Qisas qiyamətə qalmaz…

Agalar Bayramov

Ağalar Bayramov

Əməkdar artist

…Kəndimizdə bir ovçü Bədəl kişi var idi. Mən o zaman uşaq idim. Bədəl kişi bir gün tələ ilə tutduğu tülkünü kəndin otrasında diri-diri soymağa başladı. Tülkü ulayırdı. Elə ulaya-ulaya da canını tapşırdı.
İllər keçdi, Bədəl kişi canını tapşıranda, nə az, nə çox, düz 7 gün uladı…


…Ətin, yağın talonla verilən vaxtları idi. Kəndimizdə yaşlı bir kişi və onun arvadı gəlib Bakıdan kiloqramı 3 manat 60 qəpikdən qutularla yağ alıb, 4 manat 50 qəpiyə satırdı. Buna kimin nə sözü ola bilərdi ? Amma bu Allahsızlar hər kiloqramdan 100 qram kəsir və 200 qram da marqarin qatırdılar yağa. Və pulu toplayıb gedib bir inək alırdılar. İnək isə bir aydan sonra ölürdü… Bu nanəciblər başa düşmürdülər ki, mayaya haram qatırdılar…


…Adını çəkməyəcəyəm, dağ rayonlarının birində iki gənc toy edib xoşbəxt olmuşdular. Toydan 3 gün sonra kənddə küçəyə çixan bəyə bir yaşlı müəllim(!) “Ayə, sən hələ də başına papaq qoyub gəzirsən?” deyə iztehza edir. Guya bu bəyin nişanlısına kənddə kimsə sadəcə salam verib. Dəliqanlı bəy, fitvaya gedib tüfəngi götürüb arvadını dağa çıxarır, onun yalvarışlarına baxmayaraq, onu da, özünü də güllələyir. Beləliklə, bir namərdin sözündən gənc bir ailə məhv olur.
Bəyin 24, gəlinin isə 22 yaşi var idi. Bilirsiniz sonra nə oldu? Ev yıxan müəllimə heç bir şey olmadi, öldü və qəbrinin yanından camaat yan keçib gedir… Amma xəbəri olmadi ki, həmin namərdin 22 yaşlı qızı dağda qızlarla birgə kəklik otu yığarkən ildırım vurdu, o biri qızlara isə heç bir şey olmadı… 24 yaşlı oğlu isə rayon mərkəzində avtomobil qəzasında canını tapşırdı…

…ABŞ-ın Çikaqo şəhərində istefada olan polkovnik 14 yaşlı qız nəvəsi ilə gəzintiyə çıxmışdı. Birdən bankı qarət edən banditlərlə polis arasında atışma başlayır. Banditə atəş açan zaman polisin gülləsi polkovnikin nəvəsinə dəyir və qızcığaz o dəqiqə canını tapşırır. Polisi o dəqiqə qandallayırlar. Amma polkovnik polisi tutanlardan onun dərhal
buraxılmasını tələb edir. Səbəbini soruşanda isə polkovnik belə cavab verir:
– Mən 29 il bundan qabaq Amerika ordusunun tərkibində kapitan rütbəsində Vyetnamda vuruşan zaman, bir kənddə avtomatın bütün güllələrini qarşıma çıxan 14 yaşlı günahsız qızın qarnına boşaltmışdım. İndi həmin güllə 29 ildən sonra mənim 14 yaşlı nəvəmi tapdı…

…Şəmkirdə kasıb bir qarının balalı inəyini bir nəfər cavan oğlan kəsib satmışdı. İnəyin balası, anası və süd üçün günlərlə böyürürdü. Sonralar həmin cavan avtomobil qəzasında canını tapşırdı. Atası oğlunun cənazəsi üstündə ağlamırdı, böyürürdü…

Dedik: başımıza yağan daşların
Çoxu təsadüfdür, azı zərurət…
Torpaq dilə gəldi: axan yaşların,
Dadı təsadüfdür, duzu zərurət….

Bəli, ev yıxıb namərdlik edənlər, quyu qazanlar, arxasına arxalanıb haqqı batil edənlər düşünməsinlər ki, onlar cəsasız qalacaqlar… Allah hər şeyi yerbəyer edir…

Buna inanmayanlar NADANDİR!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button