Ramil Usubovun qudasının bankı 78 yaşlı bir rus qadının başına nələr gətirdi-SENSASİON MƏKTUB

Müstəntiq Qalina Burlaçuka beləcə də deyib:

“Sən hətta Allaha da müraciət etsən belə, heç nə əldə edə bilməyəcəksən”

 

Redaksiyadan:

Azərbaycanda yaşayan rus əsilli vətəndaşımız Burlaçuk Qalina Aleksandrovnanın “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya yazdığı şikayət ərizəsi həm də bir qadının 12 il müddətində apardığı sarsılmaz mübarizənin salnaməsidir. Heç nədən yorulmadan iriçaplı məmurların arxasında dayandığı “Əmrahbank” adlı bir monstrla döyüşən bir rus qadın 12 il boyu heç nədən çəkinmir, yorulmur, qorxmur – əlinin əməyi ilə topladığı 42.000 dollar, 20.500 manatın arxasınca gedir. Başına nələr gəlmir, qarşısına kimlər çıxmır… Qalina xanım davam edir… Xural.com bu möhtəşəm mübarizəni əks etdirən şikayət ərizəsini oxucularına təqdim edir… İndən sonrası İlham Əliyevin, Mehriban Əliyevanın, Vilayət Eyvazovun, Əli Nağıyevin və Zakir Qaralovun biləcəyi bir işdir…

 

Hamı “Əmrahbank”ı müdafiə edən qüvvələrdən çəkindi

“Xural” İnternet TV-nin rəhbəri cənab Əvəz Zeynallıya!

Hörmətli Əvəz müəllim, mən son ümid və dayaq yeri kimi Sizi seçmişəm. Başıma gələn hadisələri Sizə danışmaq istəyirəm ki, bir jurnalist kimi düşdüyüm vəziyyəti bir azərbaycanlı kişisi kimi anlayıb əlinizdə olan vasitələrdən istifadə edərək mənim səsimi Azərbaycan Dövlət rəhbərliyinin və ictimayyətinin nəzərinə çatdırasınız ki, hüquqi müstəvidə “Əmrahbank”ın rəhbərliyi ilə apardığım haqq işimdə müsbət nəticə əldə edə bilim. Mən Sizi bir mərd və yenilməz insan hesab edib, bu müraciətimi şəxsən Sizə göndərmək zərurətində qalmışam. Əvvəllər işim barədə bir çox jurnalist və şəxslərə kömək məqsədilə müraciət etsəm də, heç kim mənə kömək etmək istəməmiş, “Əmrahbank”ı müdafiə edən qüvvələrin cəmiyyətdə və hüquq mühafizə sistemində olan yaxın qohumlarından çəkinərək başladığı işi ya davam etməkdən imtina etmiş və yaxud da “Əmrahbank”la üz-üzə gəldikdən sonra bu işi davam etdirmək həvəsindən çəkinməklə mənim işimi aparmaqdan imtina etmişlər. (Həmin şəxsər barədə bu müraciətdə məlumat verəcəyəm).

Mən 12 il ərzində birinci insansınız ki, düşdüyüm vəziyyətdə öz imkanlarından istifadə edərək mənə kömək əlini uzadaraq məsələni ictimailəşdirmək mövqeyindən çıxış etmək qərarına gəlmisiniz. UCA Allah sizi qorusun.

 

1991-ci ildə həyat yoldaşım naməlum şəraitdə güllə yarasından mənzilində həlak oldu

 

ÖZÜM HAQQINDA: Mən Burlaçuk Qalina Aleksandrovna 1942-ci ildə anadan olmuşam. Atam və anamın hər ikisi kar və lal olmasına baxmayaraq, Tanrı mənim danışan və eşidən kimi dünyaya gəlməyimi məqsədəmüvafiq hesab etdi. Həyatım boyu çox ədalətsizliklə üzləşməli olmuşam. Taleh elə gətirdi ki, mənim həyat yoldaşım Potapov Yuri hərbçi oldu. Biz onunla uzun müddət Murmansk vilayətində yaşamışıq. Bir oğlan övladım olub. O  hazırda Rusiya Federasiyasının vətəndaşı olmaqla yanaşı, 2-ci dərəcəli ömürlük əllildir və əlil pensiyası alaraq dolanır. Mənim həyat yoldaşım V.Potapov SSRİ hərbi-dəniz qüvvələrinin 1-ci dərəcəli kapitanı (polkovnik) rütbəsini daşımaqla yanaşı, Frunze adına hərbi Akademiyanı bitirmiş bir şəxs olmuşdu. 1984-cü ildə ona xidməti vəzifəsini davam etdirilməsi ilə əlaqədar komandanlıq tərəfindən təklif edildi ki, 2 yer var – Qara dəniz və Xəzər dənizi – bunlardan hansını seçmək istəyirsən? Həyat yoldaşım mənimlə məsləhətləşəndə mən Xəzər dənizini – günəşli Azərbaycanda yaşamaq istəyimi ona bildirdim və bundan sonra onu Bakıda hərbi dəniz qüvvələrinin Akademiyasına kafedra müdirü təyin etdilər və mən o vaxtdan bəri Bakıda yaşamağa başladım. 1991-ci ildə (səbəbləri bu günə kimi mənə müəmmalı qalan) ailəmizdə faciə yaşandı, həyat yoldaşım V.Potapov naməlum şəraitdə güllə yarasından mənzilində həlak oldu.

Ərimin güllə yarasından həlak olmasından bir neçə gün əvvəl mən Rusiyada oğlumun yanında idim və onun ölüm xəbərini mənə Akademiyanın rəhbərliyi bildirmişdi. Bundan sonra mənim bəlalı günlərim başladı. Mən ixtisasca tibb bacısıyam, həyat yoldaşımın ölümündən sonra özümü və oğlumu təmin etmək üçün əmək fəaliyyətinə başladım. Məni bir ana kimi oğlumun taleyi çox narahat edirdi. Qərara gəldim ki, topladığım vəsaitdən ona köməklik edim ki o, özünə mənzil ala bilsin, lakin “Əmrahbank”ın rəhbərliyinin başıma açdığı məlum hadisələr nəticəsində analıq arzum ürəyimdə qaldı.

