İş ondadır ki, siz özünüz bizim şəraitimizi görürsünüz. Balaca bir yerdir, imkanları məhduddur. Bilirsinizmi, biz imkanlarımıza görə işləyirik. Daha genişləndirmək üçün də vəsait lazımdır. Yoxdur axı. Bunun üçün vəsait gəlməlidir. Qazanmalısan bu pulu. Əslində, bu gün bazarda ehtiyac var. Media iki yolla pul qazanır: Biri reklam, biri də abunə. Abunə, açığı arxaik bir şeydir. Məsələn, biz abunədən qazanırıq. Reklam – biz nəzarətdə olduğumuz üçün qazana bilmirik. Bizə reklam verməyə qoymurlar. Bu, çoxdankı məsələdir. O zaman mən gərək oxucuya işləyim, daha çox oxucu yığım. Ki, mən reklam alım, ancaq reklamı da qoymurlar. Bazara blok qoyurlar ki, “Turan”a reklam olmaz. Demək olar ki, məndə bir dənə qalır abunə. Abunə də o qədər böyük pul gətirmir. Düzdür, yeni məhsullar çıxarıb ortalığa qoymaq olar ki, daha çox vəsait qazanasan, ancaq sən yenə də hesablamalısan ki, bu gün bazarda nə lazımdır. Bu, biznesdir, kommersiyadır. Bu məsələ üzərində mən fikirləşirəm. Xaricdən bir neçə kommersiya təklifləri gəlib. Mənə deyirlər ki, siz burada məhsullarınızı satırsınız 200 dollara, amma sizin məhsulları alır, bir az orasını-burasını düzəldib 20.000-ə satırlar, sizin xəbəriniz yoxdur. Burada investorlar və onlar sizə pul qoymağa da hazırdırlar. Biletlərinizi də alırıq, gəlin, danışaq. Mən hələ ki, “hə” cavabını verməmişəm. Başqa təkliflər də var ki, deyirlər ki, hazırıq. Cürbəcür tərəflərdən gəlir təkliflər və əslində, bizim özümüzün də marağımız var ki, bunu edək. Mən bilirəm ki, bazara nə lazımdır. Bu gün artıq informasiya erası gedir. Əslində, mən onu çoxdan bilirdim. Ona görə də “Turan”ın siyasəti qurulmuşdu informasiya-analitik istiqamətində. Bu gün informasiya axınları daha da çoxalıb, informasiya okeanıdır. Okeanda dəqiq informasiya hansıdır, bunun arxasında nə durur, hara aparır, nə baş verir – məsələ budur. Bunları dəqiq bildirmək, vaxtında bildirmək öz-özlüyündə böyük məsələdir. Məsələn, Moskvada mənim bir biznesmen dostum var, bizimlə “Turan”da işləyib. 1990-cı illərin əvvəllərində çıxıb gedib Moskvaya. Sonra da yavaş-yavaş Moskvada biznesini qurub, Rusiya şəhərlərində dükanları və s. var. Mən 2014-cü ildə buna məktub yazdım, dedim ki, təsili surətdə nəyin varsa, sat aradan çıx. Dedi, nə danışırsan, nə baş verir? Mən ona apardığımız təhlili göndərdim. Oxudu, yazdı ki, mən burada otura-otura bunları bilmirəm, sən bunları haradan bilirsən? Dedim, bu, mənim işimdir. O, elə də elədi. Mənim tövsiyələrimə uydu və biznesini satıb başqa ölkəyə getdi. İndi işini qurub və işləri uğurla gedir. O, milyonları itirmədi. Bu, çox vacibdir. Biz bu işi əvvəlcədən də qururduq. Bilirsiniz, sovet dövründə 60 yaşında pensiyaya çıxırdıq. İndi uzadıblar. Deyirlər ki, guya kişilərin yaşam ömrü uzanıb 73-ə çıxıb. Bunların hamısı yalandır, haradan uzanıb, kimdə uzanıb?

Biz media olaraq özümüz özümüzü yaratmışıq, məni heç kim yaratmayıb

– Qocalığı qəbul edirsiniz, eləmi?

– Təbii ki. İstər-istəməz təsir edir sənə. Daha tez yorulursan, daha çox səpələnirsən, bəlkə o qədər çevik deyilsən, enerji o deyil. Mən hər zaman deyirəm, çox təəssüflər olsun ki, bu illəri biz itirdik. Çox şey edə bilərdik. 2017-ci illə bağlı iqtisadi təhlildə biz deyirik ki, bu gün ən vacib məsələ insan kapitalına sərmayə qoymaqdır. Bu hakimiyyətin cinayəti ondadır ki, insanların təşəbbüskarlığını aldı əllərdən. Biz media olaraq özümüz özümüzü yaratmışıq, məni heç kim yaratmayıb. Mən 27 ildir dövlətə vergi ödəyirəm. İndi deyək ki, 150 min qazanıram, 150 milyon qazana bilərdim və ondan vergi ödəyərdim.

