Tomrid Hatəmi “Azadlıq salnaməsi”ndə (I hissə): “Nəsillikcə inqilabçı olmuşuq”-VİDEO

Məhəmməd Hatəminin qardaşı Tomrid: “NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO

 

 

Milli Azadlıq Hərəkatının əfsanəvi isimlərindən biri Məhəmməd Hatəmi Tantəkinin qardaşıdır. Adını da Məhəmməd Hatəmi qoyub. Maraqlı əsaslandırması olub Tantəkinin. Bizim tarixdən “Tomris Ana” kimi tanıdığımız adın kişiləşdirilmiş forması Məhəmməd Hatəminin düşüncələrinə görə, Tomrid olub. Yəni Tomris Ananı qarşılığı Tomrid Ata olub. Bu düşüncələrlə də qardaşının adını qoyub. Həmin o qardaşı – Tomridi, biz sonra Milli Azadlıq Hərəkatının hər mərhələsində onun və millətin yanında görürük. Son nəfəsində də Tomridi onun yanında gördük – cənazəsinə də Tomrid çiyin verdi.

Məhəmməd Hatəmi Tantəkinlə mənim münasibətim o qədər də yaxın, sıx və rəvan olmayıb. Hər zaman məsafəli olmuşuq, amma zaman-zaman ondan müsahibə götürmək istəmişəm. Bu haqda dəfələrlə yazmışam, Hatəmi ilə müsahibə götürmək imkanları alınmayıb. Zaman-zaman onu razı salanda mənim imkanlarım olmayıb (həbsxana illəri başlayıb), mən onu tapıb razı salanda, mənim imkanlarım olanda isə onunla müsahibə götürə bilmədim – haqqın rəhmətinə qovuşdu. Mən son zamanlarına kimi heç Tomridi də tanımadım.

Tomridlə Hatəminin son günlərində tanış olduq. Hər sözünün başı o idi. Nemət Pənahlı tez-tez ondan hansısa arxivlər haqqında soruşar, “nə olsa Tomriddədir” cavabını alardı. Onda bildim ki, Tomrid həyatında olduğu kimi, sirrlərində də vacib adamıdır Məhəmməd Hatəmi Tantəkinin. Elə bizim dostluğumuz da o çətin və ağır günlərdən – Hatəminin son günlərindən başladı. Boşuna deyilməyib: “Hər son bir ilkin başlanğıcıdır.”

Tomridlə Məhəmməd Hatəmi haqqında danışmaq istədim. Məhəmməd Hatəmini onun kimi kim tanıya bilərdi ki. Tərəddüdlə razılaşdı. Əslində, onu yaxından tanıyanlar Tomridin müsahibəyə gəlməyəcəyini dedilər, amma deyəndə etiraz etmədi. Sadəcə, buna zaman lazım oldu və təxminən 6 aylıq zaman zərfindən sonra Tomridlə “Azadlıq salnaməsi”ndə söhbətləşə bildik.

Maraqlı və məlumatlı bir müsahibdir Tomrid bəy. Onunla söhbətimizin təkcə Məhəmməd Hatəmidən ibarət olacağını zənn etsəm də, elə olmadı. Nəsillərinin, ümumən, cənubda yaşayan soydaşlarımızın, inqilabların tarixindən danışdıq həm də. Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin həyatından, onların rəhbərlik etdiyi inqilabların tarixindən ibrətamiz məqamları bölüşdük. Babalarının bu inqilablarla əlaqəsi var, nəsillərinin kişiləri bu inqilablarda iştirak edib. Məhəmməd Hatəmi Tantəkinin barışmazlığının və mübarizliyinin səbəbləri Tomrid bəylə danışınca, anlaşılır. Genetikdir həm də – qandır mübarizə. Bu kökün, bu əsalətin üzərində elə Məhəmməd Hatəmi rişələnər, boya-başa çatar…

