Vahid Məhərrəmli: “Azərbaycanda ət istehsalı ciddi şəkildə azalıb”

Yayımlandı: 27 Mart 2024 12:57

Ekspertlər ölkədə dondurulmuş ətə tələbatın artdığını deyirlər

Azərbaycana bu ilin əvvəlində ət idxalı artıb. Yanvar ayında ölkəyə 8 milyon 542 min dollar dəyərində 4 min 410 ton ət gətirilib. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, ötən ilin müfaviq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63,8 faiz və ya 1718 ton artıb. Ötən ilin yanvarında isə Azərbaycana 4 milyon 882 min dollar dəyərində 2 min 692 ton ət itxal edilib. Eyni zamanda, Hindistandan Azərbaycana dəyəri təxminən 4 manata başa gələn dondurulmuş ət idxalı əvvəlki illərə nisbətən artıb.

Bakının 8-ci kilometr qəsəbəsindəki bazarda ət satışı ilə məşğul olan Zaur Vəliyev Meydan TV-yə bildirib ki, son aylar dondurulmuş ət və toyuq məhsullarına tələbat artıb. Çünki dondurulmuş məhsullar təzə ət və ya toyuqdan təxminən 2 dəfəyə qədər ucuzdur.
Onun sözlərinə görə, əvvəllər Hindistandan gətirilmiş dondurulmuş ət kolbasa və sosiska sexlərində, o cümlədən ictimai iaşə müəssisələrində istifadə edilirdisə, son zamanlar mətbəxə də yol açıb.

“Təzə ətin alıcıları ildən ilə azalır. Əvəzinə dondurulmuş məhsullara tələbat artır. Son bir neçə aydır əksər alıcı ətin hansı ölkədən gətirildiyi ilə maraqlanmır. Halbuki son 1-2 ilə qədər insanlar gözlərinin önündə kəsilməyən heyvanın ətini almazdılar. Daha çox Beyləqan və İmişli zonasından gətirilən ətlərə üstünlük verilirdi”,- satıcı deyib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, ət biznesi idarə olunur, yəni müəyyən əllərdədir.

Vahid Məhərrəmli. Foto: Meydan TV

“Ət idxalındakı artım ciddidir. Kəsim üçün gətirilən diri heyvanlar dəyər ifadəsində 40-45 faizədək artıb. Bu da o deməkdir ki, Azərbaycanda ət istehsalı ciddi şəkildə azalıb”, –  iqtisadçı deyib.

Onun sözlərinə görə, ət istehsalında ciddi problemlər var, amma bunu rəsmi rəqəmlərlə göstərmək istəmirlər:

“Yem kifayət qədər bahadır. Buna görə də kəndli əziyyətlə saxladığı heyvanı ucuz qiymətə satmaq istəmir”.

Ekspert də deyib ki, Azərbaycan mətbəxində dondurulmuş ətdən istifadə etməyə başlanılıb.

Dondurulmuş ət kafelərdə, şadlıq saraylarında, müəssisələrdə istifadə edilir. İndi isə sosial vəziyyəti aşağı olan ailələr dondurulmuş ət yeyirlər. Rusiya və Gürcüstandan diri heyvanlar, Hindistandan dondurulmuş ət gətirilir”.

Vahid Məhərrəmli vurğulayıb ki, Azərbaycanda ətin ucuzlaşması gözlənilmir. Bölgələrdə ət ucuzlaşarsa, bu, Bakıda da hiss olunmalıdır. Hazırda Bakı bazarlarında ətin qiyməti dəyişməz qalıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button