12 ildir ki, başıma gələn hadisələr nəticəsində mənim ömür boyu həyat yoldaşımla birlikdə topladığımız vəsait bank tərəfindən dələduzluq yolu ilə əlimizdən alınmaqla yanaşı, oğlum Yuri məndən sonra ona miras qalacaq əmlakdan məhrum edildi, habelə qocalıq illərində mənim həyatımın təminatı üçün nəzərdə tutulan vəsaitim əlimdən alındı.

 

BAŞIMA GƏLƏNLƏRİN XÜLASƏSİ

 

1-ci hissə – Məhərrəmov Əlinin direktorluğu…

 

Hörmətli Əvəz müəllim! Mən bir firmada işləyirdim, tibbi maşajla məşğul olurdum, eyni zamanda da bioloji aktiv maddələrin satışını edirdim ki, pul qazanam. İşlədiyim yerin yaxınlığında “Əmrahbank”ın baş ofisi yerləşirdi. Bununla əlaqədar, əlimdə olan vəsaiti oraya depozit formasında yerləşdirdim. Bankın işçiləri ilə səmimi münasibətlər yarada bilmişdim, əsasən də orada işləyən Vəli adlı işçi ilə. Mən hər dəfə bankda olarkən Vəli məni bankda çox səmimi qarşılayıb yola salırdı. Təqribən 2006-cı ildə mən bankda olarkən bir nəfər cavan əməkdaş yaxınlaşıb bildirdi ki, Qalina Aleksandrovna, bəs “Əmrahbank”ın rəhbərliyi məni Nəsimi filialına direktor təyin edib və həmin filialda depozitlər üzrə dividendlər əsas filialdan coxdur. Buna görə də təklif etdi ki, baş ofisə yerləşdirdiyim depozitləri buradan götürüb onun direktor olduğu filiala yerləşdirim. Mən onun sözlərini yoxlamaq üçün bir neçə gündən sonra həmin Nəsimi filialında oldum və əlimdə mövcud olan ABŞ dolları ilə olan bir qədər vəsaiti həmin filiala yerləşdirdim. Həmin filialın direktoru həqiqətən də bankda mənə yaxınlaşan şəxs idi və onun familiyası Məhərrəmov Əli idi. Əli mənim vəsaitimin banka yerləşdirilməsi barədə möhürlə təsdiq edilmiş müqavilə və pulun kassaya təhvili barədə qəbz verdi və mən həqiqətən də əmin oldum ki, filialda mənə verilən faizlər baş ofisdəki faizlərdən çoxdur. Müqavilələrdə faizlər burada 30 və yaxud bəzən 24 faiz göstərilirdi. Bundan sonra mən “Əmrahbank”ın baş ofisində yerləşdirdiyim məbləği oradan götürərək Əli Məhərrəmovun rəhbərlik etdiyi Nəsimi filialına yerləşdirdim və bundan sonra əlimə gələn pulları həmin filiala yerləşdirirdim. Hər dəfə mən banka gələndə Əli Məhərrəmov məni öz işçilərinə VİP müştəri kimi təqdim edir və məni öz kabinetində qəbul edib yola salmaqla yanaşı, yerləşdirdiyim depozit məbləğlərinə uyğun olaraq möhürlə təsdiq olunmuş müqavilələr və xəzinəyə pulun təhvili barədə qəbzlər verirdi. Mən onun səmimi bank işçisi olmasına inanmışdım. Eyni zamanda Mən Əli ilə belə razılaşmışdım ki, depozitlərdən gələn faiz gəlirlərini mən ondan almayacam və o, avtomatik olaraq həmin faiz gəlirlərini mənim əsas depozitləriminin üzərinə hesablayacaqdır. Beləliklə, mən 2006-2008-ci illər ərəfəsində mütəmadi olaraq bir neçə dəfə banka gələrək ümümi olaraq 43.000 ABŞ dolları və 20.500 AZN məbləğində pul yerləşdirdim.

2008-ci ilin sonunda mən banka gəlib növbəti məbləği yerləşdirmək istərkən Əli Məhərrəmov mənə bildirdi ki, günün axırıdır bankın kompüterləri işləmir və təklif etdi ki, mən sabah gəlim. Mən onun tələsdiyini hiss etdim və soruşdum ki, nə olub. O isə mənə bildirdi ki, onu gözləyirlər, getməlidir. Mən ondan xahiş etdim ki əgər mümkünsə məni də avtomobili ilə evin yoluna qədər çıxarsın və o razı oldu. Avtomobilin salonunda Əli mənə bildirdi ki, bank kitabçaları yanınızdadırsa verin mənə, sabah gələndə depozitlərinizi qeyd edim və mən də ona inanıb bank əmanətləri kitabçalarını ona uzatdım. O isə həmin bank kitablarını avtomobilin “bardaçok”una qoydu və mən həmin gün ondan aralandım. Onu da deyim ki, Əli Məhərrəmov bank depozitlərimin olması barədə əvvəllər mənə plastik kart vermişdi, lakin sonradan bildim ki, kartın pin kodunu özündə saxlayıbmış. Mən heç vaxt həmin kartdan istifadə etməmişdim. Təqribən bir neçə gündən sonra banka gələndə mənə dedilər ki, bank bağlanıb və Əli Məhərrəmovu işdən azad ediblər. Həmin gündən bu günə kimi mənim iztirab və əzablarım başladı…

 

2-ci hissə – Keçmiş polis zabiti Mehdi Əhmədovun “vəkilliyi”…

 

Yusif İldırımzadə

 

