Türkiyə-Azərbaycan-İran ittifaqına doğru bir addım: “Üçlük” Qarabağ məsələsini müzakirə edib

Türkiye-İran-Azerbaycan üçlü toplantısı yapıldı

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri İranın Ramser şəhərində görüşüblər.

Strateq.az xəbər verir ki, “Türkiyə-İran-Azərbaycan üçlüyü” çərçivəsində keçirilən görüşdə ölkələr arasında mühüm əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif toplantıdan sonra verdiyi açıqlamasında Qarabağ məsələsi ətrafında da fikir mübadiləsi apardıqlarını etiraf edib. Onun bildirdiyinə görə, bölgədə atəşkəsin tətbiqilə bağlı beynəlxalq hüquq çərçivəsində məsləhətləşmələr görüşün əsas mövzularından biri olub.

Zərif, həmçinin, qeyd edib:

“İran-Türkiyə-Azərbaycan üçlüyünün xarici işlər nazirləri səviyyəsində keçirilən görüşün dördüncüsünü bu gün Ramserdə reallaşdırdıq. Nazirliklərin mütəxəssisləri tərəfindən tərtib edilən 2 protokol mətni 3 ölkənin naziri tərəfindən imzalandı”.

Protokol mətnlərindən birinin ölkələr arasında əməkdaşlığı ehtiva etdiyini vurğulayan iranlı nazir digərinin isə gələcək 2 ildə yürüdüləcək fəaliyyətlərlə bağlı bəyanat olduğunu deyib. Danışıqlarda həmçinin nəqliyyat, enerji, turizm, mədəniyyət, bölgənin sabitliyi və dincliyi kimi mövzuların ələ alındığı bildirilir.

Zərifin fikrincə, danışıqlar son dərəcə faydalı keçib.

 “Türkiyə-İran-Azərbaycan üçlüyü” adı altında keçirilən bu görüşlərin ilki 2011-ci ildə Urmiyada, ikincisi 2012-ci ildə Naxçıvanda və üçüncüsü isə 2014-cü ildə Vanda keçirilib. Digər görüşlərdən fərqli olaraq, 4-cü toplantıda Dağlıq Qarabağ məsələsinin müzakirəyə çıxarılması problemin getdikcə daha çox regional xarakter almasından xəbər verir.

 Qeyd edək ki, cəbhə xəttində aprelin 2-dən 5-nə qədər davam edən müharibə zamanı həm Türkiyə, həm də İran Azərbaycanın mövqeyini müdafiə etmişdi. Türkiyə açıq şəkildə rəsmi Bakını dəstələmiş, İran isə tərəfləri atəşkəsə çağırsa da, konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə toxunmuşdu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button