Qırğızıstan rəhbərliyinə sui-qəsddə ittiham olunanlar Azərbaycana təhvil verilib

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) əvvəllər Bişkekdə saxlanan və kəşfiyyat xidmətinin transmilli mütəşəkkil cinayətkar qrupun (MQ) üzvləri adlandırdığı şəxsləri Azərbaycan hakimiyyətinə təhvil verib. Bu barədə MTDK-nın Mətbuat xidmətindən məlumat verilib.

Həmin Azərbaycan vətəndaşları martın 22-də Bişkekin mərkəzində 261-ci (Mütəşəkkil dəstə yaratma və ya orada iştirak) maddə ilə açılmış cinayət işi çərçivəsində saxlanıblar. Ümumilikdə beş nəfərdirlər. Kəşfiyyat xidmətinin məlumatına görə, onlar martın 20-də kriminal təsirlərini gücləndirmək üçün Qırğızıstana gəliblər.

“Həmin şəxslər… Azərbaycanın hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə uyğun olaraq onların sorğusu ilə aprelin 7-də “Manas” Beynəlxalq Hava Limanında Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, – MTDK-dan bildirilib.

Həmin şəxslərin həbsindən sonra Dövlət Komitəsi onların keçmiş gömrük məmuru Rayımbek Matraimov ilə əlaqəli olduqlarını bildirib. Bundan əlavə, MTDK mütəşəkkil cinayətkar dəstənin saxlanılan üzvlərinin Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd hazırlaması barədə məlumat yayıb.

Matraimovun özünü daha üç şəxslə birlikdə xüsusi xidmət orqanları martın 26-sı axşam saatlarında Azərbaycandan Qırğızıstana aparıb. (Onların dördü də Qırğızıstan vətəndaşı olub) Ertəsi gün məhkəmə onun aprelin 26-dək həbsdə saxlanmasına qərar verib.

Matraimov Cinayət Məcəlləsinin 169-cu (Qanunsuz olaraq azadlıqdan məhrum etmə) və 222-ci (Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)) maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli bilinir.

İstər R.Matraimovun, istərsə də sui-qəsdə hazırlıqda ittiham edilən şəxslərin və yaxınlarının ittihamlara münasibətini ayrılıqda öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button