Mən bankda olarkən soruşdum ki, nə etməliyəm? Mənə bildirdilər ki, əsas ofisə müraciət edim. Məsləhətə baxıb “Əmrahbank”ın əsas binasına gəldim və orada başıma gələnləri bildirdikdə mənə dedilər ki Nəsimi filialında tərtib edilən sənədləri onlara təqdim edim. Mən sənədləri, yəni qəbzləri və müqavilələri, habelə Əli Məhərrəmovun təqdim etdiyi plastik bank kartını əsas ofisdə əməkdaşa təqdim etdikdən sonra mənə bildirdilər ki, 3 gündən sonra gəlim. Mən bank işçisinin səmimiliyinə inanıb ondan sənədlərin məndən qəbulu barədə qəbz tələb etmədim. 3 gündən sonra banka gəlib işin nəticəsi ilə maraqlansam da, mənə bildirdilər ki, bankda sizin heç bir vəsaitiniz yoxdur. Sənədlərin qaytarılmasını tələb etsəm də, mənə bildirdilər ki, siz banka heç bir sənəd verməmisiniz və bu barədə mənim təkidlərimə o cavabı aldım ki, sənədləriniz itirilmişdir. Yaxşı ki, mən sənədlərin surətini çıxarıb özümdə saxlamışdım. Mən çıxılmaz vəziyyətə düşdüyümü anladım. Dəfələrlə mənim bankın əsas ofisinə gedərək rəhbərliklə görüşmək istəyimə baxmayaraq, məni rəhbərliklə görüşməyə imkan vermədilər. Beləliklə, tənha halda köməksiz qaldım. Azərbaycan dilini bilmirdim. 4 il müddətində banka gedib-gəldikdən sonra yalvar-yaxarla kimə müraciət etdimsə, köməyimə gələn olmadı. Qonşuma məlumat verdim və mənə kömək göstərilməsinin yollarını ondan xahiş etdim. Qonşumun vəsatəti əsasında onun qohumu, özünü hüquq müdafiəçisi kimi təqdim edən və keçmişdə polis əməkdaşı-zabiti olan Mehdi Əhməd oğlu Əhmədovla görüşüb ona etibarnamə verdim. Mehdi Əhmədov mənim materiallarımla tanış olduqdan sonra məndən 15.000 manat tələb etdi və dedi ki, sizin pulları bankdan alıb qaytaracam. Mən ona bildirdim ki, əgər bankın mənimsədiyi pulumu qaytarsanız, mən sizə qonorar verəcəyəm. O, mənimlə bir dəfə banka gedib bankda Vəli adlı əməkdaşla görüşdü. Azərbaycan dilində bilmədiyim üçün Mehdi Əhmədovla Vəlinin nə barədə danışdığını anlamadım. Ancaq onu bildim ki, Vəli bizi bankın rəhbəri ilə görüşdürmək istəmədi və bildirdi ki, rəhbər hazırda yerində deyil. Bundan sonra nümayəndəm Mehdi Əhmədovun mənə qarşı hərəkətlərindən şübhələnməyə başladım və onun mənimlə bir qadın kimi yaxın münasibətdə olması fikirində olmasını anladıqdan sonra ona verdiyim etibarnaməni ləğv etdirmək qərarına gəldim.

Mehdi Əhmədova səhv etmirəmsə, 13.04.2012-ci ildə verdiyim etibarnaməni 2012-ci ilin may ayının ilk günlərində notariusda ləğv etdirdim və bu barədə notarius dərhal zəng edib etibarnamənin ləğv edilməsi barədə onu xəbərdar etdi. Mehdi Əhmədovun sonrakı hərəkətləri barədə mənim heç bir məlumatım olmadı və biz onunlu qeyd etdiyim formada aralandıq və onunla sonralar heç bir təmasımız olmadı. Sən demə, Mehdi Əhmədov onun adına verdiyim etibarnamənin hüquqi qüvvəsinin ləğv edilməsindən sonra kiminsə diqtəsi altında mənim adımdan hərəkət etmək qərarına gəlmiş və özündə saxladığı etibarnamənin əsas nüsxəsini polisə təqdim edərək nümayəndəm kimi mənim adımdan 12.05.2012-ci ildə ərizə yazmış və həmin ərizə Nəsimi Polis İdarəsində qeydiyyatdan keçirilərək müstəntiq Cövdət İsgəndərovun icraatına verilmişmiş. Müstəntiq Cövdət İsgəndərovun sonrakı hərəkətləri və Mehdinin adımdan yazdığı ərizəyə baxılmasının nəticəsi üzrə qəbul etdiyi qərar barədə məlumatı mən yalnız 2014-cü ildə “Əmrahbank”a qarşı depozitlərimin mənimsənilməsi haqqında Xətai rayon məhkəməsində araşdırılan iddia ərizəmə baxılarkən tanış oldum. Məhkəmə araşdırması gedişində məlum oldu ki, müstəntiq Cövdət İsgəndərov ərizə daxil olandan 10 gün sonra, yəni 22.05.2012-ci ildə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş və həmin qərara mənim adımdan və imzam saxtalaşdırılmaqla tərtib edilən 02.07.2012-ci il tarixli guya Rusiyadan göndərilən faksı əlavə edərək qəbul etdiyi qərarı təsdiq etmək üçün rayon prokurorluğuna təqdim etmiş və qəbul etdiyi qərar barədə mənə məlumat verməli olduğu halda bunu etməmiş, işin nəticəsi barədə yazılı olaraq yalnız “Əmrahbank”a məlumat vermişdir. Müstəntiq Cövdət İsgəndərov telefonla aldığı faksda mənim imzam saxtalaşdırılmaqla yanaşı, qeyd edilmişdi ki, guya mən hazırda Rusiya Federasiyasındayam və o, mənim ailə üzvlərimlə telefonla danışaraq buna əmin olmuşdur ki, mən respublikadan kənardayam, lakin o, öz qərarında yadından çıxarmışdır qeyd etsin ki, mənim mənzilimə məxsus olan hansı nömrəli telefonl zəng etmiş və mənim hansı qohumumla (adını, familiyasını göstərməklə) danışmışdır?! Müstəntiq Cövdət İsgəndərov telefonla danışdığı şəxsin izahatını qərara əlavə etməsini zəruri hesab etməmişdir. Bu, bir daha müstəntiqin saxta sənədləri işə əlavə etməsinin nəticəsidir. İşə əlavə edilən saxta faksda qeyd edilir ki, guya “Əmrahbank” mənə depozitlərimi tam olaraq ödəmiş və bu səbəbdən hec kimə qarşı, o cümlədən “Əmrahbank”ın Nəsimi filialının direktorun Əli Məhərrəmova qarşı şikayətim yoxdur və ərizəmi bağlamağı xahiş edirəm. Həmin saxta faks Nəsimi polisinin dəftərxanasında qeydiyyata alınmamış və faks müstəntiqin öz fəaliyyətinin məhsulu olmuşdur.

