Qızın iki adaxlısı var!

Zərdüşt Əlizadə

Şəxsən mən qonşu erməni xalqına bəzi mətləblərə görə minnətdaram.

Məsələn, sevimli xalqımın heç cür ağla batmayan qəribə davranışlarını görəndə, məni milli məyusluq və bədbinlik bürüyürdü, düşünürdüm ki, ilahi, bu xalq niyə Sabirin fəryad çəkib ələ saldığı cəhalətdən, bir əsr keçsə belə, qurtula bilmir? Bir  dənə əla nadanlıq, daha bir bənzərsiz səfehlik, yenə ağır məğlubiyyət, başqa bir ağrılı fəlakət, dərin bir uçurum, dübarə bir bağışlanılmaz qanmazlıq…

Anlamıram, yolumuz hayanadır? Çaşıb qalıram, qüssə bağrımı yarır.

Source: Meydan.tv

Elə bu dəm qonşu xalq elə bir misilsiz xəta yapır ki, bizim bütün bihesablıqlar dönüb olur heç nə, onların əməllərinin yanında itib batır. Erməni xalqı elə bir dərin uçuruma dığırlanıb düşür ki, bu uçurumdan onu çıxarmaq üçün yüz ağıllı birləşib yüz il çalışmalıdır.

Ən böyük, ən strateji xətanı erməni xalqı siyasi dələduzların məkrlə kütlənin içərisinə atdıqları “miatsum” qarmağını naqqa balıq kimi udanda törətdi. Bu qarmağı udandan sonra DTK balıqçıları bu naqqa balığı sürüyüb sahilə yaxın, dayaz yerə çıxardılar və qəlsəməsinin altına bir neçə əlavə qarmaq da keçirdilər ki, sivişib qaça bilməsin. Ermənistan iqtisadiyyatının bütün həyati sahələrini Rusiya inhisara aldıqdan sonra müstəqil Ermənistana qaldı bir erməni dili, bir bayraq, bir gerb, bir də himn.

Xülasə, 30 il erməni xalqı çırpınıb vurnuxdu, nəyi vardı, itirdi, axırı gəlib çıxdı məxməri inqilaba və xalqın igid oğlu Nikol Paşinyan söz verdi ki, ölkəni bəladan xilas edəcək. Xilas əməliyyatı zamanı nələr baş verdi, yazıb başınızı ağrıtmaq istəmirəm, bilən bilir, bilməyənlərə bilənlər danışar.

İnsafən, xalqı xilas etmək üçün Nikol Paşinyan çox çalışdı, çox vuruşdu, çox ölkəni gəzdi, çox siyasətçi ilə görüşdü, çox nitq söylədi, on minlərlə əl sıxdı, rəqs də etdi, hoppandı da, fəqət əldə edə bildiyi nəticə göz önündə, necəliyini yazmıram, özünüz məndən yaxşı bilirsiniz.

Çarə qaldı  xalqın strateji müttəfiqini dəyişməyə. Zira xalqın özünü dəyişmək mümkün deyil. Dərindən düşünüb təhlil edəndə bu seçimin düzgünlüyünə heç bir şübhə qalmır. Pul harada? Orada, ya burada? Orada. Güc harada? Orada, ya burada? Orada. İşıq harada? Orada, ya burada? Orada. İt harada hürür? Orada, ya burada? Burada. Gələcək harada? Orada, ya burada? Orada. Əgər hər şey, bütün yaxşılıqlar burada deyil, oradadırsa, burada isə tək it hürür, ə biz burada nə gəzirik? Yalla oraya!

Xalq hazırdır. Həmişə hazırdır. Necə ki, əvvəl ellikcə qaçırdı buraya, indi də elə ellikcə hazırdır qaçmağa oraya. Baş nazir Nikol Paşinyan istiqaməti göstərdi, elə özü başladı yavaş-yavaş oraya tərəf qaçmağa. Camaat da düşdü onun dalınca, başladı yavaş-yavaş qaçmağa. Camatın yadına məxməri inqilab vaxtı qaçmağı düşdü.

İndi qonşu xalq qaçır Qərbə doğru. Yavaş-yavaş, amma qaçır. Bu qaçhaqaç bizdə bəzilərini havalandırır. Elə bilirlər ki, qonşu xalq ora birinci çatsa, bütün qoğallar elə onlara çatacaq, bizə heç nə qalmayacaq. Ona görə kimin ki, əsəbləri azca zəifdir, narahat olub utana-utana pəsdən soruşurlar ki, “bəlkə biz də qaçaq?” Soruşurlar, amma görürlər ki, bizdən Qərbə qaçmışlar qaçıb çatıb, amma heç kimin əlində qoğal görünmür. Odur ki, millət hələlik yerində durub yırğalanır, amma qaçmağa başlamayıb. Sadəcə qonşu ərazidə güclənən tappıltı səsini dinləyir.

Nikol Paşinyan deyib ki, “biz Qərbə, konkret olaraq, Avropa İttifaqına üzv olmağa hazırıq”.

Avropa Parlamenti bu bəyanatdan feyziyab olub bir dənə daşdan keçən qətnamə ilə erməni xalqının bu müdrik və uzaqgörən addımını dəstəklədiyini elan etdi.

Kənardan baxanda mənim yadıma “O olmasın, bu olsun” düşür. Xatırlayırsınız? “Deyirlər ki, toy olacaq, Məşədi İbad toy edəcək!” Bəli, Məşədi İbad evlənməyə hazırlaşır. Fəqət rus Sərvər artıq Avropa İttifaqının gəlinlik libasını əyninə keçirib, niqabı salıb üzünə, əlində tapança gözləyir ki, onu faytona mindirib Nikolun otağına aparsınlar.

Orada nə baş verəcək, dəxi bu əhvalatı bizim camaata danışmaq eyibdir, nəyi də bilməsələr, Üzeyir bəyin bu dahi əsərini hamı bilir.

Təbii ki, bu şadyanalığa cəlb edilmiş həzərat arasında siyasətdən, məntiqdən və iqtisadiyyatdan az-çox başı çıxan adamlar var, onlar heyrətlə bu növbəti oyunbazlığa tamaşa edib soruşurlar ki, “ay camaat, hara qaçırsınız? Əvvəl bu şoğərib Avrasiya İqtisadi Birliyindən, Gömrük İttifaqından çıxın, yəni boşanın, azı üzüyü qaytarın, sonra girişin təzə sevdaya, hara istəyirsiniz, üzvlüyə ərizə verin. Siz bu birliklərdən çıxmayınca, sizinlə heç kəs Qərbə inteqrasiya barədə ciddi şəkildə danışa bilməz”.

Bunu erməni xalqını istəyən, bu xalqa yazığı gələnlər deyir. Lakin belələri azdır.
Kimdir onları dinləyən?

Əksəriyyət lağlağı, baməzə insanlardır, ölürlər kimi isə dolayıb gülsünlər. Belələri ortada gəzib dolaşır, baş verənlərə sevinclə baxıb bir-birinə deyir:

“Eşitmisiniz? Bilirsiniz? Qızın iki adaxlısı var!”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button