Ramin Məmmədov komitə sədri oldu, parlamentdə boş yerlər 10-a çatdı

Ramin Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Bu barədə aprelin 8-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Ona qədər bu vəzifədə Mübariz Qurbanlı olub. Amma bu il keçirilən (7 fevral) prezident seçkisindən sonra M.Qurbanlı hökumətin yeni tərkibində yer almamış, həmin post boş qalmışdı.

R.Məmmədov 2001-ci ildən Mədəniyyət Nazirliyində, 2002-ci ildən isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis kimi, daha sonra da bu komitədə sədrin köməkçisi, şöbə müdiri işləyib.

2008–2009-cu illərdə “Avrositi Holdinq”in vitse-prezidenti, 2009–2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.

Hazırda R.Məmmədov Milli Məclisin deputatıdır. Qanunvericiliyə əsasən, o, vəzifəyə təyin olunandan sonra deputatlıq fəaliyyətini davam etdirə bilməz. Bununla da Milli Məclisdə boş yerlərin sayı artıq 10-a çatacaq.

Azərbaycanda son parlament seçkiləri 2020-ci ildə keçirilib. Onda Mərkəzi Seçki Komissiyası dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib. Qalan beş yer isə həbs və başqa səbəblərdən boş qalıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button