Bütün bunlar məhkəmədə öz sübutunu tapdığı üçün hakim müstəntiqin barəsində cinayət işinin başlanması məqsədilə xüsusi qərardad qəbul edərək 2014-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdimat göndərsə də, həmin müstəntiqi bu işə təhrik edən xüsusi kateqoriyalı və cəmiyyətdə nüfuz sahibi olan “Əmrahbank”ın gizli təmsilçiləri qeyd etdiyim təqdimata bu günə kimi hüquqi qiymət verilməsinə imkan verməmişlər. Belə ki, həmin xususi qərardad prokurorluqda əməlli-başlı araşdırılsaydı, sözsüz ki, “Əmrahbank”ın mənə qarşı bütün saxtakarlıqları meydana cıxa bilərdi.

 

3-cü hissə – Məhkəmə çəkişməsi

Mən nəhayət, qərara gəldim ki, məsələnin həllini məhkəmə müstəvisinə çıxarım. Bununla əlaqədar, 2013-cü ilin sonunda vəkil tapıb iddia ərizəsi ilə Xətai məhkəməsinə müraciət edim. Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə keçirilən məhkəmə çəkişməsi nəticəsində 06 noyabr 2014-cu ildə məhkəmə mənim iddiamın əsaslı olması ilə əlaqədar qətnamə qəbul etdi və “Əmrahbank”ın üzərinə pullarımın faizlə birlikdə hesablanaraq ödənilməsi öhdəliyini qoydu. Məhkəmə qətnamə qəbul edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinini 1099-cu maddəsini rəhbər tutaraq qərar vermişdi. Məcəllənin həmin maddəsi hüquqi şəxsin işçisinin qeyri-qanuni hərəkəti nəticəsində səxsə vurulan zərərin ödənilməsinə cavabdehlik daşıması qaydasını tənzimləyən hüquqi normadır. Məhkəmə prosesində iştrak edən bankın nümayəndələri hakimə bildirirdilər ki, mənim “Əmrahbank”da heç vaxt əmanətim olmamışdır və bununla əlaqədar mənə pulun qaytarılmasından imtina edərək iddiamı əsassız hesab etməyi tələb edirdilər. Məhkəmə işin gedişində mənim təqdim etdiyim qəbzlərdə və müqavilələrdə mövcud olan möhürlərin və imzaların bank işçilərinə aid olub-olmamasını müəyyən etmək üçün xətt ekspertizası təyin etmək barədə qərardad çıxarmış, xətt və möhür nümunələrinin ekspertə təqdim edilməsini öhdəliyini “Əmrahbank”a həvalə etsə də, bank bilərəkdən möhürlərin nümunələrinin ekspertizaya təqdim edilməsi öhdəliyinı yerinə yetirməkdən imtina etmişdir. Eyni zamanda bank Əli Məhərrəmova və digər işçilərə məxsus olan imzaları ekspertizaya təqdim etmək öhdəliyini saxta imzalar təqdim etməklə icra edərək ekspertizanın yanlış nəticəyə gəlməsinə zəmin yaratmışdır. Ekspertizanın gəldiyi nəticədə göstərilir ki, mənim təqdim etdiyim müqavilə və qəbzlərdəki imzalar filialın müdiri işləmiş Əli Məhərrəmova və digər əməkdaşlara məxsus deyildir. Məhkəmə bu xüsusatı nəzərə alaraq özü sərbəst qərar qəbul etmişdir. Sonradan məlum oldu ki, bankın prokurorluqdakı himayədarları bu hüquqi tryuku bilərəkdən fikirləşmişlər ki, gələcəkdə mənim xeyirimə qəbul edilmiş qərardakı sübutların ziddiyyətli olması ilə əlaqədar həmin qətnaməni ləğv etdirsinlər. Məhkəmə prosesində bankın nümayəndələri hakimə bildirmişlər ki, güya mənə 2012-ci ildə pullar ödənilmişdir və bunun müqabilində Nəsimi rayon polis idarəsini müstəntiqi yuxarıda adı qeyd olunan Cövdət İsgəndərovun 22.05.2012-ci ildə qəbul etdiyi qərarı və həmin qərara əlavə edilən adımdan göndərilən 02.07.2012-ci il tarixli saxta faksa istinad edilmişdir. Hakim S.Səlimova “Əmrahbank”ın nümayəndələrinin barəmdə söylədikləri qondarma motivləri yoxlamaq üçün araşdırma aparmış və həmin araşdırma nəticəsində müstəntiq Cövdət İsgəndərovun saxtakarlıqları meydana çıxmış və bu barədə məhkəmə müvafiq qərardad qəbul edərək tədbir görülməsi üçün Baş Prokurorluğa göndərmiş, lakin bu günə kimi qərardad üzrə heç bir tədbir görülməmişdir. Vəziyyətin Xətai məhkəməsində belə cərəyan etməsini görən “Əmrahbank”ın rəhbərliyi məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verdi və bundan sonra məhkəmələr tərəfindən pilləli olaraq əsl saxtakarlıqlar baş verdi.

 

4-cü hissə – Məhkəmə özbaşınalıqları və qanunsuzluqlar

 