– Ev də alardım, ev də tikərdim…

– İndi o başqa… Hamımız işləyərdik, hamımız gətirib vergi verərdik. Ancaq mən güzgü kimi göstərirəm, bu gün Azərbaycan mediası quyudur, gətirib ora su tökürlər. O su verməlidir, amma ora su tökürlər. Əslində, bu gün vəziyyət budur. Azərbaycan mediası öz puluna mənzil tikməlidir, sifariş verməlidir. Adə, dövlət sənə tikməməlidir. O mənzilləri mən tikməli idim. Mən o sifarişi verməli idim. Məsələn deyirəm ha… İşçilərimiz yaşamalı idi, hamımız inkişaf etməli idik.

– Və normalda, Azərbaycanda normal demokratik sistem qurulsa, biz Azərbaycanda 100 minlərlə pul qazanacaq adamlarıq. Biz niyə dövlətdən nəyəsə möhtac olmalıyıq əslində?

– Bəs mən də Heydər Əliyevə o vaxt onu dedim də. Mən hətta dedim ki, Azərbaycan diz üstədir. O heyrətləndi. Dedim, Sizin Nazirlər Kabineti bizi hara aparır? Mən hələ bunu 2001-ci ildə demişəm. Sonra neft erası gəldi, bir az dumanlandı başları. Əslində, elə həmin proses idi. Bir az yalançı bir vəziyyət yarandı, elə bildilər ki, belə də gedəcək. Ancaq o sistem, o siyasət bizi bu iflasa gətirib çıxarmalı idi. Bizdə o yazı getmişdi, deməli, adambaşına ümumdaxili məhsulda gəlir cəmi-cümlətanı 3.500 dollardır. Ən yoxsul, ən yoxsul dövlətlərin sırasındayıq ey biz. İsveçrədə, Norveçdə bu rəqəm 80.000 və daha çoxdur. Bir dəfə Tiflisdə idim. O vaxt Putinin keçmiş köməkçisi Andrey İllarionov məruzə ilə çıxış edirdi. “Azad ölkə, azad cəmiyyət və azad iqtisadiyyatın bağlılığı” mövzusunda. 2004-cü il idi. Saakaşvili təzə gəlmişdi, bunların islahatları təzə başlayırdı. O vaxt 17.000 dollar adambaşına ümumdaxili məhsul normal sayılırdı. İndi bu rəqəm aşağısı 25-30 mindir. Bizdə 3.500 – faciəvi vəziyyətdir. 21-ci əsrin birinci 20 illiyi qurtarır, biz hələ haradayıq?

– “Biz hələ otomobil minməyiriz…”

– Hələ qayıtdıq yenə harasa. Hələ yenidən başlayırıq. Eksperiment aparmaq olar, amma həyat bir dəfə verilir, bu insanlar bir dəfə yaşayır. Bunlara demək ki, gözləyin, nə zamansa nəsə olacaq, nə deməkdir? Özünüz gedin yaşayın belə. İmtina edin hər şeydən, gedin 150 manat maaşa yaşayın, lap 1.000 manat maaşa yaşayın. Uşağınızla, ailənizlə gedin belə yaşayın, niyə yaşamırsınız? Niyə başqalarına belə yaşamağı rəva görürsünüz? Siz kimsiniz? Axı bu da vətəndaşdır! Yəni belə olmaz. Bizim Türkiyə yazarımız bizə yazı yazıb göndərib. Deyir, Türkiyədə minimum maaş bizim pulla 750 manat müəyyənləşdirilib. Orada tibb sistemi sığortalanıb. Bəzi problemlər var, amma o yoxsulluq yoxdur. Dövlətin qayğısı və sistemi var. Biz isə 15 manat pensiya artırırıq. Mənim atam 50 il işləyib, neft daşlarını tikib, orden-medalları var, 90 manat pensiya ayrılmışdı ona. Mən olmasaydım, öləcəkdi o. İndi çatdırıblar 200 manata. Bu, necə sistemdir? Gündən-günə guya nəsə dəyişirlər, amma aldadırlar. Elə pensiya həddinin özünü götür – 65 yaş. Bu, o deməkdir ki, yaşlı adamlar qalır işdə, bunlar artıq işləyə bilmir, zəifləyir, onların təfəkkürü qalıb nə bilim haradasa. Yeni, müasir texnologiyalar gəlir, baxışlar dəyişir, hər şey dəyişir. Həmin o cavanlar, xaricdə oxuyub gəlirlər, iş yeri tapa, özlərini realizə edə bilmirlər. Bunlar da edə bilmirlər, yuxarıdakılar da köhnə təfəkkürlü insanlardır. Deməli, onlar yuxarıdan, bunlar da buradan tormozlayır – sistem qalır anormal. Nə var-nə var, bunlar pensiya pulunun dərdindən pensiya yaşını artırırlar. Adə, onun pensiya pulunu verginən, bu cavanları sal onların yerinə, cavanlar işləyib gedənlərin pensiyasını da verəcək. Bu, necə yanaşmadı? Özləri özlərini və cəmiyyəti tormozlayırlar. Bəlkə nazirlər özləri düşünürlər ki, 65 yaşına qədər kresloda oturmaq lazımdır. Hələ 1-2 il də artırıb yaş həddini 70-ə çıxaracaqlar. İşləyə bilmir və demək olar ki, ölmək ərəfəsindədir, amma oturub orada. Elə deyil axı. Bu, dövlət maraqları, dövlət yanaşmasıdır?