Ondan son arxivlərini istəyəndə “hər şeyim – bütün arxivim Tomriddədir” demişdi. Elə də oldu. Tomdir bəy onda olan nə varsa, təqdim etdi. Böyük dissident şair İsfəndiyar Coşğunun yazdığı şeirlərin əldə olunanlarının hamısını Tomrid bəy bizə təqdim edib. Onların ilk nümunəsini dərc etmişəm, digər nümunələrini də dərc edib, bütün əlimizdə olan şeirləri bir kitab halında nəşr etməyə çalışacağam. Bundan başqa, Tomrid bəy Məhəmməd Hatəmi Tantəkinin “Lefortovo gündəlikləri”ni də bu sətirlərin müəllifinə təqdim edib. O gündəliklər də yaxın günlərdə işıq üzü görəcək. Və təbii ki, imkanlarımızı səfərbər edə bilsək, Məhəmməd Hatəminin bütün yaradıcılığını bir neçə cild şəklində təkrar edəcəyik. Beləcə, millətimizin və onun şanlı tarixinin qarşısında Məhəmməd Hatəmiyə aid olan qismini yerinə yetirməyə çalışacağıq.

“Azadlıq salnaməsi”nin 23-cü qonağı Məhəmməd Hatəmi Tantəkinin qardaşı Tomrid Hatəmidir. Onunla millətin və Məhəmməd Hatəminin taleyindən danışırıq…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”  

 

I hissə

 

Tomrid Hatəmi “Azadlıq Salnaməsi”ndə nə dedi:

– İran Astarasına Ərdəbilin Üçbulaq kəndindən köçüb gəlmişik, anam isə muğanlıdır

– Anamın dediyinə görə, ata babam siyasi işlərlə məşğul olurmuş

– Nəsillikcə inqilabçı olmuşuq

– O zaman Azərbaycan ziyalıları Quzey və Güney Azərbaycan ziyalılarına bölünmürdülər, o zaman millətin ruhu tam idi

– Milli təfəkkür – istər Güneydə olsun, istərsə də Quzeydə eyni köklərdən gəlir

– İranın Sovet Rusiyası ilə bir müqaviləsi vardı – əgər İran tərəfindən SSRİ-yə bir təhlükə olarsa və İran dövlətinin o təhlükəni ortadan qaldırmaq imkanı olmasa, o zaman SSRİ dövləti özünün təhlükəsizliyini qorumaq üçün qoşunlarını İrana göndərə bilərdi

– 1942-ci ildə İngiltərə, Amerika və Sovet Rusiyası qoşunlarını İran ərazisinə yeritmişdilər

– Bütün İran və Azərbaycan işğal olunmuşdu

– Bizim üçrəngli bayrağımızın əsasını və ideyasını məhz Cəmaləddin Əfqani 1860-cı illərdən qoyub – Əli bəy Hüseynzadədən, Məhəmməd Əmin Rəsulzadədən əvvəl…

– Qurani-Kərimin hər millətin öz dilində oxunması ideyasının təməli də Cəmaləddin Əfqani tərəfindən qoyulub

– Cəmaləddin Əfqaninin ideyaları təkcə İran üçün deyil, bütün şərq üçün idi – Ərəbistandan tutmuş Çinə, Hindistana qədər…

– Şeyx Məhəmməd Xiyabani bütün İranı demokratik ölkə kimi görmək istəyirdi

– İranın da Lefortovosu “Qəsri-Qacar” türməsi idi

– Seyid Cəfər Pişəvəriyə xəbərdarlıq edirlər ki, sən bu dövləti ləğv eləməlisən, Seyid Cəfər Pişvəri razı olmur, Təbrizə gəlir

– Bakıdan Təbrizə NKVD agentləri göndərilir və onlar Seyid Cəfər Pişəvərini qəfildən oğurlayıb birbaşa gətirirlər Bakıya və onun adından belə bir bəyanat verilir ki, Azərbaycan Milli Ordusu və hökuməti İrandan çıxıb Sovet Azərbaycanına gəlməli, burada bir müddət modernləşməli, sonra yenə qayıdıb İranı demokratikləşdirməlidir

 

I hissənin sonu

 

Tomrid Hatəmi “Azadlıq Salnaməsi”ndə nə dedi:

  

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button