“Əmrahbank”ın apellyasiya şikayəti üzrə 09 iyun 2015-ci il tarixində hakim Raqib Qurbanovun (hakimlər Etibar Nəbiyevin, Sənan Hacıyevin iştrakı ilə) sədirliyi ilə keçirilən məhkəmə iclasında Xətai rayon məhkəməsinin barəmdə qəbul etdiyi 06 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, mənim iddiam əsassız hesab edilmiş, hətta məndən 234 manat ekspertiza xərcləri tutulması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə prossesində hakim mənim təqdim etdiyim müqavilələrin üzərində əks etdirilən bankın möhürlərinin identifikasiyası üçün yenidən ekspertizası təyin etmiş və bu dəfə də möhürlərin nümunələrinin ekspertə təqdim edilməsi məsələsi “Əmrahbank”a tapşırılmışdır. Bank yenidən saxtalaşmaya yol verərək, dəyişdirilmiş möhür nümunələrini ekspertə təqdim edərək onun yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Mən həmin qərardan Ali Məhkəməyə şikayət verdim. Ali Məhkəmənin Mülki Kollegiyası 22.10.2015-ci il tarixli qərarı ilə Bakı apellyasiya məhkəməsinin 09.06.2015-ci il qətnaməsini ləğv edib bir sıra hüquqi göstərişlər verilməklə işə yenidən baxılması üçün Bakı apellyasiya məhkəməsinə qaytarıldı. 17 mart 2016-cı ildə Bakı apellyasiya məhkəməsi hakim Saqi Məmmədovun (hakimlər Mədinə Bağırovanın və Məmməd Məmmədovun iştrakı ilə) sədrliyi ilə baş tutan məhkəmə iclasında hakim yenə də Ali məhkəmənin tövsiyələrini yerinə yetirmədən Xətai rayon məhkəməsinin qəbul etdiyi qətnaməni yenidən ləğv etmək barəsində qətnamə qəbul etdi. Yenidən Ali məhkəməyə müraciət etməli oldum. Ali Məhkəmənin 27 sentyabr 2016-cı il tarixli qərarı ilə yenidən Apellyasiya məhkəməsinin 17 mart 2016-cı il tarixlı qətnaməsi ləğv edilərək mülki iş bir sıra tövsiyələrlə birlikdə yenidən baxılması üşün Bakı Apellyasiya məhkəməsinə göndərildi. Bakı Apellyasiya məhkəməsi 3-cü dəfə hakim Səfiyeva Cəmilənin (hakimlər Vüqar Həsənovun və Namiq Cəfərovun iştrakı ilə) mülki işə baxaraq Ali məhkəmənin tövsiyələrini icra etmədən 29 dekabr 2016-cı ildə yenidən qanuna zidd qətnamə qəbul etməklə Xətai rayon məhkəməsinin 06 noyabr 2014-cu il tarixli qərarını ləğv etdi.

 

Ramiz Rzayev

 

Mən yenidən Ali Məhkəməyə müraciət etmək zərurətində qaldım, lakin bu dəfə Ali Məhkəmənin Mülki Kollegiyası hakim Mehbarə Əhmədovanın (hakimlər Əhməd Əhmədov və İbayev Vəfaddin iştrakı ilə) sədrliyi ilə keçirilən iclasında 09 iyun 2017-ci il tarixli qərarı ilə Apellyasiya məhkəməsinin qəbul etdiyi qətnaməni qanunları kobud surətdə pozaraq təsdiqlədi. Beləliklə mənim məhkəmə müstəvisində “Əmrahbank”la çəkişməmdə ədalətsizlik və qanunların icrasına hörmətsizlik edilməsi nəticəsində məğlub olmağıma əsas yarandı. Buna baxmayaraq, mən işimin haqq olmasına inanaraq öz mübarizəmi davam etdirirdim. Mən çıxılmaz vəziyyətdə qalaraq Azərbaycanda Rus icmasının sədrinə müraciət etdim, orada mənə müvafiq hüquqi məsləhətlər verdikdən sonra Ali Məhkəmənin Plenumunda məsələyə baxılması üçün 2019-cu ilin əvvəlində Ali Məhkəmənin sədri cənab R.Rızayevə müraciət etsəm də sədr mənim şıkayətimi Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilməsi barədə qərar qəbul etdi. Bu dəfə də “Əmrahbank”ın rəhbərliyinin ailə klanı Ali Məhkəmənin rəhbərliyinə təsir edərək mənimlə çəkişmədə qalib çıxdı.

 

5-ci hissə – Konstitusiya Məhkəməsinin məhkəmə sisteminin hakimlərinin qanunsuz qərarlarına dəstək olması

 

 

Mən öz baxtımı sınamaq və ədalətsizliyə qalib gəlmək arzusu ilə Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə, Milli Məclisin Komissiya və Komitə sədrlərinə, Prezident İ.Əliyevə və 1-ci Vitse Prezident M.Əliyevaya müraciət edərək kömək istəyirdim. Milli Məclisdən mənə edilən tövsiyələrə əsasən qərara aldım ki, bəlkə Konstitusiya Məhkəməsi divarları arxasında həqiqəti və ədaləti bərpa edə bildim. Təəssüf ki, Konstitusya Məhkəməsi də bu işdə yaxasını kənara çəkmək mövqeyindən çıxış edərək ərizəmin məhkəməyə daxil olduqdan 6 ay keçəndən sonra onun icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar verdi. Məhkəmə Palatası 13.03.2020-ci ildə hakim R.Qvaladzenin sədrliyi ilə (hakimlər S.Həsənova, İ.Nəcəfov, C.Qaracayevin iştrakı ilə) qərardad qəbul etdi və mənə tövsiyə verməklə kifayətləndi. Qeyd edim ki, Konstitusiya Məhkəməsi Haqqında Qanunun 52-ci maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə 1 ay müddətində baxaraq ərizəni ya icraata qəbul etmək və yaxud ərizənin icraata qəbul edilməsindən imtina barədə qətnamə çıxarmalı olduğu halda, 2019-cu ilin sentyabrın sonunda mənim ərizəmi qəbul edərək 2020-ci ilin mart ayına kimi məsələnin baxılmasını təxirə salmışdır. Sözsüz ki, bunlar “Əmrahbank”ın mövqeyini müdafiə edən bir sıra rəhbər işçilərin köməyi ilə baş verirdi.

 

 

Hətta Milli Məclisin deputatları Əli Hüseynlinin və Mixail Zabelinin Konstitusiya məhkəməsinin sədri F.Abdullayevə çoxsaylı şikayətlərimi nəzərə alaraq məsələyə qanun çərçivəsində həssaslıqla yanaşılması barədə göndərdikləri yazılı müraciətləri nəzərə alınmadı, əksinə, “Əmrahbank”ın mövqeyi müdafiə olundu. Beləliklə, Konstitusion orqan olan Konstitusiya Məhkəməsi ədalətin və qanunçuluğun deyil, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin qanunsuzluğunu görərək onların saxtakarlığına hüquqi qiymət vermək istəməməklə mövqesizlik nümayiş etdirdi. Belə çıxır ki, mən öz hüquqlarımı bərpa etmək üçün bundan sonra Avropa insan haqları müdafiəsi məhkəməsinə müraciət etməliyəm və öz şikayətlərimlə Azərbaycan Respublikasının Ədliyyə və məhkəmə sistemini tənqid etməklə məsələnin ədalətlə həllini tələb etməliyəm? Onda soruşmaq lazımdır ki, belə olan halda bəs Azərbaycan məhkəmə sisteminin hakimləri və onlara rəhbərlik edən müvafiq icra orqanları nə işlə məşğuldurlar?