Bu xalq həmişə özü-özünü qoruya və inkişaf etdirə bilib

– Yeganə Abbasova soruşur: “Mehman müəllim, Azərbaycanın axırı necə olacaq?”

– Axırı? Yaxşı olacaq. Azərbaycan çox böyük sınaqlardan keçib. Çarizm dövrüdür, sovet dövrüdür, postsovet dövrüdür – biz bunları keçmişik. Mən hesab edirəm ki, Azərbaycanın çox böyük gələcəyi var. Elə-belə danışmıram, sadəcə olaraq bu xalqın tarixinə baxanda, görürsən ki, bu xalq yaşamağı bacarır. Bu xalqın kifayət qədər məqamları olub ki, bunu məhv etmək istəyiblər, sürgünə göndərmək istəyiblər. Amma bu xalq həmişə özü-özünü qoruya və inkişaf etdirə bilib. İndi bizim müəyyən dərəcədə problemlərimiz var, amma bu da müvəqqətidir. Hətta bu böhranın yaranmasının özü bir təkandır. Sistem ki yaradılırdı neftin üstündə, alınmadı. Müəyyən bir vaxt bir az işlədi və dağıldı. Bunun qabağını almaq mümkün deyil. Əslində, bizi qarşıda inkişaf gözləyir. O qərarlar ki veriləcək və hansı ki, qaçılmazdır, onlar bizi insan azadlıqlarına gətirəcək. O islahatlar bizi fərdi, iqtisadi və başqa azadlıqlara gətirəcək. Mən buna inanıram – 100 faiz. Bilirsinizmi, mənə xaricdə deyiblər. Deyiblər ki, siz niyə burada qalıbsınız. Axı siz gedə bilərdiniz xaricə, orada işləyə bilərdiniz. Hətta bəzən deyiblər ki, sizin kimi adamlar üçün bizim qapılarımız açıqdır, hər halda siz gələ bilərsiniz. Sanki get da, çıx buradan deyə qaçırtmaq istəyirlər. Bəzən fikirləşirdim ki, bəlkə hakimiyyət bunları öyrədib ki, götürün aparın bunu buradan. Təəccüblənirlər bir az. Mən bir dəfə Bundestaqdan gələn almanlara dedim: “Mən birinci dəfə Almaniyada 1996-cı ildə olmuşam. O zaman mən özüm-özümə dedim ki, Allah-Təala cəhənnəmi və cənnəti bu dünyada yaradıb. Cəhənnəm bizik burada, cənnət də oradır.” 2-cisi, mən dedim ki, axı bunların ataları  darmadağın olunmuş ölkəni cəmi 20-25 ilə Avropanın ən nüfuzlu dövlətinə çevirdi. Yəni onların ataları uşaqları üçün, nəvələri üçün şərait yaradıblar ki, onlar bu gün yaşayırlar və işləyirlər. Biz də bunları etməliyik. Bunu kimsə boynuna götürüb etməlidir. Mən qaçdım getdim, problem deyil. Bunu kimsə eləməlidir və biz bunu edəcəyik.

– Və o bizik. O “kimsə” bizik…

– Bəli, bu proses gedir və bunu eləməliyik. Mən onu da demişəm ki, mənim uşağımın qarantı prezident yox, dövlət olmalıdır. Bizdə bu gün hər şeyi prezident həll edir. Bu, anormal bir şeydir. Dövlət olmalıdır. Sən bilməlisən ki, sənə nəsə oldu, nəsə baş verdi, sənin qarantın dövlətdir. Bu da ancaq demokratik dövlət ola bilər. Avtoritar dövlət heç vaxt heç kəsə qarant ola bilməz.

– Çox sağ olun. Təşəkkür edirəm. Çox maraqlı müsahibə oldu.

– Təşəkkür edirəm.

 

SON

 

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button