Hörmətli Əvəz müəllim, mən rus milliyyətinə mənsub olsam da, Azərbaycan vətəndaşıyam və heç zaman məsələmin həlli barəsində Avropan məhkəməsinə müraciət etmək fikirində deyiləm, çünki Azərbaycan mənim coğrafi vətənimdir!

6-cı hissə – Baş Prokurorluğun baş verənlərə susmaqla reaksiya verməməsi

 

 

Yuxarıda qeyd etdiyim cinayət faktları prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində baxılaraq həll olunmalı olduğu halda, mənim və iş üzrə digər zərərçəkmişlərin intensiv şikayətlərinə baxmayaraq, “Əmrahbank”ın mövqeyindən çıxış edilərək ərizələr işə alınmaqla kifayətlənirdi. Nəhayət, mən və oğlum çıxılmaz vəziyyətdə qalaraq məcbur olduq ki, hüquqi dəstək və kömək almaq üçün milli mənsubiyyətimiz üzrə MDB Dövlətləri arasında mövcud olan anlaşmalar və Beynəlxalq hüquq normalarına əsasən, Rusiya Federasiyasının sabiq Baş Prokuroru cənab Y.Çaykaya və RF-nin Dumasına rəsmi müraciət edək. Məlumat üçün bildirirəm ki, “Əmrahbank”ın mənim depozitlərimi mənimsəməsi barədə şikayətlərim Nəsimi rayon polis İdarəsində 2012-ci ildən 2018-ci ilə kimi müddətdə bir müstəntiqdən digərinə ötürülməklə öz həllini tapmırdı. 2015-ci ildə Nəsimi rayon polisinin istintaq idarəsində başlanmış cinayət işi üzrə “Əmrahbank”ın Nəsimi filialının keçmiş direktoru Əli Məhərrəmov həbs olunsa da, “Əmrahbank”ın rəhbərliyinin köməkliyi ilə məhkəmədən azad edilmiş və həmin cinayət işi 2018-ci ilin əvvəllərinə kimi dondurularaq istintaq hərəkətləri dayandırılmışdır. Sonradan məlum oldu ki Əli Məhərrəmov məndən başqa bankın daxilində digər şəxslərə qarşı dələduzluq hərəkətlərinə yol verməklə onların da pullarını mənimsəmişdir. Həmin şəxslərin Bakı və Respublika Prokurorluğuna yazdığı şikayətləri və mənim hadisəmi nəzərə alaraq Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, Nəsimi prokurorluğunda işləri birləşdirərək fakt üzrə 170206050 saylı cinayət işi açıldı. Sonradan həmin cinayət işi istintaq edilməsi üçün Baş Prokuror Z.Qaralovun göstərişinə əsasən, Nəsimi prokurorluğundan alınaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilmişdi. Cinayət işi göstərilən idarənin müstətiqi Mehman Hümbətova həvalə edilsə də, o, 2018-ci ilin aprel ayından 2019-cu ilin oktyabr ayına kimi cinayət işinin yekunlaşdırmadı və 01.12.2018-cu ildə qanunsuz olaraq cinayət işinin istintaqının dayandırılması barədə qərar qəbul etdi. Həmin müstəntiq bir dəfə mənə bildirdi ki, sən hətta Allaha da müraciət etsən belə, heç nə əldə edə bilməyəcəksən. Müstəntiq Mehman Hümbətov, hətta mənim vəkilimi işə tanışlığa buraxmaqdan imtina etdi.

 

“Ədalət” Partiyasının sədri İlyas İsmayılov

 

Vəkilimin müstəntiq Mehman Hümbətovun kobud surətdə Cinayət Prosessual Məcəlləsinin tələblərini pozması və qanunsuz hərəkətləri barədə Baş prokurorluğa və Vəkillər Kollegiyasının rəhbərliyinə yazdığı müraciət ərizəsinə Baş prokurorluqda baxılmadı və onunla nəticələndi ki, həmin vəkil Vəkillər Kollegiyasına çağrılaraq orada müraciəti üzrə izahat tələb olundu. Mən bundan sonra hiss etdim ki, vəkilim yaranmış vəziyyətdən məyus qaldı və aktivlik göstərmədi. Bundan sonra mən onun xidmətindən imtina etmək məcburiyyətində qaldım. Buna baxmayaraq, mən öz şikayətlərimi davam etdirirdim. Hətta Azərbaycan Respublikasının «Ədalət» partiyasının rəhbəri İlyas İsmayılova da müraciət etdim ki, bəlkə mənə öz kömək əlini uzatsın, ancaq o, şəxsən mənimlə telefonla söhbətdən sonra prokurorluqda mənə qarşı edilən qanunsuzluqlara qarşı aciz olduğunu söyləməklə hec bir kömət edə bilməyəcəyini bildirdi. İlyas İsmayılova müraciətimin səbəbi o idi ki, mən onun əvvəllər Respublikanın Ədliyyə Naziri və Baş prokuroru olmasını bilirdim və öz aləmimdə hesab edirdim ki, düşdüyüm vəziyyətdə o mənə ağsaqqal və mötəbər bir şəxs kimi öz kömək əlini əsirgəməz, lakin onun münasibətindən hiss etdim ki, mən öz hisslərimdə yanılmışam.

Bundan sonra mən məcbur oldum ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi yanında Rusiya Prezidentinin 24.05.1999-cu il tarixli Fərmanı ilə təsis edilən “Xaricdə yaşayan Rusiya həmvətənlərinə dəstək və onların hüquqlarının müdafiəsi” Fonduna müraciət edim. Həmin Fond beynəlxalq hüquq normalarına əsasən, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini xanım Bahar Muradovaya rəsmi məktubla müraciət edərək işə aydınlıq gətirilməsini xahiş etdikdən sonra xanım Bahar Muradova Baş Prokurorluğa məktub göndərdi və bundan sonra Baş Prokuror Z.Qaralovun sərəncamı əsasında cinayət işi həmin müstəntiqdən alınaraq həmin idarənin mühüm işlər üzrə müstəntiqi Akif Rzayevə həvalə edildi.

 

Bahar Muradova 

Əsl çevriliş də bundan sonra başlandı. Müstəntiq Akif Rzayevin işdə tutduğu prinsipial mövqe və əsl azərbaycanlıya yaraşan hərəkətləri nəticəsində sübut olundu ki, mən 12 il müddətində hec də yalan danışmamışam və öz haqqımı tələb etmişəm. Cinayət işinin istintaqı zamanı təyin edilən xətşünaslıq və möhürlərin ekspertizaları zamanı sübut olundu ki, mənim məhkəmələrə və istintaqa təqdim etdiyim qəbzlərdəki imzalar bankın xəzinədarına və müqavilələrdəki imzalar və möhürlər banka məxsus imiş. Möhürləri sənədlərə Əli Məhərrəmov vurmuş və müqavilələrdəki imzalar ona məxsus olmuşdur. Bununla əlaqədar istintaqın yekunu üzrə 17.02.2020-ci ildə ittiham aktı tərtib edilərək bankın Nəsimi filialının keçmiş direktoru Əli Məhərrəmov (barəsində həbs qətimkan tədbiri görülməklə) və xəzinadar Əkrəm Eyvazov barəsində Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cu maddələri ilə cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinini icraatına göndərilmiş və həmin iş hazırda hakim Azər Paşayevin icraatında olmaqla hazırlıq mərhələsini keçməklə baxılmaqdadır. Beləliklə 12 ildən sonra “Əmrahbank”ın idarə heyətinin sədri Yunis İldrımzadənin və onun hüquq mühafizə sistemində işləyən qohumlarının haqsız və qanunsuz hərəkətləri sonuncuların məğlubiyyəti ilə nəticələnməklə yanaşı, illər ərzində bu şəxslərin yol verdikləri saxtakarlıqlara öz qanunsuz qərarları ilə şərik və himayədar olan yuxarıda adları qeyd edilən məhkəmə hakimlərinin mənəvi natəmiz adam olmaqlari bir daha öz təsdiqini tapdı. Burdan belə bir sual doğur? Necə oldu ki, müstəntiq Akif Rzayev öz yuksək etik tərbiyə və vicdan nümayiş etdirib mənim haqq işimi başa çatdıra bildi, lakin məhkəmə sisteminin hakimləri isə baş verən qanunsuzluqları görmək istəmədi? Bütün baş verənlər korrupsiyaya uğramış və üzərində nəzarət olmayan hakimlərin özbaşınalığının nəticəsi deyilmi? Mənə elə gəlir ki, Məhkəmə Hüquq Şurası hakimlərin mənə qarşı qəbul etdiyi ədalətsiz qətnamələrə reaksiya verməlidir!

 

7-ci hissə – Cinayət əməlinə yol verən Nəsimi rayon Polis idarəsini müstəntiqi Cövdət İsgəndərovun gizlədilməsi

 

Nəsimi Rayon Polis İdarəsi Cövdət İsgəndərovu niyə gizlədir?

 

Müraciətimdə qeyd etdiyim kimi, Nəsimi Polis İdarəsini müstəntiq və hazırda da Daxili İşlər Nazirliyində müstəntiq vəzifəsində işləyən Cövdət İsgəndərov 2012-ci ildə icraatında olan materialları “Əmrahbank”ın mövqeyini müdafiə etmək məqsədilə saxtalaşdırmış və öz hərəkətləri ilə cinayət əməlinə yol vermişdir. Buna baxmayaraq, mənim bu barədə 2018-ci ildən başlayaraq davamlı Daxili İşlər Nazirliyinin keçmiş və hazırkı rəhbərliyinin adına coxsaylı müraciətlərim «Bermud üçbucağı»nda insan və əşyaların itməsi kimi yoxa çıxardılır. Belə ki, şikayətlərim rəhbərlik tərəfindən DİN-in Baş İstintaq və təhqiqat idarəsinə göndərilir, oradan həmin şikayətlər Bakı şəhər Baş Polis İdarəsinə unvanlanır, oradan isə ərizələrimə reaksiya verilmədən materialların Baş prokurorluqda olması ilə əlaqədar şikayətlər, Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilsə də orada həmin ərizələrim üzrə qərar qəbul edilmir. Mən dəfələrlə ərizələrimdə xahiş etmişəm ki, məni DİN-in rəhbərliyi həmin müstəntiqlə görüşdürsün və mən həmin şəxsi görərək ondan soruşa bilim ki, nəyə görə o, belə saxtakarlıqlara yol vermişdir? Cövdət İsgəndərov polis zabiti olsa da öz qanunsuz əməlindən qorxaraq məndən – 78 yaşlı rus qadınından gizlənmək qərarına gəlmişdir, onun birbaşa rəhbərliyi “Əmrahbank” işində gizli sirrlərin açılmasından qorxaraq həmin şəxsi məndən gizlədirlər. Mən 2019-cu ilin dekabr ayında Cövdət İsgəndərovla görüşmək arzusu və məqsədilə Nəsimi məhkəməsinə iddia ərizəsi göndərsəm də, həmin ərizə hakim Rəşid Səmədovun icraatında olsa da, hakim Cövdət İsgəndərovun məhkəmə iclasında iştrakını təmin edə bilmir və bu müstəntiq məhkəmədə iştrak etməkdən imtina edir. 13.03.2020-ci ildə məhkəmə iclasında yenidən iştrak etməyən Cövdət İsgəndərovun günahından hakim sonuncu məhkəmə iclasını 01.04.2020-ci ilə təyin etdi və məlum səbəblərdən (koronavirus pandemiyası ilə əlaqədar) məhkəmə nəzərdə tutulan tarixdə baş tutmadı. Mənim vəsatətim əsasında DİN nümayəndəsinin məhkəməyə dəvət edilərək işə aydınlıq gətirilməsi barədə xahişimə baxmayaraq, DİN nümayəndəsi axırıncı məhkəmə iclasında (13.03.2020-ci il tarixdə) iştrak etmədi.

Məgər qeyd etdiyim əməllər polis zabiti adını daşıyan və polis andı içən şəxslərin qanunçuluğa rəayət etməməsi əlamətləri deyildirmi? Bəs DİN-n yüksək rütbəli rəhbərliyi tabeliklərində olan əməkdaşlarının antikonstitusion əməlləri barədə vətəndaşlardan ərizə aldıqdan sonra onları niyə yoxlamaq istəmir və özlərini lal və karlığa qoyurlar? Müstəntiq Cövdət İsgəndərov hüquqşunas kimi dərk etməmişdi ki, 2012-ci ildə etdiyi vəzifə saxtakarlığı ondan 2019-cu ildə soruşulacaqdı və cinayət məsuliyyəti daşımasından qorxaraq, sorğu-sual olunmaması, onu bu işə vadar edən şəxsləri ələ verməmək üçün mənimlə üzləşməkdən qaçmağa üstünlük verir. Amma hara qədər?!

 

8-ci hissə – Səlahiyyətli orqanların, vəzifəli şəxslərin mənim işimdə mövqesizliyi

 

 

Hörmətli Əvəz müəllim!

Mən 12 il ərzində “Əmrahbank”la mübarizə prosesində Respublikanın səlahiyyətli orqanlarının, vəzifəli şəxslərinin bankın rəhbərliyi qarşısında, sanki onların qanunsuz əməllərini himayə etməsi kimi bir vəzifə öhdəliyi götürdükləri barədə subyektiv qənaətə gəldim. 12 il ərzində müraciət etmədiyim orqan qalmadı: Prezident Aparatına, Konstitusiya məhkəməsi də daxil olmaqla digər məhkəmələrə, Baş prokurorluğa, Nəsimi və Bakı şəhər prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Milli Məclisin rəhbərliyinə, Ombudsmana,Vəkillər Kollegiyasının sədrinə, Prezident yanında Korrupsiyaya qarşı mübarizə Komissiyasının rəhbərliyinə və həmin komissiyayanın tərkibində olan bütun nazirlərə. Ayrıca, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərinə, Azərbaycanda fəaliyyət göstərən Rus Provoslav kilsəsinin rəhbərliyinə, Azərbaycanda fəaliyyət gostərən Rus İcmasına, D.Əliyeva adın qadın hüquqlarını müdafiəsi cəmiyyətinə və ən nəhayət, “Əmrahbank”ın təsisçisi Y.İldrımzadənin qardaşı olan Xətai rayon prokuroru Yusif İldrımzadəyə müraciət etmişəm. Mənim ətrafımda baş verən qanunsuzluqlar barəsində kütləvi informasiya vasitələrində əksini tapmış müraciətlərim dərc olunsa da, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun ictimayyətlə iş üzrə qurumlarına həmin çıxışlarımın mətnini göndərərək ona müvafiq münasibət göstərilməsini xahiş etsəm də, qeyd etdiyim təşkilatlardan müraciətlərimə heç bir reaksiya verilmədi. Ombudsmana – E.Süleymanovaya göndərdiyim şikayətlərə orada real olaraq baxılmır, sadəcə olaraq onların prokurorluğa göndərilməsi ilə kifayətlənirdilər və bir müddətdən sonra oradan alınan yanlış cavab məktubları mənə göndərilməklə kifayətlənirdilər, bununla da sanki mənim çoxsaylı şikayətlərimlə Ombudsman aparatı tennis oyunu nümayiş etdirərək öz vəzifə borcunu bitmiş hesab edirdi.

 

Elmira Süleymanova mənim şikayət ərizələrimlə tennis oyunu oynayırdı

 

Çox gülünc haldır ki, Milli Məclisin deputatlarının mənim şikayətlərimə uygun işə aydınlıq gətirilməsi barədə deputat sorgularına Baş Prokurorluqdan daxil olan cavab məktublarında qeyd edilirdi ki, guya mənə şəxsən “Əmrahbank”ın təsisçisi Yunis İldrımzadənin göstərişi ilə depozitlərim özümə qaytarılmış və bankın sabiq direktoru Əli Məhərrəmovun hərəkətlərində cinayət tərkibi olmadıgı üçün başlanmış cinayət işinin istintaqı dayandırılmışdır. Təqribən 2019-cu ilin 9 ay ərzində mənim müstəntiq Mehman Hümbətovdan cinayət işi üzrə qəbul etdiyi qərarı zərərçəkmiş kimi almaq cəhdlərim boşa çıxdı və həmin qərar mənə bilərəkdən verilmədi, çünki müstəntiq bilirdi ki, mən həmin qərardan şikayət verəcəyəm. Baş prokurorluq bu barədə şikayətlərimə qəti surətdə cavab vermirdi. Ombudsman E.Süleymanovaya müraciətlərim aidiyyatı üzrə həll edilmək əvəzinə, mənə prokurorluğun cavablarını göndərilməklə müstəntiqin qəbul etdiyi qanunsuz qərarın gücündə qalmasının müddəti süni surətdə uzadılırdı. Nədənsə cinayət təqibini həyata keçirən Baş Prokurorluq “Əmrahbank”dan pul aldığımı istintaqın gedişində müəyyən etdiyi halda, dələduzluğa yol verərək bankdan təkrarən pul almaq cəhdlərinə yol verdiyim üçün mənə qarşı hər hansı hüquqi addım atmırdılar. Bütun bu xüsusatları mən Ombudsmana bildirsəm də, o, susmağa üstünlük verərək mənə cavab verə bilmirdi.

Hörmətli Əvəz müəllim, mənim Sizdən bir jurnalist kimi xahişim odur ki, başıma açılan yuxarıda qeyd etdiklərimi və mənə qarşı “Əmrahbank”a edilən ədalətsizlikləri öz televiziya verilişlərinizdən birində Azərbaycan ictimaiyyətinin və Azərbaycan Respublikası rəhbərliyinin nəzərinə çatdırmaq məqsədilə şərh etməklə müzakirəyə çıxarasınız.

 

Xural.com

Xüsusi qeyd: Yazı-şikayətdə adı çəkilən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button